Həyatla
səhnə arasında
Salatın Əhmədli
Əvvəli
ötən sayımızda
«Əbləhin toyu»
«Əbləhin toyu» Rəhman
Əlizadənin eyniadlı pyesi əsasında. Quruluşçu
rejissor Hüseynağa Atakişiyevin, tamaşasında
quruluşçu rəssam Nazim Böyükkişiyev (xalq rəssamı,
Dövlət Mükafatı Laureatı), bəstəkar Sərdar
Fərəcov (əməkdar incəsənət xadimi) - bu
dörd incəsənət xadimi gözəl, baxımlı
bir əsər meydana gətirmişlər. Bu tamaşanın
da mövzusu müasir həyatdan
götürülmüşdür. Tamaşada göstərilən
toy müasir toylarımızın bariz nümunəsidir. Gəlin
- Qızxanım rolunun ifaçısı Hüsniyyə Əhmədova
29 yaşındadır. Yaşı ötmüş bu qız
tezliklə ərə getmək arzusundadır. Ona görə
ailəsini - atmış 45 yaşlı Saqqallı - əməkdar
artist Ayşad Məmmədovla beş il gəzib
dolaşdıqdan sonra bu əbləhə - Bəybalaya ərə
getməli olur. Epileptika olan Bəybala əsl kişi yox, əsl
əbləhdir. O hər şeyə göz yumaraq özündən
də beş yaş böyük qızla evlənir. Bu
izdivacın səbəbi nədir? Səbəbi - evi,
maşını, pulu olan qızla evlənməklə, rahat həyat
sürməkdir. Toy adamlarının hamısı, demək
olar ki, meşşan təbiətlidir. Gəlinin atası
Atakişi tüfeylilik üstündə işdən
qovulmuş polis işçisidir. İndi saunada işləyir,
vəzifəli adamları masaj edib kisələməklə pul
qazanır. Atakişi rolunun ifaçısı Qədirhüseyn
İsmayılov rolu çox inandırıcı oynayır.
Ondakı güc, enerji bu rolu oynamağa imkan verir. Anaxanım
rolu da əməkdar artist Qəmər Məmmədovanın
ifasında çox uğurlu və inandırıcı
alınıb. Xala - Nəsibə Eldarova nəinki bu rolun,
ümumiyyətlə, digər tamaşalarda oynadığı
rolların öhdəsindən müvəffəqiyyətlə
gəlir.
Bəyin babası - general
rolu da Natiq Aslanın ifasında çox duzlu-məzəli
alınıb. Tamaşaçı general deyəndə
hündürboy, enlikürək, qartal baxışlı, iti
yerişli, zəhmli bir kişinin səhnəyə
çıxacağını gözləyir və əvəzində
Natiq Aslanı görəndə tamaşaçıda
gülüş əmələ gəlir. Natiqin səhnəyə
tamaşa zalından gəlməsi tamaşaya yeni bir nəfəs
gətirir. Generalın yolunu gözləyən bəyin
xalası da «canısulu kişi» yox, balaca, cılız bir
adamı görüb təəccüblənir.
Tamaşa başdan-başa ibrətamiz sözlərlə doludur. Toy başdan-başa vurçatlasındır! Kim nə bacarırsa, onu etməyə çalışır. Restoranın xidmətçisi və inzibatçısından tutmuş, gəlinin cibgir qardaşı Qardaşxanacan, xalq artistindən tutmuş sənətşünasınacan - hamısı sözü, elə bil, bir yerə qoyub tüfeyli həyat sürmək eşqi ilə yaşayırlar. Gəlinin valideynləri ancaq toya salınacaq pulnan maraqlanırlar. Fürsətdən istifadə edən xala generalla, sənətşünas müxbir qızla gizlincə görüşürlər. Müəllif bu insanların hamısını haqlı olaraq «əbləh» adlandırıb. Fərqi yoxdur, bu əbləhlər cavandır, ya qoca. Bəybala deyir: «Bizdə qocala-qocala əksəriyyəti xərifləyir». Saqqallı ona cavab olaraq söyləyir: Xərifləmək-yaşa dolduqca insanın illər boyu içində cilovladığı mənəvi naqislikləri pırtlayıb üzə çıxmasıdır.
