Yeni epoxanın romançısı

 

   Azərbaycan nəsrində tanınmış imza sahibi olan «Ulduz» jurnalının baş redaktoru Elçin Hüseynbəylini geniş təqdim etməyə ehtiyac yoxdur. Onun təqdimatı romanları, dram əsərləri və hekayələridir. Elçin Hüseynbəyli ilə söhbətimizdə onun yaradıcılığı və ədəbiyyatımızın bu günü ilə bağlı müəyyən məsələlərə aydınlıq gətirdik.

  

   - Yenicə çapdan çıxmış «Şah Abbas» romanınız hökmdaronun şəxsiyyətinə yeni baxışla diqqəti cəlb etdi. Bu mövzuya müraciət hansı zərurətdən ortaya çıxdı?

   - Şah Abbasa tarixdə ikili münasibət formalaşıb. Şah Abbas Səfəvilərin o hökmdarıdır ki, folklorumuzda humanist adam kimi təqdim olunur. «Şah Abbas - cənnətməkan», «Şahoğlu Şah Abbas» kimi xalq yaddaşından məsəllər və çoxsaylı lətifələr buna sübutdur. Eyni zamanda Səfəvi dövlətinin ərazisində onun adına məscid, hamam, karvansaralar var. Yeganə Azərbaycan hökmdarıdır ki, bu qədər izi qalıb. İkinci planda isə sovet, o cümlədən gürcü və erməni tarixçiləri onu müstəbid, zülmkar, ağılsız hökmdar kimi təqdim edirlər. Guya ki, o, dilimizin, səfəviliyin əleyhinə olub. Mənə isə maraqlı idi, xalqın təfəkkürü bir başqa cür, tarixçilər isə fərqli bir səpkidə Şah Abbası bizə tanıdırlar. Bu səbəbdən mən daha obyektiv sayılan Avropa mənbələri ilə tanış olub, Şah Abbas şəxsiyyətini olduğu kimi üzə çıxarmağa çalışdım. Bu mənbələrdəki faktlar xalqın söylədikləri ilə üst-üstə düşdü. Həmin mənbələrdə Şah Abbas dövlət xadimi, sərkərdə kimi göstərilirdi. Roman üçün tariximizin Şah Abbas səhifəsini belə seçdim.

   - Əsərinizi roman-xronika adlandırmağınız hansı səbəbdən irəli gəlir?

   - Ona görə ki, Şah Abbas haqqında bütöv bilgi yoxdur. Olanları birləşdirərək Şah Abbas haqqında təsəvvür yaratmaq istəmişəm. Məncə, bu romanla bütöv bir epoxaya təkan veriləcək. Bundan sonra Şah Abbas fenomeni elmi surətdə təqdim olunacaq, dram əsərləri yazılacaq.

   - Tariximizin kifayət qədər açılmayan hansı səhifələrini ədəbi qələmlə işıqlandırmaq istərdiniz?

   - Düşünürəm ki, Türkmənçay və Gülüstan müqavilələri, Nadir şah dönəmi XX əsrin əvvəllərində Azərbaycan ərazisində baş vrən hadisələr, hakimiyyət dəyişikliklərini, 26 Bakı komissarları və s. mövzularda nəsr nümunələri kifayət qədərdir. Daha mürəkkəb məsələləri araşdırıb, analiz etdikdən sonra romana gətirmək lazımdır. Mən real faktlara müdaxilə edən romançıların tərəfindəyəm.

   - Son vaxtlar dünyada faktlara, xüsusilə tarixi hadisələrə bir postmodern ədəbi yanaşma yaranıb, bu da maraqla qarşılanır. Siz isə real faktlarla işləyirsiniz.

   - Tariximiz yetərincə öyrənilməyibsə, reallıq ortaya qoyulmayıbsa, hansı postmodern yanaşmadan söhbət gedə bilər. Əslində bizim tariximiz elə tərsinə, postmodern yazılıb.

   - XX əsrin əvvəllərində Azərbaycanda baş verən hadisələr «Əli və Nino» romanında təsvir edilir. Həqiqəti əks etdirmək baxımından bu romanı necə qiymətləndirirsiniz?

   - «Əli və Nino» ədəbiyyatımızın dəyərli nümunəsidir. Lakin XX əsrin əvvəllərində baş verənlərə panoram baxışlı roman olduğundan hadisələrə yetərincə yanaşılmayıb. Daha çox sevgi faktoruna üstünlük verilib.

   - «13-cü həvvari - 141-ci Don Juan» romanınızda da hadisələr tarixi faktlar zəminində cərəyan edir.

   - O, roman tarixi məxəzlərə söykənsə də, daha çox macəra əsərdir. Bu sintetik - struktural tipli romandı.

   - Jurnalist kimi mətbuatda uzun müddət çalışıbsınız. Belə deyə bilərikmi: siz ədəbiyyata jurnalistikadan gəlmisiniz?

