Səsin sənət zirvəsi
Cabbar Qaryağdıoğlunun ölümündən
65 il ötür
Bu yaxınlarda Bakıda keçirilən «Muğam aləmi»
Beynəlxalq festival mədəni həyatımızda
böyük hadisəyə çevrildi. Heydər Əliyev
Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
təşkil olunan bu beynəlxalq tədbir möhtəşəm
muğamımızın, bütövlükdə
zəngin mədəniyyətimizin
əsl bayramına çevrildi. Bu muğam bayramında biz çox mətləbləri xatırladıq,
yada saldıq.
Muğam termini - mənşəyinə
görə, məqamla bağlıdır. Orta əsr Şərq
musiqisinin məqam əsaslarını ilk dəfə Səfiəddin
Urməvi sistemə salmış, Əbdülqədir
Marağayi onu daha da təkmilləşdirmişdir.
Azərbaycan
muğamının ən mükəmməl elmi əsasını
isə dahi bəstəkar Üzeyir Hacıbəyov
qoymuşdur. Keçən əsrin 30-cu illərində
görkəmli musiqi xadimləri Qara Qarayev, Niyazi və
başqaları muğamların nota salınmasında
böyük əmək sərf etmişlər.
Azərbaycan muğam
ifaçılığında «Rast», «Şur», «Segah»,
«Çahargah», «Bayatı-Şiraz», «Şüştər»,
«Humayun», eləcə də «Şahnaz», «Mahur-Hindi», «Rahab», zərb
-muğamlardan «Heyratı», «Arazbarı», «Simayi-şəms», «Mənsuriyyə»,
«Qarabağ şikəstəsi», «Kəsmə şikəstə»
və s. geniş yayılmışdır.
Muğam sənətinin
inkişafında xanəndələrdən Səttar, Hacı
Hüsü, Keçəçi oğlu Məhəmməd,
Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan
Şuşinski, Zülfü Adıgözəlov və
başqalarının böyük xidmətləri olmuşdur.
Bu görkəmli musiqi
xadimlərindən biri - muğam
ifaçılığında «peyğəmbərlik zirvəsinə»
yetişən Cabbar Qaryağdıoğlu haqqında söhbət
açmaq istəyirik.
Azərbaycan xanəndəlik
sənətinin ən görkəmli nümayəndələrindən
biri, bəstəkar, musiqi xadimi Cabbar Qaryağdıoğlu
1861-ci il martın 31-də Şuşada anadan olmuşdur. O,
tanınmış xanəndə
Məşədi Qulu ilə birlikdə müxtəlif konsert salonlarında və hörmətli məclislərdə
çıxış etmiş,
şöhrət qazanmışdır.
Böyük sənətkar 1905-ci ildə tarzən Q.Pirimov, kamançaçalan
S.Oqenazaşvili ilə
trio yaratmış,
1906-1912-ci illərdə «Qrammofon»,
«Sport-rekord» və «Ekstrofon» səhmdar cəmiyyətlərinin dəvəti
ilə Kiyev, Moskva və Varşava şəhərlərində
səsini vallara yazdırmışdır.
Cabbar
Qaryağdıoğlu 1935-ci ildə xalq artisti adına layiq
görülmüş, bir qədər sonra «Şərəf
nişanı» ordeni ilə təltif olunmuşdur.
Deyilənlərə
görə, onun atası Məşədi İsmayıl
kişi çox qaraqabaq adam olub və dost-tanışları
həmişə ona irad tutub atmaca atarmışlar ki, niyə
qaş-qabaqlısan, ay İsmayıl, üstünə
çovğun düşüb, qar yağmayıb ki? Beləcə,
İsmayıl kişiyə zarafatyana deyilən
«qaryağdı» sözünü sonralar onun oğlu Cabbar
özünə ləqəb götürüb.
Fövqəladə səs
tembrinə malik olan Cabbar lap kiçik yaşlarından musiqiyə
sonsuz maraq göstərib. O, Şuşada xarrat Qulunun məktəbində
oxumuş, dəstgah, təsnif və el mahnılarını məharətlə
mənimsəmiş, toy-mağarda onları ifa etmiş,
böyük şöhrət qazanmışdır.
