Dəyərli nəşrlər...

 

Məlumdur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev zəngin irsini və siyasi məfkurəsini təşviq edən Heydər Əliyev Fondu ölkəmizdə yüksək bəşəri ideyaların həyata keçirilməsinə dəstək verir. Fəaliyyət göstərdiyi 5 il ərzində həyata keçirdiyi bir sıra önəmli tədbirlərin miqyası ilə cəmiyyətdə böyük ictimai nüfuz qazanmış Heydər Əliyev Fondu insanların ümid, pənah, xeyirxahlıq ünvanına çevrilmişdir. Fond tərəfindən çoxsaylı mədəniyyət layihələrinin həyata keçirilməsi Azərbaycan xalqına xas olan mənəvi-əxlaqi dəyərimizin, mədəni irsimizin qorunmasına və daha da zənginləşdirilməsinə xidmət edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında fondun nəşrləri, kitablar, bukletlər, albomlar, filmlər, video və audio materiallar müstəsna əhəmiyyət kəsb edir.

 

Oxuculara məlumdur ki, 2004-cü ildən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən maraqlı kitablar nəşr olunur, 2005-2007-ci illər ərzində Fondun dəstəyi ilə «Görkəmli şəxsiyyətlərin həyatı» silsiləsindən Azərbaycan, rus, ingilis və fars dillərində «Heydər Əliyev» kitabı nəşr edilmişdir. 2008-ci ilin noyabr ayında dahi şəxsiyyətin kəlamları toplanmış ikicildlik «Heydər Əliyev. Müdrik fikirlər» kitabı işıq üzü görmüşdür.

Bakı şəhərində Azərbaycanın dahi şəxsiyyətlərinin dəfn olunduğu, xarici ölkələrdən gələn qonaqların üz tutduqları bir ziyarətgahımız var - Fəxri Xiyaban. Əvvəllər bu müqəddəs ziyarətgah haqqında müəyyən məlumata malik olmaq ehtiyacı duyulurdu. Bunu nəzərə alaraq Heydər Əliyev Fondu 2007-ci ildə nəfis tərtibatla «Fəxri xiyaban» kitabını nəşr etməyi qərara aldı. Azərbaycan və ingilis dillərində hazırlanmış bu gərəkli kitab Heydər Əliyevin həyatı haqqında məqalə ilə açılır. Sonrakı digər materiallar isə ensiklopedik məlumat xarakteri daşıyır.

Fond tərəfindən həyata keçirilmiş layihələr sırasında 2006-cı ildə «Qarabağ həqiqətləri» bukletlər toplusunun nəşri xüsusi əhəmiyyətə malikdir. Topluda Qarabağın tarixi, Ermənistan - Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin başlanması, onun nəticəsində ölkəmizə dəyən maddi və mənəvi ziyan, Xocalı faciəsi, ermənilərin dünyanın mıxtəlif ölkələrində törətdiyi terror aktları haqqında faktları əks etdirən və ingilis, fransız, alman, rus, macar dillərində nəşr olunmuş bukletlər bir çox xarici ölkələrdə yayılmışdır.

Həmin ildə nəşr olunmuş «Müharibə və tarixi-mədəniyyət abidələrimiz» kitabında Azərbaycanın işğal olunmuş ərazilərindəki ziyarətgahlar və tarixi-mədəniyyət abidələri haqqında ətraflı məlumat verilir.

Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs edən «Azərbaycana qarşı müharibə, mədəni irsin hədəfə alınması» kitabı 2007-ci ildə ingilis dilində nəşr edilmişdir. Kitaba işğal olunmuş rayonlarımızın hər birində mədəni sərvətlərimizin siyahısı, xəritələr, həbelə Ermənistan ərazisində və işğal altındakı bölgələrimizdəki tarix və mədəniyyət abidələrimizin əvvəlki və indiki vəziyyətini əks etdirən videomateriallar əlavə olunmuşdur. Həmin nəşrdə erməni vəhşiliyi nəticəsində dağılmaqda olan abidələrimiz haqqında da müfəssəl məlumat və rəngli şəkillər verilmişdir.

Heydər Əliyev Fondu Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrinin xarici ölkələrin oxucularına çatdırılmasına çalışır. 2005-2008-ci illər ərzində Linda Li Rattonun «Yuxuların çin olduğu yerdə», Murad Adcının «Türklər və dünya: munis tariximiz», S.Frederik Starr və Svant E.Kornellin «Bakı-Tbilisi-Ceyhan boru kəməri: Qərbə açılan neft pəncərəsi», Rudolf İvanovun «Əlahəzrətin general-adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan» kitabları Azərbaycan dilinə tərcümə edilmişdir. Bundan başqa, 2006-cı ildə yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin romanları, hekayələri türk dilində nəşr edilərək oxuculara təqdim olunmuşdur.

2005-2007-ci illər ərzində rus alimi, yazıçı-tarixçi, professor Rudolf İvanovun «Bəyazidin müdafiəsi: həqiqət və yalan», «Əlahəzrətin general-adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan», «Sovet İttifaqı adından» kitabları rus dilində nəşr olunmuş və yayılmışdır.

2005-ci ildə Heydər Əliyev Fondu tanınmış musiqiçilər M.Rostropoviç və xanımı Q.Vişnevskayanın 50 illik birgə fəaliyyətinə həsr edilmiş musiqi albomu buraxılmışdır. Musiqiçilərin ifa etdikləri əsərlərdən ibarət nəfis tərtibatlı disklərin və şəkillərlə zəngin olan kitabın daxil olduğu musiqi albomu ingilis və rus dillərində hazırlanmışdır.