- Əziziyəm, qocalar,
Aşiq olub qocalar.
Ağ, üryan buludları,
Canan sanıb qucarlar.
Həyatın necə dəyişdiyi,
bəzi qocaların cavanlıq eşqinə
düşdüyünü müəllif
inzibatçının dili ilə belə təsvir edir: Bizdə
hər gün toy var. Bizim şadlıq evi teatr deyil ki, ayda
bir-iki dəfə tamaşa göstərək. İndi təkcə
cavanlar yox, qocalar da evlənirlər. On gün əvvəl 75
yaşlı adlı-sanlı incəsənət xadimi evləndi
iyirmi beş yaşlı qızla, dünən eşitdik ki, bu
gün üçüdür.
Müəllif bu pyesində həyatın
bütün eybəcərliklərini səhnə dili vasitəsilə
tamaşaçıya çatdırır. Tamaşanın, mən
deyərdim ki, ən təsirli səhnəsi, adamı heyrətləndirən
hissəsi «HMP» Həkim, Molla, Polis milli servis
üçlüyünün toya təşrif gətirməsidir.
Tamahkarlıq ucbatından dünənki toydan artıq
qalmış yeməklərin stola düzülməsi, isti və
soyuq təamların köhnə olmasından zəhərlənən
və bəzən dünyalarını dəyişən, təcili
yardım maşını ilə xəstəxanalara
çatdırılan toy adamlarına «yerindəcə
yardım etmək» məqsədilə bu üçlük toya
təşrif buyurur. Molla - Rəzzaq Məmmədov dini ayinləri
çox gözəl tələffüz edir. Bir anlıq
özünü yas məclisində hiss edirsən. Həkim -
Zümrüd Hüseynova, polis Ədalət Əbdülsəmədov
da yaxşı oyunları ilə yadda qalırlar. Belə
üzdəniraq üçlük üçün deyiblər:
Qapıdan qovursan, bacadan gəlir. Onlar da, sırtıqcasına
toyda həm oturub yeyib-içirlər, həm də axırda
toy sahibindən hərəsi «on şirvan» - 20 manat pul
qopardırlar.
“Bir az gəlirmisiniz”
Nağıllar aləmitək
mənalı, gözəl axşamlarda göstərilən
tamaşa böyük türk yazıçısı Əziz
Nesinin iki hissəli dram əsəri olan «Bir az gəlirmisiniz»
pyesi oldu. Quruluşu rejissor Sərvər Əliyevə, rəsm
quruluşu Vüqar Əliyevə, musiqisi əməkdar incəsənət
xadimi Sərdar Fərəcova məxsus olan bu səhnə əsəri
də öz gözəl məziyyətləri, aktyor
oyunları ilə uzun müddət teatrsevərlərin
yadından çıxmayacaq. Mateh ustanın rolunu oyununa
heyranlıqla tamaşa etdiyim Qurban İsmayılov ifa edirdi.
Tamaşa bir türk ailəsindən bəhs edir. Ailənin
başçısı Mateh supi ustasıdır. Supi tütəyə
oxşar nəfəs alətidir. Usta supi düzəltməklə
həm ondan böyük zövq alır, həm də beş nəfərlik
ailəsinə ruzi qazanır. Ustanın böyük məharətlə
qamışdan düzəltdiyi supilər heç də ailənin
bütün ehtiyaclarını ödəmir. Ustanın
arvadı Zani hey evdə qəndin, çayın, suyun
qurtarmasından gileylənir. Oğlu Misa - Anar Səfiyev atasının
düzəltdiyi supiləri bazara çıxarır, satır
və əldə olunmuş cüzi pulla ailə güc-bəla
ilə güzəran keçirir. Ailənin digər oğlu
Şarey - Qədirhüseyn İsmayılov və qızı
Çino - Hüsniyyə Əhmədova yerli-yersiz,
boş-boş söhbətlərlə gün keçirir, ailəyə
heç bir kömək etmirlər. Matehin arvadı Zani çətin
vəziyyətdə qalıb. Nə öz əlinin əməyilə,
daşdan pul çıxardan əri, oğlu Misa və ərinin
şagirdi Bornoqdan, (Natiq Aslan), nə də
boşboğazlığı ilə hamını bezdirən
Çino və Şareydən keçə bilir.
