Gələcəyə ünvanlanan yaradıcılıq

 

Azərbaycan musiqi mədəniyyətinin və elminin inkişafında özünəməxsus yeri olan tanınmış şəxsiyyətlərdən biri Tariyel Məmmədov haqqında bu yazı üzərində işləyərkən, düşünürdüm ki, birlikdə çalışdığın, hər gün ünsiyyətdə olduğun, əməkdaşlıq etdiyin, sənət uğurlarını və problemlərini bölüşdüyün bir insan haqqında yazmaq, onu mətbuat vasitəsilə həyatının əlamətdar hadisəsi - 60 illik yubileyi münasibətilə təbrik etmək o qədər də çətin olmaz. Lakin Tariyel müəllimin yaradıcılıq həyatının səhifələrini vərəqlədikcə, gördüm ki, onun çoxcəhətli fəaliyyətini açmaq və oxuculara çatdırmaq, daha doğrusu, oxucunun gözü qarşısında bir alimin, musiqişünasın, pedaqoqun, musiqi xadiminin və nəhayət, bir vətəndaşın, azərbaycanlının portretini canlandırmaq necə çətinmiş.

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovu musiqi ictimaiyyəti arasında bəlkə də tanımayan yoxdur. Çünki hamı “Musiqi Dünyası” jurnalı haqqında söz düşəndə, mütləq, onun naşiri və baş redaktoru Tariyel müəllimin adını çəkir. O, həm də musiqi mədəniyyətində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı bir çox layihələrin müəllifi kimi məşhurlaşmışdır. Bununla belə T.Məmmədovu biz ilk növbədə görkəmli musiqişünas-alim kimi tanımışıq. Buna görə də Tariyel Məmmədovun yaradıcılığını ətraflı səciyyələndirmək üçün onun hər bir fəaliyyət dairəsi haqqında ayrıca danışmaq istərdim.

Məlumdur ki, XX əsr Azərbaycan bəstəkarlıq məktəbinin və musiqişünaslığının beşiyi başında duran Üzeyir Hacıbəyli, demək olar, musiqi mədəniyyətinin inkişafının əsas istiqamətlərini müəyyənləşdirmiş, o cümlədən, elm sahələrinin irəliləyişinə təkan vermişdir. Üzeyir bəyin elmi yaradıcılığında biz Azərbaycan musiqi mədəniyyətinə, xüsusilə şifahi ənənəli musiqi irsinə dair ilkin məlumatları alırıqsa, onun elmi yaradıcılığını başlanğıc nöqtə hesab ediriksə, ondan sonra yetişən musiqişünaslıqda elm sahələrinin şaxələnməsini və hər bir sahənin əsaslı öyrənilməsini müşahidə edirik. Xüsusilə XX əsrin II yarısında Azərbaycan musiqi elminin bir qolu olan etnomusiqişünaslıqda ayrı-ayrı sahələrin tədqiqi və bir elm sahəsi kimi formalaşması önə çıxır: folklorşünaslıq, aşıqşünaslıq, muğamşünaslıq, alətşünaslıq kimi qollar ayrılır.

Bu baxımdan, əlbəttə ki, aşıqşünaslığın bünövrəsi Üzeyir Hacıbəylidən başlayaraq, onun tələbəsi olmuş Əminə Eldarovanın elmi yaradıcılığı ilə qoyulmuşdursa, Tariyel Məmmədovun fəaliyyətini aşıqşünaslığın yeni mərhələsi hesab etmək olar. Cəsarətlə demək olar ki, aşıqşünaslığın bir elm sahəsi kimi yeni inkişaf müstəvisinə çıxmasında T.Məmmədovun mühüm rolu olmuşdur, elə “aşıqşünaslıq” terminini də musiqi elminə o gətirmişdir. Tariyel müəllimdən sonra isə onun yetirmələrinin - Azad Ozan Kərimli, Kamilə Dadaşzadə kimi musiqişünasların tədqiqatları ilə aşıqşünaslığın hüdudları daha da genişlənmişdir.

