Uğur
Elçinin «Şekspir» tragikomediyası «Üns»
Yaradıcılıq Səhnəsində
Tamaşa başlayır. Hər birini bir
ağxalatlının ağır-ağır
dartdığı ikitaylı qapının hansı bir
dünyaya açıldığı hələ səhnənin
özü kimi qaranlıq, baş verə biləcək hadisələr
isə böyük sual altındadır. İlk
baxışdanca əla rejissor və rəssam işinin
işartıları görünür. Tamaşaçı əvvəlcədən
özünü qeyri-adi bir süjet üçün
hazırlayır. Çünki əsərin adının
özü də sualdır: - «Şekspir». Qapılar Ruhi Xəstəliklər
Klinikasına açılır. Bura balaca bir dünyadır.
Bu balaca dünyada isə böyük dünyamızın, bəşəriyyətin
az qala yarandığı gündən üzləşdiyi
problemlərin həlli axtarılır.
Ruhi Xəstəliklər
Klinikasında müalicə olunan (əslində burada kimin kimi
müalicə etdiyi sonra məlum olacaq) insanların hər
birinin öz dünyası var. İkihissəli tragikomediyada
personajların sayı o qədər də çox deyil. Səkkiz
nəfər aktyorun təqdim edib, yaratdıqları səhnə
təəssüratı isə olduqca böyük, qoyulan
problem isə bəşəri və əbədidir;
İnsanın insana sevgisi və məhəbbəti, bir də
onun inamı. Elə bu inamın nəticəsidir ki,
özündə həm ər, həm arvad
cütlüyünü gəzdirən, özünə xəyali
bir ər uyduran (əməkdar artist Ayan Mirqasımova) Ər-Arvad
axırda hamilə olur. Bioloji cəhətdən mümkün
olmayan hadisə baş verir. Qadın heç bir əks cinslə
münasibəti olmadığı halda, tamaşanın sonunda
hamilə qalır. Bu, İNAMın qələbəsi idi.
İNAM varsa, mümkün olmayan da mümkündür. Fəlsəfəsinin
təntənəsi. «İnsanlar, bir-birinizə inanın» deyir,
Ər-Arvad.
Əsəri xalq
yazıçısı, görkəmli dramaturq Elçinin yaradıcılığa
başladığı vaxtdan bu günədək təkrar
olunan uğurlarının böyük davamı kimi qiymətləndirmək
olar.
Müasirlik, millilik,
tarixilik kimi yüksək amalların qabardıldığı
Elçin yaradıcılığında bu dəfə bəşəriliyin
daha da geniş şəkildə önə çəkildiyinin
şahidi oluruq. Yer adlı planeti ölkələrə, şəhərlərə
ayırıb, sərhədlər
çəkməyin mənasız
olduğunu deyən
«13»ün Bangerprangür
planetindən gələn
bəni-insanın monoloqu dəlilərin ağıllılara dərsidir.
Tamaşanın ən
maraqlı surəti olan 13 obrazını əməkdar artist Firdovsi Atakişiyev məharətlə yaradır.
O, hər dəfə səhnədə görünəndə
tamaşaçı sanki
özünü yeni bir ovqata kökləyir
və ona diqqətlə qulaq kəsilir.
Tamaşadakı
ağıllılar (tibbi personal) da bu dəlidən doğru xəbər
gözləyirlər.
Veneralı (xalq artisti
Raiq Əliyev) Yerə - insanlar arasına gəldiyindən sanki
peşmandır. Onun bir obraz kimi
nə alovlu monoloqu var, nə
çılğın hərəkətləri
. Gah mat-məəttəl oturub xəyallara dalır, gah da əllərini
göyə qaldırıb,
heykəlsayağı oraya-uzaq
ulduzlara, Veneraya baxır. Hərəkətləri
ilə «mən sizə doğru can atıram, sizsizəm , mən bu bəni-insanlar
arasına niyə düşmüşəm» deyir.
