BMT Azərbaycanın gələcəyini
Heydər Əliyev Fondu ilə eyni mövqedən görür
Bruno Pueza: «Fondun fəaliyyət
dairəsi onu təbii surətdə Birləşmiş Millətlər
Təşkilatının tərəfdaşına
çevirir»
Azərbaycanın sosial inkişafına xidmət edən
genişmiqyaslı proqram və layihələr həyata
keçirən Heydər Əliyev Fondunun əsas strateji hədəfləri
sırasına uşaq və gənclərin sağlam, milli-mənəvi
dəyərlərə sadiq, hərtərəfli vətəndaş
kimi yetişməsi və Azərbaycanın beynəlxalq
nüfuzunun artmasına yönələn tədbirlərin
reallaşması da daxildir. Bir çox qlobal layihələrin gerçəkləşməsi üçün fond nüfuzlu beynəlxalq təşkilatlarla geniş
əməkdaşlıq edir.
Bu sırada Birləşmiş Millətlər
Təşkilatının adını
xüsusi qeyd etmək yerinə düşər. Çünki
Heydər Əliyev Fondu genişmiqyaslı beynəlxalq layihələri
məhz BMT ilə birlikdə reallaşdırır.
Fondun 5 illiyi münasibətilə bu nüfuzlu qurumun rəhbərliyinin fikirlərinin oxucularımız üçün də maraqlı olacağını nəzərə alıb, BMT-nin Azərbaycandakı rezident əlaqələndirici Bruno Pueza ilə görüşüb söhbətləşdik.
- Cənab Bruno, bildiyiniz kimi, bu il Heydər Əliyev Fondunun 5 yaşı tamam olur. Fondun daha sıx əməkdaşlıq
etdiyi beynəlxalq təşkilatlardan biri də Birləşmiş Millətlər Təşkilatıdır.
BMT-nin Azərbaycandakı
nümayəndəliyinin rəhbəri
kimi, fondun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Heydər Əliyev Fondu gənc olmasına baxmayaraq, artıq dünyada təhsil, elm və mədəniyyəti təşviq edən, eləcə də Azərbaycanda ən ehtiyaclı qrupların maraqlarını dəstəkləyən əhəmiyyətli bir qurum kimi təşəkkül tapıb.
Fond geniş mandata və büdcəyə malikdir. Ən əsas olan odur ki, bu fonda ölkənin birinci xanımı, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva son dərəcə sədaqət və bacarıqla rəhbərlik edir.
Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi təhsil, səhiyyə, mədəniyyət, elm və
texnologiyalarla bağlı
olan humanitar layihələrə verdiyi
töhfələri Ümumdünya
Səhiyyə Təşkilatı
(ÜST), BMT-nin Təhsil,
Elm və Mədəniyyət
Məsələləri üzrə
Təşkilatı (YUNESKO) və İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı
(İSESKO) yüksək qiymətləndirərək
onu fəxri adlarla təltif edib.
- Necə oldu ki, Heydər Əliyev Fondu ilə əməkdaşlığa
başladınız, fondun
fəaliyyətindəki hansı
məqamlar sizi cəlb etdi?
- Heydər Əliyev Fondunun fəaliyyət dairəsi, xüsusilə əhalinin xüsusi ehtiyaclı qruplarının
maraqlarının qorunması
sahəsindəki fəaliyyəti
onu təbii surətdə Birləşmiş
Millətlər Təşkilatının
tərəfdaşına çevirir.
Heydər Əliyev Fondu
ilə əməkdaşlığımızın
tarixi 2005-ci ildən başlayır. O zaman
BMT-nin İnkişaf Proqramı (BMTİP) fondla
birlikdə görmə
qabiliyyətini tam və
ya qismən itirmiş insanların informasiya texnologiyalarından
istifadə etmələrinə
kömək etmək üçün layihə
həyata keçirmişdi.
BMT İP-in də belə bir layihəyə
dəstək verməsi
həm ölkənizdə
gedən uğurlu islahatlara inamın, həm də fondun indiyədək qarşıya qoyduğu məqsədlərə çatmaq
üçün iradə
nümayiş etdirməsinin
nəticəsidir.
- Cənab Bruno, rəhbərlik
etdiyiniz qurum ötən il
Heydər Əliyev Fondu və Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə 20 aylıq bir layihənin icrasına başlamışdınız.
Qadınlara qarşı zorakılıq
əleyhinə olan bu layihəni həyata keçirməkdə
məqsədiniz nə
idi?
