Bir ömrün hekayəti
Bir zamanlar Dəllər-Cəyirə
aparan yol şamlıqdan keçirdi. Əsgər kimi
sıralanmış boylu-buxunlu sərv ağacları gəlib-gedəni
eyni məğrurluqla qarşılayıb elə də yola
salmağındaydı. Zamanında bu tərəflərin
adlı-sanlı, sanballı kolxoz sədrlərindən olan
atası Oruc müəllim əkdirmişdi bu ağacları.
Sonra bu ağaclar qocaldılar, kimlərsə onları
qırıb-tökdülər,
doğrayıb-çatdılar. Daha Dəllər-Cəyirin
yolu şamlıqdan başlamır, amma hər şey necə
vardısa eləcə də onun yadındadır. Bu
yaddaşdı, gah aşkarda, gah yuxularda onu çəkib
torpağının, çiçəyinin, otunun,
arısının, balının, südünün iyi hələ
də burnundan çəkilməyən, dədəsinin-anasının,
baba-nənəsinin dəmir torlu çarpayısının
cırıltısı qulaqlarında səslənən
doğma məkana səsləyir.
Hər şey elə
burdan - adı da özü qədər doğma olan Dəllər-Cəyirdən
başladı. Ordan başlayıb, dönüb-dolanıb yenə
o yerlərə qayıdır. Başlanğıcını
saflıqdan, paklıqdan, düzgünlükdən,
doğruluqdan, sadəlikdən, mənəvi zənginlikdən,
millilikdən götürən bir ömür hekayətini
danışmaq, sıradanbir xanımın necə ağır
yükün altına girib tarixin yaddaşından silinməkdə
olan sənətkarların əl işlərini hansı
qayğıyla qoruduğunu anlatmaq o qədər də çətin
deyil mənim üçün. Amma
danışdıqlarını səsində, sözündə
yaşatmaq, yaşada-yaşada danışmaq üçün
Şəfəq xanım olmaq, ən azından
topladığı sərvətə onun qədər
vurğun olmaq gərəkdir. Məmləkətinə, yurduna,
elinə, nəslinə, doğmalarına, sevimli məşğuliyyətinə
bağlı olan bir qadın, ana, vətəndaş, duyğulu
insanın söhbəti daha şirin, təsirlidir.
Bu varlığıyla
acılara qalib gələn bir ömür hekayətidir. Onu qəhrəmanımın
özü danışacaq. Bizim tərəflərin şirin
vurğulu, 30-40 illik paytaxt həyatının, xarici səfərlərin
bir damcı da dəyişdirə bilmədiyi şirin ləhcəsiylə.
Bu yerdə mənə tək qəhrəmanımı təqdim
etmək qalır. İxtisasca rus dili müəllimi olan, mis
qablar kolleksiyaçısı, millidən-milli Azərbaycan
qadını Şəfəq xanım Qurbanova. Şəfəq
xanımın yaşadığı mənzilinin zirzəmisində
«məskunlaşan» şəxsi muzeyində iki-üç əsrlik
tarixi olan 400-dən çox eksponat toplanıb. Ümumilikdə
onun qədim əşyalardan ibarət sərvətinin,
avropalılar buna «antikvar» deməyi sevirlər, sayı beş
yüzə çatır. On beş ilin ömür
tapıntılarıdır onlar.
Əziz oxucu, səni mis
qablar sərrafı Şəfəq Qurbanovayla baş-başa
buraxıb səssizliyə çəkilirəm. İstəyirəm
onun kolleksiyası ilə tanışlıqdan sonra məndə
oyanan duyğular sizdə də yaransın. Birbaşa söhbətdə
o gözəlliyə vurğunluğun, yorulmaq bilmədən
çalışmanın şahidi olasınız.
Dünya durduqca duran sərvət
Uşaqlıqdan rəfiqələrimdən
fərqlənmişəm. Həmişə məni qədim,
tarixi məkanlar, abidələr, əşyalar, avadanlıqlar
özünə çəkib. İndi də belədir.
Dünya malında gözüm yoxdu, amma bircə qabım itsə,
korlansa yer-göy başıma fırlanar, el-aləm
dağılar. Hərdən tanış xanımlarla bir yerə
yığışanda onların söhbətlərindən
yorulur, «ay qızlar, gəlin indi də mənim qablarımdan
danışaq»-deyirəm. Bu qabların hər biri barədə
ən əziz, doğma adamım qədər danışa bilərəm.
Onlar mənim ən böyük, dəyişməz,
bölünməz sevgim, zənginliyim, yaşamım,
daş-qaşım, var-dövlətim, geyimim,
yaraşığım, bər-bəzəyim, ətrimdir. Hərəsinin
öz hekayəti var-harda «doğulub», kimin əlindən
çıxıb, kimin xatirəsini özündə
yaşadıb, kimlərdən sığal görüb, kimlərə
yoldaşlıq edib, uzaq ellərə sürgündən necə
can qurtarıb...
