Qarabağların daş yaddaşı
Naxçıvanın memarlıq
inciləri sırasında
Kəngərli rayonunun
Qarabağlar kəndindəki
memarlıq kompleksi özünəməxsus yer
tutur. Kompleks iki qoşa
minarədən, 16 metr
hündürlükdə olan
türbədən ibarətdir.
Minarə ilə türbənin üst qatı kaşı naxışlarla bəzədilib.
Onların arasında qalan 15-20 metr məsafədə isə dini bina qalıqları
var.
Hər dəfə Qarabağlar kəndinə
yolum düşəndə
nədənsə bərpaçı
Həbib ustanı xatırlayıram. Sanki xeyirxahlıq üçün
dünyaya gəlmişdi.
Maraqlı peşə
sahibi idi. İyirmi ilə yaxın müddətdə
dağılmaqda olan abidələrimizin ruhu ilə yaşayıb, onlara yeni nəfəs,
bənzərsiz görkəm
verməyə çalışıb.
Bir vaxtlar xalq yazıçısı
Anar da onun
Naxçıvan memarlıq
məktəbinin qanlarla,
genlərlə keçən
yaşarı ənənələrindən
qidalanmasından heyrətə
gəlib, haqqında xeyli xoş sözlər yazıb.
Həbib mahir sənətkar idi. Ötən əsrin səksəninci illərinin
axırlarında möhtəşəm
və qiymətli Qarabağlar abidələrinin
bərpası da ona həvalə edilmişdi. O, burada da hördüyü muncuq-muncuq kərpiclərlə,
saldığı zərif
naxışlarla dahi memarların dəst-xəttini olduğu kimi təkrarlayırdı...
Dərələyəz dağ
silsiləsinin yamaclarında
maili istiqamətdə
yerləşən Qarabağlar
kəndinin qədim tarixi var. Kəndin şimal-şərqində Qalacıq
deyilən ərazidə
insanlar eramızdan əvvəl ikinci minilliyin sonu və birinci minilliyin əvvəllərində
yaşayıblar. Qarabağlar
o dövrlərdə də böyük yaşayış məskəni
olub, 30 hektara yaxın ərazini əhatə edib. Govurqalada aparılan arxeoloji qazıntılar nəticəsində həmin
ərazidən çoxlu
sayda maddi-mədəniyyət nümunələri,
dən daşları,
daş gürzlər,
tunc bəzək əşyaları, monoxrom
naxışlı boyalı
qab qırıqları,
iri qaya parçalarından tikilmiş
dördkünc və oval şəkilli bina qalıqları aşkara çıxarılıb.
Hamısı da
Son Tunc və İlk Dəmir dövrünə aid olub.
Bu isə o deməkdir
ki, təxminən dörd min il bundan əvvəl bu kənd əcdadlarımızın
ilkin yaşayış
yerlərindən biri olub.
Yaşayış məskəninin
adının etimologiyası
ilə bağlı deyilənlər də maraqlıdır. Alimlərin
fikrincə, Qarabağlar
sözü qədim türk tayfası olan kəngərlərin bir qolunun adı
ilə bağlı olub. Bu məlumat X əsr müəllifi
Konstantin Baqruanarodnının Cənubi Rusiya çöllərində yaşayan
peçeneq-kəngərlərin bir tayfasının qarabay adlanması barədə deyilənlərlə
tam uzlaşır. Deyilənə
görə, 18-ci əsrin
ortalarında Qarabağ
xanı Pənahəli
xan düyüşkən
tayfa kimi ad çıxarmış kəngərlilərin
bir hissəsini Naxçıvandan Qarabağa
köçürüb. Çox
ehtimal ki, Qarabay tayfasının nümayəndələri da
onların arasında olub.
“Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər, çünki
imkanları yoxdur”- xalqımızın ümummilli
lideri Heydər Əliyev bu sözləri Naxçıvan
şəhərində Mömünə
xatun məqbərəsini
ziyarət edərkən
söyləyib. Dahi öndər “bizlər çox vaxt bu abidəni gözəl memarlıq abidəsi kimi təbliğ edirik” - deyərək, bu sənət əsərinin
çoxəsrlik dövlətçilik
ənənələrimizin yaşadılması istiqamətində
oynadığı rola
da toxunub: “Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə
daha da böyük
qiyməti Azərbaycanın
qədim dövlət
olmasını göstərməsidir.
Bu, təkcə memarlığın
zənginliyini yox, dövlətçiliyin nə
qədər zəngin
olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”.
Qarabağlar türbəsi
də təkcə orta əsrlərə aid memarlıq abidəsi olmayıb. O da çoxəsrlik dövlətçilik
ənənələrimizin yadigarlarından birinə çevrilib. 1256-1357-ci illərdə
fəaliyyət göstərən
Elxanilərin hökmdarlığı
dövründə inşa
olunan abidələrdən
biri olub.
