Həm ziyarət, həm... təəssürat
Həcc ziyarətindən az vaxt keçməyib. Ancaq «hər
şeyi isti-isti» deyiminin əksinə olaraq, zəvvarlardan biri
ilə söhbətə düz bir rüb gec getdim. Nədən ki, müsahibim sıradan bir zəvvarlardan
deyil, filosofdur - mövzunu, təəssüratlarını
«bişirməli» idi. Güman edirəm, Bülbül adına Orta İxtisas Müsiqi Məktəbinin
direktoru, fəlsəfə elmləri doktoru Nigar Cərulla
qızı ilə söhbətimiz
oxucularımızçün də maraqlı olacaq.
- Nigar xanım, bu çox
müqəddəs, təəssüratca zəngin və maraqlı
səfərdən qayıdanlara ilk sual maraqlı olmasa da olar;
necə getdiniz?
- Səfərə
çıxmazdan qabaq, xalq artisti Ağaxan Abdullayevlə
rastlaşdım. Dedim, Ağaxan müəllim, Məkkəyə
gedirəm. Dedi, Nigar xanım, bu, Sizinçün
ağır sfər olacaq. Bir var - bu səfər barədə
eşidəsən, bir də var - özün gedəsən,
görəsən...
Düzü,
ağır olduğunu təsəvvür edirdim, bu qədər
çətin olduğunu bilmirdim. Ancaq insanda Allah
eşqi o qədər güclü olur ki, bu səyahətin
bütün artıq-əskiklərinin üstündən bir xətt
çəkirsən. Bütün çətinliklər
adamın gözünün qabağından cənnət
tabloları kimi gəlib keçir. O ziyarətdən
sonra ibadətə duranda insan özünü yalnız və
yalnız Məkkədə təsəvvür edir.
Qayıdandan sonra..
- Yox, Nigar xanım, hələ
«qayıtmaq vaxtı» deyil, hələ oradasız, özü də
hələlik sıradanbir zəvvar kimi danışın,
sonra sual-cavabımız fəlsəfəyə çəkəcək...
- Mən bu səfəri Allah
tərəfindən bir hədiyyə kimi qəbul etdim. Bilirsiz, insan heç yerdə özünü evindəki
qədər rahat, doğma hiss etmir. Məkkədə
isə daha rahat, daha doğma, tamam başqa bir duyğu üstdə
köklənirsən. Ora insanın ruhunun
evidi, dədə-babasının odasıdı, Haqqa məhəbbətinin
ocağıdı. Orada insan az qala
öz ev-eşiyini, hardan olduğunu belə unudur.
- Ruhən, mənən
çox təmiz olan o Ev şər-şərait, qayda-fayda cəhətdən
necədir?
- Bilirəm, o vaxt ANS-də səsləndi
ki, Həcc ziyarətində anti sanitariyadı, şərait
yoxdu, xidmət düzgün qurulmayıb və sair. Əlbəttə, mən onları tam inkar etmirəm,
ancaq təsdiq də etmirəm. Məkkəyə
gələn milyonlar selinin qarşısında durmaq
üçün ayrıca bir dövlət lazımdı.
Etiraf edək ki, hər halda, ora Şərq
ölkəsidir - yəni, tutalım, Qərb üçün
açıq-saçıqlıq nə qədər
xarakterikdirsə, Şərqə də müəyyən
mizan-düzənsizlik, ütüsüzlük o qədər
xas olan keyfiyyətdir. Bu şəhərin
müsafir şəraiti o qədər də yuxarı deyil.
Məkkə Məhəmməd peyğəmbərin
özünü də az incitməyib, onu həmişə
Mədinə ağuşuna alıb, hifz edib, mədəni
münasibət bəsləyib. Bu günün
özündə də Mədinə Məkkədən fərqli
olaraq, öz mədəniyyətini, səliqə-sahmanını
saxlayıb.
- Siz Mədinədən
danışdıqca, bir daha «mədəniyyət»
sözünün etimolojisi haqda düşünməli oluruq.
- Doğrudan da, Mədinənin
insanları da, münasibətləri də, otelləri də
yüksək səviyyədədir.
- Deyirsiz, orada adam
hərdən özünü də unudur. Hətta, hər
şeyə hər elmdən sonra qiymət verən fəlsəfəni,
filosofluğu da?..
- (Gülümsünür)
Qoy Hegellərin, Nitsşelərin ruhları məni
bağışlasın... Əlbəttə, bir
filosof kimi də bəhrələndim bu səfərdən.