Mənim mis qablar
toplamağımın (çoxları buna muzey deyir, amma mən
o zaman bu fikirlə razılaşaram ki, min bir əziyyətlə,
xərclə topladığım sərvət millətimə
xidmət etsin, insanlar onları görsünlər, zövq
alsınlar) bir səbəbi uşaqlıq arzumu gerçəkləşdirməkdirsə,
o biri mədəni irsimizə, tariximizə, keçmişə
bağlılığım, onu qorumaq arzumdur. Mən əski
olanı yüksək dəyərləndirirəm.
Xalqımızın mədəni irsini qorumaq üçün
bu işə məhz misgərlərimizin əl işlərinin
Türkiyə, İran, Suriya, Avropa, Amerika sərhədlərini
aşdığı çağlarda başlamışam. Ən
qədim, nadir eksponatlar, təkrarsız nümunələr var
onların arasında. Bir iş ustanın əlindən bir kərə
çıxır, sonra onu tam təkrarlamaq
mümkünsüzdür. Sənət əsərinin dəyəri
də bununla ölçülür, məndə belə
nümunələr çoxdur. 238 yaşlı, təmiz,
aşılanmış dəridən hazırlanan
çırağın dünyada tayı-bərabəri yoxdur.
Mis qazanlar, dəmir sandıqlar, məcməyilər, sərpuşlar,
otaq manqalı, qablama, piyalə, kasalar, badələr, su,
süd sərnicləri (bu sərniclərə «bəxtəvər»
də deyirlər), güyümlər, əl suyu qabları,
sapılcalar, bal qabları, küplər, meyvə qabları, tərəzilər,
gülabdanlar, güldanlar, şamdanlar, təkqulplar,
qırxaçarlar, camlar, ədviyyat qabı, ayrıca bir
guşədə samovarlar, qayınanamdan qalma çarşab, gərdək
örtüyü - sayı da çoxdur, çeşidi də.
Böyük ədibimiz Mirzə Fətəli Axundovun şəxsi
seyfini çox böyük qayğıyla qoruyuram. Yemək
süfrəyə veriləndə soyumasın deyə qapaq kimi
işlənən sərpuşlarım gözəldir, gözəl.
Keçmişdə xanımların hamama gedərkən
işlətdikləri mis çantanın, sandığın hərəsi
bir yaraşıqdır. Xanımdan qabaq onun əşyaları
hamama daşınarmış. Xanım mis məcməyinin
üstündə əyləşərmiş, paltarları
çantada qorunarmış, bəzək əşyaları,
qır-qızılı sandığa yığılıb
qıfıllanarmış. Mən bu dəsti çox sevirəm,
o mədəniyyətimizin zənginliyinin göstəricisidir.
200-250 yaşı var. Mis qablar sağlamlıq
üçün əvəzsizdir. Çox istərdim Novruz
bayramlarının birində bu mis qablarda bir
yaraşıqlı süfrə açım - bir süfrəyə,
bir mətbəxə, azı 24 qonağa çatası
qabım var. Kabab misdən hazırlanmış otaq
manqalında, plov məcməyidə, su piyalədə, şərbət
öz qabında-gözəl olardı.
Qarış-qarış gəzdiyim ellər
Bu qabları Azərbaycanın
müxtəlif bölgələrindən, Qərb ellərindən,
əsasən Şərq ölkələrindən
toplamışam. Elə qablar var, nə zamansa əcnəbilər
bizimkilərdən alıb ölkələrinə
aparıblar, rastıma çıxıb, alıb
qaytarmışam. Altı-yeddi il əvvəl İçərişəhərdə
gözüm bir mis dolçanı tutmuşdu. Onu Fransa səfirinin
xanımı da almaq istəyirdi, mənim kimi gedib-gəlirdi.
Bir gecə səhərəcən gözümə yuxu getmədi.
Çox düşündüm, sanki bir an geciksəydim bu
gözəllikdən biryolluq məhrum olacaqdım, qədim
dolça fransız xanımının sərvətinə
çevriləcəkdi. Səhərin gözü
açılmamış mağazaya gəlib onu aldım.
Sonradan öyrəndim ki, səfirin xanımı ilə aramda
beş-on dəqiqənin fərqi olub, mən irəli
düşmüşdüm. İrandan, Türkiyədən
qablar alıb gətirmişəm. Azərbaycanın
bütün rayonlarının misgərləri məni
yaxşı tanıyır, kolleksiyamı zənginləşdirməkdə
yardımçı olurlar. Bəzən aylarla mənim
adıma qab saxlayır, xəbər göndərirlər gedib
alıram. Tək-tək satanlar da olur. Bəzən qədim bir
qab rastıma çıxır, gözüm tutur, əldə
etməsəm, əl çəkmirəm. Sahibini dilə tutur,
qarşılığını ödəyir, onu alıb gətirirəm.
