«Online-rezervasiya» portalı təqdim edildi.
Əbülfəs Qarayev: «Bu saytın fəaliyyəti
Azərbaycanın turizm potensialının dünyaya
inteqrasiyasının yeni mərhələsidir»
Dünən Bakı
Turizm İnformasiya Mərkəzində adıçəkilən
qurumun təqdim etdiyi layihə əsasında hazırlanan
«Online-rezervasiya» sisteminin (www.bakutourism.az) təqdimetmə mərasimi
keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin Aparat rəhbəri Firudin Qurbanov, Turizm İdarəsinin müdiri Aydın İsmiyev, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan
Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, müxtəlif
hotellərin rəhbərləri
və turizm mütəxəssisləri iştirak
edirdi.
Bakı Turizm
İnformasiya Mərkəzinin rəhbəri Əlibəndə
Məmmədov tədbiri giriş sözü ilə
açaraq layihə haqqında geniş məlumat verdi. Onun dediyinə görə, «Online» sistemi Azərbaycanın turizm məhsullarını
İnternet vasitəsilə
bütün dünyada
reklam edəcək. Rəhbərlik etdiyi qurumun Bakı-pilot layihəsini reallaşdırmasının səbəblərinə
aydınlıq gətirən
mərkəz rəhbəri
dedi ki, Bakıda infrastruktur və elektron-İnternet çox güclüdür:
«Hazırda paytaxtda 2
MB gücündə İnternet
sürəti var. Azərbaycanın regionlarında
hələlik bu sürət yoxdur. Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyindən verilən
məlumata görə,
ilin sonuna qədər bu güc bütün respublika ərazisində olacaq. Bizim regionlarda
yerləşən mərkəzlər
də gələcəkdə
bu layihəyə qoşulacaqlar». Ə.Məmmədovun
sözlərinə görə,
Rusiyadan, Türkiyədən
dəvət edilən
mütəxəssislərin köməyi ilə adıçəkilən layihə
üzərində 6 ay
işlənib.
Layihənin
reallaşdırılmasında yaxından iştirak edən
AZERİN MMC-nin baş direktoru Qalib Qurbanov bildirdi ki, «Online»
sistemini yaratmamışdan əvvəl 2 ay şirkət əməkdaşları
dünya təcrübəsi ilə maraqlanıblar, bu cür portalların
fəaliyyət göstərdiyi ölkələrin mütəxəssisləri
ilə məsləhətləşmələr aparıblar. Şirkət
rəhbəri onu da bildirdi ki, belə sistemlər turizmin
inkişaf etdiyi əksər ölkələrdə tətbiq
edilir və çox yüksək effekt verir.
Sonra «Online-rezervasiya» sistemi iştirakçılara təqdim
edildi. Azərbaycanda fəaliyyət göstərən
hotellər, turizm obyektləri, ölkəmizin
regionlarının turizm
potensialı barədə
məlumatlar bu İnternet layihəsində
öz əksini tapmışdı. Burada Azərbaycanın
9 hoteli haqda məlumat yerləşdirilmişdi.
Qeyd edək ki, sayt
Azərbaycan, ingilis və rus dillərində
hazırlanmışdı.
Yeni yaradılan saytla
bağlı fikirlərini iştirakçılarla
bölüşən mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Azərbaycanda turizm informasiya mərkəzləri şəbəkəsinin
4 il bündan öncə Birləşmiş Millətlər Təşkilatı
ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi
əsasında yaradıldığını bildirdi: «Artıq
Azərbaycanın 11 bölgəsində bu informasiya mərkəzləri
fəaliyyət göstərir. Hər bir bölgənin turizm informasiya mərkəzi öz ərazisinin turizm potensialı ilə bağlı məlumatları
ümumiləşdirib gələn
qonaqlara təqdim edir. Eyni zamanda oradakı
turizm obyektlərinin əməkdaşları ilə
mütəmadi olaraq treninqlər keçirmək
də müvafiq turizm informasiya mərkəzinin vəzifəsinə
aiddir. Müasir dövrün tələbi
ondan ibarətdir ki, informasiya mərkəzlərində ən
öncül texnologiyalar
tətbiq edilsin.
Bu baxımdan da Bakı Turizm
İnformasiya Mərkəzinin
təqdim etdiyi bu layihə olduqca əhəmiyyətlidir.
«Online-rezervasiya» sistemi vasitəsilə Azərbaycanda fəaliyyət
göstərən bütün
hotellər haqqında
məlumat dünya informasiya məkanına daxil ediləcək. Qeyd edim ki, biz belə
bir layihənin reallaşdırılması barədə
uzun müddət idi ki, fikirləşirdik.
Artıq
bir neçə turizm portalı fəaliyyət göstərir.
Həmin portallar vasitəsilə məlumat
alan insanların
sayı ildən-ilə
artır. İndi təqdimatını etdiyimiz
bu «Online» sistemi vasitəsilə isə dünyanın istənilən
ölkəsindən insanlar
Azərbaycanın turizm
potensialı, turizm marşrutları, hotelləri
haqda çox geniş məlumat ala bilər və bir neçə dəqiqənin içərisində
ona sərf edən məkana bilet sifariş verə bilər».
Nazir onu da bildirdi ki,
bu, pilot layihədir: «Layihənin davamı olacaq. Artıq belə saytların
vasitəsilə dünya
informasiya məkanına
daxil olmağın vaxtı çatıb.
Bugünkü tədbir Azərbaycanın
turizm potensialının
dünyaya inteqrasiyasının
yeni mərhələsidir».
Ə.Qarayevin dediyinə
görə, bu portalın işə başlaması turizm
şirkətlərinin və hotellərin fəaliyyətində
bir vəhdət yaradacaq.
Fəxriyyə Abdullayeva.
Mədəniyyət.- 2009.- 13 mart.- S. 8.