Uzun gecə.
Qorxmaz Şıxalıoğlu .
Darısqal otaqdakı
köhnə çarpayıda uzanmışam. Lampa
sönüb. Otağa çöldən-evin
yaxınlığındakı körpü üstündə
közərən gecə lampalarının zəif
işığı süzülür. Bu işıq
zolağının bir ucu ayaqlarıma dirənir. Yatmaq istəyirəm.
Daha doğrusu, istəyirəm ki, heç kim məni dindirməsin,
sakitcə uzanıb fikirləşim. Fikirləşəndə
dincəlirəm; çoxdankı adətimdir.
Yox, yəqin bu dəfə
də arzum ürəyimdə qalacaq - sakit uzanıb fikirləşə
bilməyəcəyəm. Çünki Aysel döşəmədəki
yatağında yenə qurcuxur, bir bəhanə axtarır ki, məndən
nəsə soruşsun. Amma, indiyə gərək o,
yatmış olaydı. Çünki nağıl
payını alıb. Bildiyim və özümdən
uydurduğum bu nağıllardan sonra o, çoxdan bihuş
olmalı, xoruldamalı idi. Aysel dərindən nəfəs
alıb fısıldadı. Mən bunun mənasını
çoxdan bilirəm: yəni ay ata, bax, bu saat mən yatmaq istəyirəm,
lakin neyləyim ki, gözümə yuxu getmir. Onun bu cür
böyüklər sayağı dərindən nəfəs
alması guya məndən nəsə soruşmaq, ya da məni
danışdırmaq üçün ona əsas verirdi. Qabaqlar
belə hallarda ona acıqlanardım: “Aysel, yat, bəsdi daha!
Yum gözlərini!” Amma belə təpinmələrimdən
sonra o, bir-iki dəqiqə susar və bir daha məni
danışdırmağa cəhd göstərərdi.
Budur, yorğan yenə tərpənir,
di gəl, mən dinmirəm. Onda Ayselin dili açılır:
- Ata, bilirsən nə
var?
Sualı cavabsız
qalır. Bu yerdə dinməmək də mənim öz üsulumdur. Yəni hirslənməməyimə
baxma, indilikdə qəti danışmaq istəmirəm, qurtardı
getdi. Dedim yat! Düzdü, bu sərt gedişlərimin
heç bir bəhrəsi olmur, yenə elə bil Ayselin yatağına
birə düşüb.
Mən də öz bildiyimdən əl çəkmirəm
-ağzımı yummuşam.
Yenə Aysel:
- Ata, bilirsən
nə var? Sən də işindən icazə al, ana da alsın.
Hamımız gedək
kəndə, babanın
yanına. Hə, bir də Günel.
Günel böyük
qızımızdır. Birinci
sinifdədir.
Aysel yaxşı bilir:
ağzıma tikiş vurmağıma baxmayaraq, bütün
sözləri qulağımdadır. Ona görə də arın-arxayın, daha da ləzzətlə
danışır.
- Ata, özü də sən
mənə çoxlu-çoxlu pullar verərsən, mən
qoca babaya palto alaram. Qəşəngindən! Bir də konfet. Ədalət əmi gətirmişdi ha , ondan.
-Hələ qoy bir atan
özünə plaş-zad alsın, qalsın babana palto. Bircə kəs!
Tez yat görüm!
Bu narazı
səs həyat yoldaşım Mənzərindir.
Vay dədə, bu söhbət saqqız kimi uzanacaq. Yatmaq qaldı.
Nədənsə ürəyim
sıxılır. Uşaqla
belə danışmazlar.