Sonra onlara Şəmsəddin
ustanın «qızıl» əlləri dəyir, toz
basmış qablar yaraşığa minir. Bu qabların hərəsinin
öz tarixçəsi, yaddaşı var.
Çoxlarının üstündə tarixi var, dəyərli
sözlər yazılıb, astronomik şəkilləri,
şeirlər yazılanları var. Bir sandığımın
üstündə belə yazılıb: «Allahın nəzdində
heç bir sirr ola bilməz, heç bir sirr axıra qədər
qala bilməz».
Hərdən
tanış xanımlar məni qınayırlar ki, mis qab
özündə keçmiş sahibinin həyatını,
taleyini, ruhunu yaşadır, bunun düşər-düşməzi
olar. Onlarla razılaşmıram, çünki mən bu
qablara ikinci həyat verir, onları alıb-gətirir, xərc
çəkib təzələyir, təzədən
ömür verir, qayğıyla qoruyuram. Səhərlərim
onlarla açılır, gecələrim onlarla bitir, bu sevgi
qarşılıqlı olmaya bilməz. Dünyanın
çox ölkələrini gəzmişəm, heç yanda
belə gözəllik, əbədilik görməmişəm.
Əbədidən əbədi dünya
Hərdən Nostradamusun
dünyanın axırı barədə söylədikləri
yadıma düşür. Belədə qəribə hisslər
keçirirəm. Bilirəm ki, nələr yaşanır
yaşansın, mənim qablarım hələ məndən
sonra da çox-çox illər yaşayacaq. «Mənim
qablarım» - deyirəm, mənim qablarım bizim tariximizdir.
Qorunmağa, yaşadılmağa haqqı olan tariximiz. Vətənimin
bir parçasıyam, millətimin vurğunuyam-bundan
qürurlanıram. Bir yol Amerikada olanda küçədə
ayaqüstü nahar etməli olduq. Küçə ticarətçisi,
qaradərili satıcı əcnəbi olduğumuzu bilib
kimliyimizlə maraqlandı. Azərbaycandan olduğumuzu öyrənəndə
satdığı malın dəyərində güzəşt
elədi. Maraqlanıb niyəsini soruşduq: «Çünki erməni
deyilsiniz» - cavabını aldıq. Bu cavab mənə
dünyaları verdi. İnanın dəfələrlə mənə
kolleksiyamı satmaq barədə təkliflər edilib,
demişəm, «bir milyon da verəsiniz, satmaram, bunlar mənim həyatımın
yaraşığıdır». Bircəciyini də vermərəm,
ürəyim partlayar. Bu qablar qiymətsiz sənət əsəridir.
Qiymətsiz tablolar olur, bax elə. Qabları
yığdığım otağın baş tərəfində
təzə bir rəsm alıb asmışam. Bizim Dəllər-Cəyirdəki
həyətimizi, evimizi xatırladır. Eyvandakı elə bir
Qafar babam, atam, anamdır. Hər səhər bu rəsmə,
qablara baxmaq üçün zirzəmiyə enir, onlara
tamaşa eləməkdən yorulmur, azı bir günlük
stimul alıram. İndilikdə kolleksiyamın kataloqunu
hazırlayırıq. Burda hər qabın tarixi, ustası,
alındığı məkan, xarakterik xüsusiyyətləri
barədə ətraflı bilgi olacaq. İndən belə
xarici səfərlərdə bu kataloqu təzə
tanışlara bağışlaya biləcəm. Çox istərdim
bütün qablarımı ayrıca muzeydə toplaya bilim.
Gözəllik göz üçündü, tarix yaddaş
üçündü-bunlar bir ailənin sərvəti
olmamalıdır. Mən istəyirəm millətimə
xoş olsun. Xarici ölkələrdən gələn turistlər
də bu gözəllikdən zövq alsınlar. Azərbaycandan
daha zəngin təəssüratla qayıtsınlar.
İnşallah, gün gələr bu arzuma da yetərəm.
Onsuz da həyatda bütün istəklərimə
addım-addım çatmışam, Tanrının qismətinə
naşükürlük edə bilmərəm. Gün gələr,
şəxsi muzeyim də olar.
Son söz əvəzi:
Şəfəq xanımın nəvəsi - Fatimə
böyüyür. O, nənəsinin, babası
Şahsuvarın ağızlarının dadı,
başlarının tacıdır. Nənəsinin zəngin
kolleksiya sırasında, necə deyərlər, Fatimənin də
öz yeri var. Şəfəq xanım deyir ki, əminəm
ki, o, mənə, nənəsinə oxşayacaq. Mənim
kolleksiyama ömür və həyat verəcəkdir. Bax beləcə,
nəsillərimizin yaratdıqları, yaşatdıqları
milli-mənəvi sərvətlərimiz etibarlı əllərdən
etibarlı əllərə keçəcəkdir.
Fimar Qazıyeva
Mədəniyyət.- 2009.- 6 may.- S. 8.