Tamaşadakı obrazlar öz tale və
həyatlarının nəğməsini
oxuyurlar. Amma hərə özünəməxsus.
Stalin (əməkdar artist Cəfər Əhmədov) elə yenə də həmin Stalindir. Köhnə dünyası
ilə yaşayır.
Onun tez-tez «Yoldaş Sara Bernar!» deməsi bu gözəllik və sənət ilahəsini bezdirir. «Mənə «yoldaş» deməyin» deyə etiraz edir. Stalin
isə «insan cəngəllik qanunları
ilə idarə olunur» deyir. İllər, min illər keçir, insanlıq köhnədən
təzəyə, xırdadan
aliyə çox ləng bir sürətlə
gedir. Bu problem əsərdə olduqca uğurlu qoyulub.
Səhnə tərtibatı
yorucu deyil. Fonda hər bir aparıcı hadisənin öz görüntüsünün təsviri
yaradılır. Stalinin
xəstəxana geyimindəki
ağ şalvarı boyu uzanan qıpqırmızı
lent tamaşaçıya
haqsız axıdılan
qan çaylarını
xatırladır. Bu baxımdan əməkdar incəsənət xadimi, rəssam Nüsrət Hacıyevin verdiyi tərtibat modern bir təsir bağışlayır və
Azərbaycan teatr səhnəsi üçün
ənənəvi deyil.
Ruhi xəstələr məhəbbətdən
zövq ala bilirlər, xəyalən də olsa ülvi hisslər
yaşayırlar. Ər-Arvadın heç nədən hamilə olması da bununla bağlıdır. Sara Bernar əsərin
ən maraqlı, ovqat yaradan, müsbət emosiya verən, gözəlliyə,
ülvililiyə, məhəbbətə
səsləyən obrazıdır.
Bu füsunkar səhnə və sənət ilahəsi Şekspiri, onun «Romeo və Cülyetta»sını bir qu nəğməsinə çevirir. Dramaturq, Şekspirin «Romeo və Cülyetta»sını əsərin aparıcı xəttinə
çox ustalıqla çıxarmaqla, sənət
və gözəlliyi
ön xəttə çəkir. Tragikomediyanın
əsas qayəsi budur: dünyanı sevgi və sənət,
insanın insana inamı, gözəllik və məhəbbət xilas edəcək. Renessans dövrünün
Şekspiri, əslində
özündənəvvəlki və özündənsonrakı
epoxaların sənət
və məhəbbət,
gözəllik və səadət güvəncidir.
Əsərin adı da məhz buna
görə «Şekspir»dir. Stalin əməllərinin
qurbanı və ölüsü, Şekspir
isə amallarının
və sənətin əbədisidir. Stalinin tövbəsinin dəlilər
tərəfindən qəbul
edilməməsi də
olduqca təbii görünür. Günahlar
yuyulsa da, qanlar yuyulmur.
Sara Bernar, 13, Ər-Arvad
obrazları təkcə balaca mikroaləmi lərzəyə
salmır. Əslində,
bu, cahanı lərzəyə gətirəcək
bir diktədir.
Dəlilər ali hisslərdən,
müqəddəs amallardan danışdıqları halda,
ağıllılar, (onlar tamaşada tibbi personaldan ibarətdir)
xırda hisslərlə yaşayır, qeybət qırır,
baş həkimin üzünə gülüb, dalınca
danışırlar. Həkimin, tibb işçisinin gözləri
ruhi xəstələrin
əllərindədir. Hətta,
zavallı insanların
sosiska, yumurta payından oğurlayıb
evlərinə aparıb,
ailələrinə yedizdirirlər.Dramaturq burda publisistik bir tonda danışır.
13-ün üsyanı belələrinə
qarşıdır. Elə
buna görə də tragikomediya həm də sosial dramdır.
