Şuşalı qız
“İllər quş qanadlıdır” - deyirlər. Bəzən bu deyimin mahiyyətinə
o qədər də varmırıq. Onun haqqında yazılmış
xronoloji bir məlumatı vərəqləyirdim,
gözümə sataşan
rəqəmlər məni
çaşdırdı: bu
həmişə cavan
görünən xanımı
əlli yaşın ağırlığı haçan
haqladı? Əsrin tən yarısını nə vaxt tamam
elədi? Teatral yaddaşımızda gözəl
simasıyla həkk olunan səhnə adamının- xalq artisti Firəngiz Mütəllimovanın əlli
yaşı tamam olur. Bu münasibətlə
düzənlənəcək hər hansı rəsmi tədbirdən xəbərsizəm. Sadəcə
olaraq, qəlbimdən
axan sözlərlə
bu xanımın sənətinə mənəvi
dəstəyimi, rəsmiyyətdən
çox-çox kənar
olan duyğu çələngimi qələmə
alıram.
Bir vaxtlar hamımız
zəhmətkeşlərin beynəlxalq həmrəyliyi
gününü sevərəkdən
qarşılayırdıq- hardasa milli bayramlarımız mərtəbəsində.
Belə bir günün
çal-çağırlı
ab-havası altında doğuldu Firəngiz xanım. Şuşanın sənətlə
hörülmüş qala
divarları arasında
böyüdü, boya-başa
çatdı. Hansı
ali məktəbə üz tutacağı barədə evdə söz aça bilmədi. Düzdür,
estetik cəhətdən
Qarabağın ən
mədəni, görüb-götürmüş
obasıydı Şuşa.
Amma köhnə adət-ənənələrə
də inam, etiqad vardı. Gənc qız atasına necə etiraf edəydi ki, səhnəyə çıxmaq istəyirəm?
Bununçün də
Bakıya tərəddüd,
sıxıntı içində
gəldi. Bəlkə
heç qismətdə
yoxdu bu gizli istəyə qovuşmaq, bu qarşısıalınmaz həvəsi
reallaşdırmaq? Ailədə
bu haqda xəbər tutanda isə o, artıq
İncəsənət İnstitutunun
tələbəsi idi.
Qarabağın əsl
xatınlarının məxsusi alicənablığı,
yar-yaraşığı onun görkəmini
tamamlayırdı, simasındakı pərişan cizgilərlə,
təbəssümündəki mülayimliklə, bitkinliklə,
səsindəki həzinliklə tam bir milli aktrisa obrazı
yarada bildi Firəngiz Mütəllimova. Bununla o,
səhnəmizi, eyni zamanda da könüllərimizi
fəth etməyi bacardı. Gülnardan əvvəl də rollar yaratdı, ondan sonra da
adlı-sanlı obrazlara imza atdı. Amma bilmirəm, teletamaşanın
kütləvi nümayişi
səbəbindənmi, ya
Gülnarın bütün
xarakterik çalarlarıyla
Firəngizin daxili dünyasını
təlatümə gətirməsindənmi,
rol məşhurlaşdı,
aktrisa tamaşaçıya
istədiyini çatdıra
bildiyi üçün
məmnun qaldı. Məhz 80-ci illərin sonlarında ekranlaşdırılan,
Aslan Qəhrəmanovun
qələmindən çıxan
“Bağışla”, “Səndən
xəbərsiz”, “Səni
axtarıram” adlı
tamaşa-trilogiya sanki
Firəngiz Mütəllimovaya
sənət kimliyi bəxş elədi, ifa özəlliklərini təsdiqlədi. Hətta adını bilənlərə
əsl adını unutdurdu, adını bilməyənlərə (təbii
ki, o zamanlar
Firəngiz xanım yenicə tanınmağa başlayırdı) bu isimlə tanıtdırdı.
Övladına Gülnar
ismi verənlərin sayı artdı. Sonralar aktrisa Nazanın (“Yad qızı”, R.N.Güntəkin)
acınacaqlı taleyinı
göz yaşı pərdəsinə bürünərək
canlandırdı. Bu obraz bir qədər
Gülnarın tamaşaçı
qəlbində qazandığı
mövqeyə təsir
göstərsə də,
onu tamamilə üstələyə bilmədi.
Elə o zamandan da Firəngiz
Mütəllimova - Yaşar
Nuri oyun-duetinin bünövrəsi qoyuldu.
Firəngiz xanım iyirmi yeddi yaşında
Naxçıvan MR-in,
bir qədər sonra isə respublikanın əməkdar
artisti adına layiq görülür (bu gün artıq
xalq artistidir).
Dramatik teatr prinsiplərinə
arxalanması onun bu səpkili dramaturji materiallarda sənətini
doğrultmağına imkan yaratdı. El
arasında Firəngiz
xanıma bəzən
“göz yaşı ovcunda olan aktrisa”
da deyirlər. Kövrəklik sanki onun ifa emblemidir,
oyun estetikasının
ayrılmaz parçasıdır.
