Ramiz Zöhrabov – 70
Muğamşünaslığın üfüqləri
Azərbaycan musiqi elmində özünəməxsus yeri
olan öncül alimlərimizdən biri, Azərbaycanın xalq
artisti, sənətşünaslıq doktoru, professor Ramiz
Zöhrabovun 70 yaşı tamam olur. Ramiz müəllimin hər
bir musiqişünas üçün masaüstü kitaba
çevrilmiş elmi əsərləri, onun musiqi mədəniyyətimiz
və muğam sənətimiz haqqında dolğun və
maraqlı mühazirələri, onun bir pedaqoq, musiqi xadimi kimi
fəaliyyəti daim diqqət mərkəzində olsa da,
yubiley günlərində bu haqda xüsusi danışmağa
dəyər.
İlk öncə qeyd etmək
lazımdır ki, xalq və professional musiqimizə, bəstəkarlarımızın
yaradıcılığına həsr olunmuş 20
monoqrafiyanın, dərsliyin və 300-dən artıq elmi,
populyar məqalənin müəllifi olan R.Zöhrabovun elmi tədqiqatlarının
başlıca obyekti muğamdır. O, Azərbaycan musiqi elmində
görkəmli muğamşünas - alim kimi
tanınmışdır və onun musiqi elminin bir sahəsi
olan muğamşünaslığın inkişafında
mühüm xidmətləri vardır.
Onun elmi əsərlərinin
siyahısına nəzər salsaq görərik ki, elə
çap olunmuş iyirmi monoqrafiyadan on ikisi muğam sənətinin,
muğam janrlarının öyrənilməsinə həsr
olunmuşdur.
Etiraf etməliyik ki, muğam
ifaçılığı və tədrisi şifahi əsaslara
söykənsə də, muğam janrlarının elmi-nəzəri
tədqiqi not yazısı olmadan mümkün deyil.
Bu baxımdan, R.Zöhrabovun
ilk dəfə olaraq, görkəmli xanəndələrin
ifasından 100 təsnifin nota yazması və onun əsasında
təsniflərin janr xüsusiyyətlərinin və musiqi
dilinin təhlilini aparması, o cümlədən, 9 zərbi-muğamı
xanəndə və sazəndə ansamblının
ifasından partitura şəklində nota yazaraq, onların nəzəri
əsaslarını öyrənməsi diqqətəlayiqdir.
Musiqi sənətimizin kamil
nümunələri olan Azərbaycan muğamlarının nəzəri
cəhətdən öyrənilməsi daim diqqət tələb
edən bir problemdir. R.Zöhrabovun “Azərbaycan
muğamının nəzəri problemləri” kitabı bu
yöndə atılan mühüm addımdır.
R.Zöhrabovun “Muğam” əsərini
isə, sözün əsl mənasında, ensiklopedik nəşr
adlandırmaq olar. Bu kitabın hər səhifəsi, hər
bir sətri böyük bir muğam dünyasını
gözümüz qarşısında canlandırır,
muğam aləminin qapılarını üzümüzə
açır.
R.Zöhrabovun elmi əsərlərini
fərqləndirən iki səciyyəvi cəhəti qeyd etmək
istərdim: bunlardan birincisi, onların əhatəliliyi,
informasiya tutumu, ikincisi isə oxunaqlı dildə
yazılmasıdır.
Hər bir yeni tədqiqatı
ilə R.Zöhrabov muğam sənətinin problemlərini daha
geniş dairədə əhatə etməyə
çalışır. Muğam-dəstgah, zərbi-muğam və
təsniflərdən sonra onun “Azərbaycan rəngləri” tədqiqatı
ilə muğamın bütün janrlarının nəzəri
əsaslarının tam mənzərəsi üzə
çıxmışdır.
R.Zöhrabovun tədqiqat əsərləri
digər ölkələrdə, Rusiyada, Orta Asiya ölkələrində,
o cümlədən, İranın elmi mühitində maraqla
qarşılanmışdır. Belə ki, onun
muğamın nəzəri əsasları ilə bağlı
tədqiqatı xüsusi olaraq fars dilinə tərcümə
olunub, əvvəlcə hissə-hissə jurnallarda, sonra isə
tam şəkildə kitab halında “Azərbaycan modal musiqisi”
(Tehran, 1999) adı ilə nəşr olunmuşdur.