Və bu «damar», hardasa, məni ibadətdən
bir balaca yayındırırdı da, bəzən. Mənim
üçün çox maraqlıdır - insan və onun
milli «növ»ləri, insan və onun intellekt «mərtəbələri»,
hadisə və obyekt-subyektlərə baxış, münasibət
instinktləri, jestləri, insan-ibadət psixologiyası, insan
selindəki burulğan, gah aydın, gah laübalı təzadlar,
həyata və ölümə münasibət və sair.
- Əgər
belə demək mümkünsə, dünyanın «müsəlman
çələngi» içərisində öz gerilik-irəlilik
nüansları ilə seçilənlər də vardı, yəqin?
- Bəli, xalqların təşkilatçılıq
məharətini izləmək, bütün şərq ölkələrinin
mədəniyyətlərini, dinə, bir-birinə münasibətlərini
fərqləndirmək mənim üçün çox
maraqlı idi. Bir də görürdüm,
özümdən asılı olmayaraq, ibadəti
dayandırıb nəyisə müşahidə edir,
insanları izləyirəm. Təzadlar həddən
artıq idi. Türklərdə yüksək
təşkilatçılıq mədəniyyəti
gördüm. Özlərini çox
gözəl aparırdılar. Zəvvarlarına
xidmət səviyyəsi məni heyran etdi. Təvaf
zamanı elə cərgə düzəltmişdilər ki,
onların qadınlarına heç kim
toxunmasın. Malaziya camaatında da həmin təşkilatçılığı
gördüm. Əgər təşkilatçılığımız
yaxşı olsa, bizim zəvvarlar hamıdan nümunəvi ziyarət
edərlər - çünki bizim xalqın daxili, fərdi mədəniyyəti
daha yüksəkdir.
Orada o qədər adam vardı ki, mən həm vahimələnir,
həm də sevinirdim. Ümumiyyətlə,
Qurban bayramında izdiham daha çox olur. Kəbədə
olduğumuz zaman hamının üzündə nur vardı.
Onlar orada - Allahın yanında çox ali
bir mütilik görkəmi alır, özünüfəda
hissi üstdə köklənirlər.
Bu mürəkkəb
dünyada sadələşmək, ülviləşmək,
müqəddəsləşmək üçün gərək
insan bəzən özü-özünü «itirsin». Nə
yazıq ki, bəşərilik tərəzisinin naqislik
gözü daha ağır gəlir, indi özündənmüştəbehlik
baş alıb gedir. Amma o Məkkə hələ
də böyük sınaq, paklanma meydanı olaraq qalır.
Məkkə insanı - sözün ali
anlamında - «heç nə» edir.
Əlbəttə,
oraya əsasən imkanı olanlar gedir. Amma orada
hamı həddindən artıq bərabər görünür,
yeganə «etiket» sadəlik, bərabərlik,
«kasıbçılıq»dır. Lakin oradan
çıxan kimi...
- İstərdim psixoloji təzadları
bir az da «uzadasınız». Çünki
orada bütün məsələlərə el gözü ilə
baxanlar çox, elm gözü ilə baxanlar isə...
- Sufilərdə bir kəlam
var: «Gərək insan özünü heç nə hiss edə
bilsin...»
Təzadlardan
biri bu idi ki, onlardan bir çoxu Quranın bir ayəsini, bir
cümləsini belə oxumayıblar - oraya yalnız Allaha inam,
şükranlıq üstdə köklənib gedirlər. Elələrinin
Allahdan arzusu tamam başqadı. Mənə
görə, Allaha inamı olan insan səbrli olmalıdır;
«Salam»dan sonra Allahın ikinci adı «Səbr»dir.
Görürdüm
ki, insanların əksəriyyəti yaxşı şəraitə,
rahatlığa nə qədər meyllidir. İstəyirlər ki, hər
şey yağ kimi getsin. Ancaq
yaxşı olar ki, ziyarətə gedən hər kəs bu
yolda üzləşəcəyi çətinliklər,
çəkiləcək əzab-əziyyət, xərc-xəsarət
barədə məlumatlı olsunlar.
Mən
bütün bunları müşahidə etdikcə,
düşünürdüm ki, ey belə insan, bu maddi vəsaitini,
vaxt limitini öz səviyyənə uyğun məsələlərə
xərcləmək əvəzinə, niyə bu ruhi-mənəvi
alilik zirvəsinə qalxıb, özünü incidirsən?! Ancaq sonradan
onların taleyi ilə maraqlanıb, az-çox bələd
olduqca, bu sərt qənaətlərimdən
uzaqlaşdığım da olurdu. Yəni
onlar çox ağır bir həyat yolu keçdiklərindən
Allah onlara bu ziyarəti nəsib edib. Yəni
onlar həyati problemlərə - məsələn, həyat
yoldaşlarına, qaynanalarına, nankor övladlarına o qədər
dözüm, səbr xərcləyiblər ki, daha ziyarət
zamanı sərf etməyə taqətləri, səbrləri
qalmayıb.
