Muğam Şərq dünyəvi məclislərinin
sənət incisi.
Muğam - ilk dünyəvi sənət beşiyinin
müjdə qığıltısı.
Muğam - incə şeriyyətlə incədən
incə musiqi cütlüyünün kama yetərək
böyük incəsənət
məbədi yaratmış estetik dəyər.
Muğam - ruhun musiqi dili ilə səslənən fəlsəfəsi.
Muğam - bu günə qədər sirri tam
açılmayan fundamental nəzəri və ruhsal mənbə.
Dahi yunan filosofu Pifaqor
deyirdi: «Ən gözəl musiqi kainatda səslənən
musiqidir, heyif ki, onu hər kəs dinləyə bilmir».
Bəli, muğam da kainatın
hər sənətkara, hər dinləyiciyə
açılmayan kodlaşmış informasiyasıdır.
Şərqin janr iyerarxiyası sistemində muğam ən mötəbər pillədə yerləşir. Heç bir adıbəlli bəstəkar tərəfindən bəstələnməmiş muğam yalnız seçilmişlərə bəxş edilən tanrısal bir möcüzədir.
Muğam ruhun qidası, onun saflaşmasına, inkişafına təsir edən ən güclü vasitədir.
Forma etibarilə muğam kainatın və onun cövhəri olan insanın inkişaf mərhələlərini bizə anladır. Bəmdən pillə-pillə zilə istiqamətlənən muğamın şöbələri kulminasiya nöqtəsinə çataraq əql və ruhun təkan nöqtəsinə dönür. Bu yolun gedişi uzun, dönüşü anidir. Lakin hər ikisi çətin və əzablıdır. Çünki muğam - mütləq inkişafın dialektik yolunu keçən özünəqayıdışdır.
Muğam Şərq musiqisinin elmi özülüdür. O, pozulmayan qanunlara tabedir. Sənətkarlar bu qanun çərçivəsində yalnız improvizələr edə bilərlər. Bu, həm də Tanrının insanlara bəxş etdiyi nizamlı həyat çərçivəsində bir müstəqillikdir. Pozulmaz qanunlardan biri də təkan aldığın nöqtəyə qayıdışdır. Ruhumuz kainatdan gəlib, kainata da dönəcək; axı, ilk və son Vətənimiz Allahın dərgahıdır!
Muğam kainatdan gələn ünsdür. Sənət əsərini, sənət tablosunu yaradan isə bu ünsü eşidən, duyan sənətkar - onun ifasıdır. Bu baxımdan muğamlar Şərqin ən böyük, özü də zaman-zaman artan xəzinəsi, sənət fenomenidir.
Şərq ölkələrinin bir-birinə mənəvi inteqrasiyası isə muğamların məzmun, forma və strukturunda da öz əksini tapmışdır. Hər bir tarixi dövr muğama yeni çalar, ifa rəngarəngliyi bəxş etmişdir. Muğamların məzmunu fəlsəfi məna daşıyır. İnsanın məhəbbəti, sevgisi, eşqi üzərində qurulan muğamlar Tanrıya, onun yaratdıqlarına, ələlxüsus musiqi incəsənətinə həsr edilir. Mərhum xalq şairimiz Bəxtiyar Vahabzadə hamımızın əzbər bildiyimiz «...ahəstəcə qandırdı muğam»... misralarını yazarkən təkcə özünü nəzərdə tutmurdu. Bu məqamda xanəndələr arasında sadəcə Seyidağa kimi tanınan müasir şairimizin «Humayun» şeirini də xatırlamaq yerinə duşərdi:
Edilsə xəlq içində musiqi, əladan əladır,
Segahı inci, Rastı gövhər, Çahargahı dəryadır.
Humayun vaqi, sinədən qopan nuri-təcəlladır
Eşitcək cəlb edir könlüm necə Leylayi-Məcnuni,
Olum qurbanın,
ey xanəndə, ifa et humayuni.
Humayun bir
tilu etmiş günəşdir çıxmış
azərdən,
Sədası azərilərçün
bahadır ləli-cövhərdən.
Sevilsə, Seyidağa, şeirin,
deyərlər dildə
əzbərdən
Sevərlər şeiri gəl
olsa onun mənası, məzmuni.
Olum qurbanın,
ey xanəndə, ifa et humayuni.
Muğam melodiya deyil, monodiyadır, qəlbin ən incə çalarlarını dinləyiciyə
çatdıran birsəsli
simfoniyadır.
Zahirən ritmsiz, ölçüyə
sığmayan birsəsli
monodik muğamlar batində bəlli ritmə, ölçüyə,
hətta polifoniyaya tabedir. Məhz bu cəhətlər
onu melodiyadan fərqləndirir, məhz
bu xüsusiyyətlərinə
görə biz muğamları
melodiya deyil, monodiya hesab edirik.