R.Zöhrabovun kitabları haqqında respublikamızın və
xarici ölkələrin alimləri yüksək fikirlər
söyləmiş, bu əsərlər musiqişünaslığımızın
yüksək nailiyyəti kimi qiymətləndirilmişdir.
Ramiz Zöhrabovu alim kimi səciyyələndirən
önəmli cəhətlərdən biri də onun, necə
deyərlər, “kabinetdə oturub tədqiqat aparan alimlərdən”
olmamasıdır. Əksinə, muğamşünas-alimin hər
zaman televiziya ekranlarında, konsert səhnələrində
maraqlı çıxışlarını, mühazirələrini,
verilişlərini izləyirik.
Bu baxımdan son bir neçə
il xüsusilə məhsuldar olmuşdur. Mən 2005 və
2007-ci illərdə Heydər Əliyev Fondu tərəfindən
keçirilən televiziya muğam müsabiqələrini nəzərdə
tuturam. Yeri gəlmişkən qeyd edim ki, bütün dünya
üzrə geniş tamaşaçı kütləsinin diqqətini
özünə cəlb edən bu müsabiqələrin
muğam sənətinin inkişafında, təbliğində,
gənc ifaçılar nəslinin yetişdirilməsində
mühüm rolu oldu. Xüsusilə də bir neçə ay ərzində
davam edən müsabiqələrin televiziya ekranlarından
canlı yayımı zamanı biz nə qədər gözəl
ifalar eşitdik, ustad sözü dinlədik.
Bu il, 2009-cu ilin mart ayında
yaşadığımız muğam bayramı isə beynəlxalq
miqyasda Azərbaycan muğamının, Azərbaycan muğamşünaslığının
təntənəsi idi. Onu da deyək ki, respublikanın musiqi həyatında
möhtəşəm bir hadisə kimi tarixə düşən
“Muğam aləmi” Beynəlxalq Muğam Festivalının
keçirilməsinin zəmini bir neçə il boyunca
hazırlanmışdır.
Azərbaycan dövlətinin
muğam sənətinə diqqət və qayğısı,
Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
təşəbbüsü və rəhbərliyi ilə həyata
keçirilən “Muğam İrs”, “Muğam-Dəstgah”,
“Muğam-İnternet”, “Muğam Mərkəzi”, “Muğam
dünyası”, “Muğam-Antologiya”, “Muğam ensiklopediyası”
kimi irihəcmli layihələr sayəsində XXI əsrin əvvəllərində
Azərbaycan muğamı öz intibah dövrünü,
dirçəliş dövrünü yaşamağa
başladı. Bu layihələrin həyata keçirilməsinə
görkəmli sənətkarların, yüksək səviyyəli
mütəxəssislərin cəlb olunması da onların
uğurunun rəhni oldu.
Təsadüfi deyildi ki, həmin
günlərdə də biz Ramiz Zöhrabovu, necə deyərlər,
daim hadisələrin mərkəzində - Beynəlxalq
Muğam Festivalı çərçivəsində
keçirilən elmi simpoziumda, muğam müsabiqəsində
və digər tədbirlərdə gördük və
eşitdik. R.Zöhrabovun musiqişünas kimi elmi
yaradıcılığının bir qolu da təhsil və
maarifçiliklə bağlıdır. Vaxtilə onun Teleradio
Verilişləri Şirkətində müəllifi və
aparıcısı olduğu “Bəstəkarlarımızın
portreti”, “Sənətə həsr olunmuş ömür”,
“Poeziya və musiqi”, “Romans axşamı” və xüsusilə
“Xalq musiqisi inciləri” silsiləsindən “Muğam sənəti
haqqında”, muğam dəstgahlarına həsr edilmiş
verilişlər tamaşaçı yaddaşına həkk
olunmuşdur. Bu verilişlərdə R.Zöhrabov musiqinin rəngarəng
sahələrinə dair dəqiq məlumatları, sənət
aləminin sirlərini sadə və anlaşıqlı tərzdə
tamaşaçıya çatdırır ki, bu da təbii
olaraq, xalqın estetik zövqünün və bədii
dünyagörüşünün inkişafına xidmət
edir.
