O, təkcə türk
xalqlarının deyil,
bəşəriyyətin liderlərindəndir
86 illik yubileyini qeyd
etdiyimiz dahi şəxsiyyət, zəmanəmizin ən
ünlü siyasət uzmanlarından sayılan, bütün
türk xalqlarının ümummilli lideri Heydər Əliyevlə
ilk əyani tanışlığım 1991-ci ildə
Naxçıvanda olmuşdur. Mən o zaman Türkiyənin
paytaxtı Ankarada çalışırdım.
H.Əliyevin SSRİ illərində
Siyasi Büroya üzv seçilməsi, bir müsəlman kimi
rus imperiyasının rəhbərliyində təmsil
olunması, yəni bir azəri türkünün bu pilləyə
yüksəlməsi qəlbimi fərəhlə doldurardı.
H.Əliyev Moskvadan
Naxçıvana gələn kimi ilk fürsəti əldən
vermədim. Ankaradan onun ziyarətinə getdim. Hesab edirdim ki,
Ağrı dağın arxasında Ağrı
dağının özü boyda dağ kimi bir insanı
görmək mənim üçün bir tarixi hadisə olacaq.
Allahın hökmü və
iradəsi ilə illər öncə şəxsiyyətindən
daim qürur duyduğum və görüşmək arzusunda
olduğum H.Əliyevi çox çətinliklə ziyarət
edə bildim. O zaman Naxçıvan blokada şəraitində
yaşayırdı. Biz orada olarkən tarixi düşmənlərimiz
olan ermənilərin Naxçıvana atdığı top səslərini
eşidirdik, dağda savaş vardı. Camaatın ümidi
yalnız Türkiyə və İrana idi ki, bir yardım - ərzaq
və istilik ala bilsin. Bu pərişan vəziyyət
içində H.Əliyev bizi gülərüzlə və
yüksək əhvalla qarşıladı.
Bizimlə xoş ünsiyyətdən
dərhal sonra İran və Türkiyə dövlətlərinə
xitab edilmiş kimi dedi: "Bu gün Azərbaycan
xalqının dost və qardaşı bildiyimiz bu dövlətlərdən
köməyə ehtiyacımız var". Dahi insan
vurğuladı ki, ölkəmizdə sabitlik yaransa və
inkişaf başlasa, alacağımız krediti
artıqlaması ilə qaytarıb, özümüz yardım
edən dövlətə çevriləcəyik. Ən
çox yadımda qalan odur ki, H.Əliyev ən çətin,
çıxılmaz və çarəsiz günlərdə
belə qürur və böyüklüyünü qoruyur, millətinə
səbir və istiqamət verməyə
çalışırdı.
Zat-alilərini ziyarət
etməyimdən məmnun olduğumu söylədim.
O, bizdən iş sahəmizi
soruşdu. Fəaliyyət sahəmiz haqqında məruzə
etdik. Xeyli söhbətdən sonra sağollaşıb
çıxdıq. Savaş vəziyyətində olan bölgənin
adamlarında öz liderlərinə qarşı bir inam var
idı. Hamı deyirdi ki, H.Əliyev bizim
başımızdadır, biz qorxmuruq.
Bu çətin vəziyyətdə
insanların inamı məni sevindirir, təəccübləndirirdi.
Naxçıvan səfərindən
sonra vəziyyəti rəhmətlik Turqut Özala ərz etdim
və H.Əliyev ilə görüşdüyümü ona
danışdım. Çox məmnun oldu. Rəhmətlik
Rumıniya hökuməti ilə kreditlə bəzi protokollar
imzaladığımı bilirdi.
Onun mənə "bu
yatırımı Azərbaycana qoyarsansa, çox yaxşı
olar" tövsiyəsi olmuşdu.
Buna əsaslanaraq, bir
günlük Bakıya səfər etdim, "İnturist"
hotelinə düşdüm. Vəziyyət çox acınacaqlı
idi. Millət ümidsiz, hotel bərbad vəziyyətdə idi
və qardaş qarşıdurması vardı. Bir taksiyə əyləşib
bütün şəhəri və şəhər ətrafını
gəzmək marağında olduğumu dedim. Yolboyu taksi
sürücüsü ilə söhbət etdik.
Maraqlıdır ki, o, mənə dedi ki, Azərbaycanı bu bəladən
yalnız bir adam qurtara bilər.
Soruşdum ki, kim ola bilər
bu xalq qəhrəmanı?
Dedi ki, bilmirəm, sən
bu dövlətin qonağısan, yoxsa yox? Söylədim ki, mənə
güvənə bilərsən. Sürücü dedi ki, bizim
bir generalımız və bir rəhbərimiz var, indi o,
Naxçıvandadır. Bu xilaskar yalnız H.Əliyev ola bilər.
Ancaq o, Azərbaycanı bu dəhşətdən xilas edə
bilər.
Sadə bir
sürücünün bu düşüncəsi mənə
böyük təsir bağışladı.