T.Məmmədovun elmi fəaliyyəti əsasən 1980-ci illərdən başlanır. O, 1983-cü ildə Moskvada “Koroğlu dastanında epik havalar” mövzusunda namizədlik dissertasiyasını, 1989-cu ildə “Azərbaycan aşıqlarının ənənəvi havaları” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Onun elmi yaradıcılığının əsas mövzusunu təşkil edən aşıq sənəti bu iki dissertasiyada müxtəlif tərəflərdən açılmışdır.

Qədim saz-söz sənətinin türkdilli xalqlar arasında ən geniş yayılmış nümunəsi olan “Koroğlu” dastanının timsalında tədqiqatçı şifahi ənənəli musiqidə dastan yaradıcılığının əsas cəhətlərini, kompozisiya xüsusiyyətlərini, söz və musiqinin əlaqəsi məsələlərini, Koroğlunun adı ilə bağlı olan silsilə epik havaların yaranmasını üzə çıxarmışdır. Bu tədqiqatın nəticəsində meydana gələn “Koroğlu havaları” (Bakı, 1984) monoqrafiyasının əhatəli və dərin məzmununda da bunlar öz əksini tapmışdır.

Sonrakı araşdırmalarında T.Məmmədov tədqiqat obyektini daha da genişləndirərək, Azərbaycan şifahi ənənəli musiqi irsinin mühüm tərkib hissəsi olan ənənəvi aşıq havalarını toplamış, nota yazmış və onları təhlil edərək, mühüm elmi nəticələr əldə etmişdir. Bu tədqiqatlarının təcəssümünü isə onun “Azərbaycan aşıqlarının ənənəvi havaları” (Bakı, 1988) nəşrində görürük. Burada T.Məmmədov tərəfindən nota yazılmış 60 ənənəvi aşıq havası yer almışdır ki, bu da Azərbaycan musiqişünaslığında aşıq havalarının əsaslı, böyükhəcmli not nəşri hesab olunur.

T.Məmmədovun not nəşrlərini fərqləndirən başlıca cəhət onların məhz müasir elmi tələblər səviyyəsində nota alınma xüsusiyyətləridir. Eyni zamanda, T.Məmmədovun tədqiqatlarında aşıq yaradıcılığı nümunələrinin toplanması, yazıya alınması, qorunması, öyrənilməsi və təhlili metodikası işlənmiş və əsaslandırılmışdır.

Ümumiyyətlə isə T.Məmmədovun elmi yaradıcılığı təkcə aşıq sənəti ilə məhdudlaşmır, şifahi ənənəli mədəniyyətin problemləri onu düşündürür. Bu baxımdan onun metodik tövsiyələrində və məqalələrində qaldırılan problemlər, tədqiqat aspektlərinin işlənilməsi alimin elmi baxışlarının genişliyini əks etdirir. O, dəfələrlə iştirak etdiyi ABŞ, Belarus, Litva, Özbəkistan, Tunis və s. ölkələrdə keçirilən beynəlxalq konfranslardakı məruzələrində və xarici nəşrlərdə dərc olunan məqalələrində də şifahi ənənəli musiqinin aktual problemlərini elmi ictimaiyyətin diqqətinə çatdırır.

T.Məmmədov bir alim və pedaqoq kimi öz elmi axtarışlarını müəllimlik fəaliyyəti ilə uzlaşdırmağı bacarır. Belə ki, o, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının professoru kimi “Azərbaycan xalq musiqi yaradıcılığı”, “Azərbaycan xalq musiqisinin əsasları”, “Mənbəşünaslıq”, “Xalq musiqisinin aktual problemləri”, “Şərq xalqlarının şifahi ənənəli musiqisi” fənləri üzrə mühazirələrində tələbələrin diqqətini müasir elmi tələblərə yönəldir, mütəxəssislərin hazırlanmasına ciddi yanaşaraq, onların hərtərəfli bilik əldə etməsinə çalışır. Bu məqamda, əlbəttə ki, T.Məmmədovun müasir texnologiya vasitələrini gözəl bilməsi və bu istiqamətdə əldə etdiyi nailiyyətləri elmə və tədrisə tətbiq etməsi də böyük əhəmiyyət kəsb edir. Təbii ki, gələcək yüksək intellektli mütəxəssis hazırlığında bütün bunların qovuşdurulması önəmlidir.