- O tip adamlar, xarakterlər
alimlərə, ziyalılara daha çox təsir edirlər. Qəribə
bir analogiya: Cəlaləddin Əfqani deyib ki, Qərbə
getdim - müsəlman görmədim, amma İslam
gördüm. Sərqə getdim, müsəlman
gördüm, amma İslam görmədim. Necə
bilirsiz, bu qədər haqq olan, mükəmməl olan və
nüfusca çox olan İslamın ümmətlərinin
çox məsələlərdə geridə qalması, məsələn,
İsrail kimi «zərrə dövlət» qarşısında
acizliyi bəlkə elə bu mental, ictimai-sosial pintilik və
naqisliklərdən irəli gəlir? Yəni
düşmən hələ də «göydə balonlarla
uçur», bunlarsa, yüz ildi tank-topa daş atmaqla məşğuldur.
- Onda gərək bəşəriyyətin
tarixinə baxaq. Bəşər övladı
ilkin olaraq Şərqə endirilib. Lətifəsi
- Bayaq Sizinlə
birgə şagirdlərinizin ifasını dinlədik. Bu müsəlman uşaqlar
Qərb klassiklərinin əsərlərini necə gözəl
ifa edirlər!
- Bəli, gördünüz
də - onların simalarını, istedadlarını, qabiliyyətlərini!
Bax elə bizim bu gənclərin simasında
Şərqlə Qərbin müasir mənzərəsini,
inkişaf bərabərliyini görmək mümkündür.
Bayaq Azərbaycan
Uşaq Orkestrinin yüksək səviyyəsindən, xarici
ölkələrdə uğurlu
çıxışlarından danışdıq. Onlardan 4 nəfəri
hazırda bizim məktəbdə təhsil alır. Ümumiyyətləsə, o orkestrdə 52 uşaq
bilavasitə bizim məktəbin yetirmələridir. Mən
bu an fürsətdən istifadə edib,
YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya
öz təşəkkürümü bildirimək istəyirəm.
Onun incəsənətimizə - xüsusən
müasir durumda - qayğı və yardımı əvəzsizdir.
Səyahətdən sonra bizim 9 şagirdimiz
Prezident təqaüdünə layiq görülüb.
- Sizin uşaqlar belə
gözəl ifalar edəndə nə hisslər
keçirirsiniz, Nigar xanım?
- İnanın, göz
yaşlarımı saxlaya bilmirəm. Siz indi
gördünüz bu uşaqlar necə emosional, necə alicənab,
mənən zəngindilər! Bu keyfiyyətlərin onlara
aşılanmasında biz də az əziyyət
çəkmirik. Yəqin ki, bayaq Anar Seyidovun əsil maestrolara
məxsus jestlərinə fikir verdiniz...
- Hə, jestlərinə də
diqqət yetirdim, ayaqqabılarına da. Hə, hə,
təəccüblənməyin. Fikirləşdim ki, bu
ayaqqabıları başqa uşaqlar da geyir və görəsən
o uşaqlar indi bu saat hansı əməllərlə məşğuldurlar
və Anarın bu ayaqqabıları öz üstündə
çox duyğusal bir qəlb, ağıllı, müasir bir
baş gəzdirdiyi üçün necə də xoşbəxtdir!..
- Hə, düzü, mən
də onların tez-tez dabanları üstə qalxıb-enən
ayaqlarına baxırdım. Və narahat olmayın, onların
geyimləri nə qədər adi, sadə olsa da, beyinləri o
qədər «mürəkkəb»dir, nəğməli, musiqili
və zəngindir!
Hansı insan
ki, adamlara zövq, gözəllik bəxş edir, o insan
Allahın ən xoşladığı, hamıdan fərqləndirib,
seçib məşhurlaşdırdığı bəndəsidir. Deyim ki, o elə
Məkkə ziyarətinə gedib-gəlmiş kimidir.
- Sizə elə gəlmirmi
ki, indilər adamlar alim, sənətkar olmaqdan çox, Məşədi,
Hacı olmaq istəyirlər?
- Çünki Məşədi,
Hacı olmaq asandı, Üzeyir bəy, Qara Qarayev olmaq çətin.
- Son sözünüz?..
- Allah bu ziyarəti ürəyi
istəyənlərin hamısına nəsib etsin.
- Amin.
Söhbətləşdi: T. Abbaslı
Mədəniyyət.-
2009.- 13 mart.- S. 9.