Əsl
Hekayə
Yağış
şiddətlənirdi... Onunla söhbət etmək bilirsiniz
niyə bu qədər ləzzət verirdi? Çünki o
heç kəsə danışa bilmədiklərini, ürəyində
çoxdandır çək-çevir etdiklərini mənimlə
bölüşürdü. Dərd pul deyil ki,
bölüşmək çətin ola... Yaşına çox
da uyğun gəlməyən sadəlövlüklə,
başına gələnləri danışırdı.
Düzü, o qədər də yaraşıqsız deyildi, fəqət
əlləri kobud, gözləri də qəribəydi. Gözəl
göz və əl sözlərindən yaranıb, deməli,
qadının gözləri əlləri və nə qədər
gözəldirsə, qadın da bir o qədər gözəldir.
Onu çox da təsvir etmək istəmirəm,
gözümün qarşısına gələndə ürəyim
döyünür. Bircə onu deyə bilərəm ki, əgər
bəzənib-düzənsə, özünə fikir versə,
kifayət qədər gözəl olar, amma o, özünü
ölümün qucağına buraxmağı çoxdan yəqinləşdirmişdi...
Yox, çoxdan deyəndə, siz onu yaşlı hesab eləməyin,
hələ iyirmi bir yaşı var, məndən iki yaş
böyükdür... Onun taleyindən danışması,
düzü, məni çox məmnun eləyirdi, diqqətlə
qulaq asıb hər şeyi yadımda saxlamağa
çalışırdım. Çəkdiyi əzabların
heç yüzdə birini sizə danışmayacağam. Diləgəlməz,
tükürpədici şeylərdi, istəmirəm hekayənin
bu yerində üzünüzü kədər
bürüsün. Axı hər şeyi danışsam, sizin
ona yazığınız gələcək, kiminsə ona rəhmi
gəlməsindən, aşağılanmasından zəhləsi
gedir. Yazıqlıq böyük bədbəxtlikdi...
Qəribə
bir utancaqlıqla danışırdı, özümü
gicliyə vurub ona qulaq asırdım, guya dərdkeşlik eləməyə
çalışırdım. Gözlərim hiyləni yaman
bacarırmış. O, mənə çox inanırdı
çox... Danışdıqları, həyat təcrübəm
məni yanıltmırdısa, düz idi, çünki həqiqət
hər halından bəlliydi və həmin həqiqət onun
solğun üzünü işıqlandırırdı.
Üzünün xəstəhallığı hansısa bir
qeyri-müəyyənlik də ərimişdi, ağladıqca
özünə gəlirdi. Gözəl görkəminə
qarşı şəhvani duyğular məni ovsunlasa da,
özümü ələ alıb ürəyimdə deyirdim
”tələsmə, oğlum, tələsmə”… Bir qədər
susdu, üzünün əvvəlki ifadəsi geri
döndü, qucaqladı məni, heç kəs yox idi sahildə.
Saata baxdı... Bilirəm, marağındasınız ki,
nə danışdı və mən onu niyə öpmədim,
qucaqlamadım, sadəcə qulaq asdım. Nəisə... Dediklərini
danışıram sizə, amma vədimə xilaf
çıxıram ha... Ona söz vermişdim ki, ikimizin
arasında qalacaq. Allah, bağışla məni, ürəyim
dözmür danışacağam, həm də mən sizdən
nələrisə gizlətmək istəmirəm. Həm də
onu əbədiyaşar eləmək istəyirəm bu hekayədə.
O, əbədi yaşamalıdır, bilirsiniz niyə?
Çünki, yox, çünkisini indi demirəm, hələlik
onunla etdiyim söhbəti sizə nəql edəcəyəm.
Bir az səbirli olun...
- Artıq iki ildi ərimdən
ayrılmışam, ailəm də buna görə imtina eləyib
məndən, Bakıda kirayədə qalıram Əhmədlidə
kafedə işləyirəm uşağım da yoxdur. Ərim
həm alkaş, həm də əclafın biri idi... Vəssalam,
əhvalatım bu qədərdi, gördünmü iki sətrə
yerləşir bütün həyatım. Özümsə
düşündüyün qədər də saf deyiləm, yəqin,
başa düşürsən...
- Səni yeni
tanımışam, səni tanıyanda keçmişin haqda
heç nə bilmirdim. Baxmayaraq ki, insan
keçmişindən qaça bilmir, hər şeyi
unutmağa yenidən başlamağa hazıram.
- Üç yaşım
olanda ölüb anam, atam başqa qadınla evlənib, məni
əmim böyüdüb, sonrasa varlı bir manyakla evləndirib.
