Dirijor.
“Zirvə” mükafatçısı
O, musiqi təhsilini
dünyanın ən nüfuzlu təhsil ocaqlarında başa
vuraraq yenidən vətənə dönüb. Müsahibimiz həmin
gənc dirijor, dəfələrlə beynəlxalq müsabiqələrin
qalibi olmuş Eyyub Quliyevdir.
- Ramiz Quliyev kimi musiqiçinin ailəsində
doğulmaq sizə hansı üstünlük verdi?
- Sözsüz ki, onun tərbiyəsində yetişmək, yeni tar məktəbindən bəhrələnmək mənim musiqiçi taleyimdə böyük rol oynayıb. 6 yaşımdan musiqiyə bağlanmışam və elə ilk müəllimim də atam olub. Onun böyük sənətkarlarımızla geniş təmasları olub. Mən onların məşqlərini, müzakirələrini daim izləyirdim. Bu təmasları hətta ali təhsil kurslarından üstün sayıram. Atamdan tar kimi sehrli musiqi alətinin ilk sirlərini öyrəndim.
Artıq 1991-ci ildən, 7 yaşımdan Ü.Hacıbəyov adına Musiqi Akademiyasında tar dərnəyinə gedirdim.
- Elə səhnəyə də ilk dəfə tar ifaçısı olaraq çıxmışdınız və uğur da qazandınız.
- 1994-cü ildə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında atamın solo-konserti keçirilirdi. Sonda atamla birgə mən də çıxış etdim. Təsəvvür edin ki, bizi kamera orkestri müşayiət edirdi, azacıq səhvim konsertin pozulmasına gətirib çıxarardı. Zalda isə əsl musiqi peşəkarları, duyumlu insanlar əyləşmişdi. Sonradan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi «Qönçə», «Novruz» kimi bir çox müsabiqələrdə iştirak edib qalib adını qazandım.
- Amma tarı dirijor çubuğu ilə əvəz etdiniz. Nə üçün?
- 1996-cı ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil oldum. Burada isə dirijorluq məni özünə cəlb etdi. Bu, çox təbii baş verdi. Heç bir planlaşdırma yox idi. Atam həmişə Bethovenin, Baxın, Şostakoviçin əsərlərindən, dünya orkestrlərinin çıxışlarından ibarət CD disklərini hədiyyə gətirirdi. Bu disklər məndə ciddi musiqiyə həvəs yaradırdı. Onlara qulaq asanda özümü hansısa orkestrin idarəedicisi kimi təsəvvür edirdim. Əlbəttə, onda mən heç dirijor hesablarını da bilmirdim.
- Tar musiqisinə öyrəşmiş ailənizin bu seçimə münasibəti necə oldu?
- Ailədə dirijor seçimimlə o şərtlə razılaşdılar ki, tarı unutmayım. Əlbəttə, tarı unuda bilməzdim. İndi də hər hansı ölkədə çıxış edəndə tar musiqisinə yer ayırmağa çalışıram. 1999-cu ildə ekstern imtahan verərək Ü.Hacıbəyov adına Musiqi Akademiyasının, xor dirijorluğu fakültəsinə daxil oldum. Paralel olaraq Ramiz Quliyevin xalq çalğı alətləri sinfində də təhsil alırdım. Qeyd edim ki, 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə gənc istedadlar üçün xüsusi təqaüdə də layiq görüldüm. Bu qayğı məni həmişə uğur qazanmağa səsləyib. Dirijor kimi ilk addımlarımı isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin nəzdində yaradılmış Uşaq Simfonik Orkestrinin II dirijoru olaraq atmışam. Bu orkestrə məni musiqi məktəbinin rəhbərliyi dəvət etmişdi. 2005-ci ilə, Sankt-Peterburq Dövlət Konservatoriyasına təhsilimi davam etdirmək üçün gedənə qədər orkestrlə işlədim. Uşaqlarla işləmək asan deyildi. Onların psixologiyalarını bilmək lazım idi. Ciddi musiqini uşaqların ifasında səhvsiz səsləndirmək də böyük zəhmət tələb edirdi. Buna baxmayaraq, məhz burada böyük təcrübə əldə etdim. Dirijor kimi ilk solo-konsertim də 2004-cü ilin martında bu kollektivlə oldu.
