Lənkəran:
Unudulmaz xatirələrin
melodiyası
Lənkəran rayonunun inkişafı ümumilli lider
Heydər Əliyevin hər zaman xüsusi diqqət mərkəzində
olmuşdur. O, 6 dəfə (1973, 1974, 1979, 1992 və 1998-ci illərdə)
Lənkərana gələrək, rayonun həyatı ilə
yaxından maraqlanmış, əhalini düşündürən
problemləri yerindəcə öyrənib müvafiq tədbirlər
görmüşdür. Hər gəlişində zavod, fabrik
və digər müəssisələrdə görüşlər
keçirən, tarlalarda zəhmət adamları ilə
birbaşa ünsiyyətdə olan öndərin səfərləri
Lənkəranın sosial-iqtisadi və mədəni həyatında
əlamətdar hadisiyə çevrilməklə ümumi irəliləyişə
güclü təsir edirdi. Məhz bu amil sayəsində
1969-cu ildən 1982-ci ilə qədər Lənkəranda sənaye
və kənd təsərrüfatı istehsalı sahəsində
yüksək nailiyyətlər əldə edilir. 1970-80-ci illər
arasında neçə-neçə fabrik və zavod
açılır, xidmət sahəsi inkişaf edir. Əhalinin
yaşayış səviyyəsi bu göstəricilərə
uyğun olaraq kifayət qədər yaxşılaşır. Lənkəran
böyüyür, çiçəklənir və əsl
şəhərə çevrilir.
Ailə albomunun qızıl şəkili
1969-cu ildə Azərbaycan
xalqının böyük oğlu, əvəzsiz siyasi şəxsiyyət
H.Əliyev respublikaya rəhbərliyə başlayır. Məhz
bu ildən ölkə onun rəhbərliyi ilə yeni-yeni
tarixi nailiyyətlərə imza atır. Rəhbərin ölkə,
vətən üçün qurub-yaratmaq əzmi hər bir kəsə
sirayət edir, əmək və zəhmət meydanı qəhrəmanlıq
məkanına çevrilir. Həmin vaxtlarda günbəgün
artıb çoxalan əmək bahadırlarının
adları dillər əzbərinə çevrilir. O zaman sovetlər
birliyinin tərəvəz bazarlarından biri hesab edilən Lənkəranda
suvarma və meliorasiya sistemlərinin təşkilində
misilsiz xidmətlər göstərmiş Qəzənfər Nəsirli
adı da bu əmək bahadırlarının sırasında
öz layiqli yerini tutur.
1910-cu ildə Lənkəran
şəhərində ziyalı ailəsində dünyaya
göz açan Qəzənfər İbrahim oğlu Nəsirli
ilk təhsilini 2-ci dərəcəli məktəbdə
aldıqdan sonra, 1930-cu ildə Gəncədəki Zaqafqaziya
Pambıqçılıq Akademiyasına daxil olur. Buranı
1935-ci ildə bitirdikdən sonra fəaliyyətini doğma
torpaqların meliorasiya işinə sərf etmək qərarına
gəlir. Uzun müddət Lənkəranda rayonlararası suvarma
sistemləri idarəsində baş mühəndis, sonra rəis
kimi çalışan Q.Nəsirli çox keçmir ki,
öz sahəsində kamil mütəxəssis, əhəmiyytli
uğurlar əldə edən bir kadr, halal zəhmət
adamı kimi tanınmağa başlayır. 1964-cü ildə
Maşın-Ekskavator Stansiyasının direktoru təyin olunan
Q.Nəsirli 1969-cu ildən respublikaya rəhbərlik edən
Heydər Əliyevin fəaliyyətindən ruhlanır,
özünə ideal hesab edərək daha böyük həvəslə
işə başlayır. Çox keçmir ki, indi Nəsirlilər
ailəsinin fəxrlə qoruduğu bir fotonun çəkildiyi
tarixi an, tarixi hadisə baş verir.
...1973-cü il, sentyabr.
Bu tarix təkcə Qəzənfər kişinin deyil,
bütün nəsirlilərin taleyində o unudulmaz
günü yada salır.
Tez-tez respublikanın
bölgələrinə səfər edərək, əməkçi
insanların həyatları, özləri ilə yaxından
tanış olan, onların əməyini qiymətləndirən
dövlət başçısı Heydər Əliyev həmin
tarixdə Lənkəran bölgəsində olarkən Q.Nəsirli
ilə də görüşür. Qəzənfər Nəsirlinin
əməyini yüksək qiymətləndirən rəhbər
bu əmək bahadırını Qırmızı Əmək
Bayrağı kimi yüksək ordenlə təltif edir. Həm
bu təltif, həm də özünə ideal
saydığı şəxsiyyətlə üz-üzə
görüş Qəzənfər kişi üçün
ikiqat fərəh hissinə çevrilir. O, bu hisslərini
ömrünün sonuna qədər yaşadır. Təltif
zamanı çəkilən foto isə ailə albomunda
xüsusi olaraq indi də qorunmaqdadır. 1980-ci ildə
respublika əhəmiyyətli fərdi təqaüdə
çıxması isə onun əməyinə daha bir
yüksək qiymət olur. 1985-ci ildə H.Əliyev Moskvaya gedəndə
isə çoxları kimi, o da Azərbaycanın sonrakı
taleyinə görə çox narahat olur.