Axı Ayselin yaşı hələ dörd də olmayıb. Ata-anamı da, yəni öz
nənə və babasını da yalnız mənim söz-söhbətlərimdən qiyabi tanıyır. Kənd onun üçün təmizcənə
bir nağıl, heç beş qram ağırlığı
olmayan ürəyindəki
ən şirin, ən isti bir
arzu idi. Mənzərin qəzəbli-acı
sözlərisə qabaqlar
da, indi də mənim Ayselə söylədiklərimi
havaya sovurur: babanın ona alacağı qırmızı
don ya qırmızı
ayaqqabı, nənənin
ona bişirəcəyi
qutablar və şorqoğalları, qoca
tut ağacından onun
ayaqlarını buludlara
dəydirəsi yelləncək,
şıllaq atan quzu və çəpişlər,
bir-biri ilə buynuzlaşan danalar, ay nə bilim, öz “qaar-qaar”larıyla sanki qar çağıran
qarğalar.
Arvadağanın bu
soyuq, hətta buz kimi sözlərində mənim Ayselə
söylədiyim nağıllarımın kürəyinə
saplanmış yekə bir bıçaq görürəm. Burada mən ağzıma su alıb dayana bilmirəm. Nəsə demək, Ayselin arzu-istəklərinə qahmar
durmaq lazımdır. Mənzəri sancmaq- özü də hökmən.
- Aysel bala, anaya de ki, atanın hər şeyi var, hətta düymələri par-par yanan
xarici plaşı da. Özü də sən qorxma, biz kəndə gedəcəyik. Ancaq indi yat!
Mənim səsimi
eşidən kimi Aysel təzədən həvəslənir. Üstündəki
güllü yorğanı
bir kənara atıb yerinin içində oturur:
- Düz
deyirsən, ata. Sənin plaşın çox qəşəngdir.
Düymələri elə
bil şüşədir-işıq
verir.
Plaşımın “gözəlliy”indən
Ayselin belə cidd-cəhdlə söz açmağı əbəs
deyil. Kəndə getməyimizin vacibliyi
haqqında anasıyla
mənim aramdakı deyişmələri qulağı
çalmışdı. Həqiqətdəsə
kənd səfərimizin
gecikməsi də həmişə elə mənim pal-paltarımın
köhnəliyi- qocafəndliyi
ilə bağlı olurdu. Gecənin bu aləmində Mənzərin plaş barəsində gəvəzələdikləri
artıq Aysel üçün “kənddən
əlini üz” demək idi.
- Maşallah,
plaşın lap güzgüyə
oxşayır. Sürtülməkdən,
-deyə yenə Mənzər donquldanır:
- Ay qız, sən öl bir! Yerinin
içində nə söngümüsən! Yerinə
gir, qurtar!
O, Ayselin
qolundan tutub təzədən yerinə
basmaq istəyir. Aysel naəlac qalıb uzanır.
- Sən
də bəsdi daha. Bu nədi, kəndi hey uzadırsan? Axır səsinizdən Günel də dəli olacaq.
- Ana, mən
heç yatmışam
ki,- birdən qaranlıqdan Günel dillənir. Səsindən
günahkarlıq yağırdı.
Onun da yatmamağı
Mənzəri təbdən
çıxarır:
-Bəxtəvər
olmadıq? Bu gecə canınıza nə azar düşüb! Camaat beş yuxu alıb!Ay Allah, belə ömür-gün
olar?
Onun səsi birdən
yumşalası:
- Günelim, barı sən yat. Axı sabah dərsin var...Aysel, sən yatdın? Bax, yatsan, sabah ana
sənə şirni xoruzlar gətirəcək.
Özü də beş dənəsini.
- Onda,
mandarin də alarsan. Bir az çox
ha! Hamıya çatsın.
Bir günə qurtarmasın, -Günel dedi.
- Ay böyük axmaq, sən axı
yatmışdın!
Anasının bu sözlərindən
sonra Günel bir “ağbirçəklik” elədi:
-Aysel, gəl yataq. Qoy səhər tez açılsın. Ana
bizə tez mandarin alsın.
Günel, sanki bir güllə ilə
iki dovşan vurmaq istəyir: həm anasının xoşuna gəlmək,
həm də mandarin söhbətini nağdlaşdırmaq. Güneldən sonra otağa sükut çökdü. Lakin bu, uzun çəkmədi.