Bir dəfə Misa supiləri
bazarda satarkən varlı bir müştərinin - Efferin
(Elşən Çarhanlı) supilərdən xoşu gəlir.
Onlardan, həyətindəki hasara yaraşıq vermək
üçün almaq istəyir. Mateh əvvəl elə bilir
ki, Efferin supini bir əl işi olaraq xoşlayıb deyə
alır. Ancaq biləndə ki, supiləri baha qiymətə -
200 lirəyə alıb hasar tikəcək, onda cin atına
minir. Supiləri Efferin əlindən alır və onu qovur. Belə
bir epizod Azərbaycan yazıçısı Mir Cəlal
Paşayevin «Bir gəncin manifesti» romanında da öz əksini
tapıb. Azərbaycan qadını Sona ehtiyac üzündən
evinin xalçasını bazara çıxarır. Bir ingilis
onu almaq istəyəndə, Sona xalçanı onun əlindən
alıb deyir: «İtə ataram, yada satmaram».
Əziz Nesinin də bu pyesində
həmin detallar öz əksini tapıb. Usta Mateh nə qədər
kasıb yaşasa da, sevə-sevə, böyük həvəslə
düzəltdiyi supiləri pula böyük ehtiyacı olsa da
belə, harınlara satmır.
İki hissəyə
ayrılmış ailə təlaş içindədir. Bir
hissə məhəbbətlə supi düzəldənlər,
o biri hissə supiləri baha satıb firavan yaşamaq istəyənlərdir.
Usta Mateh kirayə etdiyi evdən,
şəhərdən bezib başqa şəhərə
köçməli olur. Ailənin ikinci sütunu Zani ana - Qəmər
Məmmədova səhnədə iki tərəfin ortasında
qalır. Usta Mateh, Misa, Bornoq səhnədən çıxmaq
istəyirlər. Uşaqlar aralıqda olan anadan soruşurlar:
Niyə aralıqda qaldın, ana? Zani cavab verir: - «Mateh
özündən ayrılmasın, qopmasın deyə həmişə
ortada olmalıyam, aranızda». Mateh onu başa düşən,
anlayan və onu tək qoymayan Zanini bağrına basır.
Zani, ailə ac-yalavac qalsa belə, tanımadıqları yad
şəhərdə talelərinin necə olacağını
yox, öz peşəsini ailəsindən, canından artıq
sevən əri Matehə arxa olmağı
düşünür və onunla getməyə
razılaşır.
Mateh usta öz işini o qədər
sevir ki, təzə qonşusu Pinayla Aşiyaya (Ədalət Əbdülsəmədov,
Gülbəniz Mustafayeva) supinin səsinin gözəlliyindən
danışır. Şagirdi, bir zamanlar oğru və quldur
olmuş, polislərin belə öhdəsindən gələ
bilmədiyi Bornoq (Natiq Aslan) supinin səsini eşitmiş, ona
aşiq olmuş və Matehin yanında köməkçi
işləyir. Qarışqanı da öldürmür ki,
günahdır. Daha çox öz qeydinə ya qalan - sinəsini
və qollarını şişirdən oğlu Şareyə
gəlincə, usta deyir ki, oğlunun qulaqları eşitsə
də supinin səsi ona çatmır. Qızı Çino
eşidir, bu səsi ancaq duya bilmir. Bu, bir ailənin faciəsidir.