Olanları məcburən qısa danışıram,
danışarkən belə keçmişin gec keçməsi
əzab verir mənə. Düzü, sənə çox
inandım. Bakıda insanların sevgisi də elə bil neftə
bulaşıb, çirkinləşib. Sevgi yatağa qədər
çəkir, heç kəsə bel bağlamaq olmur. Hərdən
üzümü tutub soruşuram bu şəhərdən,
üç ildə mənə əzabdan özgə nə
verdin? Susur... Susur... Susur.... “Çirkli su təmizi də
bulanıq edər”. Mən səninlə bir-iki il bir yerdə
yaşamaq istəyirəm, sonra ölüm ödəyər
yerdə qalan arzularımı... Taylı tayın tapar, sən
və mən, qəti...
Bir qədər
susdum, dilimin bəlasna gələ bilərdim. Qəribə bir hal
hiss elədim onda, ağlayarkən yalnız sol gözündən
yaş axırdı, Ağlamaq çox yaraşırdı
ona, çünki restoranda çoxlarının saxta
gülüşü onun üçün anlaşılmaz əzabdan
başqa bir şey deyildi. On dəqiqədən də artıq
susduq.
- Kirayə qaldığım
ailə də elə mənim kimi Allah yolunu azmış
adamlardı. Ümumiyyətlə, müqəddəs olan
çox şey mənim üçün adiləşib,
cılızlaşıb. Anamın məni vaxtsız tərk
etməsi, atamın taleyimlə maraqlanmaması,
qohumlarımın üz çevirmələri, indiysə
çörək kimi müqəddəs varlıqdan
ötrü çıxmadığım oyun yoxdur. Ora bax, ora,
gör nə qədər həyati haldır - erkək
qağayı dişiylə cütləşdikdən sonra
arxasına da baxmadan uçdu. Bütün kişilər də
belədi “sevgi”ləri yatağa qədər çəkir.
Qadın salfet kimi şeydir kişilərçün, bir dəfə
işlədildimi, çox əzilir, çox...
- Hə... insan
heç vaxt gözəlliyin qədrini bilmir, xalça gözəl
olsa da, tapdalanır” bəlkə də, gözəllik ən
böyük bədbəxtlikdi!
Sol
gözü yaşardı. Darıxdım... O, bir neçə
dəfə xatırlatdı ki, aramızda olanları kimsəyə
danışmayım, ancaq çoban, İsgəndərin
buynuzu olduğunu tütəyində çaldığı
kimi, mən də olanları sizə danışıram. Allah
məni əfv elə. Siz də hekayəni oxuyarkən AMİN
deməyi unutmayın.
Nəysə, yuxarıda
qeyd etmişdim ki, o, əbədi yaşamalıdır və mən
onu niyə obrazlaşdırdım?! Çünki onu
çox adamlar həyatından çıxarmışdı,
silmişdi, indi siz və mən onu yenidən həyata
qaytardıq, siz onu hekayəni oxuyarkən
xatırlayacaqsınız, mənsə heç vaxt
unutmayacağam... Heç bilirsiniz sağkən ölmək -
unudulmaq nə ağır dərddir?!
Qız
qalasına çıxdıq, lap üst mərtəbəyə
qalxdıq, şəhər uzaqdan məsum
görünürdü, eyibləri məsafə gizlətmişdi,
Bakı körpə uşağa bənzəyirdi. Cib dəsmalımızla
saçımızı quruladıq, yamanca
islanmışdıq.
- Bu qalaya niyə Qız
qalası deyirlər, görəsən? Düzü,
heç vaxt düşünməmişəm, sən bilirsən?
- Bilirəm, amma
danışsam, yenə ağlamağa başlayacaqsan, bunu da mən
istəmirəm. Başqa vaxt danışaram.
- Noolar, danış, indi istəyirəm.
Danış, dərddən qorxmaq dərvişə
yaraşmaz.
- Bir şərtlə,
söz ver ki, ağlamayacaqsan.
- Vallah, ağlamayacağam,
danış tez ol..
Soltanla Xəzərin əhvalatını
nəql elədim. Onların ölümündən
sonra Qız qalasındakı çıxıntıya Soltan
burnu, dənizə Xəzər adının verilməsini, bir
sözlə, əfsanəvi, nakam məhəbbəti
danışdım. O, sözünün üstündə durmadı. Qəfil mənə elə gəldi ki, o,
özünü atmaq istəyir qaladan. Qucaqladı
məni. Boynuma sol tərəfdən iki
damcı düşdü, həmin damcılar bədənimə
süzüldükcə kədərinin mənə
hopduğunu hiss edirdim. O, çox yazıq idi, çox
yazıq...
- Qəribə
ağlamağın var, yalnız sol gözündən yaş
axır...
- Əslində mən
ağlamıram, axtarıram..
- Necə yəni,
axtarıram?