Artıq qeyd olunduğu kimi, T.Məmmədov Azərbaycan musiqi mədəniyyətində nüfuzlu elmi nəşrlərdən biri kimi tanınmış beynəlxalq elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarifçilik yönümlü “Musiqi dünyası” jurnalının naşiri və baş redaktorudur. Jurnalı Tariyel müəllimin “övladı” adlandırmaq olar.

Xatırlatmaq istərdim ki, sovet dövründə Moskvada çap olunan “Sovetskaya muzıka” ən nüfuzlu jurnallardan biri olub, sovet musiqişünaslığı üçün, SSRİ-nin bütün respublikalarının musiqi ictimaiyyəti üçün, əsasən də bəstəkar və musiqişünaslar üçün bir tribuna rolunu oynayırdı. 1999-cu ildə - XXI əsrin astanasında nəşrə başlayan “Musiqi dünyası” jurnalı müstəqil Azərbaycan Respublikasının elm, mədəniyyət və incəsənət xadimləri üçün belə bir tribunaya çevrildi.

“Musiqi dünyası” jurnalının əsas məramı və məqsədini aşağıdakı kimi ifadə etmək olar: Azərbaycan musiqisinin III minilliyə çatdırılması, milli musiqi irsinin qorunması və təbliği, musiqişünaslığın aktual problemlərinin önə çəkilməsi, müasir musiqi təhsili ilə bağlı məsələlərə diqqət yetirilməsi, Azərbaycan musiqi irsinin dünya İnternet məkanına çıxarılması, beynəlxalq əlaqələrin yaradılması. 10 illik fəaliyyəti dövründə “Musiqi dünyası” addım-addım bu məqsədlərini həyata keçirərək, nəinki respublikamızda, hətta beynəlxalq aləmdə sayılıb-seçilən elmi nəşrlərdən biri kimi tanınmışdır.

Jurnalın həm çap, həm də elektron variantda İnternetdə yayılması onun oxucu auditoriyasının genişlənməsinə şərait yaradır. Jurnalın rubrikaları onun maraqlarının nə qədər çoxcəhətli olduğunu və musiqi mədəniyyətinin bütün sahələrini əhatə etdiyini göstərir: “Musiqi və cəmiyyət”, “Ustadlarımızın xatirəsinə”, “Üzeyirşünaslıq”, “Portretlər”, “Etnomusiqişünaslıq”, “Musiqinin aktual problemləri”, “Musiqi tarixi”, “Musiqi nəzəriyyəsi”, “Musiqi təhsili və maarifçiliyi”, “Kulturoloji məsələlər”, “Müəllif və hüquq”, “Gənc tədqiqatçılar”, “Bizə yazırlar”, “Yeniliklərimiz”, “Biblioqrafiya...Diskoqrafiya...”. Bunlar hələ jurnalda öz əksini tapan rubrikaların tam siyahısı deyil. Burada həmçinin jurnalın təsisçiləri olan Azərbaycan Bəstəkarlar İttifaqının və Bakı Musiqi Akademiyasının həyatı, keçirilən tədbirlər, konsertlər və s. məlumat öz əksini tapır.

T.Məmmədovun fəaliyyətindən danışarkən, Azərbaycan musiqi mədəniyyəti üçün yeni olan bir sahəni də qeyd etməliyik ki, bunu mən “sayt yaradıcılığı” adlandırardım. XXI əsrin başlanğıcında müasir informasiya texnologiyalarının mənimsənilməsi və bu resursların mədəniyyətin, elmin, təhsilin inkişafına yönəldilməsi yeni bir istiqamət yaratdı.