Lider və müəllim
Lənkəran Dövlət
Universitetinin Azərbaycan dili və ədəbiyyatı
kafedrasının dosenti Mirhaşım Talışlı
1947-48-ci dərs ilindən pedaqoq kimi fəaliyyət göstərir.
Onun xatirəsində ümummilli liderlə üç
görüşün unudulmaz səhifələri
yaşayır. Mirhaşım müəllim isə ən əvvəl
1970-80-ci illərdə gözləri qarşısında dəyişən
Lənkərandan danışır.
«Qısa müddətdə
Lənkəran rayonunda Dəmir-beton məmulatları zavodu,
Asfalt zavodu, Çay fabriki, tikiş fabriki, İstehsal
kombinatı, meyvə-tərəvəz konservi zavodu, tərəvəz
kombinatı yaradıldı. Kifayət qədər iş yerləri
açıldı. Hava limanı, Şəhərlərarası
«Ləvəngi» avtovağzalı şəhərə yeni sima
verdi. 360 nəfərlik teatr binasının tikilməsi isə
mədəniyyətsevərlərə böyük hədiyyə
oldu. 52 milyon kub.m. su tutumu olan Xanbulançay dəryaçasının
tikilməsi üçün H.Əliyev misilsiz səylər
göstərdi. Bu cür faktları sadalamaqla bitirmək olmur».
M.Talışlı rəhbərlə
ilk görüşünü də belə xatırlayır:
«1973-cü ildə Ziyalılar Evində əməkdar müəllim
adına layiq görülən pedaqoqlarımızla H.Əliyevin
görüşü keçirildi. Elə oldu ki, bu ada layiq
görülmüş müəllim olaraq mən də
çıxış etməli oldum. Tədbirdən sonra isə,
H.Əliyev Lənkəranın I katibi İsa Məmmədova
demişdi ki, əgər ad verdiyimiz müəllimlərimizin
hamısı Mirhaşım kimi natiqdirlərsə, onda sizin
işinizdən narahat olmağa dəyməz. İkinci
görüşümüz isə Moskvaya - Müəllimlər
Qurultayına gedən vaxta təsadüf etdi. Qurultayqabağı
bizi Heydər Əliyev qəbul etdi. Məni görən kimi
adımla çağırdı və o vaxtkı
çıxışımı da yada saldı. Bax, onda mən
H.Əliyevin fenomenal yaddaşının olduğunu əyani
surətdə gördüm. Sonuncu dəfə isə 1998-ci ildə
Lənkəranda onun öz seçki kampaniyasında
görüşdük. Mən öz şeirimlə
seçicilərə müraciət etdim. H.Əliyev də
öz çıxışında məhz Lənkəranın
söz-sənət adamlarından maraqlı, geniş
çıxış etdi».
M.Talışlı
1993-cü il «Talış-Muğan Respublikası» adı ilə
vətəni parçalamağa çalışanlardan H.Əliyevin
səyi ilə qurtulduqlarını söyləyərək, həmin
dövrdə onun varlığının yeganə nicat
olduğundan da söhbət açır.
«O vaxt bütün Lənkəran
ziyalıları ayaq üstəydi. Bilirdik ki, H.Əliyev bizi tək
qoymayacaq. Qoymayacaq ki, əzab-əziyyətlə qurduğu bu
ölkə parçalanıb məhv olsun».
Pedaqoq kimi zəhməti
dövlət tərəfindən qiymətləndirilən fərdi
prezident təqaüdçüsü M.Talışlı eyni qətiyyətlə
ölkənin sabahına inamını bildirir:
«H.Əliyev yolunu
prezidentimiz İlham Əliyev uğurla addımlayır. Biz
pedaqoqlar da yenə o yola sadiqik».
«Kim tanımır Solmazı...»
Sözləri Şəkər
Aslana, musiqisi Emin Sabitoğluna məxsus və Zeynəb
Xanlarovanın oxuduğu bu məşhur mahnı qəhrəmanının
ünvanına yollanmışıq. Lənkəranın kəndində
yaşayan, 5 çağırış Azərbaycan SSR Ali
Sovetinin deputatı, Sosialist Əməyi qəhrəmanı
Solmaz Əliyevanı doğrudan da kim tanımır? Ondan H.Əliyevlə
bağlı xatirələrini soruşuruq:
«Mən 20 il Əliyevlə
işləmişəm, - deyə cavab verir. - Tez-tez Ali Sovetin
sessiyalarında görüşərdik. İşimizlə,
şəraitimizlə maraqlanardı. Moskvaya - SSRİ Ali
Sovetinin iclaslarında da onunla iştirak etmişik. Kəndimizdə
də olub, sovxozumuzun işi ilə maraqlanıb».
