«Dünya muzeyləri tarixi mədəniyyət abidələri»

 

Mədəniyyət müəssisələrindən biri kimi muzeylər - tarixi yaddaşları əks etdirən, zamanın sınağından çıxaraq zənginləşən, nəsillərdən-nəsillərə yadigar qalan ən qiymətli xəzinədir.

Hələ dörd min il bundan əvvəl Azərbaycan ərazisində yaşayan müxtəlif tayfaların gildən, daşdan, metaldan orijinal formalı qab-qacaq, cürbəcür silahlar və bəzək əşyaları düzəltdikləri, onlardan istifadə etdikləri tarixdən bizə məlumdur. Sonrakı yüzilliklərdə Azərbaycan sənətkarlığının getdikcə inkişaf etməsi, zənginləşməsi, bu nümunələrin dünya muzeylərində, şəxsi kolleksiyalarda qorunması, nümayiş etdirilməsi bir daha onu sübut edir ki, bizim istedadlı sənətkarlarımızın hazırladıqları gözəl incilər dünya incəsənətinin inkişafına təkan vermişdir. İndi Londonun «Viktoriya Albert» Parisin «Luvr», Nyu-Yorkun «Metropoliten», həmçinin Florensiyanın, Romanın, Berlinin, Budapeştin, Vyananın, İstanbulun, Tehranın, Bağdadın, Qahirənin, Sankt-Peterburqun, Moskvanın zəngin muzey kolleksiyalarına baxarkən, orada Bakı, Təbriz, Naxçıvan, Gəncə, Quba, Şəki, Şamaxı Qarabağ ustalarının bacarıqlı əlləri ilə müxtəlif tarixi dövrlərdə yaradılmış sənət nümunələrinə rast gəlmək olar.

 İstər keçmişin bizə gəlib çatan qiymətli tarixi mədəniyyət abidələri, istərsə müasir dövrdə yaradılmış gözəl sənət nümunələrini gələcək nəsillər üçün mühafizə etmək bu gün olduqca vacib məsələdir.

Milli və ümumbəşəri mədəniyyətin tarixi keçmişi dərk etmək, onun qədim yaddaş salnaməsini qoruyub saxlamaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq hazırda muzeylərin və muzey işçilərinin qarşısında duran ən ümdə vəzifələrdən hesab olunur.

Bütün bu məsələlər barədə Sabir Əmirxanov və İlqar Hüseynovun birlikdə yazdıqları «Dünya muzeyləri və tarixi mədəniyyət abidələri» adlı yeni nəşr olunan kitabda ətraflı məlumat verilir. Kitab «Mars-Print» nəşriyyatında buraxılmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən nəşri tövsiyə edilən yeni kitabda İtaliya, İngiltərə, Fransa, Macarıstan, ABŞ, Hollandiya, Belçika, İsveçrə, Rusiya, Almaniya, Azərbaycan və digər ölkələrdəki məşhur muzeylərin və mədəniyyət abidələrinin tarixindən, ayrı-ayrı sənətkarların müxtəlif dövrlərdəki yaradıcılıq fəaliyyətlərindən bəhs olunur.

Ali məktəb tələbələri üçün dərs vəsaiti kimi təqdim olunan bu kitaba fəlsəfə elmləri doktoru, professor Şəhrəddin Məmmədov, professorlar Solmina Dadaşova və Ramiz Ağayev yüksək rəy vermişlər.

Dünya muzeyləri və tarixi mədəniyyət abidələri ilə maraqlanan hər kəs bu qiymətli tədris vəsaitindən faydalana bilər.

 

 

 Canalı Mirzəliyev

 

Mədəniyyət.- 2009.- 11mart.- S. 6.