Varlı Effer Matehin
yaşadığı şəhərə gəlib
çıxır. Yenidən supilərdən almaq istəyir. Əgər
Misa supinin birini bazarda 10 lirəyə satırdısa, Effer
supinin birinə indi 500 lirə verir. Usta Mateh onu tanıyır,
yenə də öz sözünün üstündə durub
supiləri satmır. Növbəti gəlişində Effer
Mateh ustanı tapança ilə hədələyib supiləri
zorla almaq istəyir. Mateh ölümün gözünün
içinə dik baxıb Efferə deyir: «Sən məni
öldürsən də, mən yaşayacağam, səsim
yaşayacaq. Mənim səsim, adım o supilərin səsinə
qarışıb. Səni və sənin kimilərini isə
heç kim, hətta nəvə-nəticələriniz də
xatırlamayacaq. Çünki siz torpaq alıb, torpaq
satanlarsınız. Effer tapançanı əlindən
salır, usta Matehin qarşısında diz üstə
çöküb etiraf edir: - Biz də eşitmək istərdik
bu səsləri. Biz sənətimizi sevmirik, sənsə sevirsən.
Alıb satsaq da, satıb alsaq da bunları könülsüz
edirik, görmədən, duymadan, eşqsiz, həvəssiz
edirik.
Burada əsərin əsas
ideyası kulminasiya nöqtəsinə çatır. Nə qədər
varlı, dövlətli olsa da, insan övladı əsl sənət
qarşısında diz çöküb baş əyir.
Bütün bunlardan xəbər
tutan, evdə ərzağın tükəndiyinə, çəkdiyi
məşəqqət və ərinin supiləri 500 lirəyə
belə satmaqdan imtina etdiyinə ürəyi dözməyən
Zani ölür. Arvadının ölümündən
sonra həyatın çətinliklərinə artıq
dözməyə halı qalmayan Mateh supilərini lap ucuz qiymətə
satmaq istəyir. Bu zaman
Effer onu ələ salaraq supinin birini 50 quruşdan almaq istəyir.
Bu zaman Misa və Bornoq supiləri satmağa razı olmurlar.
Mateh ac qalan ailəsini yedizdirmək üçün gizlincə
Efferə 100 lirədən 10 supi satır. Və ailə bu
axşam şadyanalıqla süfrə başına oturur. Bu
Mateh ustanın axırıncı şamı olur. Onu
Ölüm çağırır və səhnənin
qaranlığında yox olur.
«Bir az gəlirmisiniz» həddindən
artıq gərgin bir tamaşa idi. Tamaşaçılar
iştirakçılarla birlikdə sanki hadisələrin
içinə daxil olmuşdular.
Mateh ustanın
inadkarlığı, Efferin sırtıqlığı, Zani
ananın üzüntüləri tamaşaçını
düşünməyə vadar edirdi. Tamaşadakı hər
bir aktyor öz rolunu böyük məharətlə ifa edirdi.
Tamaşa qurtarsa da tamaşaçı onun təsirindən,
cazibəsindən qurtara bilmirdi. Bütün salon aktyorları
ayaq üstə alqışlayırdı.
Mən bir həftə davam
edən, bir-birindən uğurlu tamaşalara baxmaqdan
böyük zövq aldım. Həftə sonu tamaşalar
başa çatandan sonra belə qərara gəldim ki, bu
gözəl günləri bizə bəxş edən
aktyorlara, rejissorlara, müəlliflərə, bütün
inzibatçı və texniki işçilərə bu
yazı vasitəsilə öz minnətdarlığımı
çatdıram.
Əziz aktyorlarımız, mən
və eləcə də bütün tamaşaçılar
Sizə dərin təşəkkürümüzü
bildiririk. Sizə yeni-yeni yaradıcılıq uğurları
arzu edirik. Yeni tamaşalar görmək ümidilə, yenidən
görüşənədək.
Mədəniyyət.- 2009.- 1 may.- S. 7.