Bəşir Səfəroğlu-84
Sağ olsaydı, yəqin deyərdi: «Bunu yazma!..»
Bu gün Bəşir Səfəroğlunun
anadan olmasının 84 ili tamam olur. Martın
23-ü ölümündən 40 il
keçir. Tamaşaçıları
üçün, teatr üçün, bizim
üçün, yaxın qohumları üçün Bəşir
Səfəroğlu heç vaxt 44 yaşından o tərəfə
adlamayacaq. 44 yaşının şəkli
bütün ömrünə sonuncu illüstrasiya olacaq.
Amma dünənə də, bu günə də, lap elə,
indən beləyə də teletamaşalardan, kinolentlərdən
şəkil-illüstrasiyalar göndərəcək. Hər dəfə
bir özgə adamla, bir özgə tiplə, hər dəfə
bir obrazda…
Elə bu boyda vəzifəni
- Bəşir Səfəroğludan yazmaq məsuliyyətini
öhdəsinə götürmüş, hardan
başlayacağını götür-qoy edən müəllifə
- mənə də ismarış yetirəcək.
«Yazarsan ki, mən
mən Gülümsərov.
Həm ciddi, həm də
şən
Gülümsərov...»
Bəzən
ayrı-ayrı sənətkarlar, aktyorlar haqqında portret
oçerklər yazanda onların heç bir şəkildə
ümumi olmayan fərdi cizgilərini kəşf edirəm. Sonra da mürəkkəb-sadə
bənzətmələrlə onu dəqiq ifadə eləməyə
çalışıram. Yazandan sonra
görürəm ki, məqsədimə nail olmamışam,
çoxları fikrimi tutmayıb. Amma yenə
oxucu (tamaşaçı) duyumuna, fəhminə güvənib,
Bəşir Səfəroğlunun aktyor portretinin (oyununun) bir
cizgisini açmaq istəyirəm. Bəşir
Səfəroğlu öz qəhrəmanlarını
yaradır, bütöv edir, tamamlayır. Və
maraqlıdır ki, bu tamlıqda həm də öz qəhrəmanına
kənardan tamaşa edən, ona yad bir Bəşir Səfəroğlu
var. Bu, oyunu dağınıq etmir. Əksinə,
onu bütövləşdirir, tamamlayır. Hərdən onun qəhrəmanları
«danışan Çaplinə» bənzəyir. Amma hər
dəfə bayaq qeyd etdiyim cizgi dəqiqdir: «Mən qəhrəmanlarımı
başa düşürəm və
bağışlayıram».
Tale
Bəşir Səfəroğlunun
yumoru sərtdi, çevikdi, bitkindi. Komik ampluanın bu qolu
yalnız Bəşir Səfəroğlu
yaradıcılığı üçün xasdı.
Bu sənətkar
heç bir xüsusi peşə təhsili almayıb. Heç teatr
təhsili də yoxdur. Hələ
müharibədə eşitmə qabiliyyətini və nitqini
itirdikdən sonra yenidən teatra qayıdıb. Və dili açıldıqdan sonra da onlarla obraz
yaradıb.
İlk dəfə səhnəyə
14 yaşında çıxıb. «Sevil»
tamaşasında Gündüzü oynayıb. Bir il sonra Musiqili Komediya Teatrına gəlib və
tamaşalarda sözsüz rollarda çıxış edib. 1941-ci ilin noyabrında yaşı düşməsə
də könüllü cəbhəyə gedib. 1942-ci ildə «kontuziya» alaraq eşitmək və
danışmaq qabiliyyətini itirib. Amma elə həmin il Musiqili Komediya Teatrının yardım heyətinə,
mimans qrupuna götürülüb.
Sonra dili açılıb, eşitmə qabiliyyəti bərpa olunub. 1949-cu ildə Musiqili Komediya Teatrı bağlandıqdan sonra Bəşir Səfəroğlu bir müddət sürücü işləyib. Bir qədər sonra filarmoniyanın nəzdində estrada qrupuna daxil olub. 1956-cı ildə Musiqili Komediya Teatrı bərpa edilib və bədii rəhbər Şəmsi Bədəlbəylinin kollektivə ilk dəvət etdiyi aktyorlardan biri də Bəşir Səfəroğlu olub. 1949-cu ildə böyük qızı Zivər, 1955-ci ildə kiçik qızı Afaq dünyaya gəlib. 1964-cü ildə Bəşir Səfəroğlu əməkdar artist , 1968-ci ildə isə xalq artisti adına layiq görülüb.