Heydər Əliyev Fondunun İSESKO ilə əməkdaşlığı çərçivəsində 2006-cı ildə görkəmli şərqşünas alim Aida İmanquliyevanın «Yeni ərəb ədəbiyyatının korifeyləri» kitabı ərəb dilinə tərcümə olunaraq nəşr edilmişdir.

Fondun dəstəyi ilə Azərbaycan, rus və ingilis dillərində «Şuşa qrafika» kitabı 2008-ci ilin oktyabrında nəşr olunmuşdur. İşğal altında olan qədim Şuşa şəhərinin tarixi barədə məlumatla başlayan kitabda şəhərdə mövcud olmuş məscidlər, məhəllələr, meydanlar, bulaqlar, qalereyalar, memarlıq abidələri və Azərbaycanın mədəniyyət xadimlərinin evlərinin qrafika üsulu ilə çəkilmiş şəkilləri toplanmışdır.

Heydər Əliyev Fondu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə 2008-ci ilin sentyabr ayında Azərbaycan cizgi filmləri toplusunu hazırlamışdır. Azərbaycan animasiyasının 75 illiyi münasibətilə işıq üzü görən DVD disklərinə müxtəlif illərdə çəkilmiş, Azərbaycan dilində bərpa olunmuş 9 film daxil edilmişdir.

2008-ci ilin fevral ayında Heydər Əliyev Fondu Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, xalq artisti, muğam ustası Arif Babayevin, aprel ayında xalq artisti, mahir pianoçu, cazmen Rafiq Babayevin, iyun ayında isə xalq artisti, virtuoz kamançaçalan Habil Əliyevin və xalq artisti Əlibaba Məmmədovun yaradıcılığından bəhs edən musiqi albomları hazırlamışdır. Xarici ölkələrin və Azərbaycanın dövlət arxivlərindən toplanmış materiallar asında hazırlanmış albomlara görkəmli sənətkarların həyat və fəaliyyətindən bəhs edən kitablar, onların ifa etdikləri musiqi, mahnılar və videoyazılarından ibarət CD-lər daxildir.

Həmin ilin sentyabr ayında Fondun xətti ilə Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi yeri olan, müasir Azərbaycan professional musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş «Üzeyir dünyası» layihəsi həyata keçirilmişdir. Bura «Ömür salnaməsi», «Üzeyir Hacıbəyli ensiklopediyası», «Bədii və publisistik əsərlər» kitabları, «Leyli və Məcnun», «Koroğlu», operaları və «O olmasın, bu olsun» musiqili komediyanın klavir, libretto və CD-ləri daxildir. Kitabda 60 illik dövrdə müxtəlif qəzet və jurnallardan, kitablardan, arxiv materiallarından götürülmüş faktlar və sənədlərdə Üzeyir Hacıbəylinin əsərləri, bu əsərlər barədə fikir və rəylər öz əksini tapmış, üzeyirşünaslığa dair nəşr olunmuş əsərlərin tam biblioqrafiyası verilmişdir.

Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi bu möhtəşəm sənət növünün yüksək dəyərlərə malik olmasını göstərir. Ona görə də muğamımızın dünyada təbliğinə ciddi fikir verilir.

Fondun Azərbaycan muğamına həsr olunmuş yeni nəşri - «Azərbaycanın muğam ensiklopediyası» 2008-ci ilin sentyabr ayında işıq üzü görmüşdür. İki cilddən ibarət bu ensiklopediya həm muğamla bağlı ətraflı məlumatları özündə cəmləşdirir, həm də Azərbaycan muğamlarını müxtəlif xanəndələrin ifasında təqdim edir. «Muğam ensiklopediyası» kitabında, ümumilikdə, 1300-ə yaxın mətn, 200-dən çox fotoşəkil vardır. Keçən əsrin əvvəllərində ilk dəfə lentə alınan muğamlardan tutmuş 2007-ci il televiziya muğam müsabiqəsi qaliblərinin çıxışlarına qədər 260 video və audio material MP3 formatında 125 diskdən ibarət 5 albomda toplanmışdır.

Fondun təşəbbüsü ilə bu il muğam sənətinin inkişaf tarixindən, Azərbaycan musiqisində mövcud olan bütün muğam formalarından (dəstgah, zərbi-muğam və s.), onların spesifik xüsusiyyətlərindən və muğamın ifa olunduğu musiqi alətlərindən bəhs edən multimedia diskləri hazırlanmışdır. Azərbaycan və ingilis dillərində nəfis tərtibatda hazırlanmış disklərdə mətnlərlə yanaşı, musiqi alətlərinin şəkilləri və muğam parçaları da yer almışdır.

Bu ilin mayında Fond tərəfindən uşaq mahnılarından ibarət multimedia diski buraxılmışdır. Diskdə tanınmış müğənnilərin ifasında məşhur Azərbaycan bəstəkar və şairlərinin uşaqlar üçün yazdıqları mahnılar toplanmışdır. Görkəmli Azərbaycan alimi və dövlət xadimi Nəsrəddin Tusinin fəlsəfi baxışlarının zənginliyi və rəngarəngliyi ilə seçilən «Əxlaqi-Nasiri» əsəri nəfis tərtibatda nəşr edilmişdir.

Beş yaşını qeyd etdiyimiz Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə xalqımız üçün daha gərəkli olan maraqlı kitabların, bukletlərin, albomların, xəritələrin, filmlərin, rəngarəng audio-video materialların hazırlanıb buraxılması davam etdirilir. Bu istiqamətdə həyata keçirilən hər yeni layihə oxucuların, dinləyicilərin və tamaşaçıların hədsiz sevincinə səbəb olur.

 

 

Canalı Mirzəliyev

 

Mədəniyyət.- 2009.- 9 may.- S. 13.