Fazil Salayev - bizim Toto
Tariximizin, mədəniyyətimizin hər
qarışında bir istedad var.
Fazil gözünü dünyaya 1931-ci ildə Bakıda
açdı. İdris kişinin evində. Sentyabr
ayının ilk günü idi. Dərslər yenicə
başlamışdı. Fazilsə bütün bunlardan xəbərsiz-xəbərsiz
qayğısız böyüyürdü. Amma yeddi
yaşını, məktəbə gedəcəyi günü
gözləməyə səbri çatmadı. Ağlı kəsər-kəsməz
yazmağa başladı. 1935-ci ildə çəkilmiş
fotoşəkli əlimə keçib. Arxasında Fazil
latın qrafikasıyla öz adını, soyadını
yazıb...Uşaqlığının dörd ilini müharibə
ilə qoşa addımladı. Fazil rəssam olmaq qərarına
gəlmişdi. Əli qələm-karandaş tutandan şəkil
çəkirdi. Ona görə də orta məktəbi bitirən
kimi sənədlərini Ə.Əzimzadə adına Rəssamlıq
Məktəbinə verdi. Qəbul oldu, təhsil aldı, «Azərnəşr»də
tərtibatçı-rəssam kimi işlədi də. Amma
özü demişkən, axıracan rəssam olmağa
fürsət yoxmuş...
Fazil Salayevin əsli
Arazın o tayındanıydı. Cənubi Azərbaycandan nə
vaxt gəlmələri bəlli deyil. Hər halda xanımı
bu faktı dəqiq bilmir. Gün təki aydın olan Fazilin
atası İdris kişinin özü kimi əsli cənubdan
olan Nurəddin adlı həmyerlisinin qızına elçi
düşməsi, 1954-cü il aprelin 24-də,
yağışlı bir gündə yaşadıqları evin
geniş otağındaca oğluna toy etməsidi. O vədə
rəssamlıq məktəbinin sonuncu kursunda oxuyurmuş Fazil.
Nişan gününə kimi, qızın üzün də
görməyibmiş.Toydan qabaq cəmi bir dəfə, valideynlərinin
dəvəti ilə qız tərəfi teatra gələndə
onunla rastlaşıbmış. Ancaq Nurəddin kişinin
ağırxasiyyətliyi burada da cavanların kəlmə kəsməyinə
imkan verməyib. On səkkiz yaşında ər evinə
köçən Fəridə xanım ömür-gün
yoldaşının rəssam olacağını zənn
edirmiş. Dövrünün sayılan kişilərindən
olan, müxtəlif vəzifələrdə
çalışmış İdris Salayev də bu
gümandaymış. Amma aktyor peşəsi yamanca sehrləmişdi
Fazili. Rəssam kimi işlədiyi «Azərnəşr»lə
vidalaşıb Teatr İnstitutunun (indiki ADMİU) aktyorluq
fakültəsində oxuyanda da əsl aktyor olacağı
günü səbirsizliklə gözlədi. Adi rəssam
olduğu vaxtlarda Fazil məşhur italyan aktyoru Totoya
oxşamaq istəmişdi. Onun kimi güldürməyi,
düşündürməyi, kəsəsi bizim Toto
olmağı arzulamışdı...
İllər ötdü.
