Mədəni prosesin tələbi ilə
Ölkəmizin hər
yerində olduğu kimi, Naxçıvan Muxtar
Respublikasında, onun mərkəzi şəhəri olan
Naxçıvan şəhərində də əlamətdar
günlərin qeyd edilməsi, yeniyetmə və gənclərin
vətənpərvərlik tərbiyyəsinin yüksəldilməsi,
asudə vaxtlarının səmərəli təşkili,
istedadlı gənclərin üzə
çıxarılması məqsədilə mədəniyyət
müəssisələrində bir çox maraqlı tədbirlər
keçirilir. Naxçıvan Şəhər Mədəniyyət
və Turizm Şöbəsinin müdiri İmanqulu Əhmədovla
söhbət zamanı aydın oldu ki, şöbənin mədəniyyət
müəssisələrində keçirdiyi tədbirlər
maraqlı və yaddaqalan olmuşdur
Belə ki, gənclərin
milli vətənpərvərlik ruhunda tərbiyə
olunması sahəsində də bir çox işlər
görülmüş, 20 Yanvar faciəsinə, Xocalı
soyqırımına, 31 mart - Azərbaycanlıların
Soyqırımına həsr olunmuş sərgilər
hazırlanmışdır. Həmçinin Aşıq Şəmşirin
anadan olmasının
115, ədəbiyyatşünas Firudin bəy Köçərlinin anadan
olmasının 145 illiyi,
Azərbaycan musiqisinin
banisi Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasının səhnəyə
qoyulmasının 100 illiyi
ilə bağlı ədəbi-bədii gecələr keçirilmişdir. Şöbənin təşəbbüsü
ilə hər ayın axırıncı
həftəsinin 5-ci gününün
«Kitabxana günü» kimi qeyd olunması
oxucu kütləsinin marağına səbəb
olmuşdur. «Ötən
ilin yekunlarına görə nailiyyətləri
daha sevindiricidir» - deyən şöbə müdiri İmanqulu Əhmədov söhbətinə davam edir: «Şəhər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin
çıxışları, solo ifalarla yanaşı,
Səfər Rəcəbov
adına 3 saylı Uşaq Musiqi Məktəbinin Xalq çalğı alətləri
orkestri, «Tori» instrumental və nağaraçalanlar ansamblları,
bədii sənətkarlıq
məktəbinin «Kamançalanlar»
ansamblı və muğam üçlüyünün
çıxışları böyük tamaşaçı
marağına səbəb
olmuşdur.
Yetirmələrimizin sorağı
artıq bütün respublikadan gəlir. Belə ki, ötən ilin may ayında
Bakı şəhərində
keçirilən ümumrespublika
müsabiqəsində H.Cavid
adına Uşaq Musiqi və Bədii sənətkarlıq
məktəblərinin şagirdləri
- Nuray Babayev (kamança) III dərəcəli
diploma, Ülvü Əhmədov isə (fortapiano) diploma layiq görülmüşdür.
Elə həmin il Astara şəhərində
keçirilən Muğam
Respublika baxış-müsabiqəsində Səid
Həsənov diploma layiq görülmüşdür».
Şöbə
müdiri həmçinin şəhər musiqi, incəsənət
məktəblərində və digər mədəniyyət
müəssisələrində işlərin daha keyfiyyətli
qurulması üçün əllərindən gələni
etdiklərini vurğuladı.
Hüseyn Əliyev,
Naxçıvan
Mədəniyyət.- 2009.- 1 may.- S. 9.