Ölünü də
qıdıqlayan rollar...
Bəşir Səfəroğlunun yaradıcılığı Musiqili Komediya Teatrının möhtəşəm, parlaq bir dövrünü əhatə edir. Onun yaratdığı obrazlar rəngarəng və müxtəlifdir. Məşədi İbad və Qoçu Əsgər («O olmasın, bu olsun»), Uzun («Toy kimindir?»), Süleyman («Arşın mal alan»), Salyanski («Gözün aydın»), Şulu («50 yaşında cavan»), Baləmi («Rəisin arvadı»), Əli Dinməzov («Bir dəqiqə»), Dayandur («Olmadı elə, oldu belə »), Firuz bala («6 qızın biri Pəri»), Gülümsərov («Ulduz»), Höcətov («Höcət eləmə»), Polis rəisi («Milyonçunun dilənçi oğlu»)…
Bu teatr
tamaşalarının çoxu günümüzə gəlib
çatmayıb. Tamaşa ömrünü yaşayıb və
bitib. Bu obrazları tamaşaçı alqışı dəfn
edib. Əlbəttə ürəklərdə…
Bəşir Səfəroğlunun rolun səhnə həllinə, qəhrəmanların sözlərinə münasibətdə fərqli mövqeyi vardı. Məsələn, o, hər kəlməni müxtəlif intonasiyalarla mənadəyişiminə məruz qoyurdu. Bəşir qəhrəmanın vəziyyətinə psixoloji zəmindən yanaşırdı və oyununda gözgörəsi ifşa - özünü ifşa yox idi. O, sadəcə qəhrəmanın xarakterini və vəziyyətinin komikliyini açırdı. Onun öz obrazlarına münasibəti ciddi və bütöv idi. Nadan professora da, bürokrat Murtuzova da, səfeh polis rəisinə də ciddi məntiqlə yanaşırdı. Bu daha düzgündü. Axı nadan adam öz nadanlığının fərqində deyil və bunu ona görə də xüsusilə qabartmır. Aktyor öz qəhrəmanlarının psixolojisini, düşüncə xəttini müəyyən edir və bu əsasdan da ona jest-hərəkət qrafiki cızırdı.
Yalqızam, yalqız...
Bəşir Səfəroğlu
cəmi 7 filmə çəkilib.
«Aygün», (Əmirxanın dostu), «Qəribə
əhvalat» (Cəmil), «Əhməd haradadır?»
(Sərxoş), «Ulduz» (Gülümsərov),
«Xoca Nəsrəddinin 12 qəbri» (Nəsrəddin), «Yun
şal» (
Bu rollardan ən məşhuru “Ulduz” filmindəki Gülümsərovdur. «Ulduz»da isə Gülümsərov təcrübəyə gəlmiş tələbələrin rəhbəridir. Bu tipajı sanki Bəşir Səfəroğlu çoxdan tanıyır. Gülümsərov elmlə «məşğul olur» və cəmiyyət və şəxsiyyət müstəvisində bu tipaja mənəvi kütlük kimi baxılırdı. Gülümsərov özünü özü haqda formalaşdırdığı bir qəlibə salıb. Və bu qəlibi aktyor Bəşir Səfəroğlu çox peşəkarlıqla duyub. Gülümsərovun görkəmli alim «imici» bu qəlibin məhsuludur. Bu alimciyəzin Naziləyə (B.Şəkinskaya) rast gələcəyini qabaqcadan proqnozlaşdırmaq olur.
«Əhməd haradadır?» filmində Bəşir Səfəroğlu ekranda çox az görünən epizodik və yaddaqalan bir obraz yaradır. Ümumiyyətlə, bu film sadə bir süjetin üzərində qurulmuş epizodlar komediyasıdır. Bəşir Səfəroğlu yaratdığı obrazda sərxoşluğun faciəsinin özünəməxsus yumorla açır. «Yalqızam, yalqız..» deyib də dirəkləri qucaqlayan sərxoş diqqətdən yayınmır. Lütfəli Abdullayevdən bir replika da qazanır «Can, ay yetim..». Bəşir Səfəroğlu hər hansı bir detalla obrazına xarakterik cizgilər əlavə etməyi xoşlayırdı. Bəşir Səfəroğlunun böyüklüyü, zövqünün həssaslığı orasında idi ki, o, detaldan istifadənin ölçülərini, həddini heç vaxt pozmurdu.