   - Məncə, jurnalistika ilə ədəbiyyat bir-birilərini tamamlayır. Jurnalist hadisəyə, informasiyaya yanaşmağı, istifadə etməyi bacarır. Bu baxımdan romanlarım, hekayələrim irihəcmli deyil. Axıcılıq, oxunaqlıq üstünlük verdiyim amildir. Ən əsas isə mahiyyətdir.

   Bilirsiniz, ümumilikdə, 4 yazıçı tipi var. Peşəkarlar qrupuna yaradıcılığa laboratoriya kimi baxan yazıçılar daxildir. Bu çox yazmaq yox, çox pozmaq anlamı da verə bilər, yazıçı daim işləyir, tədqiq edir, ortaya mükəmməl əsər qoymaq istəyir. İkinci qrupa qrammofonlar daxildir. Onlar ağıllarına gəldi yazırlar. Aqraf rupuna az yazanlar daxildir. Dördüncü qrupa isə bortlibi yazarlar aiddir. Bu söz bir ispan yazıçısının qəhrəmanının adından götürülüb. Onlar ömür boyu iddia edirlər ki, böyük bir əsər yazacaqlar, lakin heç vaxt yazmırlar. Mən özümü birinci qrupa aid edirəm. Çalışıram ki, maraqlı əsərlər yazım. Bu başqa məsələdir ki, əsər kiminsə xoşuna gəlməyə bilər.

   - Sizcə, bizim yazıçıların üzləşdiyi başlıca problem hansıdır?

   - Mən həmişə deyirəm yazıçılar üçün ən böyük problem kitab-satış şəbəkəsinin olmamasıdır. Məlumatıma görə, problemin həlli üçün dövlət proqramı hazırlanıb. Kitab yarmarkaları təşkil etmək, müasir dünya təcrübəsinə əsaslanan layihələr həyata keçirmək olar. Çox sevindiricidir ki, Mədəniyyət Turizm Nazirliyi kitabxana-satış formulasından istifadəyə şərait yaradıb. Kim kitabı kitabxanada oxumaq istəmirsə onu satışdan alıb özü ilə apara bilər. Bu baxımdan ümidliyəm ki, kitab-satış şəbəkəsi bərpa ediləcək. 4-5 kitab mağazası ilə yazıçı özünü maddi tərəfdən təmin edə bilməz. Məsələn, mən, «Şah Abbas» romanımı baha, 25 manata satışa verirəm. Lakin şəbəkə yaranarsa, kitabın satışını 5-6 manata reallaşdırmaq olar.

   - “Söz, yazıçı ideologiyaformulunu qəbul edirsinizmi? İdeoloji ədəbiyyata baxışınız.

   - Mən vətənçilik ideologiyasını qəbul edirəm. Vətənin əxlaqını, mənəviyyatını, torpağını, dilini qorumağı təbliğ etmək əsas qayəmdir. ABŞ kimi böyük dövlət ideoloji əsərlərin yaradılması üçün kifayət qədər vəsait xərcləyir. Bəs biz, düşmən təcavüzü ilə üzbəüz qaldığımız halda ideoloji əsərlərə niyə üstünlük verməyək? Mənim bütün əsərlərim məhz vətənçiliyə, dövlətçiliyə xidmət edir. Konkret «Qurdun şərqisi» povestim bu yönümlüdür, iki hissəsi çap olunub. 3-cü hissəsini isə torpaqlarımızı azad etdikdən sonra yazacağam.

   - Siz hansı kateqoriya oxucu üçün yazırsınız?

   - Mütaliə səviyyəsi, marağı, həvəsi yüksək ədəbi zövqlü olan hər kəs üçün. Çalışıram ki, oxucuya peşəkar qələm məhsulu təqdim edim.

   - vaxtsa avtobioqrafik roman yazacaqsınızmı?

   - İndi bir az tezdir. Bütün yazıçılar bu janrda əsər yazmaq istəyir. Mümkün olsa mən uşaqlıqdan bu günə kimi yaşadıqlarımı avtobioqrafik romana köçürmək istərdim. Yazaramsa, məncə, maraqlı olacaq.

   - Dramlarınızın bəziləri proqresli, bəziləri sırf simvolludur. Müxtəliflik yaradıcılıq baxımından çətin deyil?

   - Yazıçı monoton olmamalıdır, bu darıxdırıcılığa gətirib çıxarır. Xüsusilə nasirin masştabı geniş olmalıdır. Üzeyir Hacıbəyovun dahiliyi məhz monton olmamasında da üzə çıxır.

   - Bizim yazarlar ədəbiyyata əsasən şeirlə gəlirlər. Deyəsən, bu hal sizdə istisna oldu.

   - Şeiri uşaqlıqda yazmışam...

   - Teatrlar bəzən günümüzlə səsləşən əsərlər sarıdan problem yaşayır.