Atası əvvəllər
Cabbara musiqi məclislərində iştirak etməyə icazə
vermək istəməyib. O vaxt
qonşuluqda yaşayan
Simirnov familiyalı bir həkim bu işdə balaca müğənniyə
köməklik göstərib,
Cabbar həkimin məsləhəti ilə
özünü xəstəliyə
vurub, həkim də onun atasına
bildirib ki, uşağın xəstəliyi
çox ciddidir, əgər ona oxumağa icazə verilməsə, xiffətdən tələf
ola bilər. İsmayıl kişi həkimin sözlərindən
qorxub və o gündən oğlunun oxumasına icazə verib. Beləcə, Cabbar Qaryağdıoğlu sənət
zirvəsinə uzanan yolda ilk addımlarını
atmağa başlayır,
xanəndəlik sənətində,
demək olar ki, yeni mərhələ
açır; əvvəlki
xanəndələrdən fərqli
olaraq Nizaminin, Füzulinin, Zakirin, Vaqifin, Seyid Əzimin, Natəvanın şeirlərindən istifadə
edərək, buna qədər ifa olunan fars təsnifləri
əvəzinə, Azərbaycan
dilində təsniflər
oxumağa başlayır.
Musiqi mütəxəssisləri
deyirlər ki, «Mənsuriyyə», «Mahur» və «Heyratı»nı Cabbar əmi kimi ifa
edən ikinci xanəndə olmayıb.
Cabbar
Qaryağdıoğludan əvvəlki klassik xanəndələr
- Şahqulu, Mirzə Hüseyn, Hacı Hüsü, Məşədi
İsi, Səttar, Mirzə Məhəmmədhəsən,
Bülbülcan və başqaları musiqi sahəsində
böyük xidmətlər göstərmişlər. Ancaq
Qaryağdıoğlu xalq musiqisini dərindən mənimsəyib
xalqa sevdirməkdə xüsusi məharət nümayiş
etdirmişdir.
Bakıda 1902-ci ildə H.Z.Tağıyev
Teatrında verdiyi «Şərq konserti» Cabbar
Qaryağdıoğlunu daha da şöhrətləndirmiş,
onun adı eldən-elə, dildən-dilə
düşmüşdür.
C.Qaryağdıoğlu
Konservatoriyanın yaradıcılarından biri olmuş, burada
klassik xalq musiqisindən dərs demiş, gənc musiqiçilərin
yetişdirilməsində böyük əmək sərf
etmişdir. Görkəmli sənətkar özünün
yazdığı şeir, qəzəl və
qoşmalarına, həmçinin başqa şairlərin
şeirlərinə 30-dan artıq mahnı bəstələmişdir.
C.Qaryağdıoğlu
F.Şalyapinlə, S.Yeseninlə tanış olmuş, onlarla
dostluq etmişdir. Təsadüfi deyildir ki, məşhur
rus şairi Serqey Yesenin onu «Şərq musiqisinin peyğəmbəri»
adlandırmışdır. Bizim görkəmli xanəndə və müğənnilərimizdən Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Zülfü
Adıgözəlov, Yavər
Kələntərli və
başqaları Cabbar məktəbinin davamçıları
olmuşlar.
Bu gün də muğam
ustalarımız, gənc muğamsevərlər Cabbar əminin
zəngin musiqi dünyasından çox mətləbləri
öyrənir, əxz edirlər. Onu da deyək ki, müxtəlif
mətbuat səhifələrində Cabbar
Qaryağdıoğlunun ecazkar sənəti haqqında yüksək
fikirlər, rəylər dərc olunmuşdur.
«Bakinski raboçi» qəzetinin
27 mart 1938-ci il tarixli sayında oxuyuruq: «Bizim xanəndələrin
atası, respublikanın xalq artisti Cabbar Qaryağdıoğlu
xalq xanəndələrinin musiqi yaddaşının nə qədər
zəngin olduğuna canlı misaldır. Cabbar
Qaryağdıoğlu Azərbaycan
musiqi folklorunun canlı ensiklopediyasıdır.
