Qədim Şamaxı şəhərinin qalıqları tapılıb

 

Milli Elmlər Akademiyası Arxeologiya Etnoqrafiya İnstitutunun ekspedisiya qrupları qədim Şamaxı şəhərinin qalıqlarını tapıb. İnstitutun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyiblinin verdiyi məlumata görə, bu tapıntı bir neçə gün əvvəl Şamaxı şəhərində 1 saylı məktəbin həyətində yeni binanın inşası zamanı aşkarlanıb tikinti işləri dərhal dayandırılıb. Geniş arxeoloji qazıntıların aparılmasına ehtiyac yarandığından isə arxeoloji ekspedisiya ərazidə tədqiqatlarını davam etdirəcək.

Qeyd edək ki, ekspedisiya qrupları Azərbaycanın müxtəlif bölgələrində 30-dan çox ərazidə qazıntı-tədqiqat işləri aparıb. Qarabağ bölgəsində aparılmış arxeoloji qazıntılar nəticəsində isə Ağcabədinin Qalatəpə deyilən ərazisində qədim şəhər aşkar edilib. «Qədim yazılı mənbələrdə həmin ərazilərdə şəhər tipli yaşayış məskəninin olduğu barədə informasiyalar var idi. Lakin bu vaxtadək həmin məskənin harada olduğu məlum deyildi. Orada Qalatəpə adlanan abidə şəhər yaşayış məskəninin qalıqları da aşkar edilib».

Bundan başqa, daş dövründən orta əsrlərədək bütün tarixi mərhələləri əks etdirən qədim yaşayış məskənləri, qəbir abidələri olan ərazidə qazıntılar aparılıb. Elmə məlum, lakin maliyyə çatışmazlığından qazıntılar aparılmayan abidələr tədqiq edilib. Hazırda işə cəlb olunmuş Yaponiya, Fransa, Almaniya, Gürcüstan Amerika Birləşmiş Ştatlarından olan mütəxəssislərlə birgə qədim tapıntılar analiz edilir. Azərbaycanda müasir arxeoloji laboratoriya olmadığından Tovuzun Göytəpə Neolit dövrünə aid abidəsinin yaşını dəqiq öyrənmək üçün aşkar edilmiş bəzi nümunələr isə Yaponiyaya göndərilib. Neolit, Tunc, antik dövrlərə aid abidələrdə qazıntılar aparılıb. Uzun müddətdir ki, bu tip abidələrdə qazıntı işləri aparılmayıb. O illərdə yaşayan insanların yaşayış tərzini əks etdirən maddi-mədəniyyət nümunələri aşkar edilib. Naxçıvanın Şərur rayonu ərazisində ABŞ mütəxəssisləri ilə birgə qazıntı aparılıb. Oğlanqala abidəsində nadir tapıntılardan olan mixi yazılar aşkar edilib. Bu da Azərbaycanda qədim yazı sənətinin, dövlətçilik ənənələrinin öyrənilməsi üçün olduqca vacibdir.

Yerin altından başqa, suyun dibində yeni arxeoloji kəşflər olub. Nəcəf Müseyiblinin sözlərinə görə, uzun illərdir ki, dənizin altında təqdiqat işləri aparılmasa da, bundan sonra buna xüsusi diqqət veriləcək: «Xəzərətrafı ərazilərdə bir sıra arxeoloji kəşfiyyat işləri həyata keçirildi. Bakı arxipelaqında da əvvəllər elmə məlum olmayan yeni abidələr aşkar edildi qeydiyyata götürüldü. Xəzərsahili sular altında bir sıra abidələr var ki, geniş tədqiq edilməyib. Burada ətraflı tədqiqat işlərinin aparılmasına böyük ehtiyac var».

Şəmkirin Qaracaəmirli kəndi yaxınlığında eramızdan əvvəl 1-ci minilliyin ortalarına aid qədim şəhər məskənində tədqiqat aparılıb. Ümumilikdə qədim tapıntılar üzərində analiz təmizləmə işləri aparıldıqdan sonra isə aşkar edilmiş eksponatların bir qisminin rayonların tarix muzeylərinə göndərilməsi, digərlərinin Arxeologiya Etnoqrafiya İnstitutunun arxeoloji fondunda saxlanılması nəzərdə tutulub. Xatırladaq ki, Azərbaycan Prezidentinin 5 fevral 2008-ci il sərəncamına əsasən, 2008-2009-cu illərdə Azərbaycanda arxeoloji tədqiqatların aparılması məqsədilə Elmlər Akademiyasının Arxeologiya Etnoqrafiya İnstitutuna 1 milyon manat vəsait ayrılmışdır. Ötənilki tədqiqat işlərinə bu məbləğin yalnız 300 min manatı sərf edilmişdir. İnstitut rəhbərliyi hesab edir ki, qalan 700 min manat vəsait hesabına bu il ikiqat artıq işlər görüləcək.  

 

 

Turan

 

 Mədəniyyət.- 2009.- 13 mart.- S. 3.