Təbiətindəki həlimlik,
yumşaqlıq aktrisanın
oynadığı bütün
rollara sirayət eləyib. Bu baxımdandır ki, bir çox lirik-psixoloji obrazlara həyat verib. İlyas Əfəndiyev dramaturgiyasının ən
incə, dərin-mənəvi aləmə malik surətləri əks olunub Firəngiz Mütəllimovanın
rollar qalereyasında. Aynur (“Büllur sarayda”) nə qədər nikbin və məğrurdursa, Gülrux (“Şeyx Xiyabani”) bir o qədər tədbirlidir. Mələk
(“Bizim qəribə taleyimiz”) öz cazibəsiylə seçilirsə,
Azadə xanım (“Dəlilər və ağıllılar”) müəmmalı
təbiətiylə yadda
qalır. Bir neçə maraqlı obraz da Anar
dramaturgiyasından bəhrələnib
Firəngiz xanım. Leyla (“Səhra yuxuları”), Sonya (“Sizi deyib gəlmişəm”),
Firəngiz (“Təhminə
və Zaur”) kimi lirik-dramatik xarakterləriylə bir daha özünü sevdirdi tamaşaçısına.
Gülnarın (“Vaqif”,
S.Vurğun) romantik çalarlarıyla aktrisanın ifa
xarakteristikasındakı özəllik bir-birini
tamamlayırdısa, Maralın (“Sənsiz”, Ş.Qurbanov) əzablı
taleyi, oğurlanmış səadəti onun təsvirində təəssüf
və təsirdən yoğrulmuşdu.
Çox rollarını
sıralamaq olar Firəngiz xanımın:
...irili-xırdalı, məhzun, kədərli. Hamısında da diqqətimi çəkən
bir xətt, bir ardıcıllıq müşahidə edirəm
və seyrçi olaraq bu qənaətə
gəlirəm ki, Firəngiz Mütəllimova
sənətinə aqressivlik,
həddsiz emosionallıq
yaddır. Aktrisanın
oyun prinsipi vahiddir: səssiz, ziqzaqsız, bitkin. Hətta ən çılğın obrazların
səhnə təcəssümündə
belə o, hay-küydən, boğazdan yuxarı qışqırıqlardan uzaqdır.
Firəngiz xanım bəzən pıçıltıyla,
bəzənsə aram-asta
tonlu səs effektləri ilə oynamağı bacaran aktrisadır. Səhnə təbiiliyini daima qoruyub saxladığındandır
ki, göz yaşları həmişə
onun ürək yanğısını əks
etdirir.
Firəngiz xanım
C.Cabbarlı adına kinostudiyanın çəkdiyi “Bəyin
oğurlanması” (Telli), “Qaçaq Nəbi” (Sərvinaz),
“Qocalar, qocalar” (Leyla), “İşarəni dənizdən
gözlə” (Sona), “Mənim ağ şəhərim” (Ana)
filmlərinə dəvət alıb və onu bu yöndə
sınamaq istəyən rejissorları zənnində
yanıltmayıb.
Bir dəfə onu komik ampluada seyr etdim. Əli Əmirlinin
qələmə aldığı
“Varlı qadın” tamaşasının premyerasıydı.
O gün mənimçün
Firəngiz Mütəllimova
bir daha kəşf olundu. Düzdür, onun əvvəllər də komediya janrında özünü sınadığını
görmüşdüm: həm
Milli Dram Teatrının
səhnəsində, həm
də televiziya tamaşalarında. Ancaq aktrisanın
yozumunda rolun xarakterindəki komik cizgilərin bu dərəcədə dəqiqliklə
açıldığının ilk dəfəydi ki, şahidi olurdum. Vəziyyətin doğurduğu gülüş
oyunçunun komik məharəti sayəsində
üst-üstə düşür,
tamaşaçıda təəssüf
dolu təbəssüm
yaradırdı. «Təəssüf» ifadəsini
işlətməyim kimsəni
çaşdırmasın. Düşünürdüm ki,
(həm də bu nöqtədə mən tək deyildim) bəlkə elə Firəngiz xanım əsl oyun kodunu indi
tapıb, ola
bilərmi ki, daha dramatizmə söykənən obrazlara
müraciət etməsin?
Nə isə. Şükürlər olsun ki, Azərbaycan teatrının,
tamaşaçısının Firəngiz Mütəllimova
sayaq tapıntısı
var. Bu gün onun əlli yaşını həm sevincimizlə, həm də gizli nisgilimizlə qeyd edirik. Qarabağın qara gözlü
xanımı Firəngiz
Mütəllimova həyatının
bu önəmli məqamını Şuşasız
qarşılayır. Doğum
gününüz mübarək,
Firəngiz xanım! Səhnələrdən əskik olmayasınız.
Ekranlara bəzək olacaq ən mükəmməl sənət əsərlərində
sizi görmək arzusundayıq. Biz sənətin sərgiləndiyi
hər yerdə, hər zaman sizi axtarırıq.
Samirə Səma
Mədəniyyət.- 2009.- 1 may.- S. 6.