O, 500-ə qədər müxtəlif
mahnı və musiqi variasiyalarını yadda saxlamışdır».
Cabbar
Qaryağdıoğlu sənətini böyük vəzifə
sahibləri də yüksək qiymətləndirmiş, onun
şəxsiyyətinə hörmətlə
yanaşmışlar. Moskvada Azərbaycan ədəbiyyatı
və incəsənəti
dekadası keçiriləndə
Cabbar Qaryağdıoğlu
orada iştirak etmirmiş. O vaxt Stalin nümayəndə heyətindən soruşub
ki, «Hanı Qafqazın qoca qartalı?» Bir neçə gün sonra isə onun «Şərəf nişanı» ordeni ilə təltif edilməsi barədə fərman imzalayıb. Mir Cəfər Bağırov tez-tez Cabbar Qaryağdıoğlunu
nərd oynamağa dəvət edərmiş.
Görkəmli
musiqişünas G.Vinoqradov yazmışdır ki, ümumiyyətlə,
Qaryağdıoğlunun yaradıcılığını
bilmədən Azərbaycan musiqisinin, muğam və
mahnılarının tarixini yazmaq mümkün deyildir. Görkəmli bəstəkar
Fikrət Əmirov Cabbar Qaryağdıoğlunun
muğamları əsasında
«Kürd-ovşarı»
simfonik muğamının
bir çox təsniflərini yazmışdır.
Unudulmaz sənətkarımız
Bülbül Cabbar Qaryağdıoğludan danışarkən
onu heç kəslə müqayisə
etməməyi tövsiyə
edərək deyirdi: «Cabbar bütöv bir dövlətdir, tarixdir».
Cabbar
Qaryağdıoğlu vaxtilə Elmi Kabinetə 220 mahnı və
təsnifin həm mətnini, həm də musiqisini təhvil
vermişdir. Buna görə
də Üzeyir bəy o vaxt
onu Konservatoriyaya çağırıb ki,
zəhməthaqqı olaraq
10 min manat qonorar versin. Cabbar əmi bu təklifdən bərk inciyib, onu sakitləşdirmək
istəyən Müslüm
Maqomayevə belə deyib: «Bu qoca
vaxtımda xalqın malını oğurlaya bilmərəm. 60 il müddətində 500-ə
qədər mahnı toplamışam. Xoşbəxtəm
ki, onun 300-ə qədərini sizin köməyinizlə yazdırdıq.
Mən bunu gələcək nəsillərin
xeyrinə edirəm».
Cabbar
Qaryağdıoğlu ölümündən bir az əvvəl
övladlarına müraciətlə demişdi: «Ay bala,
hamımız öləcəyik, qalmayacağıq, insan bu
gün var, sabah yoxdur. Sizə bir nəsihətim var, nəbadə mən öləndən sonra məndən ötrü bir dövlət qapısına
xahişə gedəsiniz.
Əgər mən xalqıma, millətimə
bir şey eləmişəmsə, onlar
məni də gəlib tapacaq, sizi də».
Görkəmli
musiqiçi Cabbar Qaryağdıoğlu 1944-cü il aprelin 20-də
Bakıda vəfat etmişdir. Ölümündən 65 il
keçməsinə baxmayaraq, böyük sənətkar indi
də məhəbbətlə xatırlanır, həmişə
xoş xatirələrlə yad edilir.
Sözardı: Azərbaycan
muğamının bəşər mədəniyyətinin
nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya İrs
Siyahısına daxil edilməsi bu bənzərsiz sənət
növünün yüksək dəyərlərə malik
olmasını bir daha sübut edir. Əlbəttə,
muğamımızın bu
hörmətlə, bu
zirvəyə ucalması
onun möhkəm bünövrə üzərində
qərar tutması ilə əlaqədardır.
Bu bünövrəni
yaradanlardan biri də Cabbar Qaryağdıoğlu olmuşdur.
Canalı Mirzəliyev
Mədəniyyət.- 2009.- 1 may.- S. 5.