«Kapustnik»lər
Onda böyük
həqiqətlər var
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində
hər il səhnələşdirilən, təkcə musiqi
ictimaiyyəti dairəsində yox, bütün respublika məkanında
məşhurlaşmış «Kapustnik» adlı məzhəkəli
sənət bayramındayam.
Bir neçə ildir ki,
məktəbin direktor müavini Sona İbrahimovanın parlaq
dramaturji istedadı sayəsində «Kapustnik»lər təşkil
olunur. İllər ötdükcə bu tamaşanın
şöhrəti məktəb hüdudlarından kənara
çıxmış, incəsənətdə və cəmiyyətdə
baş verən dəyişikliklərə, çatışmazlıqlara
qarşı etiraz səsini yüksəldən müxtəlif
aktual mövzulu tamaşalar hazırlanmış və
“Kapustnik”lərin auditoriyası genişlənmişdir.
Hər il aprelin
ortalarında keçirilən bu gülüş
bayramının əsas mövzusu müasir dünyada
hamını narahat edən və gündəmdə olan
dünya iqtisadi böhranına həsr edilmişdir. Musiqili görüntülü
vodevil kimi təqdim edilən bu səhnələri müəllif Sona İbrahimova «Odlu öpüş və ya De kapo
Finne-siz» adlandırmışdır.
(De kapo və Fine ifadələri musiqi terminləri olub başlanğıc və son deməkdir)...
Səhnədə baş verənlərin əsas hədəfi uydurma Qərb-Şərq-Bakı-Bülbul (məktəb) kəməri
kimi təqdim edilərək «Qaynar qazan», «Bəxtəvər olduq», «Antikrizis mərkəzi», «Məclisi-məsləhəti-məşvərət»
adı altında dörd bölümdə canlanır. Bu səhnələr
bir-birinin ardınca hərəsi bir rəmzi məna daşıyaraq müasir dövrdə yaşadığımız
iqtisadi və siyasi problemləri gündəmə gətirir
və məzəli qəhrəmanlarının dili
ilə bizi əhatə edən cəmiyyətin problemlərini,
ifrat eybəcərliklərini
kəskin satira atəşi ilə qılınclayır. Səhnədə
baş verənlərin
məna dərinliyinə
vardıqda süjetin bir o qədər də mürəkkəb, anlaşılmaz olmadığı
aydın olur. Çünki satira atəşinə tutulan, səhnədən bizi öz sehrinə alan mövzular, problemlər hər gün televiziya ekranlarından, mətbuat səhifələrindən müşahidə
etdiyimiz və həyatda rastlaşdığımız
həqiqətlərdir. Ancaq
elə təsəvvür
yaranırdı ki, hamıya bəlli olan acı həqiqətlər
sanki ilk dəfə söylənilir, birinci dəfə eşidilir.
Tamaşaçı ilk
epizoddan müəllifin nəyə görə əsərini
hamının diqqət mərkəzində olan və
dünyanın çox hissəsinin yaşadığı
böhrana həsr etməsini «Loxəbər
carçısı»nın dilindən eşidir: «Avropada krizis
baş alıb gedir. Krizis sunami kimi Azərbaycandan
Tamaşanın ümumi
məramı və məqsədi elə ilk «qaynar Qazan» səhnəsində
açıqlanır. Səhnədə
baş verən vur-çatlasında dünyada
hökm sürən xaos, hər şeyin-mənəvi və
mədəni dəyərlərin
silaha tabe olması, güclünün
zəif üzərində
amansız qələbəsi,
incəsənətin ümumləşdirilmiş
obrazı kimi təqdim edilən dahi Verdinin Traviatasının
füsünkar səsinin
silahla susdurulması, Hüseyn Cavidin Kor Ərəbinin bütün müsəlman
dünyasının simvolu
kimi mənafeyinin boğulması, hakimiyyətləri
ilə amansız müharibələr, haqsızlıq,
dağıntılar gətirmiş
diktatorlar olan Napoleon,
Stalin, Hitler kimi obrazların
tamaşaçı önündə
canlandırılması, ölkə
başçılarının müasir dünyanın xəritəsi üzərində
bölgü aparması,
bankların bir-bir özünü bankrot elan edərək partlaması güclü dramaturji vasitələr, səhnə hərəkəti
ilə çatdırılır.
«Füzuli» kantatasının
ecaskar ahəngi, dahi Füzulinin «Fələklər yandı
ahimdən...» sözləri
ilə hamıdan kömək, imdad diləyən müəllif
insanları azanın tükürpədici sədaları
ilə sanki dinə, imana, ülviyyətə səsləyir.
Təsvir edilən dünya xaosundan çıxış yolunu
müəllif sülhün,
təmizliyin, paklığın
rəmzi kimi təqdim etdiyi, səhnədə bütün
bu qarma-qarışıqlığı
uşaq məsumluğu,
təbəssümü ilə
seyr edən kiçik qızcığaz
obrazında tapır. Dünyanı heç cür bölüşdürüb
qurtara bilməyən prezidentlərin əlindən
bu qızcığaz oraya-buraya fırladıb-hərlədikləri
Qlobusu alır və kiçik əlləri ilə onu bərk-bərk qucaqlayaraq sanki paklığın, məsumluğun
hər şeyə qalib gələcəyini bəyan edir.