Fazil Salayev Azərbaycan Akademik Dram Teatrına işə qəbul
olundu. Bir-birindən maraqlı rollar oynadı. 1963-64-cü illər
onun həyatında yeni dövrün başlanğıcı
oldu, görkəmli kinorejissor və dramaturq Həsən Seyidbəyli
Fazili «Möcüzələr adası» filmində kiçik
bir rola çəkdi. Eyni vaxtda Ağarza Quliyevin lentə
aldığı «Ulduz» filmində müxbir rolunu oynadı. Bir
müddət paralel olaraq teatrda və kinoda
çalışdı. «Azdrama»dan Musiqili Komediya Teatrına yerini
dəyişsə də, Fazil yaxşı bilirdi ki, gec-tez kino
onu teatrdan, sevimli sənət ocağından əməlli-başlı
ayıracaq. Oynadığı şən və ciddi rolun
hamısının canına bir əlçim qrotesk, incə
yumor qatdığını, kinonun dili ilə təqdim etməyin
daha asan olduğunu da bilirdi. Kiçicik bir jest, eləcə də
qeyri-adi olmayan mizan ekranda teatrdan fərqli, tamam başqa təsir
bağışlayır. Necə ki, F. Salayevin obrazlar
qalereyasında hər şeydən əvvəl bu cəhətlə
qarşılaşırsan. İstər qırçı Məhəmməd
(«Şərikli çörək»), istər Qulaməli («Dərviş
Parisi partladır»), istərsə də alverçi («Bizim Cəbiş
müəllim»), çilingər («Ürək...Ürək») və
zontik Mehdi («Alma almaya bənzər») olsun, fərqi yoxdu,
onların heç birində aktyorun yerişi, duruşu,
baxışı bir-birini təkrarlamır. Ona görə ki,
Fazil incə nüanslar, nəcib məqsədlər, hərtərəfli
təhlil ustası, tədqiqatçı-aktyor idi. Aktyorun
ifasında qəlibçilikdən uzaq, heç kimə bənzəməyən
rollarla, həyatda çoxların qarşısına
çıxan tipajlarla ekranda bir daha rastlaşarkən
bezikmirik, onlara tamaşa etməkdən doymuruq. Bütün
bunların səbəbi Fazil Salayevin real həyat lövhələrinə,
canlı insan talelərinə bələdliyi və bu sahədə
ən incə qatlara nüfuz etmək bacarığı ilə
əlaqədardı. Bu rollar nə qədər satirik,
yumoristik səpkidə həll olunsa da, aktyorun ifasında əndazəni
aşan şitlik, saxta gülüş deyil, reallıqdan
qidalanan qrotesk nəzərə çarpır. Həmin
rolların təbiiliyi, baxımlığı da deyilənlərlə
bağlıdı.
«Alma almaya bənzər»
filminə hər dəfə baxarkən adama elə gəlir
ki, zontik Mehdini birinci dəfədi görürsən.Və ən
qəribəsi odur ki, zontik Mehdini başqa cür təsəvvür
edə bilmirsən. Bu nədir? Yaradıcılığın
son həddi, yoxsa tamaşaçı təxəyyülünün
dayazlığı? Məncə, bunların heç biri deyil.
Sənət dili ilə desək, Fazil Salayev zontik Mehdiyə,
qırçı Məhəmmədə bir aktyor kimi öz
möhürünü vurub. Ona görə də həmin
obrazlar başqa biçimdə ağlımıza gəlmir.
Fazil Salayevin filmlərdəki
qəhrəmanları ilə yanaşı, «Mozalan» satirik
kinojurnalında yaratdığı tipajları da diqqətəlayiqdi.
Aktyorun metroya baxmağa cəhd göstərən sərxoş,
şəhərin gecə səhərədək
uğultusundan dinclik tapıb yata bilməyən narahat, toylara dəvət
olunmaqdan əldən düşən və axırda
şalvarsız qalan, əmək qabaqcılı kimi tez-tez
iclaslara, görüşlərə
çağırılıb yarıtmaz işçiyə
çevrilən qəhrəmanları ilə hər dəfə
ekranda görüşməyə imkan tapanda gah gülür,
gah halına acıyır, gah da təəssüf hissi
keçiririk. İnanmaq olmur ki, tək bircə nəfər bu
qədər bənzərsiz obrazlar düzümü
yaradıb.
Fazil Salayev yaddaqalan, mənalı
bir ömür yaşadı. Bu onun fitrətindən,
talantından irəli gəlir. Fazil Salayev dünyanın
hansı nöqtəsində yaşasaydı, mütləq
şöhrət zirvəsinə yüksələcəkdi,
maddi cəhətdən təmin olunacaqdı. Sovet rejimində
yaşamış və çalışmış Fazilin qismətinəsə
yalnız biganəlik, diqqətdən kənarda qalmaq
yazılmışd. Buna görə də təltiflərin, fərqləndirmə,
həvəsləndirmə üçün verilən
mükafatların, bolluca diplomların bircəciyi ona tuş gəlməmişdi.
Qazandığı tamaşaçı sevgisi, bir də
peşəkarların xəsisliklə sənəti barəsində
söylədikləri xoş sözlər oldu. Ən qəribəsi
odur ki, onsuz keçən otuz ildən artıq vaxtda münasibət
dəyişməz qalır.