1965-ci ilin yay
aylarında «Mosfilm»in rejissoru Tacikistanda Xoca Nəsrəddin
haqqında film çəkməyə hazırlaşır. Baş rola Bəşir
Səfəroğlu dəvət edilir. Filmdə əsas
aparıcı obraz Xoca Nəsrəddindir. Müəllif bir-biri
ilə bir o qədər də bağlılığı
olmayan epizodları, hadisələri, müəllifləri vahid
xətdə- Xoca Nəsrəddinin vasitəsilə birləşdirməyə
çalışmışdır. Tamaşaçılar filmi
yaxşı qarşıladılar.
… Alimlərin nüfuzlu bir məclisi... Elmi sessiya… Bir-birinin ardınca fikir yürüdən natiqlər «mühüm bir məsələ» barədə mübahisə edirlər: Xoca Nəsrəddin tarixi şəxsiyyətdirmi? O nə vaxt yaşamışdır? Nəsrəddinə isnad edən 12 qəbirdən hansı onundur
Bayaqdan bəri bu məclisi sakitcə seyr edən Xoca Nəsrəddin axırda mənalı şəkildə alimlərə müraciət edir:
- Sizin bu mübahisənizin
camaata xeyri nədir?
Yenə tale...
Xoca Nəsrəddin rolu
ümumittifaq miqyasa çıxdığı bir vaxtda tale Bəşirə
«sürpriz» hazırladı - Xərçəng!
Sonra Bəşiri
inandırırlar ki, xəstə deyil, onda heç nə
yoxdur. Onu inandırmaq üçün nələr etmirdilər.
Bir dəfə o, Qulamrzaya deyir ki, and iç, and iç ki, məndə
heç nə yoxdur. Qulam and içir. Yerə, göyə and içir. Deyir: «Yox
Qulam, and iç ki, balalarım ölsün, səndə
heç nə yoxdu». Çarəsiz Qulam yenə
and içir. Yanına dəyməyə gələnlərlə
min cür ssenari quraşdırırlar. Bəşiri
inandırırlar, ümidləndirirlər. Ağrılardan imkan tapan kimi teatra gəlib
tamaşalarda çıxış edir. 40
dərəcə qızdırma içində «Milyonçunun
dilənçi oğlu» tamaşasında oynayır. Polis
rəisini… Bu rol tamaşada cəmi iki epizodda,
qısa müddətdə səhnədə
görünürdü. İkinci epizod
xüsusilə maraqlı idi. Guya
ölmüş senatorun arvadını götürmək
üçün polis rəisi gəlir. Onun sözü
çox azdı: «Axmaqlar! Ölünün də
qıdığı gələr?» Burada aktyor mətndən kənara çıxaraq bu
epizodu bir neçə variasiyada oynayırdı. Bu improvizələr heç vaxt bir-birini təkrarlamırdı.
«Milyonçunun dilənçi oğlu» tamaşasında
heç kim səhnəyə Bəşir
Səfəroğlu qədər ciddi hərəkət və
sifət ifadələri ilə çıxmırdı. Və
heç kim də konkret situasiyanı bu dərəcədə
dəqiq, bütün aydınlığı və yumor tutumu
ilə canlandıra bilmirdi. Çünki
bütün ifaçılar hamısı hadisəni
oynamağa səy göstərirdi.
Bəşir Səfəroğlu
xalq arttisti adını alandan sonra cəmi 7 ay yaşadı. Ağrılar
içində, ümidlə, aldanışla, inanmaq istəyi
ilə. Bir aktyor ömrü beləcə
bitdi.
Epiloq əvəzi
Obrazları
yaşayır, xatırlanır. Qızı Afaq xanım
yaşayır, atasından sonra yeri boş qalan səhnəni
doldurmaq amalı ilə yaradır…
…Bəşir Səfəroğlunu
bu həyatdan xərçəng xəstəliyi apardı. Özü isə
bu dünyadan - onun əbədiliyindən, faniliyindən,
gülüşündən, kədərindən nələrisə
qoparıb apardı. «Kim bu dünyadan nə aparır?» - yalan sözdü. Əgər xatırlanırsa, hamı nəsə
aparır. Onun kimi…
Aliyə
Mədəniyyət.- 2009.- 11 mart.- S. 5.