Qarabağ
gürcü ədəbiyyatında
“Qarabağ və ədəbiyyat”
mövzusunda yazarkən hələlik biz dünyanın diqqətini
bu kontekstdə yaradılan ədəbi əsərlərimizlə
cəlb edə bilmədiyimizi qeyd etməyə məcburuq. Nə
müharibə mövzusunda, nə də ermənilərin
iddialarının əsassızlığı yönündə
yetərincə güclü bir ədəbi əsərin
adını çəkə bilmərik. Yazılanlar isə
dünya oxucusunu təmin edəcək səviyyədə
deyil. Bəzən bizim yazarlar erməni iftirasının əsrlərlə
davam etməsinə baxmayaraq, bu məsələnin gərəyincə
ədəbiyyatımızın obyektinə çevrilməməsini
“zamana ehtiyacın” olması ilə əlaqələndirirlər.
Digər tərəfdən biz xarici müəlliflərin “erməni
xəstəliyini” ifşa edən əsərlərini də
dünyada lazımi səviyyədə təbliğ etmirik. İndiki
dövrdə qondarma və bədnam Qarabağ problemi ətrafında
söz-söhbətin ardı-arası kəsilmədiyi, min
cür fırıldaqlar işlədildiyi, erməni millətçilərinin
ucbatından günahsız qanlar töküldüyü, erməni
daşnaklarının Dağlıq Qarabağı Ermənistana
birləşdirmək fikrindən hələ də əl
çəkmədikləri bir zamanda xüsusi aktuallıq kəsb
edən “Qarabağlı Qaçaq Aslan bəy” poeması
haqqında danışmaq yerinə düşərdi. XIX əsrdə
çar mütləqiyyətinə qarşı mübarizənin
formalarından biri olan qaçaqçılıq, Zaqafqaziyada,
Rusiyada və digər ərazilərdə geniş
yayılmışdı. Bu hərəkat
yazıçılara, o cümlədən gürcü ədiblərinə
də mövzu verirdi. Onlar Azərbaycanda
qaçaqçılıq hərəkatını xüsusi
diqqətlə izləyir, öz ədəbiyyatlarını qəhrəmanlıq
mövzusunda əsərlərlə zənginləşdirirdilər.
Zurab Antonov məhz belə etmişdi. Onun yaratdığı
“Koroğlu” pyesində Koroğlu surəti gürcü səhnəsində
xalqın havadarı olan, onun azadlığı uğrunda bəylərə
və xanlara qarşı vuruşan ilk qəhrəman idi. Georgi
Dvanadzenin ondan təxminən iyirmi il sonra yaratdığı
Qaçaq Aslan bəy surəti də gürcü xalqında mərdlik,
ədalət hissləri təlqin etmək məqsədi
güdürdü. Poema hər cür sərvətlə zəngin
olan, göz işlədikcə uzanan, tarlaları, pambıq və
yun, ipək və düyü, arpa və buğda, kilim və
xalça kimi məhsulları, köhlən atları ilə
şöhrət tapmış Qarabağın tərifi ilə
başlayır. Poemada Qarabağın yalnız türklərin
doğma yurdu olduğu göstərilir. Bu əsər XIX əsrdən
boylanan tutarlı fakt kimi Dağlıq Qarabağda indi ermənilərin
çoxluq təşkil etdiyindən ağzı köpüklənə-köpüklənə
danışanlara, qondarma erməni soyqırımını
canfəşanlıqla tanıyanlara və tanımaq istəyənlərə,
Qarabağ müharibəsi zamanı öz pulu ilə tank
alıb ermənilərə göndərən və
özü demişkən, Ermənistanın qərbində-Fransada
yaşayan Şarl Aznaura, bir də onların okeanın o
tayındakı havadarlarına tutarlı cavabdır, özgə
torpağında “öz müqəddəratlarını həll
edib” torpaqla birlikdə Ermənistana qovuşmaq
xülyasında olanlara xəbərdarlıqdır.
Gürcü şairi
Qarabağın əsrarəngiz gözəlliyinə,
füsunkarlığına vurğundur. O yazır ki, ceyranlar,
cüyürlər sürüsünü görəndə
insan dərdini unudur, təbiətin gözəlliyindən intəhasız
ləzzət alır. Bu diyar öz igidləri ilə məşhurdur.
Georgi Dvanadzeni, hər şeydən əvvəl, bu məsələ
maraqlandırır, Qarabağda
qaçaqçılığın qəhrəmanlıq
işi olduğunu, insan ləyaqətinin onunla
ölçüldüyünü göstərir: «Bilməsə
qaçaqlıq hər hansı oğlan, Qızlar ötüb
keçər eləsindən yan». Aslan poemada mərd, cəsarətli,
qəhrəman, bəylərə qanudduran qaçaq kimi təsvir
edilmişdir. Yeri-yurdu qalın və keçilməz meşələr
olan bu igid üç dəfə həbsxanadan
qaçmışdır. Onu yenidən tutmaq son dərəcə
çətindir, çünki sərrast atəş
açmaq ustasıdır, başına topladığı dəstə
güclü və qorxmazdır. Çar mayoru Qriqoryev və
Qarabağ xanı Şirxan bu dəstəyə qarşı
mübarizədə son dərəcə zəif
görünürlər.
“Qarabağlı
Qaçaq Aslan bəy” poeması gürcü ədəbiyyatında
qəhrəmanlıq mövzusunda yazılmış qiymətli
əsərlərdən biridir. Bizim üçünsə
tariximizə nəzər salmaqdan, keçmişimizə
qayıtmaqdan ötrü əvəzsiz ədəbi abidə,
qiymətli mənbədir. Burada Qarabağ xanlığı,
İbrahim xan, Cavanşir xan haqqında söhbət gedir. Bunlar
tarixi şəxsiyyətlərdir. Çox ehtimal ki, Aslan bəyə
qarşı mübarizədə aciz olan, qaçağı
yalnız hiylə işlətməklə ələ
keçirməyə çalışan çar zabiti - mayor
Qriqoryev də jandarm idarəsində xidmət etmiş
adamdır.Belə olduğu halda, Aslan bəy surətini
sırf şair təxəyyülünün məhsulu hesab
etmək düzgün olmazdı. Aslan bəy Qaçaq Nəbidən
və Qaçaq Kərəmdən əvvəl
yaşamış, xalqın azadlığı uğrunda
mübarizə aparmış tarixi şəxsiyyətdir. Poemada
Azərbaycanın Rusiyaya birləşdirilməsinin ilk
dövrləri, yəni XIX əsrin 30-cu illəri təsvir
edilir. Qarabağda ermənilərdən əsər-əlamətin
olmaması, rusların bir azərbaycanlı
qaçağın öhdəsindən gələ bilməmələri
və s. dediyimizi sübut edir. Gürcü şairi Aslan bəy
surətini yaratmaq və onu gürcü ədəbiyyatında
xalqın azadlığı uğrunda mübariz kimi təsvir
etməklə öz xalqında da qəhrəmanlıq və vətənpərvərlik
hisslərini oyatmaq məqsədi güdmüşdür.
Fikrimcə, poemanın
müxtəlif dillərə tərcümə edilib
yayılması günün ideoloji səsinin eşidilməsinə
xidmət edərdi.
Sabutay
Mədəniyyət.- 2009.- 6 may.- S. 12.