R.Zöhrabov eyni zamanda,
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında
pedaqoji işlə məşğul olur. İndiki
musiqişünaslar nəslinin əksəriyyəti Ramiz müəllimin
tələbəsi olmuşlar. R.Zöhrabov, həmçinin
bir çox musiqişünasların diplom işlərinin,
magistr və namizədlik dissertasiyalarının elmi rəhbəri,
doktorluq dissertasiyalarının elmi məsləhətçisi
olaraq, öz tədqiqat metodikasını onlara
aşılayır və öz ardıcıllarını
yetişdirir.
Ramiz müəllimin pedaqoji əməyinin
bir bəhrəsi də istedadlı musiqişünas, musiqi
elmində ilk addımlarını atan öz qızı Leyla
Zöhrabovadır və inanırıq ki, Leyla onun elmi-tədqiqatçılıq
yolunun layiqli davamçısı olacaq.
R.Zöhrabov uzun illərdir
ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi
kafedrasına rəhbərlik edir. O, kafedranın həm
yaşlı, həm orta nəslə mənsub, həm də gənc
üzvləri ilə çiyin-çiyinə
çalışır, professor-müəllim heyəti daim
onun diqqət və köməyini hiss edirlər.
R.Zöhrabov pedaqoji fəaliyyətində
tədrisin keyfiyyətinin yüksəldilməsinə
xüsusi diqqət yetirir. Bu cəhətdən onun tərtib
etdiyi tədris proqramları, yazdığı dərs vəsaitləri
və dərsliklər çox qiymətlidir. Təsadüfi
deyil ki, ona Azərbaycan Respublikası Təhsil Nazirliyinin
Elmi-Metodik Şurasının “İncəsənət” bölməsinin
sədrliyi həvalə edilmişdir. Hal-hazırda isə
R.Zöhrabov Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyasının Sənətşünaslıq
və Memarlıq üzrə Ekspert Komissiyasının sədri
kimi də uğurla fəaliyyət göstərir.
Bir yaradıcı şəxsiyyət
kimi R.Zöhrabov bəstəkar kimi də qələmini
sınamışdır. Onun xalq çalğı alətləri
orkestri üçün süitaları, müxtəlif məzmunlu
mahnıları məşhur müğənnilər, uşaq
xoru və solistlər tərəfindən ifa olunmuşdur. Bəstəkarlığa
olan meyli R.Zöhrabovun musiqişünaslıq fəaliyyətində
də hiss olunur. Belə ki, onun Azərbaycan bəstəkarlarının
yaradıcılığına daim diqqət yetirməsi elmi
yaradıcılığının mühüm yönünə
çevrilmişdir. Onun bu qəbildən olan “Bəstəkarlarımız
haqqında söz”, “Bəstəkarlarımızın portreti”
kitablarında Azərbaycan bəstəkarlarının dəqiq,
incə ştrixlərlə yaradılmış portretləri
geniş oxucu kütləsinə ünvanlanmışdır.
Ramiz Zöhrabov 20 ilə
yaxındır ki, Azərbaycan Bəstəkarlar
İttifaqının İdarə Heyətinin katibi vəzifəsində
çalışır və ittifaqın plenumlarının,
festivalların, yubiley gecələrinin, müəllif konsertlərinin,
elmi konfransların keçirilməsində və bu tədbirlərin
dövri mətbuat səhifələrində
işıqlandırılmasında onun əməyi və təşkilatçılıq
bacarığı xüsusi qeyd olunmalıdır.
Elmi
yaradıcılığı ilə Azərbaycan
muğamşünaslığının üfüqlərini
genişləndirmiş alim, muğam sənətinin təbliğatçısı,
maarifpərvər ziyalı, pedaqoq, musiqi xadimi Ramiz müəllimə
böyük yaradıcılıq nailiyyətləri, elmin daha
yüksək zirvələrini fəth etməyi
arzulayırıq.
Cəmilə Həsənova
sənətşünaslıq namizədi,
Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının professoru
Mədəniyyət.- 2009.- 1 may.- S. 3.