- Gəlin, ilk xarici səfərlərinizdən danışaq.
- 1997-ci ilin aprelində Bakıda dahi musiqiçi V.Rostropoviçin 70 illiyinə həsr olunmuş tədbir keçirildi. Mədəniyyət və Turizm Nazirliyi çıxış üçün atamla məni də bura dəvət etmişdi. Tarda Azərbaycan və Qərb musiqilərini ifa etdik. Rostropoviç çıxışımızı çox bəyənmişdi və onda H.Əliyevə dedi ki, bu ifa əsl möcüzədir, icazə ver, onları Moskvaya dəvət edim. Həmin il Rostropoviçin yubileyi ilə əlaqədar Moskvanın Çaykovski adına Dövlət Konservatoriyasında qala-konsert təşkil olunmuşdu. Biz orada çıxış etdik. Bu, mənim ilk xarici səfərim idi. sonra yenə Moskvada Müslüm Maqomayevin 55 illik yubileyində iştirakımız oldu. M.Maqomayev ifamıza belə qiymət verdi: «Sizin çıxışınız, elə bil bütöv bir orkestrin ifasıdır».
- Xarici ölkədə musiqi təhsilinizi
davam etdirdiniz. Yeni mühit sizin üçün nə demək idi.
- Təhsilimi davam etdirmək üçün 2005-ci ildə
dövlət xətti ilə L.N.Kurskaya adına
Sankt-Peterburq Dövlət Konservatoriyasının opera-simfonik
dirijorluğu ixtisası üzrə aspiranturaya daxil oldum. Qeyd edim ki, bu konservatoriya dünyada özünəməxsus
dirijorluq ənənələri ilə tanınır. Görkəmli musiqiçilər bu konservatoriyanın
tələbələri olublar. Həmçinin,
bu konservatoriyanın ilk azərbaycanlı aspirantı
olmağımla fəxr edirəm. Burada
mövcud musiqi mühiti mənim
dünyagörüşümü tamam dəyişdi və
daha da ciddiləşdirdi. Konservatoriyada bir
neçə orkestr var.
Peşəkar musiqiçilərlə təmasda
olmaq, təcrübəni artırmaq üçün hər
cür şərait yaradılıb.
- Bir az da beynəlxalq müsabiqələrdə
iştirakınız barədə danışın. Biz gələn məlumatları fəxrlə izləyirik.
- Sankt-Peterburqda oxuyanda bir beynəlxalq müsabiqə
haqqında məlumat adım. Polşada, bu
ölkənin məşhur bəstəkarı V.Lütovskinin
şərəfinə dirijorların V Beynəlxalq müsabiqəsi
keçirilirdi. Mən də sənədlərimi,
ifalarımın videoyazısını bu müsabiqəyə
göndərdim. 180 nəfərdən 48 nəfər
seçilərək bu müsabiqəyə dəvət edildi.
Müsabiqədə birinci yeri tutdum. Bu qalibiyyət həm də mənə Avropaya
qapı açdı. Çünki şərtə
görə, müsabiqənin qalibi beş
il ərzində Polşanın və Avropanın böyük
orkestrləri ilə çıxış etmək imkanı
qazanırdı. Beləliklə, konsert turnesi
başladı.
İlk konsertdə mənim təklifimlə
orkestr dahi bəstəkarımız Q.Qarayevin «Leyli və Məcnun»
əsərini ifa etdi. Polşanın Kreç Flormanik
Orkestri, Belarus Dövlət Simfonik Orkestri, Norveçin Tronxayn
Orkestri, Çexiyanın Flormanik Orkestri kimi bir çox məhşur
kollektivlərlə çıxışlarım oldu. Hər konsertdə bir və ya bir neçə Azərbaycan
musiqisi səsləndirilirdi. Xarici səfərlər
sonralar yenə də davam etdi. Və mən
3-4 ay bundan qabaq Yunanıstanda müsabiqədə iştirak
etdim. Müsabiqə Avropa
İttifaqının mədəniyyət layihələrindən
biri idi. Müsabiqədə 171 nəfər
iştirak edirdi. Son tura, mən də
olmaqla 4 nəfər qaldı. Bu, həm də
Azərbaycan dirijorluq məktəbinin qələbəsi idi.
