20 yaşında teatr
Gənclər Teatrının
yubileyinə
Gənclər
Teatrı... Komfort, təntənəli premyeralar,
işıqlı, qəşəng zallar tanımayan, daim
ümidli teatr dəstəsi… Hüseynağa Atakişiyev...
Aktyor evinin o zamankı soyuq zalı, sınıq-salxaq
skamyaları, soyuqda danışarkən aktyorların
ağzından buxarla bir yerdə çıxan sözlər
«unudun», deyir, «Herostratı unudun». Mənsə unuda bilmirəm.
Soyuqdan və həyəcandan əsə-əsə
danışdırdığım ilk müsahibim olan
Hüseynağa Atakişiyevin işıqlı
üzünü. «Yaradıcılığınızda…»
demişdim, sözümü kəsib,
«Yaradıcılığım var mənim?» deyib
gülmüşdü. O gülüşün mənə -
ütülü, kraxmallı sual vermək istəyən
debütant jurnalistə yox, teatrda can qoyduğu bütöv bir
illərə, özünə, dəxli olan hər kəsə
yönəlmiş, istehzasını, acısını
anladınızmı?
Bir belə
aktyorları, müəllifləri, rejissorları varkən Gənclər
Teatrı həmişə «Hüseynağa Atakişiyevin
teatrı» kimi ilə xatırlanır. Sanki müəyyən
bir zaman kəsiyinə sığışdırmaq
üçün, pis-yaxşı demədən, bir-birinin
ardınca hazırladığı tamaşalar...
Ötən həftə
Dövlət Gənclər Teatrı köhnə məkanlarında
- əvvəllər yerləşdikləri Teatr Xadimləri
İttifaqının tamaşa zalında 20 illik yubileyləri
münasibətilə teatrın ən yaxşı
tamaşalarını göstərdilər - «Kişi və
qadın», «Herostratı unudun», «Əbləhlərin toyu»,
«Dünyanın sonu»...
Tarix
Dövlət Gənclər
Teatrı da ötən əsrin 90-cı illərində
yaranıb. Daha
doğrusu, teatrın ilk premyerası 1989-cu ildə Yusif Səmədoğlunun
«Qətl günü» əsəri əsasında
hazırlanmış tamaşa ilə keçirilib. Dövlət Gənclər Teatrı
yaradıcısı və keçmiş bədii rəhbəri,
əvvəllər Şəki Dövlət Dram Teatrında
rejissor kimi məşhurlaşmış mərhum
Hüseynağa Atakişiyevin tamaşaları sayəsində
şöhrətlənib və özünə bəlli bir
truppa yığıb. Teatrın 18 illik tarixində
«Ölülər» (C.Məmmədquluzadə), «Hamlet»
(Şekspir), «Adamın adamı» (Anar), «Herostratı unudun»
(Qriqori Qorin) və digər yeni konseptual əsərlər kimi
səciyyələndirilən tamaşalar var.
«Herostratı unudun!»
Gənclər Teatrının
20 yaşının tamamında Hüseynağa müəllimin
illər öncə hazırladığı «Herostratı unudun!» (Qriqori Qorin) tamaşası
tamaşadan da əvvəl xatirədir.
Herostratsa
dünyada tayı olmayan, maraqlı bir əhvalatdır. Əsəri
Elçin Hüseynbəyli tərcümə edib. Bu antik
dövrün məhsulu olan unikal süjet
özü-özlüyündə min cür yozuma yer qoyur:
Herostrat adlı bir bazar alverçisi dünyada yeddi
möcüzədən birini-Artemida məbədini
yandırır. Səbəb? Şöhrət? Ad-san? Məşhurluq?
Onun təhtəlşüurunda uyumuş gizlin təəşşüqləri
elə öz həmtaylarına hesablanıb. Təxminən belə:
İndi hünəriniz var məni unudun. Şərq motivlərində
«meymunu yada salma» əhvalatı. Amma burda məsələ daha
dərin, daha çoxyozumludur. Bir anda məşhurluq. Əhvalatı
səhnənin bir küncündə oturmuş salnaməçi
(Ayşad Məmmədov) nəql edir. Elə o da rejissor
istehzasına (ya da elə tarixin öz istehzasına) məruz qalıb-beli
bükülmüş, hər şeyə burun soxan əbləh
imicindədir. Arada dünyanı yola salmış müdrik bir
görkəm də alır. Herostratı (Qurban
İsmayılov) həbs edirlər. Qurban İsmayılov öz
qəhrəmanını şöhrət iddiasında olan sərsəm
bazar adamı kimi oynayır. Bütün Efes ona nifrət edir.
Amma o özü alverçi məntiqi ilə hər şeyi
öz yoluna qoyacaq. Əvvəlcə əlyazmalarını
şəhərə yayacaq. Sonra iş daha da böyüyəcək.
İşə şəhər əmiri necə münasibətdədir?
Sözsüz, o da insandır və marağının
yaddaşının öhdəsindən gələ bilməyəcək.
Onda tədbirə qarşı tədbir: əgər Herostrat məbədi
məşhur olmaq üçün yandırıbsa onu elə
bundan məhrum etmək lazımdır. Amma absurd bir şey. Hər kəs öz fantaziya və maraqlarına
uyğun bunu edə bilməyəcək. Üstəlik, bura
qadın fantaziyası qarışır. Şəhər əmirinin
arvadının fantaziyalarına baxın: bəlkə Herostrat
məbədi qadına görə, yəni məhəbbət
yolunda yandırıb? Əgər bu belədirsə, bu
qadının şəhər əmirinin gözəl
göyçək arvadı Klementinadan nəyi artıqdır
ki? Klementina Herostratla həbsxanada görüşür.