T.Məmmədov hal-hazırda dünya virtual məkanında Azərbaycan musiqi mədəniyyətini təmsil edən 25 veb-saytın müəllifidir. “Musiqi dünyası” jurnalının bazasında T.Məmmədovun rəhbərliyi ilə elektron nəşrlər mərkəzinin əməkdaşları tərəfindən yaradılan rəngarəng veb-saytlar Azərbaycan musiqi mədəniyyətini müxtəlif rakurslardan işıqlandıraraq, İnternet istifadəçilərinə Azərbaycan mədəniyyəti ilə ünsiyyət imkanı yaradır və mədəniyyətimizin təbliğində böyük rol oynayır.

Bu saytlar məzmununa və janrına görə müxtəlifdir. Məsələn, “Üzeyir Hacıbəyov” internet portalı, “Qara Qarayev”, “Əfrasiyab Bədəlbəyli”, “Tofiq Quliyev”, “Vaqif Mustafazadə” veb-saytları memorial saytlardır. Saytoqrafiyada xüsusi yeri virtual muzeylər tutur: bunlar Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “O olmasın, bu olsun”, “Arşın mal alan” əsərləri əsasında hazırlanmış resurslardır.

 “Bakı Musiqi Akademiyası”, “Azərbaycanın bəstəkar və musiqişünasları” kataloq xarakterli saytlar olmaqla bu təşkilatların strukturunu və əməkdaşlarla İnternet əlaqə vasitələrini əks etdirir. Təhsil prosesi ilə bağlı saytlar sırasında “Musiqiçinin elektron kitabxanası”, “Üzeyir Hacıbəyov - elektron dərs vəsaiti” kimi saytların adı çəkilməlidir. Onu da deyim ki, T.Məmmədov bu layihələrin rəhbəri olmaqla yanaşı, həm də musiqi təhsili prosesində mühüm əhəmiyyətə malik olan Ü.Hacıbəyovun “Azərbaycan xalq musiqisinin əsasları”, “Üzeyir Hacıbəyov elektron ensiklopediyası”, Əfrasiyab Bədəlbəylinin “İzahlı-monoqrafik musiqi lüğəti” kimi elektron nəşrlərin elmi redaktorudur.

Təsadüfi deyil ki, T.Məmmədov və onun rəhbərlik etdiyi “Musiqi dünyası” jurnalının elektron nəşrlər mərkəzi yaratdıqları bir sıra veb-saytlara və Azərbaycan İnternet mədəniyyətinin inkişafındakı xidmətlərinə görə informasiya texnologiyaları üzrə dünya sammitinin təsis etdiyi “Azerbaijan E-content - 2005” , “İntellekt - 2005”, “AWARD - 2007”, “NETTY” Milli İnternet müsabiqəsinin (2006, 2007, 2008) və “HUMAY - 2007” mükafatlarına layiq görülmüşdür.

T.Məmmədovun təşkilatçılıq bacarığı “Qarabağ xanəndələri” və “Azərbaycan muğam ensiklopediyası” layihələrinin koordinatoru və məsul redaktoru olan zaman bir daha özünü təsdiq etdi. Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ərsəyə gələn bu qiymətli nəşrlərdəki Azərbaycan muğam dünyasına dair zəngin və rəngarəng biliklər tablosunda Azərbaycan musiqi tarixinin zəngin səhifələri, görkəmli musiqiçilər, mədəniyyət xəzinəsinə bəxş olunan incilər - adlar, əsərlər, terminlər, tədqiqatlar, ifalar bir daha canlandırılmışdır.

Tariyel Məmmədov bu gün də yeni layihələr üzərində düşünür, informasiya texnologiyaları resurslarının reallaşdırılmasına çalışır. Ən əsası da budur ki, T.Məmmədovun elmi-yaradıcı fəaliyyəti daim gələcəyə istiqamətlənir. Musiqi elminin perspektivlərinə ünvanlanır. Sonda bir daha Tariyel müəllimi 60 illik yubiley münasibətilə təbrik edir, ona yaradıcılıq uğurları və ailə səadəti arzulayıram.

 

 

 Cəmilə Həsənova,

Üzeyir Hacıbəyli adına

Bakı Musiqi Akademiyasının professoru

 

Mədəniyyət.- 2009.- 13 mart.- S. 7.