Deyilənə görə, gəncliyində
çaydan savayı dilinə bir şey vurmayan Fazil
yavaş-yavaş içkiylə yoldaşlığa
başlamışdı. Sənətinə, talantına qiymətə,
xoş sözlərə, yaradıcılıq
üçün imkanlara möhtac aktyor fikir-xəyaldan bir
anlığa da olsa ayrılmaqçün elə hey
içirdi. Bir yandan da atasının ölümü,
dünyaca sevdiyi anasının xəstələnməsi və
nəhayət qəfil onu yaxalayan zob xəstəliyi dərdinin
üstünə dərd gətirmişdi...
Fəridə xanım
xatırlayır ki, onun sənəti haqqında çoxlarının
əsirgədiyi xoş sözləri ölümündən
bir qədər əvvəl Həsən Seyidbəyli televiziya
verilişində söyləmişdi. Həmin veriliş
Fazilin vəfatından az sonra təkrar efirə gedibmiş. Fəridə
xanım onu da xatırlayır ki, o aralarda guya ailəsinin
onunla yola getmədiyi, giley-güzar etdiyi barədə
söz-söhbətlər gəzirdi. Həsən Seyidbəylinin
aktyorun sənətini gözəl təhlil etməsi, şəxsiyyəti
haqqında ürəkaçan sözlər söyləməsi
həmin şayiəbazların ağzını yaxşıca
yumubmuş.
- Fazilsiz keçən bu illərdə
təsəlliniz nə olub? - sualına Fəridə xanım
belə cavab verdi:
- Qızlarım. Axı onlar
rəhmətliyin ən qiymətli yadigarlarıdı... Üç
qız zarafat deyil. Fazil rəhmətə gedəndə hələ
hamısı evdəydi. Sonra başım qarışdı
onları köçürməyə. Daha sonra nəvələrim
dünyaya gəldi. Fazil evin vur-tut bircə uşağı
olub. Özü də varlı-hallı bir kişinin. Üstəlik
üç qardaşın evində yeganə
uşağıydı. Rəhmətlik qayınatamın
artistlikdən xoşu gəlməzdi. Elə sözün
doğrusu, mənim də. Heç, inanın, teatrda
tamaşalarda oynayırdı, tək-tük halda gedib
baxırdım. Pianino çalmağı, oxumağı aləmiydi.
Hədsiz istedadlıydı. O açıq-saçıq, əhlikefiydi,
Bakının yarısı da dostları. Mənsə ciddi,
qısqanc... Bir az da cavanlığıydı, indiki
ağlım hardanıydı. Necə deyərlər, çox
fərqimiz vardı... Fazilin ana babasının da artistliyi varmış.
Teatrda işləməyib, toy-düyündə iştirak eləyərmiş.
Görünür, babasına çəkibmiş. İndi mənim
beş nəvəm var.
Fazil Salayevin haqqında
keçmiş zamanda danışmaq çox ağır gəlir
adama. Qırx yeddi yaşın içində ömrü
yarı yolda qalan aktyorun doğmaları, neçə-neçə
sənət dostları, tanış-bilişləri onunla
bağlı qəribə əhvalatları, məzəli
söhbətləri nəql etdikcə bu yoxluğa
inanmırsan. İnanmırsan ki, kiçik qızı
Ofelyanın ad günündə, iyunun 19-da son saatlarını
xəstəxana divarları arasında keçirən zaman necə
sevinmişdi. Sarıqlı boğazını arıtlamağa
taqəti olmasa da, axır dəqiqələrində güclə
udqunaraq qızına xoşbəxtlik arzulamışdı... Arzulamışdı
və bir gün sonra, 1978-ci ilin iyunun 20-də
dünyasını dəyişmişdi. Və
çoxlarının əhlikef saydığı, əslində
bütün vücudunun qəmlə şələləndiyi
gözündən görünən, təkliyə çəkilib
özüylə baş-başa qalmaqdan təsəlli tapan
Fazil karvanını sürüb beləcə getmişdi.
Seymur Elsevər
Mədəniyyət.- 2009.- 1 may.- S. 11.