- İndi vətəndəsiniz. Gələcəyə yönəlik hansı
planlarınız var?
- Hələlik yolayrıcındayam. İstəyirəm
ki, fəaliyyətimi ilk növbədə öz vətənimizə
göstərim və bu fəaliyyətimlə həm də
dünyaya çıxa bilim. Xarici ölkələrdən,
nüfuzlu orkestrlərdən ciddi təkliflər var. Hələlik
gözləyirəm.
- Bəs vətəndə sizə hansı təkliflər
edilir?
- Keçən ilin yanvarında Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə debüt konsertim oldu. Sizin qəzet də bu konserti geniş
işıqlandırmışdı. Həmin
konsertdə cənab nazir çıxışımla
bağlı bəzi xoş fikirlərini bildirdi. Burada bəzi planlar və təkliflər var, yəqin
ki, yaxşı olacaq.
- Bu gün biz ciddi sənətin şou bumunda
unudulduğunu tez-tez müzakirəyə çeviririk. Sizin mövqeyinizi bilmək maraqlıdır.
- Müstəqilliyi yenicə əldə etmiş ölkənin
vətəndaşları ilk əvvəl sosial bazanı
möhkəmləndirir. Ciddi sənətin
yaşaması üçün həm də təbliğat
lazımdır. Bu gün bizim telekanallarda,
hətta çox zəif sayılacaq şoular zövqlərə
hakim kəsilib. Dünyada mədəniyyət
kanalları var. Bundan əlavə, bizdə cəmi bir orkestr
var. Ümumiyyətlə isə zaman keçdikcə bu məsələlər
öz yerini tapacaq. Son illərdə mədəniyyət
sahəsində həyata keçirilən layihələr məndə
ümidlər yaradır. Təkcə
klassik musiqi sahəsində yox, məsələn,
muğamın inkişafı ilə bağlı görülən
işlərin nəticəsinə baxaq. Görün,
nə qədər istedadlar üzə çıxdı.
İnsanları ciddi sənətin
işığına yığmaq üçün KİV-in
rolu danılmazdır. Amma bu məsələdə
onların iştirakı çox zəifdir.
- Bəzən ciddi musiqi auditoriyası kənar dinləyici
qəbulu üçün qapalı olur. Belədə
zövq necə formalaşsın?
- Ümumiyyətlə, sadaladığım problemlər
əksər ölkələrdə var. Avropada ənənə
yaşayır, orada zövqlərin özü təbəqələşir.
Ciddi musiqini, popu da qəbul edib qulaq asanlar var.
İndi bizdə musiqi festivalları keçirilir, burada
iştirak edənlərin əksəriyyəti gənclərdir.
Bu ənənə nəticə verəcək.
İstərdim ki, musiqi təhsili alan gənclər
üçün musiqi tədbirlərinə biletlər
ayrılsın. Uşaqlar üçün
tanınmış musiqiçilərimizin pulsuz konsertləri
böyük tərbiyəvi effekt verərdi. Zövqləri uşaq yaşından
formalaşdırmaq olar. Uşaq bilməlidir
ki, onun bu ciddi musiqisi dünyada qəbul olunur, ona həvəs
göstərməlidir.
- Son sual. Gənc Azərbaycan dirijor həyatda
özü üçün hansı missiyanı seçib?
- Mənim üçün ən böyük missiya Azərbaycan
musiqisini və mədəniyyətini dünyada layiqincə təmsil
etməkdir. Missiyamı həyata keçirilməsi
baxımından optimistəm.
Söhbətləşdi:
Sabutay
Mədəniyyət.- 2009.- 13 mart.- S. 4.