Mirzə Cəlilə
giley məktubu.
Cəlil Məmmədquluzadə-140
Ay uşkol, qadan
alım, bizim kənddə heç yerli-dibli oğlan
uşağı olmayıb.
Qəbir evin nurla dolsun,
Mirzə Cəlil! Yüz il
öncə qələmə
aldığın həqiqətlər
bu günün aynasında necə də bərq vurur. Dünən oğulları ot
tayasının altında
gizlədirdik ki, əsgərlikdən yayınsın,
bu gün də min bir yolla bunun çarəsini
tapırıq. Day anlamırıq ki, sabahımızın binasını
elə bugünkü özüldən laxladırıq.
Anlamaq dərdi Mirzə Cəlil dünyasının,
Mirzə Cəlil qələminin ən yaralı yeriydi. Bu yolda nə qədər
dəridən-qabıqdan çıxıb
ədəbi irs
(özü də necə irs) qoyub getsə də, bəhrələnmədik.
Hardasa silkələndik, amma hələ də doğru-dürüst ayılıb
özümüzə gələ
bilmirik. Azərbaycan teatr
tarixində, bəlkə,
də elə bir səhnə yox ki, orda
“Ölülər” oynanılmasın.
Bəs hanı effekti? Axı onun yaşadığı
dövrdən də yüz qırx il sonra
efirlərimiz bar-bar bağıraraq
ekstrasensləri dəvət
edir ki, gəlin özünüzü
sınayın (bizi necə lazımdır görün, sonrası sizlikdir).Yenəmi gözləyirik şeyx nəsrullahların göstərəcəyi
möcüzələri?
Sənin qədər cəsarətli
yazar, dramaturq gəlmədi Azərbaycan ədəbi aləminə,
sevdiyinin yarısıcan sevən olmadı milləti-
obrazlarının dilindən nifrət tökülsə belə.
Ey, hikkəsi
istəyindən, qəzəbi
yanğısından doğan
Cəlil Məmmədquluzadə!
Qədir
bilməkdən savayı,
nə desən, əlindən gələn
xalqına nələr
ərmağan etmədin?
Ürəyin ağlayan zaman
sözün güldü,
güldürərək sarıdın
yaramızı, rəsm
etdin bəlalarımızı-
hər şeyi öz rəngindəcə.
Ey, söz, fikir Hatəmi! Əsirgəmədin səxavətini həmkəndlilərindən,
cümlə soydaşlarından,
əsirgəmədin qat-qat
üstün olan zavallılardan. Ey, göz
yaşı ziyasına
qovuşub damla-damla zülmətimizə axan nurlu çeşmə.
Harda nə zaman varıqsa,
sən də ordasan- zamanından, məkanından asılı
olmayaraq, qəlbinin sızıltısıyla, ürəyinin
yüküylə. Danabaş adlı
kəndinmi, şəhərinmi,
ölkəninmi əbədi
quruluşu, əsrlərin
belə pozub sındıra bilmədiyi gərəksiz qayda-qanunu əydi səni? Qələmi
qızıldan qiymətli
yazarı odsuz-ocaqsız
qalan, əl yazmalarını yandırıb
isinməyə məcbur
olan məmləkətin
acısı əritdi
səni? Kiçik hekayələrinlə
böyük mətləbləri
işıqlandırdın. Sözündən asıldın, sınaqlara
dözdün. İllərcə bir işin tədqiqinə
qol qoymuş psixoloqlardan qat-qat yaxşı tanıdın
bizləri. Biz kimik? - sualının
cavabını əzbər
bildin hər zaman. Lazımınca dəyərləndirmədiyimiz
mədəni-mənəvi sərvətlərdən
biri də sən oldun, baxmayaraq ki, harda qələmin susdu, o yerdə fikir mücadiləsinə
qalxdın. Məişət mövzusunda yaratdığın,
ilk baxışda adi, sadə görünən hər bir nümunə
ortaya atılmış
problemin qloballığı
ilə, sosial, mənəvi-əxlaqi qatlarda
açılması ilə
seçilir.
Cəlil Məmmədquluzadə
dramaturgiyamıza fəlsəfilik gətirib desəm, bəlkə
də, mənimlə razılaşan olmayacaq. Arqumentləri də belə olacaq: Hüseyn Cavid dram əsərlərini ondan öncə yazıb. Düzdür,
H.Cavid yaradıcılığında
romantika, fəlsəfi
düşüncələr çoxluq təşkil edir. Amma bu nümunələrdə
xəyalpərvərlik, həqiqətin
yalnız ideyalarda axtarılması, bəşərilik
üstündür. Qəhrəmanlar təmtəraqlı pafosuyla
seçilir. Mirzə Cəlil
dramaturgiyası isə
milli fəlsəfəsiylə
xarakterizə olunur.
Obrazları real, arzuları konkret,
təsviri təbii.