Özünəməxsus bir razılaşma. Burda Herostratın
alverçi istedadı aşkara çıxır. Şöhrət,
ad-san alverində hər ikisi iddialıdır. İşə
min cür hiylə qarışır. Sadə bir şəkildə
məsələ həll olunur. Krissip (Ədalət Əbdülsəmədov)
Herostratı öldürür. Məsələ bitir. Onda abdal
tarixçi yaxınlaşıb bu məbədi kimin tikdiyini
soruşacaq. Heç bir ad qalmayıb. Herostrat əbədiləşib
tarixdə qalacaq. Tarixin yumor hissi var. Heç olmasa o, ironiyadan
məhrum deyil. Yoxsa əbləh imicli tarixçi ritorik tonla
«xatırla, bir nəfərin də olsa adını xatırla,
məbədi kimlər tikmişdi?» sualını verməzdi.
Günahı tarixin boynuna atıb “tarixin ədalət hissi
yoxdur” demək özü bir ədalətsizlikdir. Şübhəsiz
ki, «hər şey bizdən gəldi» və Herostratın əhvalatında
tarixin təqsiri yoxdur. Məgər kriminal avtoritetlərə həsr
olunmuş tarixçələr satış reytinqinə
görə lamançlı don Kixotun əhvalatını
gülünc etmirmi? Məgər pisliyi xatırlayıb,
yaxşılığı unutmağa pərgar deyilikmi?
İnsan xislətinin dərinliklərində eşələnməli
olsaq, Herostratdan min qat betər əhvalatlar
çıxaracağıq.
Bu tamaşa
reallığa, cəmiyyətə, kütlə xislətinə
həsr olunmuş səhnə pritçası olduğundan
Hüseynağa Atakişiyev üçün növbəti
ismarış idi. Eyni biganəliyin qarşısında bütün
bu etdiklərindən sonra nə sözü qalır
Hüseynağa Atakişiyevin? «Unudun!», deyir, «Herostratı unudun!»
Bu, küskünlük deyil, son söz yerinə deyilmiş bir
kəlmədir - «Unudun!»
«Əbləhlərin
toyu»
«Əbləhlərin
toyu». Gənclər Teatrının yubiley ərəfəsində
təqdim etdiyi digər tamaşa belə adlanırdı. Təxminən
üç ilin tamaşasıdır. Pyesin müəllifi Kukla
Teatrının rejissoru və bədii rəhbəri Rəhman Əlizadədir.
Tamaşaya isə Dövlət Gənclər Teatrının
rejissoru və bədii rəhbəri, respublikanın əməkdar
artisti mərhum rejissor Huseynağa Atakişiyev quruluş verib.
Bu sınıq-salxaq və şəraitsiz məkanda onun yorulub
bezmədən tamaşa qoymaq həvəsi, enerjisi hardandı?
Yəqin bu da bir sirri-xudadı və yalnız sənət
aşiqləri bu sirdən agahdırlar. Qaldı «Əbləhlərin
toyu»na, bu tamaşanın estetik parametrlərinə toxunmazdan əvvəl,
deyəsən, yenə oxuculara onun mövzusu və məzmununu
nəql etməli olacam. Deməli, elə tərtibatdan da
görünür ki, bura Bakının tipik şadlıq
saraylarından birinin vestibülüdü. Toy zalı isə
şəffaf dekorasiyadan ikinci planda görünür.
Görünür ki, burada bir toy, bir vur-çatlasın, bir həngamə
olacaq ki, gəl görəsən. Yəni hər şey bizim-
toyxana əhlinin heç cür adiləşib gözdən
düşməyən vəhşiyanə arzu və istəklərini
nəzərə alıb. Bir sözlə, az qala gündəlik,
bayağılaşmış, yeknəsəq toylar
mövsümündə toyxana əhlinə hədiyyə - «Əbləhlərin
toyu». Deyəsən, teatrımızda ilk milli və rəsmi əbləh
obrazı elə budu ki, var. Və bu əsl dəqiq diaqnozdu. Ərə
gedən qızınsa kasıb və «mənalı» sevgilisi
var ki, (Ayşad Məmmədov) onu tamaşa boyu qəhrəman
edəcəklər. Zəlzələ ilə yekunlaşan toyun
sonunda bu nakəs bəy gəlini toyda qoyub qaçacaq. Beləliklə,
bayağı bir ab-havada tamaşa bitir. Tamaşada
cızılmış məxsusi xətt var ki, bir çox məqamlarda
hiss olunur. Amma yenə də dəfələrlə gəldiyim
nəticə qənaətlərimi tamamlayır. Yazıda da,
dramaturgiyada da azacıq da olsa mövzu-məqsəd varsa, o,
heç cürə uğursuzluqdan sığortalana bilməz.
Burada da adıçəkilən məqsəd
özünü gözgörəti bəlli edir. Beləliklə,
«milli psixologiyamızın dərinliklərindəki» bəzi əbləh
qatlar ayrı-ayrı personajların, qəhrəmanların sifətində
zühur edir.
Gənclər
Teatrının bu tamaşası toy kimi etnomədəni hadisəyə
səsli-hərəkətli karikaturadır. Öz janrında
baxımlıdır.
Yubiley
tamaşaları içində bir tamaşa da göstərildi
- «
20 ən poetik, romantik, bir az fanatik yaşdı. Gənclər
Teatrısa bu fanatizmdən, romantikadan çoxdan keçib.
Odur ki, yubiley münasibətilə teatrın
kollektivinə yaradıcılıq uğurları, gözəl
tamaşa zalı və bol-bol, güllü-çiçəkli
tamaşaçı arzulayıram. Ad
gününüz mübarək!
Aliyə.
Mədəniyyət.-
2009.- 13 mart.- S. 5