Rəhman Əlizadənin
«Pyeslər» kitabının
təqdimatı keçirildi
Aprelin 28-də Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin təşəbbüsü ilə
M.Qorki adına mərkəzi Səyyar Kitabxana Fondunda dramaturq,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar
incəsənət xadimi, prezident mükafatçısı Rəhman
Əlizadənin yeni çap olunan «Pyeslər» kitabının
təqdimatı oldu.
Tədbiri M.Qorki
adına MSKF-nin direktoru N.Ələkbərova açdı. O,
Rəhman Əlizadənin
dramaturq kimi çağdaş ədəbiyyatımızdakı
rolundan danışdı.
Əsərlərinə olan
tamaşaçı məhəbbətinin,
oxucu marağının
böyük olduğunu
xüsusi qeyd etdi: «Dramaturqun əsərlərinin işıq
üzü görməsi
onun yaradıcılığını
sevə-sevə izləyən pərəstişkarları
üçün bir töhfədir. Bu gün yazıçının
«Pyeslər» kitabı oxuculara təqdim olunur. Əminik ki, bu kitab
oxuculara yazıçının
yaradıcılığı ilə daha yaxından
tanış olmaq imkanı verəcəkdir».
Ədibin ilk kitabı «Komediyalar» adı ilə 2008-ci ildə nəşr olunub. Bu kitaba dramaturqun
müxtəlif illərdə
qələmə aldığı
və uzun zaman bir çox
teatrların səhnəsini
bəzəyən yeddi
komediyası - «Laləli
düzən», «Kəndimizin
narları», «Dadaşbala
əməliyyatı», «Doğmalar»,
«Günah», «Dünyanın
axırı», «Əbləhlərin
toyu», 2009-cu ildə çapdan çıxan «Pyeslər» kitabına isə 12 əsəri - «Alın yazısı», «Arsız»,
«Ay dəli...», «Diqqət, başlayıram!»,
«Don Kixot Abşeronski», «Hamam-hamam içində», «İnkiri
əvəzedən», «Kişilər
qayıdanda», «Məkrlilərin
vəkilləri», «Sabah
çoxdan başlanıb»,
«Uzunqulaq», «Vicdansız»
daxil edilib. Təqdimat mərasimində
çıxış edən
sənət adamları
dramaturqun yaradıcılıq
dəst-xəttindən
söz açdılar
və kitabın nəşri münasibətilə
yazıçını təbrik
edərək ona yeni yaradıcılıq uğurları arzuladılar.
Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin rəisi Əlikram Əliyev sənətkarların əsərlərinə
olan marağı, bu əsərlərin müasir dövrümüzlə
səsləşməsinin təzahürü
kimi qiymətləndirdi
və kitabın nəşri münasibətilə
ədibi təbrik etdi.
Sonda Rəhman Əlizadə
tədbirin təşkilatçılarına və
iştirakçılarına öz təşəkkürünü
bildirdi.
Fərahim Dünyamalıoğlu
Mədəniyyət.- 2009.- 1 may.- S. 2.