Möhtəşəm muğam ocağı
Bu mərkəz Heydər Əliyev Fondunun Azərbaycan
mədəniyyətinə xidmətinin rəmzidir
Azərbaycan xalqının zəngin və qədim
tarixinin, mədəni irsinin bir qolu da muğam sənətidir.
Millətin milli özünüdərki, yaşam tərzi və
soy-kökünün göstəricisi olan bu sənət
növü həm də müasir dünyaya
çıxış kodumuzdur desək, yanılmarıq. Çünki
yalnız bu böyük irslə biz dünya mədəniyyətləri,
musiqiləri arasında fərqliliyimizi, qədimliyimizi,
fundamentallığımızı sübut edə bilərik. Mədəniyyətlərin
dialoqu və folklor nümunələri ilə beynəlxalq mədəni
aləmə inteqrasiya kontekstində əhəmiyyətli
istinad nöqtəsi olan muğam sənəti həm də
xalqımızın dünya mədəni irsinə bəxş
etdiyi ən böyük ərmağandır. Odur ki, onu
yaşatmaq, orijinallığını qorumaqla öyrənmək
və öyrətmək hər kəsin borcudur.
Bu istiqamətdə Heydər
Əliyev Fondunun bir-birinin ardınca həyata keçirdiyi
layihələr təqdirəlayiqdir. Elə yaxın günlərdə
istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi
də bu məqsədyönlü və uğurlu siyasətin
davamıdır.
Dünya standartları səviyyəsində,
ən yüksək texnologiyaların tətbiqi ilə inşa
olunan bu mərkəz Heydər Əliyev Fondunun milli-mənəvi
dəyərlərimizin qorunması və dünyada geniş təbliği
ilə bağlı reallaşdırdığı möhtəşəm
layihələr sırasında xüsusi əhəmiyyətə
malikdir.
Mərkəzin
inşası fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə həyata keçirilib. Xatırladaq
ki, belə bir mədəniyyət ocağının tikilməsi,
muğamın daha da inkişaf etdirilməsi və təbliği
fikri görkəmli xanəndələrin, muğam bilicilərinin
iştirakı ilə keçirilən "dəyirmi
masa"da qərara alındı və qısa müddətdən
sonra (2005-ci il 6 aprel) prezident İlham Əliyev Bakıda Beynəlxalq
Muğam Mərkəzinin yaradılması haqqında sərəncam
imzaladı. Beləliklə, xalqımızın qədim mədəni
irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin
fəlsəfi təməl üzərində təşəkkül
tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm
abidə ucaldılması istiqamətində ciddi addım
atıldı. Azərbaycan muğamının bəşər
mədəniyyətinin nadir inciləri ilə bir sırada
YUNESKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil
edilməsi isə bütövlükdə onun nə dərəcədə
bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
2005-ci ilin avqustunda
prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı
Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro
Matsuuranın iştirakı ilə təməli qoyulan Beynəlxalq
Muğam Mərkəzi ötən ilin sonlarında muğamsevərlərin
ixtiyarına verildi. Ümumi sahəsi 7,5 min kvadratmetr olan
üçmərtəbəli bina özünəməxsusluğu,
fundamentallığı ilə göz oxşayır. Azərbaycanın
qədim musiqi alətlərindən olan tarın hissələrini
xatırladan tikili bu qədim sənətin abidəsinə
çevrilərək Bakının ən görkəmli yerini
bəzəməkdədir.
YUNESKO ilə əməkdaşlığın
bəhrəsi olan Beynəlxalq Muğam Mərkəzi ən
möhtəşəm tədbirlərə ev sahibliyi etməkdə
və Milli mədəniyyətimizin kökünü təşkil
edən muğamın sədasını dünyaya
yaymaqdadır.
Bu fikir və ali məqsəd
barədə mərkəzin açılışı
münasibətilə düzənlənən mərasimdə
çıxış edən ölkə rəhbəri
İlham Əliyev bir daha vurğuladı: "Beynəlxalq
Muğam Mərkəzinin yaradılması çox
böyük hadisədir. Xatırlayıram, üç il
bundan əvvəl bu yerdə bu gözəl binanın təməlini
qoyduq və yəqin o vaxt heç təsəvvür edə
bilməzdik ki, nə qədər gözəl bina tikiləcəkdir.
Bu binada həm müasirlik öz əksini tapır, eyni zamanda,
binaya yuxarıdan baxanda görürsən ki, Azərbaycan
xalqının qədim xalq çalğı alətləri
burada təsvir olunur. Yəni burada müasirliklə qədim
tarix qovuşur, birləşir və bəlkə də, bu, bu
gün Azərbaycana xas olan ən önəmli xüsusiyyətlərdən
biridir.
Bu bina Azərbaycan
xalqına xidmət edəcəkdir. Bu binada gözəl tədbirlər
keçiriləcəkdir, gözəl konsertlər, muğam
gecələri keçiriləcəkdir. Muğam bizim milli sərvətimizdir,
çox böyük dəyərimizdir. Azərbaycan xalqı əsrlər
boyu bu sənəti yaşatmışdır və bu gün
çox vacibdir ki, bu gözəl sənət, Azərbaycan
xalqının milli dəyəri olan muğam nəsildən-nəslə
keçsin".
Yetişən gənc nəslin
mükəmməl, milli-mənəvi dəyərlərlə
cilalanmasında öz yeri olan bu mərkəzin mənəviyyat
ocağı olması kimi dəyərli bir missiyası da var. Bunu
da ölkə başçası bir daha vurğulamaqla gələcək
üçün proqnoz da verdi: "Bu gün gözəl gənc
nəsil yetişir. Heydər Əliyev Fondu tərəfindən
təşkil olunmuş muğam müsabiqələrinin
keçirilməsi çox böyük maraq doğurur,
çox böyük məna daşıyır. Bu, gənc nəslin
vətənpərvərlik ruhunda, milli ruhda böyüməsinə
xidmət göstərir. Bizim gənclərimiz milli ruhda
böyüməlidirlər. Biz bütün ümumbəşəri
dəyərləri bölüşürük, Avropa dəyərlərinə
böyük hörmətlə yanaşırıq. Ancaq bizim
üçün ən əsas milli dəyərlərimizdir.
Baxmayaraq ki, biz əsrlərlə müstəqillikdən məhrum
olmuşduq, amma Azərbaycan xalqını onilliklər, əsrlər
boyu bir millət kimi qoruyan milli mənəvi dəyərlərimiz,
ənənələrimiz olubdur, musiqimiz, ədəbiyyatımız,
ana dilimiz, incəsənətimiz olubdur. Bütün bunları
muğam sənəti ehtiva edir. Muğam sənəti vətənpərvərlik
sənətidir, muğam sənəti sevgi, məhəbbət
sənətidir. Vətənə sevgi, ailəyə sevgi Azərbaycan
xalqına xas olan xüsusiyyətlərdir".
Böyük və qədim
mədəniyyətimizlə çıxdığımız
yolda, mədəniyyət mübadiləsində bu miras ən
böyük silahımız, ən böyük
üstünlüyümüzdür.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2009.- 9 may.- S. 10.