Digər yerlərdən fərqli olaraq, türbə memarlıq kompleksinə aiddir. Burada qoşa minarə və dini bina qalıqları
da var. Qoşa minarənin XII əsrin sonu - XIII əsrin əvvəllərində tikildiyi
ehtimal olunur. Minarələri bir-birinə
bağlayan baştağ
isə XIV əsrdə
inşa olunub. Baştağ Elxanilər dövlətinin siyasi, iqtisadi və mədəni həyatının
dirçəlişində mühüm rol oynayan Quti xatunun
şərəfinə tikilib.
Quti xatun Elxanilər sülaləsinin
və dövlətinin
banisi olan Hülaki xanın arvadı, elxanilərin üçüncü hökmdarı
Əhməd Teykudarın
anası olmuşdur. Heç şübhəsiz
ki, o dövrdə Qarabağlar hökmdarlığın
əsas ictimai-siyasi mərkəzlərindən biri
olub.
Sərdabə və yerüstü hissədən
ibarət olan Qarabağlar türbəsində
qülləvari türbələrin
əsas xüsusiyyətləri
əks olunub. Abidənin 12 bucaqlı yeraltı sərdabəsinin
divarları daşdan,
günbəzləri isə
kərpicdən hörülüb.
Türbənin səthi
isə qırmızı
və firuzəyi kaşılı kərpiclə
örtülərək, həndəsi
ornamenti xatırladan kitabələrlə bəzədilib.
Kitabə qurşağı
isə nəsx xətlə işlənib.
Yerliyi göy kaşıdan olan kitabə ağ hərflərlə yazılıb.
Onun memarlıqda başlıca kompozisiya xüsusiyyəti isə 4 baştağlı olmasıdır.
Ayrı-ayrı qütblərdə
yerləşən bu baştağlar ona dörd fasadlı görkəm verir.
Türbənin konus şəklində olan yuxarı günbəzi və müvafiq kitabələri dağıldığından
onun tikilmə tarixini dəqiq müəyyən etmək
mümkün olmayıb.
Aparılan tədqiqatlar
isə Bərdə türbəsi kimi onun XIV əsrin əvvəllərində tikildiyini
göstərir. Bu türbələr
arasında oxşarlıqlar
da çoxdur. Aydın duyulur ki, o dövrdə bu ərazilər bir dövlətin tərkibində olub.
XVII əsrdə yaşayan məşhur türk səyyahı Övliya Çələbi “Səyahətnamə”
əsərində Qarabağları
meyvə bağları
arasında yerləşən
böyük şəhər
kimi təsvir edib. Onun sözlərinə
görə, o dövrdə
burada təxminən
50 min adam yaşayıb,
burada 10 min ev, 70 məsçid, 40 minarə
və karvansara mövcud olub.
Deyilənə görə,
sonrakı yüzilliklərdə
feodallararası müharibələr
və daxili çəkişmələr nəticəsində
bu şəhər də tənəzzül edib. Hətta iyirminci əsrin əvvəllərində burada
cəmi 2 min nəfər
əhalinin yaşaması
da tarixi sənədlərdə əksini
tapıb. Əsrin sonlarında isə burada yaşayan əhalinin sayı yenə də xeyli artıb. Hazırda isə, o, Kəngərli rayonunun ən böyük yaşayış məskəninə
çevrilib. Burada 7
min nəfərə yaxın
adam yaşayır. Muxtar respublikada aparılan genişmiqyaslı
abadlıq-quruculuq işləri
bu kəndi də öz əhatəsinə alıb.
Memarlıq kompleksində
konservasiya işlərinin
görülməsi də
həyata keçirilən
mühüm tədbirlərdən
biri olub. Başlıcası isə
rayon mərkəzi olan Qıvraq qəsəbəsindən
Qarabağlara uzanan avtomobil yolu boyunca geniş həcmdə
yaşıllıq zolaqları salınıb.
...Qarabağlar kəndindən
ayrılarkən yenə də bərpaçı
Həbib ustanı xatırladım. Yadıma düşdü
ki, bir vaxtlar onun qabiliyyət və bacarığının,
“qızıl əlləri”nin müqabilində iri şəhərlərə
dəvət edib böyük vədlər verirdilər.
Geniş otaqlı mənzillər, minik maşını,
yüksək maaş... Həbib isə bunların heç
birini qəbul etməyib. Doğulub boya-başa
çatdığı torpaqda qalıb işləməyə
üstünlük verib.
Məmməd MƏMMƏDOV,
Naxçıvan MR Ali Məclisinin
deputatı,
tarix elmləri namizədi
Mədəniyyət.- 2009.- 27 may.- S.14.