Kinomuzun Kərbəlayisi
Adil Rza oğlu İsgəndərov
Gəncədə doğulub. Mayın 5-də, 1910-cü ildə...
1928-ci ildə Bakı Teatr Məktəbinin rejissor-aktyor
şöbəsinə daxil olub. Tələbə ikən milli
teatrın tamaşalarında epizodik rollarda
çıxış edirdi. 1931-ci ildə o, Teatr Məktəbini
bitirib və dostu Cəfər Cabbarlının tövsiyəsi
ilə Moskvada Dövlət Teatr Sənəti İnstitutunun
rejissorluq fakültəsinə daxil olub. 1936-cı ildə Adil
İsgəndərov təhsilini bitirdikdən sonra Akademik Milli
Dram Teatrına təyinat alıb. 1938-ci ildə akademik teatra
baş rejissor, daha sonra bədii rəhbər təyin olunub. 1954-cü
ilə kimi bu vəzifədə işləyib. 1960-cı ildə
isə uzun çəkən intriqaların nəticəsində
nəinki işindən, hətta teatrdan
uzaqlaşdırıldı. Amma bütün bu illər ərzində
o, «Adil İsgəndərov teatrı»nı yaratdı. Onun monumental realist teatr məktəbi bütün
sferalarda ayrı bir nəsil yetişdirdi. Aktyorları
(Ələsgər Ələkbərov,
Hökumə Qurbanova,
Leyla Bədirbəyli,
Rza Əfqanlı, Məlik Dadaşov, Əjdər Sultanov, Həsənağa Salayev...),
dramaturqları (Səməd
Vurğun, Mehdi Hüseyn, Sabit Rəhman, İlyas Əfəndiyev, Ənvər
Məmmədxanlı), rejissorları
(Şəmsi Bədəlbəyli,
Məcid Zeynalov, Səftər Turabov, Əliheydər Ələkbərov
və Əşrəf
Quliyev), rəssamları
(Nüsrət Fətullayev,
İsmayıl Axundov, Bədurə Əfqanlı,
Əsgər Abbasov) və bəstəkarları
(Qara Qarayev, Səid Rüstəmov, Fikrət Əmirov, Cahangir Cahangirov) teatr həyatı ilə sıx bağladı. 30-dan çox
tamaşaya quruluş verdi və bununla
da monumental realist teatr
məktəbini formalaşdırdı.
1938-ci ildə hazırladığı
«Vaqif» tamaşası Azərbaycan səhnəsində
min dəfədən çox
oynanılıb. O, milli
teatrı akademik səviyyəyə çatdırdı.
Akademik adını da rəsmən özü təsdiq etdi ( 18 dekabr 1959) və teatr fəaliyyətində
ciddi nizam-intizam yaratdı. (Məsələn,
suflyoru ləğv etdi). Ən başlıcası Adil İsgəndərov Milli
Dram Teatrında güclü
kollektiv formalaşdırdı.
«Fərhad və Şirin», «Aydın»,
«1905-ci il», «Xoşbəxtlər»,
«Nişanlı qız»,
«Mehdi Hüseyn», «Nizami», «Cavanşir», «Vəfa», «Şərqin səhəri», «Bahar suları», «Otello» və s. tamaşaları Akademik Milli Dram Teatrının parlaq səhifələridir.
Teatrdan
uzaqlaşmağı Azərbaycan teatr sənətinə
ağır zərbə oldusa da, kino bu zərbədən
yararlandı. Teatrdan uzaqlaşdıqdan sonra «Azərbaycanfilm»
kinostudiyasında sıravi rejissor işləməyə
başladı.
1966-cı ildə
kinostudiyanın direktoru oldu.
Eyni zamanda, bir çox
filmlərimizdə müxtəlif səpkili rolları ilə
yadda qaldı. Əlbəttə, kinoda ən şah obrazı Kərbəlayi İsmayıl
(«Axırınıcı aşırım»)
idi. Bu filmdə Adil İsgəndərovun aktyorluq istedadı bütün filmin bədii parametrini müəyyənləşdirir, onun istiqamət xəttini təyin edir. 1963-cü ildə onun rejissorluğu ilə «Əhməd haradadır?» filmi çəkildi. Səthi konflikti olan süjeti çox məharətlə seçilmiş
aktyor heyəti əla bir filmə
çevirdi. Ən xırda epizodlara qədər hər bir şey ölçülüb-biçilmişdi.