Tamaşanın II səhnəsi
«Bəxtəvər olduq»
adlandırılmışdı. Qorxan Hikmətoğlunun sözləri ilə müəllif krizisi satira atəşinə tutur: «Əcəba millət, gör dünyada nələr baş verir. Qırırlar bir-birini qırılmışlar. Amerikanın
qara günləri başlayıb. Avropanı
krizis yıxıb sürüyüb. Krizis bir sümük olub qalıb Avropanın boğazında.Qalıblar
əlim yandıda. Gəlib bizlərdən öyrənmək istəyirlər.
Başlarına talan tökülür».
Tamaşanın
«Antikrizis mərkəzi» adlı III səhnəsinin məzəli
qəhrəmanları olan Fəvvarə, Katibə,
Gülüstan, Balağa, Primadonnalar kimi obrazların dili ilə
müəllif mədəniyyətimizdə, milli ayinlərimizdə,
məclislərimizdə hökm sürən
bayağılığa, hoqqabazlığa,
zövqsüzlüyə qarşı çıxır. Bununla,
sanki o, salondakıları, ümumiyyətlə bütün
insanlığı saflığa, imana, düzgünlüyə,
şəffaflığa, min illərlə tarixi olan müqəddəs
ənənələrimizi qoruyub saxlamağa
çağırır.
Müəllif böhran barədə öz müşahidələrini səhnəyə girişində belə ifadə edir: «Təbiət Amerikaya qarşı olduqca qəddar və məkrlidir. Asiyanı şeytan özü idarə edir. Cinayətkarlıq Rusiyanı öz əlinə alaraq, onu poeziyanın vətənindən kriminal məkana çevirib. Türkiyə isə görüşlər keçirir, təhlükəli bəyanatlarla çıxış edir. Yalnız kiçik, dözümlü, ana kimi təvazökar, bəy kimi varlı, ahu kimi gözəl, filosof kimi ağıllı, ürəyiyumşaq, öz isti öpüşlərini hamıya bəxş etməyə hazır olan Müdrik Azərbaycan əllərini Arazın bu tayından o biri tayına uzadaraq, əsrlərin dərinliklərindən müdrikcəsinə gülümsəyir və deyir: Vətənimdir, Vətənimdir, Vətənim»
Bununla sanki müəllif
tamaşasının ümumi
ideyasını, məramını
bəyan edir.
Tamaşanın bu hissəsində
bir ümumiləşdirilmiş vətən obrazı kimi
olduqca dəqiq və həssas dramaturji boyalarla təsvir edilən,
vətənimizin, adət-ənənələrimizin,
soy-kökümüzün simvolu kimi təqdim edilən “Analar
anası” Mömə ilə tanış oluruq. Yalnız sonuncu hissədə təqdim edilməsinə baxmayaraq, bu obraz özündə
olduqca böyük məna yükü daşıyaraq tamaşanın
əsl simvoluna çevrilir. Mömə -
ümumiləşdirilmiş Azərbaycan obrazı olaraq nəinki artıq həddi-buluğa
çatmış övladlarını,
hətta uydurma «Qərb-Şərq-Bakı-Bülbül» adlı neft kəmərini də nəzarətdə saxlayır
və bu kəmərin gətirəcəyi
mənfəətdən «Donmuş
Avropa»nın, «Kriminal Rusiya»nın, «Emosional Türkiyə»nin, «Məkrli Amerika»nın yararlanmaq istəyinə qarşı
çıxır.
Müəllif belə
hesab edir ki, ənənələrimiz, etik və estetik
normalarımız və mənəviyyatımız üzərində
heç bir böhran hakimlik edə bilməz. Tamaşanın əvvəlində
vətəndaşlıq mövqeyinin
əsasını dünya
xəritəsini əlləri
ilə qucaqlayıb bağrına basan, paklıq simvolu olan qızcığaz obrazında qoyan müəllif, süjet boyu ideyasını, məramını inkişaf
etdirərək Mömə
obrazının monoloqu
ilə belə tamamlayır: «Biz varıq ona görə ki, yurdumuz qədimdir,
ona görə ki, bulaqlarımız sərindir, ona görə ki ənənələrimiz dərindir,
ailələrimiz möhkəmdir,
böyüyün sözü
ötkəmdir. Qoruyun
bu sərvəti, bu eli-obanı, bu dili, əcaib-qəraib
millətlərə satmayın
bütün bunları.
Quru çörək
yeyin, ancaq öz çörəyinizi
yeyin, quru torpaqda yatın, ancaq öz vətən
torpağınızda, Vətən
anadır, müqəddəsdir”.
Tamaşanın musiqi tərtibatı
da böyük zövqlə
hazırlanmışdır.Dünya, Azərbaycan klassik və
estrada musiqisi süjetə uyğun olaraq, vikinqlər, snayper,
şkurnik, esmarx, mərsiyə xorları şəklində təqdim
edilir.Seçilən musiqi parçaları vasitəsilə
müəllif səhnədə yaradılan komik situasiyaları
bəzəyir, aktyor oyunu və musiqi arasında üzvi
harmoniya yaradaraq tamaşada yüksək ahəngdarlığa
nail olur.
Bülbül adına
Orta İxtisas Musiqi Məktəbində keçirilən bu sənət
və gülüş bayramında Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov, Musiqi
Akademiyası, Milli Konservatoriyanın rəhbərləri, bir
sıra təşkilat və qurumlara rəhbərlik edən
mötəbər şəxslər, bəstəkarlar, alimlər,
rejissorlar, ictimai xadimlər iştirak etmişlər.
Səadət Səfərova,
sənətşünaslıq namizədi
Mədəniyyət.- 2009.- 6 may.- S. 3.