Kinomuzun ən istedadlı «tənbəl»i.
Lütfəli Abdullayevin doğum
gününə
Azərbaycan
teatrının və kinosunun komik aktyoru, səhnədə və
ekranlarda maraqlı, yaddaqalan obrazlar yaradan Lütfəli
Abdullayevi xatırlamaq üçün tamaşaçı elə
də çətinlik çəkmir. Özünəməxsus imici və bənzərsiz
ifası ilə həmkarlarından seçilirdi. Azərbaycan kinosunun
ən unikal gombul tənbəli. Sifətində daha çox
tənbəl, yorğun
insanın cizgiləri
olması onun bəlkə də, Allah tərəfindən verilən
istedadının yeganə
ifadə vasitəsidir.
Danışıq tərzində bədən
görkəminə uyğun
gələn tövşümə
onun qəhrəmanlarının
xarakterik detallarındandı.
Gödək əlləri, ayaqları
və qəribə bədən quruluşu, yöndəmsiz addımları
əslində aktyor üçün mənfi xüsusiyyətlərdir. Amma Lütfəli
Abdullayevə baxan seyrçi onun obrazlarını elə belə də təsəvvür edirdi.
Tamaşaçı onu ayrı cür, bəlkə də, qəbul eləməzdi.
Aktyor 1914-cü il mart
ayının 22 də Nuxa (Şəki) şəhərində
anadan olub. Azərbaycan Musiqili Komediya Teatrında çalışıb. Bu teatrdakı əvəzsiz rolları aktyor kimi məşhur olmasında böyük rol oynayıb. «Hicran» tamaşasındakı
(Mitoş) onun ən məşhur roludur. Bundan əlavə «Beş manatlıq gəlin» (Möhsün), «Toy kimindir?» (Qoşun),
«Durna» (Dursun), «Gözün aydın» (Qəhrəman) tamaşalarındakı
rolları ilə yaddaşlarda qalıb.
«Ulduz» filmindəki
(Məhəmməd) obrazı
onun demək olar ki, ən
yaxşı rollarından
biridir. Məhəmməd obrazını seyr
edərkən ilk növbədə
diqqəti onun tənbəlliyi cəlb edir. Əslində aktyorun görünüşü
bunu deyir, obrazı başqa cür də oynamaq mümkündür.
Məhəmməd: - «Fermadandu?», Züleyxa:- «Yox, nə danışırsan,
öz həyətimdəndir»,
Məhəmməd:- «Hə,onda
yeyərəm!» Artıq bu
cümlələrin ardıcıllığında
istehza sezilən bir komiklik durur.
Bu aktyor fiziki görkəminin bütün
konturları ilə özlüyündə nəhəng
bir komediya idi: «Ulduz», «Əhməd haradadır?», «Arşın mal alan»…
50-ci illərin
bayağı, cəfəng mövzulu «konfliktsizlik nəzəriyyəsinin»
nümunələrinin uğursuz
ağırlığını bütöv bir aktyorlar nəsli
daşıdı. Bu
ağırlıqdan böyük
bir pay Lütfəli Abdullayevin çiyninə düşmüşdü. Bu aktyorun simasında onlarla əsər kino və teatr
sənətinin incilərinə
çevrilirdi. Bu «məqsədli» əsərlər
toplusu məhz onun kimi aktyorların
sayəsində duzlu, koloritli qəhrəmanlar qazanırdı. Sözsüz, aktyorun yaradıcılıq
tarixini araşdıranda
məhz bu vəziyyətin prizmasından
yanaşılmalıdır. Məhz onların qəhrəmanları düzgün
və prinsipial, müsbət «kolxoz qəhrəmanları»nı kölgədə
qoymağı bacarırdı.
Lütfəli Abdullayevin bir
jesti kifayət idi ki, sosializm
qəhrəmanlarının müsbət sovet idealları yönsüz, quru tipajlar kimi
maraqsız qarşılansın,
onların həyatı
tamaşaçıya cansız
və zəhlətökən
görünsün. Camaat bu
unikal koloritli - müftəxor, bürokrat
qəhrəmanları yaradan
aktyoru daha çox sevirdi. Lütfəli Abdullayev o aktyorlardan
idi ki, obrazlarını
həyata qarışdırmırdı.
Bu öz işinə
ciddi yanaşmağın
göstəricisi idi.
Aktyor sənətinin parodoksal xüsusiyyətidir ki, bu boyda uydurmanı
çox təbii və səmimi oynamalısan. Bütün bunları
yaratmaq aktyordan insan kimi son həddə çatan səmimilik istəyir.
Xüsusən komik ampluada
olan aktyorlar üçün bu ən əsas və vacib şərtdi.
Tamaşaçılar da Lütfəlinin
obrazlarının tənbəlliyini,
müftəxorluğunu, bürokratlığını,
mənsəbpərəstliyini bu hüdudsuz səmimiyyətə bağışlayırlar
və sevirlər.
Elə səmimilikdəndir ki, filmlərin adı unudulur, onlar «Lütfəlinin filmi» kimi məşhurlaşır.
Lütfəli Abdullayevin mənsub
olduğu aktyorlar nəsli uzun bir zaman kəsiyində
Azərbaycan kinosunun komiklik imicini formalaşdırdılar. Kino
qəhrəmanları sırasında
özlərinin obrazlar
qalereyasını yaratdılar.
Martın 22-si böyük sənətkarımız Lütfəli
Abdullayevin ad günüdü.
Heç
olmasa iki tənbəl qəhrəmanı
var ki, üzü
Novruz kökəsinə
bənzəyir. Bu da daha bir
bənzətmə. Yazın ilk günü
- gecə və gündüz bərabərliyinin
tamamında.
Aytək .
Mədəniyyət.- 2009.- 20 mart.- S. 9.