Qloballaşma Qərbin oyunudur?
İsmət Yılmaz: «Amma
mədəniyyətlərarası dialoqu əngəlləməyə
çalışanlar, savaş yaratmaq istəyənlər də var»
Azərbaycanla Türkiyə
arasındakı mədəni əlaqələr tarixin
bütün mərhələlərində mühüm yer
tutub. İki ölkə arasındakı bu münasibətlər
Azərbaycan Demokratik Respublikasının fəaliyyətdə
olduğu dövrdə daha geniş şəkil aldı. Belə
ki, dövlətlərarası səviyyədə müxtəlif
sazişlər, müqavilələr imzalanır, mədəniyyətin
müxtəlif sahələrində mübadilələr həyata
keçirilirdi. 70 illik sovet rejimi dövründə əlaqələrə
fasilə verilsə də, ölkəmiz müstəqillik əldə
etdikdən sonra münasibətlərdə yenidən canlanma
yarandı.
Bu iki ölkənin mədəni əlaqələrinin
inkişafında isə 1992-ci ilin iyun ayında İstanbul
şəhərində 6 ölkənin mədəniyyət
nazirləri tərəfindən əsası qoyulan Türkdilli
Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi
Şurası (TÜRKSOY) mühüm rol oynayıb. Günü-gündən
mədəni əlaqələrimiz genişlənməkdə
və inkişaf etməkdədir. Azərbaycanla Türkiyə
arasında elm, təhsil və mədəniyyət sahələrindəki
əməkdaşlığın inkişafına təkan verən
amillər içərisində türk dövlət və
toplumları dostluq, qardaşlıq və əməkdaşlıq
qurultayları da xüsusi rol oynayır. Elə bu əlaqələrin
nəticəsidir ki, ölkələrimizin mədəniyyət
nümayəndələri ardıcıl olaraq
qarşılıqlı səfərlər edir, mədəniyyətin
bütün sahələrində mübadilələr həyata
keçirirlər.
Türkiyənin mədəniyyət
və turizm nazirinin müavini İsmət Yılmaz bu dəfə
ölkəmizə «Bakı - İslam Mədəniyyətinin
Paytaxtı - 2009» mədəniyyət ilinin təntənəli
açılış mərasimində iştirak etmək
üçün gəlmişdi. Fürsətdən istifadə
edib İsmət bəydən ölkələrimiz arasında
mədəni əlaqələrin hazırkı səviyyəsi,
İslam Konfransı Təşkilatının bugünkü
durumu, Bakı toplantısına münasibəti və digər
məsələlərlə bağlı fikirlərini öyrəndik.
- İsmət bəy,
necə düşünürsünüz, hazırda iki
qardaş ölkə arasındakı mədəni əlaqələr
qənaətbəxşdirmi?
- «Bir millət - iki
dövlət» olan ölkələrimiz arasında, xüsusilə
də mədəniyyət sahəsində əlaqələr hər
zaman sıx olub. Bu gün mədəni əlaqələrin, əməkdaşlığın
genişləndirilməsi üçün var qüvvəmizlə
çalışırıq. Qəlbən inanıram ki,
Türkiyə ilə Azərbaycan gələcəkdə də
gücünü birləşdirəcək. Mədəni əlaqələrimizə
böyük töhfələr bəxş etmiş görkəmli
dövlət xadimi Heydər Əliyev deyirdi: «Bizim tariximiz bir,
dinimiz birdir. Biz bütün imkanlardan istifadə etməliyik
ki, mədəni-humanitar və digər əlaqələr
lazımi səviyyədə inkişaf etdirilsin. Türk
xalqı ilə Azərbaycan xalqının tarixində, milli ənənələrində,
mədəniyyətində çox oxşarlıq var. Ona
görə də Türkiyə ilə Azərbaycan
arasındakı əlaqələrin sıx olması təbii
haldır».
- Bildiyiniz kimi, ötən
ilin dekabr ayında Bakıda Avropa dövlətlərinin mədəniyyət
nazirlərinin toplantısı keçirildi. İndi isə
İslam Konfransı Təşkilatına üzv olan ölkələrin
mədəniyyət nazirlərinin toplantısıdır. Hər
iki mötəbər tədbirin məhz Bakıda keçirilməsi
artıq belə bir fikir formalaşdırır ki, Bakı mədəniyyətlərarası
dialoqun mərkəzinə çevrilir...
