O, elin oğlu idi
1980-ci ilin yayıydı. Lənkəran
teatrı Lerikə qastrol səfərinə gəlmişdi. Həftədə
iki tamaşa göstərilirdi. Hər dəfə mədəniyyət
sarayı tamaşaçılarla
dolub boşalırdı.
Pərdə enəndən
sonra da tamaşaçılar zalı
tərk etmirdilər. Dayanıb aktyorları gözləyirdilər. Onlar
sənət adamları
ilə görüşüb
söhbətləşir, tamaşalar
barədə təəssüratlarını
bölüşür, aktyorları
evlərinə qonaq dəvət edirdilər.
Tamaşaların başa çatmasına iki-üç
gün qalmış aktyorları rayon qəzetinin
redaksiyasına dəvət
etdik. Teatrşünas
Balaşirin Eloğlu
(Əliyev) ay ərzində
Lerik rayonunda göstərilən tamaşalar
haqqında danışdı.
Teatrın baş rejissoru, əməkdar incəsənət xadimi mərhum Məbud İsmayılzadə, gənc
aktyorlardan Qabil Quliyev, Böyükxanım
Əliyeva, Baba Rzayev, Nəcibə Hüseynova Lerik tamaşaçılarının
teatra sonsuz maraqlarından söhbət
açdılar. Balaşirin
müəllimin hər
tamaşa barədə
yerli mətbuatda dərc edilmiş yazılarını, söylədiyi
mülahizələri bəyəndiklərini
bildirdilər…
Balaşirin Eloğlu Lerik rayonunun Kəlvəz kəndində doğulmuşdu.
Bu abad kənd özünün din xadimləri,
sənətkarları, elm adamları
ilə hələ ötən əsrin əvvəllərindən tanınırdı.
Atası Mehman kişi halal zəhməti ilə külfətini dolandırıb.
Əlinin halal zəhməti ilə yaşayan Mehman kişi qanlı-qadalı otuz yeddici ilin
repressiya qurbanlarından
olub.
Ömür-gün yoldaşı
tutulandan sonra ailənin ağırlığı
Bacı xalanın üzərinə düşüb.
O, dörd övladına
həm ana, həm ata olub.
Təzyiqlər, dövrün
haqsızlığı, ağır
güzəran ipək
xasiyyətli ananın
iradəsini qıra bilməyib. Əllərinin
qabarı, alnının
təri ilə uşaqlarını böyüdüb.
Həmyaşıdları arasında
güclü mütaliəsi
ilə seçilən
Balaşirin şeir də yazırdı. Az keçmədi imzası respublika qəzetlərində, yerli
mətbuatda görünməyə
başladı. Şair
İslam Səfərli
onun şeirlərini oxuduqdan sonra yazmışdı: «Balaşirin
Eloğlunun şeirlərindən
dağ havasının
ətri gəlir. Oxuduqca adamın qəlbini rahatlandırır».
B.Eloğlu qələmini
satirada da sınamışdı.
Sənətə məhəbbəti
Balaşirin Eloğlunu
Azərbaycan Dövlət
İncəsənət İnstitutuna
gətirdi. Aydın Qaradağlı,Sabutay Quliyev
kimi sənətkarlarla
bir kursda oxudu, görkəmli teatrşünaslardan dərs
aldı.
Ötən əsrin yetmişinci illərində
Lerik rayonunda kinonun təbliği çox aşağıydı.
Bu sahə səriştəsiz
adamlara tapşırılmışdı.
Respublika səviyyəli
tədbirlərdə belə
rayon kino birliyinin fəaliyyəti tənqid olunurdu. Rayon rəhbərliyi
vəziyyəti yaxşılaşdırmaqdan
ötrü Balaşirin
Eloğlunu birliyin direktoru təyin etdi. O, bu çətin
işdə 23 il çalışdı. Xeyli
avadanlıq və nəqliyyat aldı. Kənd klublarını kino qurğuları ilə təchiz etdi.
Aradan üç il keçəndən sonra birlik respublikada
nümunəvi təsərrüfata
çevrildi, gəliri
artdı, özünü
maliyyələşdirdi. Kino tamaşaçılarının sayı 2-3 dəfə artdı. Azərbaycan kinosu ən ucqar dağ kəndlərində təbliğ
olundu. Balaşirin müəllim rayonda ən nüfuzlu ziyalılardan biriydi. İctimai həyatda fəal mövqeyi, kəsərli sözü ilə seçilirdi. Aramızda yaş fərqi olmasına baxmayaraq, biz dost idik. Böyük qardaş kimi məndən öz məsləhətlərini
əsirgəməzdi. Xeyrə,
şərə bir gedər, çətin anlarda bir-birimizə dayaq olardıq.
1991-ci ilin əvvəllərində
Balaşirin Eloğlu bu dünyayla vidalaşdı.
Xeyirxah əməllər sahibi olan eloğlumuzun
ruhu qarşısında
yerinə yetirə bilmədiyimiz bir borcumuz qalıb. El-obada dillər əzbəri olan şeirlərini yaxın vaxtlarda kitab şəklində çap
etdirmək niyyətindəyik.
Həmzə Vəliməmmədov,
Lerik rayonu
Mədəniyyət.- 2009.- 6 may.- S. 5.