İnsanda insan axtarışı

 

    Bəhram Osmanovun ''Uçqun'' tamaşası əsasında

  

   Dövrümüzün, bəlkə də, ən qlobal problemi insanın, insanlığın dəyərləndirilməməsidir. Yaşadığımız dünyada çox asanlıqla kimisə öldürmək və ya böyük mənada bir xalqı məhv etmək mümkündür. Heç kim kimisə mühakimə etməyəcək. Onda sual olunur - insana kim qiymət verməlidir. Ancaqancaq insan özü. Yunan filosofu demişdir: ''Ancaq dəyərli insan dəyərləndirməyi bacarır''. Bəlkə də, insanlığın ən ülvi göstəriciləri başqalarının hislərinə hörmət etmək, onların acısını özününkü bilmək, ağlarkən ağlamaq, gülərkən gülməkdir.

   Mövzu etibarilə hər zaman aktualmüasir. Məhz türk yazıçısı Tüncer Cücenoğlunun ''Uçqun'' pyesinin əsasında da bu durur. Belə bir repertuarın rejissor Bəhram Osmanov tərəfindən sezilməsi təqdirəlayiqdir. Pyesin əsas mövzusu təbiət hadisəsi olan qar uçqununun baş vermə ehtimalı və insanların özünü qorumasıdır. Hamı sakitliyə riayət etməli, ucadan danışmamalı, sükutu pozmamalıdırlar. Artıq bu hadisə Şərqi Anadolunun kəndində adi hala çevrilib. Burada yaşayan yaşlı əhali, daha doğrusu, ölmək üçün bura gələnlər artıq adət ediblər. Bəs konflikt nədədir?

   Burada uşaq dünyaya gətirməyə hazırlaşan hamilə qadın var. O çox tezliklə azad olmalıdır və onun dolab dolmadan doğumu bütün kəndin əhalisini məhv edəcək. Qərar isə qadını diri-diri basdırmaqdır. Bununla da cavan qadını və doğulacaq körpəni məhv edərək, ölməyə hazırlaşan qocaların həyatını xilas etməkdir. İnsanlığa zidd və ədalətsiz bir qərar.

   Tamaşa maraqlı quruluşda təqdim edilib. Bizim səhnəmizdə də bir Şərqi Anadolu kəndi təsvir edilib. Sıcaq koma, yorğan-döşək, mütəkkə, qazan, yun geyimlər və təsvirlər.

   Tamaşada 12 nəfərdən ibarət aktyor heyəti çıxış edir. Aparıcı personajlar isə 6 aktyorun ifasında təqdim edilir. Burada yaşlı qadını Səidə Quliyeva yaşlı kişini Telman Əliyev ifa edir. Onların oyun tərzi istənilən effekti vermir. Ən azından onlar yaşlı siması yarada bilmirlər. Yaşlıların öz övladlarından, yəni kişi - Kazım Abdullayevdən və qadın - Mətanət Atakişiyevadan heç bir fərqləri görünmür. Yaşlı qadın çox çılğın və qeyri-dəqiq qrimdə, yaşlı kişi isə yalançı Şaxta babanı xatırladır. Kişi - K.Abdullayevin və qadın - M.Atakişiyevanın ifası isə stabildir. Lakin qadının çıxışındakı pafos münasibətlərdə süni vəziyyət yaradır.

   Tamaşanın döyünən yeganə ürəyi və əsl aktyor ifası gənc kişi - İlyas Əhmədovun və gənc qadın - Vəfa Rzayevanın çıxışıdır. Onların ifalarının əsas uğuru bir-birinin halına acımalarıdır, onlar səhnə xatirinə mexaniki danışmırlar, biri dediyini digəri duyur və beləcə qarşılıqlı münasibətlər yaranır. İki gənc biri digərində güzgülənir. Elə ona görə də onların acısı, ağrısı tamaşaçıya düzgün çatdırılır.

   Pyes yaxşı işlənilib, rejissor öz işini düzgün düzənləyib, lakin son söz yenə də tamaşaçınındır. Necə deyərlər, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.  

 

   Aygün Süleymanova

 

Mədəniyyət. - 2009.- 18 mart.- S. 11.