Yel çərşənbəsi
yazın gəlişini
xəbər verir
Dünən çərşənbələr
arasında sayca üçüncü olan yel çərşənbəsi
idi. “Novruznamə”nin
təbirincə, yel çərşənbəsi ilaxır
çərşənbədir. Yel çərşənbəsi
nədir, xalqımız
həmin gün əsasən nə etməlidir? Həmin gün hansı ayinlərdən, inanclardan
istifadə etmək lazımdır?
Yel çərşənbəsinə
el arasında “Küləkli çərşənbə”,
“Külək oyadan çərşənbə”, “Yelli çərşənbə”,
“Heydər çərşənbəsi” də deyilir. Mifologiyamızda ağ yel - ağ, qara yel - qara,
xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi
günü yel bu dörd yellə
birləşib dünyanı
dolaşır. Külək
gün ərzində bir neçə dəfə dəyişir.
Belə dəyişmələr
yerin təmizlənməsi
kimi qəbul edilir. O, ərzi gəzib oyanmış suyu, odu hərəkətə
gətirir, yazın gəlişindən xəbər
verir.
Folklorumuza görə, Yer kürəsini bərqərar
edən su, od, hava, torpaq
içərisində hava
yerdə qalan bu üç ünsürə “münasibətini”
bildirməsə, təbiət
oyanmaz. Məsələn,
havalar bəzən vaxtından əvvəl istiləşir, təbiət
oyanır, ağaclar “aldanıb” çiçəkləyir.
Sonra havanın temperaturu birdən-birə aşağı düşəndə vaxtsız
açmış çiçəklər
şaxtaya davam gətirmir, məhv olur. Bunun özü
il üçün fəlakətdir. Çünki
məhsulu şaxta vuran yerdə il ağır keçər, aclıq olar. Odur ki,
yel çərşənbəsində
el adamları küləyi vəsf edər, ona nəğmələr qoşar,
ayinlər yerinə yetirərmiş. Məsələn,
belə inanc var ki, ağac
barsız olanda onu qorxudurlar: “Bu il də
bar verməsən, səni baltalayacam”. Bütün bunlar da yel çərşənbəsi
ərəfələrində olur.
Yel çərşənbəsi
gecəsi söyüd ağacının altına gedər, niyyət
edib Yel babanı çağırarlar. Əgər Yel
baba sənin səsini eşidib əsirsə və söyüd “başını
əyib” budaqlarını
yerə toxundurursa, deməli, diləyin hasil olub. Yazda əldən çıxardığın bir
günü bir ilə qaytara bilməzsən. Bu da yel çərşənbəsinə
aid inanclardandır.
FƏXRİYYƏ
Mədəniyyət.- 2009.- 11mart.- S.3.