Adil İsgəndərov
kinostudiyada direktor olduğu dövrdə «Yeddi oğul istərəm»,
«Nəsimi» kimi filmlər çəkildi. Rejissor
özünün çəkildiyi filmlərdə ən
müxtəlif səpkili obrazları çox böyük məharətlə
yaradıb.
1958-ci ildə Bakı Kinostudiyasında «Uzaq sahillərdə» filmi çəkilir. Adil İsgəndərov bu filmdə Rossolini obrazını yaradıb. Onun ifasında bu təkəbbürlü
alman zabiti soyuqqanlı və hiyləgər birisi idi. «Romeo mənim qonşumdur» (1963, rej. Şamil Mahmudbəyov) filmində isə Adil İsgəndərov qonşulardan birini -
professor Quliyevi oynayır.
Rolun sadə həll variantına üstünlük verdiyindən
bu obraz o qədər də gözəçarpan olmadı.
Məişət janrında
olan bu kinokomediya
Rauf Hacıyevin eyniadlı operettasının
motivləri əsasında
çəkilmişdi.
1968-ci ildə Muxtar Dadaşovun
çəkdiyi «Qanun naminə» filmində Adil İsgəndərov
Kamilov obrazını yaratdı. Onun yaratdığı Hatəmxan
ağa obrazı («Dərviş Parisi partladır» 1976, rej. Şamil Mahmudbəyov) zahirən Kərbəlayiyə
bənzəsə də,
iddiaları onun qədər deyil. Hatəmxan ağanın yeniliyə münasibətində
bir arxayınçılıq
var.( Bu arxayınçılıq sonradan təşvişə
çevriləcək: Kərbəlayi
İsmayıl Şura
hökumətinin narahatçılığına
tuş gələcək).
Hatəmxan ağa isə üzündəki ağayana toxluq ifadəsi ilə hələ ki, hər şeyə normal yanaşır. Tərəqqiyə
meyillidir. Şahbazı
Parisə buraxır.
Kərbəlayi
İsmayıl («Axırıncı aşırım»)
obrazında Adil İsgəndərov rola psixologizm əlavə
edir. Onun gərgin
tərəddüdləri daha
köklü və dərindir - quruluş yerli-dibli dəyişir. O,
öz qayda və dəyərlərinin
köhnə kimi qırağa atılması
ilə barışa bilmir. Qəlyanını doldura-doldura həm də fikirlərini «eşir». Kərbəlayi kökündən qopmaq istəməyən «kötük»dü və axırıncı aşırım
Abbasqulu bəyin, Xəlilin öldüyü
aşırım deyil,
bu aşırım elə Kərbəlayinin özüdür.
Konflikt film boyu Kərbəlayinin xarakteri ilə müşayiət olunur. «Axırıncı aşırım» filmində
Kərbəlayini Yusif
Vəliyev səsləndirib.
Bu səs Kərbəlayi
obrazını dəqiq
tamamlayır. Kərbalayi-Abbasqulu
bəy-Qəmlo münasibətlərinin
müstəvisində qərar
tutan konflikt bu xarakterlərin toqquşmasında da öz həllini tapır. Abbasqulu bəylə Kərbəlayinin
arasında əsl bəylərə məxsus
bir inam var. Onların dəyərləri
hələ də qüvvədədi: Abbasqulu
bəy Kərbəlayiyə
arxayındı ki, silah götürməyib. Şura hökuməti də məhz Abbasqulu bəyi Kərbəlayinin yanına
göndərib. Çünki
o, həm də Yadullanın müsibətində
Kərbəlayiyə dayaq
olub. Adil İsgəndərovun Kərbəlayi
İsmayılı axırıncı
aşırımdan o tayda
qaldı. Sonrakılarsa
sosializm realizminin cavan və çılğın
qəhrəmanları olacaq.
Kərbəlayi həm də
Azərbaycan kinosunun şah obrazlarından biridi.
Adil İsgəndərovun kino sənətimizdə xidmətləri bununla bitmir. O, kinomuzun milli kadrlarla təminatında (rejissor,
operator, ssenarist) böyük
işlər gördü.
Öz aktyorlarımızın
filmlərə çəkilmələri
üçün ciddi
inzibati və yaradıcı işlər
görməklə yanaşı,
əsaslı reformalar
apardı.
Adil İsgəndərovun
ölümündən 27 il ötür. Amma bu ölüm
axırıncı aşırım deyil.
Aytək
Mədəniyyət.- 2009.- 6 may.- S. 10.