Solmaz Əliyeva
xatırlayır ki, 1973-cü il idi, ilk oğlu bir aylıq idi.
Bax, həmin vaxt H.Əliyev onu əmək qəhrəmanı
adı ilə ikinci dəfə sevindirdi. O Solmazı ki,
Baloğlan Əliyev adına sovxozun adi fəhləsi işləyirdi.
«Onun zəhmət
adamına xüsusi hörməti var idi. Zəhmət çəkənə
qiymət verməyi bacarırdı. Həmin dövrdə Lənkəran
mindən çox şəhərə kənd təsərrüfatı
məhsulları göndərmək gücündə idi. Çünki
zəhmət adamına qiymət verən rəhbər var idi».
Əmək qəhrəmanının
rəhbərlə saysız xatirələri var. Elə bizə
göstərdiyi fotoşəkillər də xatirələrin
bir anlıq yaddaşıdır. Sonra isə Solmaz xanımdan
bir maraqlı əhvalat eşitməklə söhbətimizə
yekun vururuq.
«O vaxt Sov.İKP
MK-nın katibi Kulikovla H.Əliyev rayon zəhmətkeşlərinin
görüşünə gəlmişdilər. Mənim
çıxışımdan sonra Kulikov yaxınlaşıb məni
qucaqladı. Zalda gülüşmə düşdü, mən
pərt oldum. H.Əliyev dərhal vəziyyəti dəyişdi.
Kulikova dedi ki, bizim adətə görə, qadına belə
yanaşmaq olmaz. Amma Kulikov da Solmazı bir zəhmətkeş
kimi qucaqladı. Bax, beləcə vəziyyəti dəyişdi».
Bir imzanın tarixi
İndi ölkəmizin
hər bir bölgəsində yerli tarix-diyarşünaslıq
muzeyləri fəaliyyət göstərir. Hər birimiz yerli
muzeyə daxil olmaqla bölgənin adət-ənənələri,
tarixi, təbiəti ilə əyani tanış olmaq imkanı
qazanırıq. Amma maraqlıdır, görəsən, bu tip
muzeylərin yaradılması nə vaxta təsadüf edir və
hansı təşəbbüsə söykənir. Bax, bu
tarixi araşdırmaq üçün Mirzağa Əliyev
adına Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə
yollanmaq, daha doğrusu, burada fəaliyyət göstərən
«Heydər Əliyev guşəsi»ni ziyarət etmək gərəkdi.
Muzey 1906-cı ildə
yerli ziyalı Mirzağa Əliyevn təşəbbüsü
ilə öz evində yaradılıb. 1924-cü ildə rəsmi
status alan bir muzey sonralar, «Kənd təsərrüfatı»
muzeyi kimi fəaliyyət göstərir. 1977-ci ildə onun
bazasında, elmi əsaslarla respublikada ilk tarix-diyarşünaslıq
muzeyi yaranır. 1979-cu il 8 dekabrda muzeylə əyani
tanış olan H.Əliyev gördüklərindən məmnun
qalaraq xatirə kitabına öz imzası ilə bu qeydləri
yazır:
«Lənkəran
Tarix-Diyarşünaslıq Muzeyi Lənkəran haqqında
geniş təsəvvür yaradır. Buradakı eksponatlar əməkçilərin,
zəhmət adamlarının uğurları ilə
tanışlıq imkanı verir. Mən muzeydə
çalışanlara fəaliyyətləri ilə
bağlı təşəkkür edirəm. Ümid edirəm
ki, muzey hər zaman zəhmətkeşlərin üz
tutacağı məbəd olacaq...»
Məhz bu muzeylə
tanışlıqdan sonra ölkə rəhbəri
bütün bölgələrdə yerli tarixi yaşadacaq
diyarşünaslıq muzeylərinin yaradılması ilə
bağlı sərəncam verir. 1980-ci ildən bu proses
başlayır. Lənkəran Tarix-Diyarşünaslıq
Muzeyi isə H.Əliyevin imzası olan qeydləri onun adına
olan xüsusi guşənin yüzlərlə eksponatı kimi
göz bəbəyi kimi qoruyub nümayiş etdirir. Elə bu
imza yerli mədəniyyəti, ənənələri, tarixi zəngin
Lənkərana H.Əliyevin hər zaman göstərmiş
olduğu diqqət və sevginin həmişəyaşar təsdiqidir.
Səbuhi Aran
Mədəniyyət.- 2009.- 9 may.- S. 15.