Xırda hisslərlə
yaşayan bu insanların başçıları - baş həkim
də xırdaçılığa qapılıb tibb
işçisinin gündə oğurladığı 3-4
sosiskanın hesabını aparır. Nə üçün
baş həkim vəzifəsini tutduğuna cavab tapa bilməyən
bu insan, bu dünyada niyə yaşadığına da cavab
tapa bilmir.
Baş həkim (xalq
artisti Məbud Məhərrəmov ) on yeddi ildir bu vəzifədə
çalışır. Burada da tamah
və mənfəət
beyinləri korlamaqdadır.
Sıravi həkimin isə (əməkdar artist Sənubər İsgəndərova) ayrı
amalı yoxdur, gözü baş həkimin yerində, bir də göydəndüşmə
bir məhəbbət
axtarmaqdadır. Fərqi
yoxdur, o necə olur-olsun. Bircə kişilik funksiyasını yerinə
yetirə bilsin. Sara Bernarı isə
yad planetin ülvi insanı daha çox cəlb edir.
Bir tərəfdə
ali, bəşəri hisslər, gözəllik, məhəbbət
və sənət, o biri qütbdə xırda məişət
qayğıları, dedi-qodu, qeybət, başqasının tikəsinə
göz dikmək, varlanmaq, var-dövlət hərsliyi...
Dəlilər tədricən ağıllıları
dəyişdirib kamilləşdirə
bilirlər. Baş həkim
getdikcə saflaşır,
müalicə etdiyi insanların dünyasına
qovuşur. Əslində onda sağalma gedir. Buradakı dəlilər Servantesin
dəliləri kimi sərsəm danışmırlar.
Əgər «Don Kixot»dakı dəli «Pərt olmayın mənim ağam, bu dəlinin sözlərinə də baş qoşmayın, çünki əgər
o, Yupiter olub sizə yağış yağdırmasa, mən də sular allahı
Neptunam, mən nə qədər lazım olsa və nə vaxt istəsəm yağış yağdıraram».
«Şekspir»dəki
dəlilər isə mehriban və səmimidilər.Bir-birlərinə dərin hörmət və məhəbbətləri
var. Tamaşadakı ağıllılar
isə, təəssüf
ki, bu keyfiyyətlərdən
uzaqdırlar. Buradakı dəlilər
nə oğrudurlar, (əməkdar artist Fuad Osmanov) nə də kimsənin payına göz dikirlər. Tibb işçisi «Mən
bir də xəstələrin yeməklərindən
oğramayacağam» deyir.
Durulma və xarakter dəyişkənliyi baş
tutur. Tamaşanın
bədii rəhbəri,
professor Nərgiz Paşayevanın,
rejissor, əməkdar
incəsənət xadimi
Bəhram Osmanovun, xalq yazıçısı,
görkəmli dramaturq
Elçinin qarşıya
qoyduqları istək uğurla öz həllini tapır. Amma bu hamısı deyil. «Bəşəriyyət
gözəlliyə, sevgiyə,
sənətə vurğunluqla
qayıtmasa, faciə ilə qarşılaşacaq»
deyir, bu gözəl tamaşanı
«Üns» Yaradıcılıq
Səhnəsində ərsəyə
gətirənlər. Finala
yaxın bütün iştirakçıların «Sara, Sara, Sara Bernar!» deyə
səsləndikləri anın
sevinci isə sonsuz və əbədi bir təsir bağışlayır.
Fəlsəfi-psixoloji ovqat tamaşaçını
xeyli müddət düşündürür.
Sonda klinikanın açılan
qapıları bağlanır.
Tamaşa bitir. Amma belə
bir bəşəri mövzunun uğurlu qoyuluşu və problemin yüksək sənətkarlıqla həlli
«Şekspir» üçün
dünya teatr səhnəsinin açılacağı
bir ümiddən xəbər verir.
Taleh Həmid
Mədəniyyət.- 2009.- 6 may .- S. 5.