- İtirdiklərimi
axtarıram, Əvvəla, ismətimi itirmişəm, ismətsə
itəndə tapmaq olmur, hər axtaranda yoluna
tapdanılmış qürurun çıxır və
başlayır səni təhdid eləməyə. Başını
verən saçı üçün ağlamaz, amma mən
bacarmıram, bacarmıram...
Sonra məndən bir qədər
uzaqlaşdı, əlləriylə üzünü qapadı,
sol ovucu su oldu... Köynəyinin qolları ilə
gözünü sildi, gözlərinin üstünə
vurduğu boya üzünə axmışdı. O, özünü dərk
eləmişdi bu gün. Qaladan enib dənizə
tərəf getdik. Yağışlı
hava olduğundan heç kəs yox idi sahildə.
- Öp məni, mən hələ
həyatımda heç kəsdən bunu istəməmişəm.
- Bağışla, xəstəyəm,
zökəməm, sənə yoluxdura bilərəm, yoxsa məmnuniyyətlə
öpərdim.
- Yox, yalan demə, sən məndən
iyrənirsən, istəmirsən restoranda işləyən...
- .......................
- Susma, heç olmasa,
düzünü de, susanda daha ağır sözlər deyirsən,
danış, kişi ol!
Yenə ağlamağa
başladı, nəhayət, sağ gözündən də
yaş axdı. Özünü də heyrət
bürüdü. Onun sağ gözü ilk dəfə idi ki,
ağlayırdı, həm də elə sürətlə
ağlayırdı ki, sanki, əvvəlki illərin də əvəzini
çıxmağa çalışırdı.
- Ölmək istəyirəm,
ölmək, amma qorxuram.. Qorxuram ki, deyilənlər düz
çıxa, cənnət və cəhənnəm ola, mən
cəhənnəmdən qorxuram...
Ölüm qorxusunu
göz yaşları ilə ifadəsini ilk dəfə
gördüm. İçimdə
izaholunmaz qorxu baş qaldırdı, cəhənnəm
gözlərimə görünməyə başladı... Bu əzab o qədər ürəyimə hopdu ki,
qulaqlarımda şeytanın gülüşü səsləndi.
Amma mən necə bildim ki, həmin səs məhz
Şeytan Əfəndinin səsidir, bəs gözümün
qarşısına gələn cəhənnəm səhnələri
nə idi? Bəlkə, qorxudan şeytan və
cəhənnəmi başqalarından, mollalardan eşitdiyimdən
indi sadəcə, beynimdə canlandırırdım. Nəysə,
həmin təsvirlərdən uzaqlaşmalıyam, amma siz hərdən
özünüz üçün cəhənnəmi təsvir
edin, çalışın sizin də öz cəhənnəminiz
olsun, düşünmədən yaşamaq acizlikdir... O,
ölümü sevmirdi, amma həyat daha dözülməz
idi. Xəstə atı sahibi sevdiyindən
öldürür, istəmir əzab çəksin.
Öldürmək istədim onu, fəqət özümə
rəhmim gəldi...
Həmin gecə onunla bir evdə
qaldım... O, məndən və digər kişilərdən
əvvəl taleyinə təslim olmuşdu, yəqin, mən nə
birinci idim, nə də sonuncu. İndi
düşünə bilərsiniz ki, mən niyə onunla bu qədər
yaxın oldum, yaxşı davrandım. Çünki
onunla ilk dəfə
Hekayədə
natamamlıq duyulur, hiss eləyirəm hər şeyin sonuna varmaq
ağılsızlıqdı. Bir neçə məqamı
deyə bilərəm ki, o xərçəng xəstəliyindən
əziyyət çəkir, həkimlərin dediyinə
inansaq, iki ilə qədər dünyanı tərk edəcək. Həkimlərin
dediyinə tam bel bağlamaq olmaz, Yaradanın hikməti əsasdı.
Mən də öz
işlərimlə məşğulam, hamı kimi sonum bəlli
deyil. Hər
şeyin sonu nə yaxşı ki, bəlli deyil, yoxsa təsəvvür
edin ki, öləcəyiniz günü bilirsiniz,
iki-üç həftə qabaqdan başlayardınız
zır-zır ağlamağa, yaxud dünyanın
dağılacağı günü bilsəydiniz, sizi cüzi
incidən adamlardan qisas alardınız, naməlumluq, gözlənilməzlik,
sonsuzluq çox gözəldi. Həyatda hər
şeyin sonunu gözləməyin, gözləmək ən əcaib
sükunətdir. Bir də, yəqin ki, onun
adını bilmək istəyirsiniz eləmi? Qovun
içinizdən həmin maraq hissini, çünki onun adı
nəinki sizin və mənim, daha onun özü
üçün də əhəmiyyət kəsb etmir...
Fərid Hüseyn
Mədəniyyət.- 2009.- 1 may.- S. 13.