Yazıçı-rejissor.
Azərbaycan Dövlət
Gənclər Teatrı 20 ildir ki, fəaliyyət göstərir.
Teatrı istedadlı rejissor, əməkdar incəsənət
xadimi mərhum Hüseynağa Atakişiyev
yaratmışdır. Bu illər uzunu mən teatrın bir
çox tamaşalarına baxmışam. Rejissorluq fəaliyyəti
ilə hələ Hüseyn Ərəblinski adına
Sumqayıt Dövlət Musiqi Dram Teatrında tanış
olduğum Ağalar İdrisoğlunun, Dövlət Gənclər
Teatrında işlədiyindən xəbərdar oldum. Ağalar
İdrisoğlu Hüseyn Ərəblinski adına Sumqayıt
Dövlət Musiqili Dram Teatrında bədii rəhbər və
direktor olduğu illər Bakının teatr xadimlərinin və
tamaşaçılarının hüsnü-rəğbətini
qazanmışdı.
Ömrümün əlli
ilindən çoxunu teatr sənəti ilə məşğul
olan bir mütəxəssis kimi inamla deyə bilərəm ki,
Ağalar İdrisoğlu istedadlı rejissordur. O, nəinki
öz dram əsərlərində, həm də tamaşaya
hazırladığı pyeslərin struktur quruluşunu,
kompozisiyasını, obrazların xarakteriskasının mükəmməl
təqdimatına müvəffəqiyyətlə nail ola bilir. A.İdrisoğlu
hətta fəlsəfi baxımdan yazılmış,
dövrümüzün, zamanın problemlərini özündə
əks etdirən məqalələrində belə öz
imzasının altında yazıçı-rejissor sözlərini
yazır. Bu da görünür Ağalar üçün həm
yazıçılığın, həm də
rejissorluğun nə qədər əziz olduğuna dəlalət
edir. Rejissor kimi fəaliyyət göstərdiyi otuz
üç il müddətində o, doxsan üç pyesə,
teatrlaşdırılmış konsert - tamaşalara
quruluş verib. Bu qeydlərimdə mən, A.İdrisoğlunun
yalnız rejissorluq fəaliyyəti haqqında fikrimi söyləmək
istərdim.
Son iki ildə Dövlət
Gənclər Teatrında onun üç əsərə
verdiyi quruluşlarla tanış olmuşam. İlyas Əfəndiyevin
“Məhv olmuş gündəliklər”, Aleksandr Suxovo-Kobilinin
“Tarelkinin ölümü” və Hidayətin “Məhəbbət
yaşayır hələ ...” lirik pyesinə tamaşa etmişəm.
Biri-birindən fərqlənən
bu üç əsərin səhnə həllinə rejissor
professionalcasına yanaşmış, hər əsərin
mövzusunu, ideyasını, janrını düzgün həll
etmişdir.
Dramaturgiyası həmişə
müasir səslənən İ.Əfəndiyevin “Məhv
olmuş gündəliklər” lirik dramı rejissorun
etirafına görə (tamaşanın proqramında belə
yazılmışdı) psixoloji faciə kimi həll
olunmasına cəhd göstərilmişdir. Lakin çox mənalı
rejissor həllinə , aktyor ifalarına baxmayaraq tamaşa
psixoloji faciədən çox lirik, dramatik vəziyyətə
qədər çata bilmişdir.
Gördüyüm ikinci tamaşa A.Suxovo-Kobilinin “Tarelkinin ölümü”dür. A.İdrisoğlu müəllifin “Kreçinskinin
toyu” və “İş” pyeslərindən
ayrı-ayrı epizodları, “Tarelkinin ölümü” satirik komediyasına birləşdirib,
bu adla tamaşaçılara
təqdim etmişdir. Hər üç əsəri Elmlər Akademiyasının
müxbir üzvü,
görkəmli teatr tarixçisi və tənqidçisi İnqilab
Kərimov tərcümə
etmişdir. Əsər
Azərbaycan dilində
o qədər səlist və inandırıcı səslənir
ki, onun tərcümə olunduğuna
fikir vermirsən.
Doğrusu, İnqilab Kərimov bu üç əsəri hündür binalar kimi rus bünövrəsindən
uçurdub Azərbaycan
özülündə yenidən
tikmişdir. Tamaşanın
canlılığı və
müasirliyi məhz bundadır.
“Tarelkinin
ölümü”ndə müəllifin ondan əvvəl
yazdığı iki əsərindən lazımi əlavələr
edildiyinə baxmayaraq, tamaşaçının kompozisiya xəttində
və baş məqsədində bir anlaşılmazlıq
yoxdur. Tamaşaçıların gözü önündən
bir-bir gəlib keçən məmurlar, mülkədarlar və
dövrünə xidmət edən aferistlər rejissor tərəfindən
çox dolğun şərh edilmişdir.
Hidayətin “Məhəbbət
yaşayır hələ...” lirik pyesi isə sonuncu
baxdığım tamaşadır. A.İdrisoğlu
bu əsərə böyük hörmət və incə bir məramla yanaşmışdır. Bu
əsərlə rejissor
özü hiss elədiyi, duyduğu bir aləmi canlandırmağa çalışmışdır.
Ona görə də bəzi obrazların sözlərində,
bəzi dialoqların quruluşunda rejissor qısaltmalar və dəyişmələr apardığından
tamaşanın ümumi
ideyası qismən yarımçıq görünür.
Buna baxmayaraq tamaşa, tamaşaçılar
tərəfindən böyük
hərarətlə qarşılanır
və demək olar ki, hər
epizod tamaşaçı
alqışı qazanır.
Xoşbəxtdir o
rejissor ki, tamaşa hazırlayarkən onun şəraiti, maddi
bazası lazımi səviyyədə olmayanda belə,
kollektivdə onu sevən, inanan, onunla bu çətinliklərə
sinə gərməyə hazır olan həmfikirləri var. Dövlət
Gənclər Teatrında
Rəzzaq Məmmədov,
Məhərrəm Musayev,
Natiq Aslan, Ədalət Əbdülsəmədov,
Hüsniyyə Əhmədova,Eldar İmanov, Rəşad Səfərov,
Gülbəniz Mustafayeva,
Elşən Hacıbabayev,
Nurlan Rzayev kimi Ağalar İdrisoğlunu sevən dostları, həmfikirləri
var. Bura əməkdar artistlər Qəmər Məmmədovanı
və Ayşad Məmmədovu da əlavə etsək, Ağalar İdrisoğlunun
Dövlət Gənclər
Teatrında kimlərə
arxalandığını aydın
görərik.
Onun
yaradıcılıq ideyasını bölüşən
kollektivlə bundan sonra da sənətdə daha yüksək
zirvələr fəth edəcəklərinə əminik.
Oxuculara bir xoş xəbər
də bildirmək istəyirəm ki, bu gün Ağalar
İdrisoğlunun ad günüdür. Əlli doqquz
yaşı tamam olur. Deməli, o, teatr təşkilatçısı və
rejissor kimi ömrünün müdriklik
illərinə bir pilləkən də yaxınlaşır. Çünki
rejissor yaşlaşdıqca,
həyatı daha dərindən dərk edir və həyatda
gördüklərini daha
dolğun formada səhnədə əks etdirir. Əgər teatr cəmiyyətin
kiçildilmiş modelidirsə,
bu modelin yaradıcısı isə
rejissordur. Rejissor həm də yazıçı olanda, bu model daha
da uğurlu işlər görə bilir.
Ağakişi Kazımov,
Xalq artisti, professor.
Mədəniyyət.- 2009.- 20 mart.- S.5.