- O, küpəgirənin
zəhrimarını tap, ver,
qoy rədd olsun. “Xozeyka” olmadı bu - canımıza zəli kimi yapışıb.
Mənzər uşaqlarla
qurtarıb, ev sahibəsindən yapışıb.
Doğrudan da, evpulu gecikəndə arvad mısmırığını
sallayır. Qanımızı
it qanına döndərir.
Mənzər həmişə
də günahı məndə görür:
-Sənin
heç vecinə də deyil,- deyir.
Yox, o, bilməmiş
olmaz da ki, belə vaxtlarda
mən ürəyimin
içini yeyirəm .
Birgə yaşadığımız
bu illər ərzində həmişə
əzablar çəkdiyimə
inanmaqdan qorxub və eləcə özünü aldadıb
ki, mən heç nəyi vecimə almıram. Bununla da özünə
toxtaqlıq verib. Mənzər yəqin mənim əzablarımı
bir qədər azaltmaq məqsədi güdüb-özünü belə
düşünməyə məcbur edib. Ancaq mən Mənzəri bu ovqata vadar etdiyim
üçün hər
dəfə özümü
qınayıram. Ancaq bəlkə də bütün bunlar heç də mənim düşündüyüm
kimi deyil. Neyləyəsən ki,bu ağır fikirlər məndən əl çəkmir.
- “Sənin heç
veçinə də deyil”.
Yox, mən həmişə
də gözləyirəm ki, bu nainsaf balası axır
üzümə dirənəcək.- “Bəsdi
özünü bilməməzliyə vurdun!
Yaşayışını görmürsən?Guya sən əzab
çəkmirsən?” - deyəcək.
İlahi, deyirəm, nə
yaxşı, o, hələ bunu etmir.
- Oldu.
- Yenə
ürəyimi şişirtmə!
Kartofumuz da qurtarıb. Qutuda bir gilə soğanımız
da qalmayıb.
Danışmağa dilim
yox. Ləbbeyk susmuşam.
- Ana, mənə
çörək, -Aysel qorxa-qorxa dillənir.
- Vay-vay, bunlar yatana
oxşamır!
Gözləyirdim ki,
indicə Mənzərin gül ağzı açılar, qara
qarğışlar tökər. Ancaq o neylədi- dərindən
bir ah çəkib nəvazişlə soruşdu:
- Qızım,
çörəyi nəylə yemək istəyirsən?
-Bircə şornan vermə.
-Yaxşı, şor rədd
olacaq.
Durub
işığı yandırdı. Bir neçə yerdən şiri
qopmuş böyük çuqun qazandan çörək
götürdü. İstisi-soyuğu bilinməyən, köhnə
“Bakı” soyuducusundan
yağ çıxarıb,
ona yaxmac düzəltdi. Şeytan qızımız çoxdan
durub yerinin içində bardaş qurmuşdu. Anası onun döşəyinincə
üstünə qəzet
sərdi. Uşaq iştahla işə girişdi. Barı həmişəki “Bissimillah”ını
da demədi.
- Çay
da gəlsin?
- Qəl-sin,-
ordları çörəklə
dolu olduğundan, sözü düz deyə bilmədi. Uşaq yeyib qurtardı da, soyuq çayı başına çəkdi
də: - Bax, görərsiniz, indi gözlərimi bərk-bərk
yumub yatacam.
Yerinə uzanan kimi Mənzər
yorğanı ehmallıca onun üstünə çəkdi:
- Mənim çiçək balam, acıbmış daa, neyləsin?
Bax, düz deyir, indi yatar, - dedi.
Yox balam, deyən, bu saat
bizdə hamı yatacaq. Xalq- millətsə artıq oyanır. Küçədən maşınların
səsi gəlirdi.
1989.
Mədəniyyət.- 2009.- 20 mart.- S. 13.