«Halay» əmanəti
...Yetmişinci
illərin sonunda Bakıda təşkil olunan böyük bir
konsertdən sonra səhnə arxasına gələn respublika
rəhbəri, unudulmaz böyük şəxsiyyət, ulu
öndər Heydər Əliyev Masallıda fəaliyyət
göstərən “Halay”ın çıxışını
təriflədi. Gənc Lətifənin isə əlini
sıxaraq dedi: “Bu, çox gözəl idi. Söz ver ki, sən
xalq yaradıcılığına daim belə sədaqət
göstərəcəksən. ”Halay"ı qoruyacaqsan". O
vaxt Lətifə cavab verməyə utanıb. Amma bu sözlər
yaddaşına elə həkk olunub ki, üstündən uzun
illər keçsə də, “Halay”a sədaqətini, himayəsini
davam etdirir.
50 ilin «Halay»ı
Ansamblla yaxından tanışlığımız
onların Masallı Rayon Mədəniyyət evindəki çıxışları
zamanı baş tutur. Əvvəlcə, ansambla hərtərəfli
qayğı göstərən,
səhnə paltarlarını
zövqlə hazırlatdıran,
yeri gələndə
özü də başına örpək,
belinə şal bağlayıb, qızlara
qoşulan Lətifə
Mövsümova ilə
«Halay»ın yaranma tarixi barədə söhbətləşdik.
Masallı Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri vəzifəsində
çalışan həmsöhbətimiz
ansamblın tarixi barədə danışdı:
Bu adlı-sanlı kollektiv 1957-ci ildə vaxtilə rayonun Mahmudavar kənd klubunda işləmiş Ümbülbanu
Cəbiyeva tərəfindən
yaradılıb. İlk
vaxtlar «Halay»da cəmi 3 qız olub. Elə o zaman
paytaxtımızda keçirilən
folklor festivalında uğurla çıxış
edən «Halay» ilk mükafatını qazanıb. Bu təltif gənc «Halay»ı daha
da həvəsləndirib.
Zəngin xalq bayatılarını, halal
zəhməti vəsf
edən nəğmələrimizi,
mənəvi gözəlliklərimizi
əks etdirən rəqslərimizi ansambl daha böyük səhnələrdə nümayiş
etdirib. Unudulmaz Rəşid Behbudov, Zeynəb Xanlarova, Müslüm Maqomayev və başqa korifey incəsənət ustaları ilə eyni səhnədə uğurla çıxış
edən «Halay» 1959-cu ildə rəsmi ansambl kimi təsdiq
edilib, status qazanıb.
Meksikaya dəvət və Türkiyəyə səfər
30-a yaxın xarici
ölkədə olmuş,
qədim xalq adət-ənənələrini
məharətlə nümayiş
etdirən kollektivin hər çıxışı
müxtəlif festivallarda
yüksək qiymətləndirilmiş,
hər səfərindən
Vətənə yüksək
mükafatlarla qayıtmışdır.
Bu təltiflərə
baxanda böyük bir kolleksiyanı xatırladır. Qızlar
xarici ölkələrə
səfərləri zamanı
bölgə adət-ənənələrini özündə
əks etdirən müxtəlif əşyaları
da götürməyi
unutmurlar. Masallıda ənənəvi üsulla
hazırlanan həsir,
palaz, həsir zənbil, habelə digər sənət məmulatlarımız əcnəbi
tamaşaçı kütləsinə
də tanıdılır.
Türkiyə, İraq,
Macarıstan, Rusiya, Belarus, Moldova və bir çox
ölkələr «Halay»ın səfər trayektoriyasına daxildir. Ansambl ötən il Dağıstanın paytaxtı Mahaçqala şəhərində keçirilən
folklor kollektivlərinin
3-cü Beynəlxalq festivalında
da uğurla çıxış edərək
mükafata layiq görülüb. Həmin
tədbir çərçivəsində
təşkil olunan «Xalq kostyumu poeziyası»
adlı 3-cü Milli libas festivalında «Halay» qədim ənənəvi yaradıcılığına
görə xüsusi diploma layiq görülüb.
Tədbirdə iştirak
edən Meksikanın nümayəndə heyəti
isə «Halay»ın çıxışını
Cənubi Amerikada görmək istədiyini bildirib. Məhz həmin festivalda Meksika nümayəndə heyətinin başçısı
«Halay»ın ifasından heyrətlənib
və milli rəqslərdən birini ona öyrətməyi xahiş edib. Hədiyyə olaraq isə ansambla Meksika tərəfi öz milli papaqlarını
bağışlayıb. İndi
bu papaq da «Halay»ın
kolleksiyasında saxlanılır.
Ansambl ümumilikdə Türkiyənin 15 şəhərində
qastrol səfərində
olub. Baharın gəldiyi, Novruzun
qeyd edildiyi bir vaxtda Türkiyə
səfərində olan
ansambl özləri ilə bu bayramın
atributu olan səməni, şəkərbura,
paxlava və başqa sovqatlar götürüblərmiş. Konsertlərin
birində «Halay» üzvləri ilə görüşüb onları
təbrik edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana baharın gəlişinin simvolu olan yaşıl səməni veriblər. Bu hədiyyə baş nazirdə sevinc hissləri doğurub.
«Halay» bizim yaşantımızdır!
Bunu ansamblın qızları deyir. Hazırda «Halay»ın 20 üzvü var. onların ifaları, rəqsləri,
hətta davranışları
da qədim folklor ənənələrimizdən
gəlib. Sabahımıza
yol alan karvana bənzəyir. «Lolo», «A yordu, yordu», «Ay ləli,
yar…», «Masallı toyu», «Talışo mey», «Kinəli», «Yallı», «Səməni» və sair mahnı
və rəqs musiqiləri «Halay»ın repertuarının əsasını təşkil
edir. «Lolo» gəlin köçürməmişdən
qabaq ifa edilən mahnıdır. «Sonalar» da bu
qəbildəndir.
Onlar bu mahnıları talış və Azərbaycan dillərində heç bir fərq qoymadan həvəslə ifa edirlər. «Ay yordu, yordu» bütöv bir musiqili səhnəcikdir. Bu səhnəcikdə tərəflər üzbəüz dayanıb deyişir. Özü də bu deyişmə son dərəcə təbii qurulur. Kim yoruldusa, o da uduzur.
Sabutay.
Mədəniyyət.-
2009.- 9 may.- S. 18.