İnsanı kamilliyə səsləyən «Kəlamlar».
Hacı Fərhad Mirzənin eyniadlı kitabı barədə
Deyirlər, Ulu Tanrı
külli-kainatı bir nidası - «kafu-nun» (Var ol!) deməklə
xəlq edib. Demək, insanoğlu da digər varlıqlar kimi bu
sözdən sonra yaranıb. Sonradan Tanrı, sözü
başqa varlıqlara yox, insana əmanət etdi. “Söz səltənətinin
padişahlarından” olan babamız Füzuli də buyurdu ki, bu
dünyada insandan, insanda isə sözdən qiymətli
heç nə yoxdur. Füzuli haqlı idi. Aramışdı,
axtarmışdı və nəhayət, qənaətini
açıqlamışdı. İnsanda sözdən qiymətli
heç nəyə rast gəlmədiyini etiraf etmişdi. Füzuli
ağızdan çıxan hər ləfzəni də qiymətli
saymayıb. Füzulinin söz əyyarında qiymətli
söz böyük söz idi. Böyük sözün mənası
dərin olub ki, onu da yalnız söz qəvvasları yarada
biliblər. Söz qəvvaslarının yaratdıqları
böyük sözün, bəlkə də, başında kəlamlar
durur. Əgər belə olmasaydı, Şərqdə kəlam
haqqında məxsusi bir elm yaranmazdı.
Kəlam nədir?
Lüğəti mənası ərəb dilində söz,
danışıq, nitq deməkdir.
Kəlam formaca qısa, mənaca lakonikdir. Həcmcə kiçik olan kəlam özündə çox böyük məna daşıyır.
Elə bir məna (ideya) ki, çox
vaxt həmin fikir silsilə romanlarda zorla ifadə olunur. Kəlam insan zəkasının işığından xəbər
verir.
Bura qədər yazdıqlarımız
yazının girişi
deyil. Əslində birbaşa mətləbdəndir.
Çünki Hacı Fərhad
Mirzənin «Vektor» Nəşrlər Evi tərəfindən yenicə
çap edilmiş «Kəlamlar» kitabından danışacağıq. Kitab bütövlükdə
qısa, yığcam,
ancaq dərin məzmunlu kəlamlardan ibarətdir. Burada toplanmış
kəlamlar insan mənəviyyatının çox
müxtəlif sahələrini
əhatə edir.
Bu məqamda bir
məsələyə münasibət
bildirmək yerinə düşərdi. Dünyada yaranmış
bütün elm sahələri
bu və ya digər formada
insana, onun həyatına xidmət edir. Ancaq kəlam elmi
birbaşa insanın, onun mənəvi dünyasının zənginləşməsinə
çalışır. Kəlam elmi insanı adi bioloji canlıdan ali varlığa
yüksəltmək missiyasını
qarşısına məqsəd
qoyub. Kəlam elmi İslam
dinindən, onun mənəvi dəyərlərindən
qaynaqlanır. İslam dininə
görə, insan mükəmməlləşməyə, kamilləşməyə məhkum
bir varlıqdır.
Yüksək şərəfə
- insan adına
layiq olmaq üçün adəm övladı kamilləşməlidir.
Kamilləşmənin yolu isə özünütərbiyədən keçir. Özünütərbiyə mütaliə, müşahidədən,
bir sözlə, görüb-götürməklə bağlıdır. Zaman-zaman Şərq
bu yolla gedib. Azərbaycan ədəbiyyatında da uzun əsrlər
bu tendensiyaya - kəlama, didaktikaya xüsusi önəm verilib. Ədəbiyyatımızda didaktik mövzuda
yazmış müəlliflərin
adlarını burada xatırlatsaq, uzun bir siyahı yaranar. Azərbaycan ədəbiyyatının ən qədim nümayəndələri olmuş
Qətran və Xətib Təbrizilərdən,
Məhsəti və Nizami Gəncəvilərdən
tutmuş müasirlərimizə
kimi əksər yazıçı və şairlərimiz didaktik üslubu sevgiylə davam etdirmişlər.
Çünki bəşəriyyətin və insan cəmiyyətinin
problemi dəyişməyib.
Bütün zamanlar üçün
kamil insan problemi önəmli olub. Problem olaraq
da qalır. Kamil insan səviyyəsinə
qalxmaq üçün
də insan içərisində danışdığı
bir çox mənfi hisslərdən -
mal-mülk, mənsəb,
şöhrət həvəsindən,
şəhvət və
ehtirasdan və s. başqa nəfsani yaşantılardan xilas olmalıdır.
İnsanın kamilləşməsində kəlamlar
həmişə müsbət
rol oynayıblar.
Kəlamlar həyati fakt və müşahidələr
əsasında yarandığından
insan şüuruna və ruhuna asanlıqla təsir göstərmək qüdrətindədir. Hacı
Fərhad Mirzə mədəniyyət və
mənəviyyat barədə
kəlamında buyurur:
«Mədəniyyət insanın
mənəviyyatının zahiri gözəlliyi və ya zahirdə
təzahürüdür». «Mədəniyyət sənin
zahirin, mənəviyyat
batinin, əxlaq isə qiymətindir».
«Mənəviyyat insanın daxili mədəniyyətidir». «İnsanı insan edən onun mənəviyyatıdır».
Hacı Fərhad Mirzənin kəlamları məzmun və mündəricə baxımından müasirdir. Kəlamlar içərisində
demokratiya, diktatura, anarxiya, müstəqillik, seçki, keçid, bərabərlik məfhumları
barədə də fikirlərə rast gəlirik. Adlarını
çəkdiyim anlayışlarla
bağlı kəlamlardan
bir neçə nümunəyə diqqət
kəsilək: «Demokratiya
kamil insanların yetişdirdiyi meyvədir».
Göründüyü kimi, Hacı
Fərhad Mirzənin kəlamları, ruhuyla, mündəricəsiylə tam müasirdir.
Bəlkə də, çoxlarına
kəlam forma cəhətdən
köhnəlmiş görünə
bilər. Əslində isə belə deyil. Etiraf edək ki, müasir oxucu uzun və labirint
təfərrüatlı əsərləri
əlinə belə götürmür. Hövsələsiz oxucu silsilə romanların adlarını
belə eşitmək
istəmir. Səbri tükənmiş
çağdaş oxucu
həcmi qısa və məzmunu lakonik əsərləri axtarır. Çünki
müasir oxucu darmacal bir vaxtda
böyük ideyanı
mənimsəmək istəyir,
buna can
atdığından nail də
olur. Hacı Fərhad Mirzənin
«Kəlamlar» kitabı
müasir oxucunun bütün tələblərinə
cavab verir. «Kəlamlar»ı oxumağa
dəyər. Özü
də birnəfəsə
yox, hər gün bir az, kəlmə-kəlmə,
kəlam-kəlam.
Bir də bu adi
kəlamlar toplusu deyil. Bu kitab insanlara ali hisslər,
yüksək duyğular
aşılayan bir kəlamlar toplusudur. Bu bir ürfan
kitabıdır. İnsanı kamilliyə, mənəvi yüksəlişə səsləyən
bir ürfan kitabı.
Aqil.
Mədəniyyət.- 2009.-
20 mart.- S. 13.