Bütün bunlarla bahəm, ruhun qida problemlərini həll edən bu böyük mənəvi nemətin problemləri də var:
Bu gün tədris sahəsində ən böyük problem Azərbaycan
ladlarının lazımınca
tədris edilməməsidir. Sovetlər dönəmində
Azərbaycan ladları
yalnız XI sinfin son 2
rübündə - həftədə
cəmi 2 saat tədris edilirdi. Bunun ali
musiqi ocağında da cəmi bir
il tədris edilməsi Azərbaycan musiqişünasları və
bəstəkarlarımızın təhsili üçün
kifayət deyildi.
Etiraf edək ki, Azərbaycan
ladları Avropa ladlarından həm səs düzümü baxımından, həm növlərinə görə
qat-qat zəngindir. Məlumdur ki,
Avropada yalnız 7 səs düzümündən
ibarət 2 lad (major və
minor) və onların
hərəsinin üç
(natural, melodik, harmonik)
növündən istifadə
olunur. Dünyanın saysız-hesabsız musiqi ədəbiyyatı nümunələri məhz
bu iki lada
əsaslanıb. Azərbaycanda isə 10-12 səs düzümündən ibarət
- 7 əsas, 3 köməkçi
muğam-lad mövcuddur.
Hər ladın
da 12-14, belə demək olarsa, növü var. Bütövlükdə
bəstəkarlarımızın istifadə edəcəyi yüzə qədər
lad mövcuddur. Bütün bunlar
Azərbaycan ladlarının
nə dərəcədə
müxtəlif, nə
qədər zəngin
olduğunu bir daha sübut edir. Ancaq gəlin görək
nəzəriyyəçilərimizin və bəstəkarlarımızın
bu ladlar haqda bilikləri kifayət qədərdirmi?
Və bu müxtəlifliyi, zənginliyi cəmi 1 və yaxud 2 ilin tədrisinə sığışdırmaq olarmı?!
Mənə elə gəlir ki, tədris planları kökündən
dəyişməli, Azərbaycan
ladları I sinifdən
XI sinifə qədər
tədris edilməli, solfecio dərsləri bu ladlar üzərində
qurulmalı, Azərbaycan
ladları musiqişünasların,
bəstəkarların bütün
ifaçıların qanına,
canına hopmalıdır. Məhz bundan
sonra Azərbaycan musiqi ədəbiyyatı,
musiqi aləmi dünyaya gözəl nümunələr bəxş
edə, bu günə qədər fəth etdiyi zirvələrdən daha yuxarılara qalxa bilər.
Bu yaxınlarda ustad sənətkar - Azərbaycanın
xalq artisti Əlibaba Məmmədovla
söhbətimdən böyük
zövq aldım, özüm üçün
maraqlı informasiyalar
əldə etdim. Bu gün musiqişünasların
məhz belə sənətkarlarla təmasda
olmasını, onların
fikirlərinə, rəylərinə
əsaslanaraq elmi açmalar, məqalələr
yazmasını arzulardım.
Təsadüfi deyil ki, Üzeyir bəy saatlarla ustad tarzənlər, kaman ustaları və xanəndələrlə söhbət
aparar, çalğılarını
dinləyər, onlardan
muğamın sirlərini
öyrənər və
yalnız bundan sonra ladlar və
digər məsələlər
haqda elmi məqalələr yazarmış.
Əfsuslar olsun ki, musiqişünaslarımızın çoxu bütün dövrlər üçün
bu əvəzsiz örnək və tükənməz mənəvi
kapitaldan istifadə etmir.
Problemlərdən biri, deyərdim, ən vacibi oğlan uşaqlarının
mutasiya dövründə
səslərinin dəyişməsi
(codlaşıb yoğunlaşması)
və xanəndəlik
tədrisinin əsasən
IX sinifdən məcburən
dayandırılmasıdır. Bu baxımdan məqsədyönlü
işləməli, xüsusi
metodikalar yaradılmalıdır.
Unikal səslər qorunmalı, keçid dövrü yaşayan oğlanlara mənən və ruhən dayaq durulmalıdır.
Hegel tarixi 3 dünyəvi dövrə - Şərq,
Antik və Alman dövrlərinə ayırırdı. Onun sözlərinə görə, dünya tarixi Şərqdən Qərbə istiqamətlənib,
çünki Avropa, qeyd-şərtsiz, dünya
tarixinin sonu, Asiya onun əvvəlidir.
Ancaq yenə də yada salaq ki,
pozulmaz qanunlardan biri təkan nöqtəsinə qayıdışdır.
3 hissəli formaya
əsaslansaq, Şərqdən
başlanan dünyəvi
dövr Şərqdə
də tamamlanacaq.
İSESKO və YUNESKO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə
rəhbərliyi ilə
keçirilən muğam
simpoziumu Şərqə
qayıdışın ilk addımlarıdır.
Fikrimcə, bu addımlar qloballaşan dünyamızın mərkəzinədək
irəliləyəcək...
Nigar
Cərullaqızı,
fəlsəfə elmləri
doktoru.
Mədəniyyət.-
2009.- 20 mart.- S. 6.