- İndi mədəniyyətlərin
bir-birinə yaxınlaşması, mübadiləsi
dövrüdür. Öz mədəniyyətini qapalı
saxlayan xalqlar geri qalmağa məhkumdur. Dünyaya inteqrasiya edən
mədəniyyətlər isə daim inkişaf edir,
yaşayır. Belə bir fikir var ki, ədəbiyyat, teatr, rəsm,
heykəltəraşlıq, bir sözlə, mədəniyyətin
hər bir sahəsində bütün insanların münasibətlərinə
nail ola bilsəniz, o halda dünyəviləşərsiniz. Dünyaya
inteqrasiya edən dəyərlər də uzunömürlü
olur. Bakı Qərblə Şərq arasında hər zaman
tranzit, bir körpü rolu oynayıb. 2009-cu ildə
Bakının İslam Mədəniyyətinin Paytaxtı
statusunu alması bir körpünün ötürücü əhəmiyyətini
daha da artırırdı. Bu gün İslam Mədəniyyətinin
Paytaxtı olan Bakıda düzənlənən rəsm, foto sərgiləri
Bakıya verilən bu statusu reallaşdıran elementlərdir. Paytaxtınızda
olduğum müddətdə gördüm ki, bu qədim Şərq
şəhəri ona verilən etibarı tamamilə
doğruldacaq. Bakı İslam dünyasında cazibə mərkəzi
olacaq. Əvvəlki illərdə, doğrudan da, bu tədbirlər
çərçivəsində İslam dünyasına aid nə
varsa, yerinə yetirdik. Amma Bakıya gəldiyimiz zaman
görürük ki, bura türkdilli insanların birləşdiyi
nöqtədir. Düşünürəm ki, Bakının
başına mənəvi bir tac qoyuldu. O baxımdan bu
toplantının keçirilməsində əməyi olanlara,
başda prezident İlham Əliyev olmaqla, təşəkkür
edirik. Bildiyiniz kimi, İstanbul da 2006-cı ildə paytaxt
olmuşdu. Düşünürəm ki, Bakıda keçirilən
bu toplantı İslam dünyasında mühüm rol oynayacaq.
- İslam dini bərabərliyi
aşılayır, lakin təəssüf ki, bu gün Qərblə
Şərq arasında soyuq müharibə hiss olunur. Yenə
sağ olsun İslam dövlətləri ki, İslam dininin ənənəsinə
sadiq qalıb, barışdırıcı mövqe ortaya
qoyublar; mədəniyyətlərarası dialoq
konsepsiyasını irəli sürüblər. Sizcə, mədəniyyətlər
və dinlər arasındakı dialoq ümumbəşərilik
hədəfinə çatmaqda nə dərəcədə
yardımçı olacaq?
- İslam dini, doğrudan da, barış dinidir. Amma mədəniyyətlərarası
dialoqu əngəlləməyə
çalışanlar, savaş
yaratmaq istəyənlər
də var. Deməli, mədəniyyət adamlarının
barışı dəstəkləməsi
çox vacibdir.
Hər yerdə bir yaxşı, bir pis var. Pis olmasa,
yaxşının qədrini
bilmək olmaz. Dünyanın hər tərəfinin
barış içində
olduğunu da gözləmək olmaz.
Çünki savaşdan
qazananlar var...
- O halda nə etmək lazımdır?
- Onların sayını minimuma endirmək lazımdır.
Bu yolun hətta
xoş görüntülüsü
belə yetərli deyil. Çünki bu, «sizin bir xətanız var - amma qəbul
edilə bilir», deməkdir. Daha doğrusu, bununla
özümüzü görməməzliyə
vurmuş oluruq. Amma bu, doğru deyil. Doğru söz olanı
olduğu kimi qəbul etməkdir. Çünki yaxşı və
pis subyektivdir, tez-tez dəyişir.
Sizin gözəl gördüyünüzü,
başqası gözəl,
doğru görməyə
bilir. İslam dini də bunu
söylər...
- Bu proseslərdə
İslam dünyasının
BMT-si hesab olunan İslam Konfransı Təşkilatının
üzərinə böyük
məsuliyyət düşür.
Amma bir sıra mövqelərdə
qurumun fəaliyyətinin
zəifliyindən narazılıq
edilir. Necə düşünürsüz, təşkilat olaraq onların bu günə nümayiş etdirdikləri fəaliyyət
kifayətdirmi?
- Təəssüf,
hələ ki,
İKT-nin fəaliyyəti
bizi qane etmir. Daha çox
iş görülməsi
lazımdır. İslam dünyasında
bir savaş var. Əgər bu ölkələrin öz arasında bir savaş varsa, onlara demək lazımdır ki, döyüşü buraxın,
İslam dini barış dinidir, bu dinə inananların
bir-biri ilə savaş etməmələri
lazımdır. Buraxın, qoy
yabançılar bir-birilərilə
savaşsınlar.
- Məncə, bu, sizin Bakıya
ilk gəlişiniz deyil
və İslam dünyasının paytaxtı
haqqında təəssüratlarınızı
bilmək maraqlı olardı.
- Bəli, ilk gəlişim deyil. Əvvəllərki gəlişlərimdə də Bakını təmiz, gözəl, inkişaf etməkdə olan bir şəhər
kimi görmüşdüm.
Ancaq son illər Bakı hər gün inkişaf edir, gözəlləşir. Bunu görməkdən
qürur duyur və səmimi qəlbdən Azərbaycan
xalqına xoşbəxtlik
arzu edirəm.
Söhbətləşdi:
Həmidə Nizamiqızı.
Mədəniyyət.-
2009.- 20 mart.- S. 3.