- Doğrudur, 2008-ci ilin yanvar ayında Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondu (UNFPA) “XXI əsrdə
qadınlara qarşı
zorakılıq əleyhinə”
adlı qeyd etdiyiniz layihənin icrasına başladı. Azərbaycanın bütün ərazisini
əhatə edən layihənin məqsədi xüsusi ehtiyaclı qruplardan biri olan qız və
qadınların zorakılığa
yer olmayan bir həyat sürmələri üçün
Azərbaycanın sürətlə
inkişaf edən iqtisadiyyatından tam faydalanmalarını
təmin etməkdir.
Bundan əlavə, əhalinin maarifləndirilməsi, erkən
nikahların qarşısının
alınması və ailədə baş verən zorakılığın
uşaqlara təsirinə
yol verilməməsi də həmin layihə çərsivəsində
görüləcək işlərin
sırasına daxildir.
Layihə Azərbaycanın beynəlxalq öhdəlikləri
ilə üst-üstə
düşür. Çünki
burada yuxarıda qeyd etdiklərimdən əlavə, beynəlxalq təcrübənin öyrənilməsi,
o cümlədən beynəlxalq
ekspertlərin bu işə cəlb edilməsi, regional seminarların
təşkili, müvafiq
çap məhsullarının
hazırlanması, orta
məktəblərdə insan
alverinə və erkən nikahlara dair maarifləndirmə tədbirlərinin təşkili,
kütləvi informasiya
vasitələrində maarifləndirmə
xarakterli proqramların
hazırlanması, zorakılıqdan
zərər çəkmiş
şəxslərə xidmət
göstərən mütəxəssislər
üçün tədris
proqramlarının hazırlanması
və təlimlərin
keçirilməsi, onların
sosial və psixoloji reabilitasiyasını
təmin edən şəbəkənin yaradılması
və s. nəzərdə
tutulur. 2000-ci ildə
BMT-nin Minilliyin Sammitində Minilliyin Bəyannaməsinə imza
ataraq, sabiq prezident Heydər Əliyev Azərbaycan hökumətinin üzərinə
2015-ci ilə qədər
Minilliyin İnkişafı
Məqsədlərinə, o cümlədən gender bərabərliyi
ilə bağlı olan 3 saylı məqsədə nail olmaq
öhdəliyini qoymuşdu.
Hesab edirəm ki, Heydər Əliyev Fondunun bu istiqamətdə
gördüyü işlər
tamamilə həmin öhdəliyin yerinə yetirilməsinə yönəlib.
- Sizcə, belə layihələrin davamlı
olaraq həyata keçirilməsi Azərbaycan
cəmiyyətinə nə
verir?
- Çox şey. Ən əsası isə bu təşəbbüslərin
vasitəsilə cəmiyyətin
iki həssas qrupu - görmə qabiliyyətini itirmiş insanlar və qadınlar Heydər Əliyev Fondunun ən böyük üstünlüklərindən birindən yararlanmış
oldular. Həmin şəxslər Mehriban xanım Əliyevanın şəxsində
onları müdafiə
edən bir insan tapıblar - onların narahatçılıqlarının
dinlənilməsi və
ehtiyaclarının ödənilməsi
üçün cəmiyyət
və dövlətin resurslarının səfərbər
edilməsini təmin edəcək bir insanı.
- Ad günündə Heydər
Əliyev Fonduna arzularınız...
- Birləşmiş Millətlər Təşkilatı
Azərbaycanın gələcəyini
Heydər Əliyev Fondu ilə eyni mövqedən görür. Bu mövqe Azərbaycanın
maddi sərvətləri
ilə bağlı deyil. Burada məhz Azərbaycan
xalqının maddi və sosial rifahının yüksəldilməsi
üçün investisiya
yatırılması nəzərdə
tutulur. Bunun sayəsində azərbaycanlılar
öz ölkələrinin
inkişafına tam töhfə
verə və bu inkişafın gətirdiyi bütün üstünlüklərdən faydalana
bilərlər. Bu ortaq mövqeyi əsas götürməklə,
biz Heydər Əliyev
Fondu ilə əməkdaşlığımızı Azərbaycanın maraqları
naminə davam etdirmək niyyətindəyik.
Heydər Əliyev Fonduna
öz məqsədlərini
uğurla həyata keçirməyi arzu edirik.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 9 may.- S. 20.