Sonra eşitdim ki,
ziyalılar və ağsaqqallar H.Əliyevi xalq adından
hakimiyyətə dəvət ediblər. Əlbəttə ki,
bu, o zaman xalqın böyük arzusu idi. Mən Türkiyədə
şirkətimin ticarət departamentinə istiqamət verdim ki,
İran üzərindən biznesmenlərə kredit xəttini
açın və Azərbaycana yağ, şəkər
göndərin.
Azərbaycanlı şəriklərimiz
var idi. Göndərdiyimiz qida məhsulları ilə Azərbaycan
bazarındakı qıtlığı seyrəltdik.
Mən o zaman Türkiyədə,
ya da Dubaydakı şirkət ofislərimdə oturdum.
1993-cü ildə H.Əliyev
hakimiyyətə gəldi və canının təhlükəsi
bahasına qaçqınları, köçkünləri
yerbəyer etməyə başladı. Bir tərəfdən
ölkə daxilindəki qardaş qarşıdurması, digər
tərəfdən ermənilərin Azərbaycanın sərhəd
rayonlarına hücumları ölkədə ağır bir vəziyyət
yaratmışdı.
Bu dahi insan çox az
bir zamanda bütün bu işlərin öhdəsindən gəldi.
Atəşkəs yaratdı, qardaş
qırğınlarını yatırtdı. Ölkədə
sabitlik, əmin-amanlıq yaratdı. Onun gəlişi ilə
biz də Azərbaycana kredit xətlərini və şəbəkələrini
açmağa başladıq. Bizdə bir ümid var idi ki, əgər
H.Əliyev hakimiyyətdədirsə, ona güvənib ölkəyə
para yatırmaq olar.
1994-cü ildə biz
müdrik rəhbərlə bir də görüşdük. O
zaman mənə Naxçıvan görüşümü
xatırlatdı və bazarı tənzimləmək
üçün topdan satışda ciddi fəaliyyətimiz
haqda yaxşı məlumatı olduğunu söylədi. Bu
xoş fikirlər mənim üçün stimul yaratdı.
Eyni zamanda ulu öndər
bizə tövsiyə etdi ki, ticarətlə məşğulsunuz,
bu yaxşıdır. Amma bizdə indi fabrik və zavodlar
dayanıb camaaat işsizdir. Siz indi istehsala keçin. O, bizi dəstəkləyəcəyini
söylədi və bizə böyük cəsarət verdi.
O gündən
bütün vəsaitimi və idrakımı səfərbər
etmişəm. Azərbaycanın iqtisadı dirçəlişində,
çiçəklənməsində və sürətli
inkişafında öz töhfələrimizi verməkdəyik.
Qida təhlükəsizliyi, keyfiyyətli məhsul
istehsalı, bir də əməkçilərimizə yüksək
insani münasibət əsl meyarımız olub.
Bu gün qeyri-neft sektorunda
ölkənin ən ciddi və lider qida sənayesi şirkətini
yaratmağımız yalnız H.Əliyevin
böyüklüyü, müdrikliyi sayəsində olub. Azərbaycanı
çətin şəraitdən qurtarıb iqtisadı
inkişaf təkərləri üzərinə qoyan və onu
regionda lider dövlətə çevirən H.Əliyev həm
də ölkənin dünyanın siyasi-iqtisadi, qlobal layihələrdə
iştirakını təmin etdi.
1994-cü ildə
bağlanan "Əsrin müqaviləsi" dünyanın nəhəng
enerji şirkətlərini cəlb etdi. Bakı-Tiflis-Ceyhan neft
boru kəməri layihəsi ilə dünya enerji sektorunda bir
inqilab yaratdı və enerji damarının Azərbaycanda
bağlanması ilə bu ölkənin siyasi-iqtisadi təhlükəsizliyini,
sabitliyini əmniyyətə aldı.
Şübhəsiz ki, H.Əliyev
haqqında nə desək, onun dahiliyini, müdrikliyini tərənnüm
etməkdə acizdir. Bir təsəlli var ki, bu gün onun
siyasi varisi, prezident İlham Əliyevin sayəsində Azərbaycan
dünyada iqtisadi inkişaf səviyyəsinə görə
lider dövlətə çevrilib. Ölkə daxilində
regionların siyasi-iqtisadi inkişafı, təhsil və mədəniyyətin
yüksəlməsi, ordunun qüdrətlənməsi,
ümumilikdə Azərbaycan ölkəsinin
inkişafının tərəqqisində prezident İ.Əliyevin
göstərdiyi səylər böyükdür.
Rəhbərlik etdiyim
"Azərsun" Şirkətlər Qrupu da ölkənin
iqtisadi inkişafında, xüsusilə də qeyri-neft
sektorundakı fəaliyyəti ilə Azərbaycana
böyük töhfələr verməkdədir.
Məlumdur ki, ölkənin
inkişafı artdıqca, əhalinin rifahı da yüksəlir.
Azərbaycan xalqına və
Azərbaycan dövlətçiliyinə misilsiz xidmətlər
göstərən milli liderimiz H.Əliyevə Ulu Tanrıdan qəni-qəni
rəhmətlər diləyirəm.
Abdolbari Gözəl,
"Azərsun" Şirkətlər Qrupunun prezidenti
Mədəniyyət.- 2009.- 9 may.- S. 17.