   - Bilirsiniz dramaturgiya tam ayrıca sahədir. Bununla peşəkar məşğul olmaq lazımdır. Amma mən , digərləri məcbur oluruq ki, günümüzün mövzusunu teatr səhnəsinə gətirmək üçün dramaturgiyaya müraciət edək. İstərdim ki, istedadlı gəncliyin içindən sırf dram əsərləri yazmağı missiya olaraq üzərinə götürənlər olsun. Ümumilikdə isə indiki gənclik öz ədəbi missiyasını kifayət qədər dərk edə bilmir. Amma dərk edəndən sonra onlardan yaxşı nasir, yaxşı dramaturq da çıxacaq.

   - Yazıçı mütaliəsiz olmaz, kimləri oxuyursunuz?

   - Mütaliəmi heç vaxt dayandırmıram. Bu yaxınlarda isə Mirzə Cəlilin əsərlərini, Mirzə Adıgözəl bəyin tariximizlə bağlı «Qarabağnamələr»ini yenidən oxumuşam. Orxan Arasın «Son cənnət» romanını, Səlim Babullaoğlunun, Elxan Zalın, Kamal Abdullanın son kitablarını, Əjdər Olun publisistik nəsrini yenicə oxumuşam. Bundan başqa dünya nəsrinin nümunələrini mütəmadi izləyirəm.

   - İdeal yazıçınız varmı?

   - İdeal seçsəm, idealımdan güclü yaza bilmərəm.

   - Necə hesab edirsiniz, ədəbiyyatımız inkişafda, yoxsa enişdədir?

   - Bizim ədəbiyyatımız daim inkişafda olan ədəbiyyatdır. Kifayət qədər yaxşı nümunələr yaradılıb yaradılacaq. Sadəcə olaraq biz özümüzə inanmalıyıq.

   - Bəs ədəbi təsərrüfatın inkişafına mane olan hansı problemləri önə çəkərdiniz?

   - Yazıçımız öz ölkəsində tanınmalıdır ki, xarici ölkələrdə diqqəti cəlb edə bilsinlər. Bunun üçün ilk əvvəl kitab satışı nəşr məsələləri qaydaya salınmalıdır. İkinci tərəfdən tərcümə işi gücləndirilməlidir. Dünyaya çıxış tərcümə işindən keçir, bunun üçün dövlətin dəstəyinə ehtiyac var.

   - Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibisiniz. Müəyyən tədbirləriniz mətbuatda işıqlandırılıb. Qurumda işlər necədir?

   - Türk dünyasının ortaq ədəbiyyat dərgisi olan «Kardeş qələmlər»i nəşr edirik. Bu dərgi türk dünyasının 24 yazıçı təşkilatına göndərilir, ədəbi inteqrasiya yönümündə görülür. Türk dünyası yazarlarının hekayə müsabiqəsini keçirtdik təqdim olunan əsərlər almanax şəklində çap edildi. Nəzərdə tutmuşuq ki, bu almanax bir neçə dilə tərcümə edilib pulsuz olaraq beynəlxalq hava yolları şirkətləri vasitəsilə yayılsın. Bundan başqa Kərkükdə «Bayatı» şöləni keçirməyi planlaşdırmışıq. Ümumən türk ədəbiyyatını dünyaya tanıtdırmaq üçün Ankarada tərcüməçilərin I konfransını da təşkil etmək istəyirik. Həmçinin bu il AYB-nin yaradılmasının 75 illiyi dövlət səviyyəsində qeyd olunacaq. Biz bu münasibətlə uluslararası beynəlxalq konfrans keçirməyi planlaşdırırıq.

   - «Ulduz» jurnalının baş redaktorusunuz. Bəzən jurnalda zəif əsərlərə rast gəlirik.

   - Naşir çalışır ki, Azərbaycan ədəbiyyatını öz mənzərəsi ilə təqdim edə bilsin. İstər-istəməz hardasa orta səviyyəli əsərləri vermək lazım gəlir. Oxucu seçim imkanı əldə edir. Eyni zamanda güclünün qədrinin bilinməsi üçün zəifə yer vermək lazım gəlir.

   - Elə bir hal, elə bir həyat materialı varmı onu qələmə almaq gücündə olmamısınız?

   - Faciəni qələmə almaq çətindir. Elə hadisələr var ki, onu yazmağa ürəyim tab gətirə bilməz.

   - Hazırda hansı əsər üzərində işləyirsiniz?

   - Dram əsərləri üzərində çalışıram. Qarabağ mövzusundan bəhs edən «Qaçaqlar» dramı «Mənim adım Mameddir, çünki...» müziklini tamamlamaq üzrəyəm. Bu dramlara nöqtə qoyandan sonra « yelkənli günəş» romanını yazmağa başlayacağam.

  

   Sabutay

 

Mədəniyyət. - 2009.- 18 mart.- S. 12.