Onun təbliğ və təsir obyekti yalnız xalqdır.
“Ölülər”
sanki bir şüardır cismani diriləri ayıltmağa.
Hər yerdə İsgəndər
kimi ağlıkəsənlərin
olmadığına təəssüfdür.
Milli formada özünüdərk
və ya özünütəsdiq elementləri
ilə zəngin tragikomediyadır, yəni gülüşlə pərdələnmiş
faciə.
“Dəli
yığıncağı” iki qütbün toqquşmasıdır - ağla
qaranın fərqliliyini
iddia etdiyi üçün ağılsız
hesab edilənlərin
və haqqı-ədaləti
öz mal-mülkünün
gücündə görənlərin
soyuq savaşıdır.
“Anamın kitabı”- çox vaxt yalnız dəb xatirinə üç dilə, üç fərqli səmtə meyillənən vətən
övladlarının mənən,
simvolik şəkildə
parçalanmasıdır. Öz mədəniyyətinə
yabançı, ikrah hissiylə yanaşan qardaşlar vətənin bölünmüş xəritəsini
xatırladır. Heç
kim əslində
oxunası olan ana kitabını əlinə almaq istəmir.
“Kamança” pyesi humanizmə çağırışıdır. Əsrlərlə taleyimizə yazılan erməni qonşuluğu, erməni amansızlığı
burda da əks olunub. Lakin yenə də Mirzə Cəlil alicənablığı ilə
həllini tapıb.
Qana, savaşa qatılan yüzbaşı
əlinə kamança
götürmüş ermənini
(sabah ona
silah çevirəcək)
əfv etməli olur. Kamançanın sədası ona
hər şeyi unutdurur, musiqinin humanistik sehri, qüvvəsi silaha sarılmış yüzbaşını
kövrəldir, ölümdən
çəkindirir.
“Lal” həcmcə
kiçik, məna tutumuna görə dərin, psixoloji bir əsərdir.
Gözüyaşlı iki körpə uşaq küçədə kimsəsizdir. Onlara yanaşıb
ovuclarına pul atanların içində
kimlər yoxdur? Tacir, intellegent, hamısı da qollu-budaqlı. Qucağına götürüb sakitləşdirən, ovudan
isə lal bir adamdır. Bu bir daha Cəlil Məmmədquluzadə
təsdiqləməsidir-ədəbiyyat heç zaman fiziki şikəstliyi gülüş obyektinə
çevirmir.
Mirzə Cəlil nəsri
onun ədəbi irsinin ağır bir qolunu daşıyır. Əhmədin dünya boyda dərdi - eşşəyinin
itməyi bizi nə qədər kədərləndirirsə, Novruzəlinin
sadəlövhlüyü, təmizliyi,
sədaqəti bir o qədər doğmadır. “Saqqallı uşaq”da yumorun gücünə, təbiiliyinə ürəkdən
gülürüksə, buzun
həsrətiylə yanan
qadının acısına
o dərəcədə kədərlənirik.
Qurbanəli bəyin təkəbbürü,
mənsəbindən, varından
çox-çox böyük
danışması, yalançı
vədi bizi özümüzdən çıxarırsa,
kasıb Usta Zeynalın milli təəssübkeşliyinə sevinməyə bilmirik.
Azərbaycan ədəbi
fikrinin formalaşmasında “Molla Nəsrəddin”in göstərdiyi
xidmət danılmazdır. Bu cəsarətli
addımı da Cəlil Məmmədquluzadə
atdı. «Molla
Nəsrəddin» iynələdi
hədəfini- sağaltmaq
üçün. Sözünü üzə deməkdən çəkinmədi- hədələdilər,
incitdilər.
Xatirənin, sətirlərinin qarşısında
baş əyirəm, Ustad. Giley-güzarla hörülmüş bu məktubu ruhunun ucalığına,
əbədiliyinə ithaf
etdim. Mən səni oxuduqca,
səni tanıdıqca
özümüzü tanıdım.
Sən bizim kimliyimizi təsdiq edəcək qədər məhrəmsən.
Qəlbimin rəngləriylə
Cəlil Məmmədquluzadənin
çəkilmiş bir
rəsmi var:
Mirzə Cəlil- Azərbaycan
ədəbiyyatının sütunlarından biri.
Mirzə Cəlil- fikir
azadlığının bünövrəsi.
Mirzə Cəlil- milli-demokratik istiqlaliyyətin carçısı.
Mirzə Cəlil- sətir-sətir,
məktub-məktub gerçəklik.
Mirzə Cəlil- sadə
olduğu qədər mürəkkəb, üzdə
göründüyü qədər dərində.
Mirzə Cəlil- diriykən
ölülərin ölüm fitvası.
Mirzə Cəlil-
deyilmiş və deyiləcək sözlərin ən
böyüyü!
Samirə Səma.
Mədəniyyət.- 2009.- 13 mart.- S. 12