Uşaqlara sevgi ilə
Həsrətli baxışlar, nisgilli gözlər, mərhəmətə,
qayğıya, maddi və mənəvi dəstəyə
ehtiyacı olan insanlar. Onların hər birinin bir
ömür hekayəti, var. Belələrinin sayı
çoxdumu, azdımı, bilmirik. Bu insanların bir ümid
yeri, inam ocağı, şəfqətli, mərhəmətli
hamisi olduğunu isə hamımız bilirik. Bu, Heydər Əliyev
Fondudur. Fondun gördüyü işlər arasında
uşaqlara qayğı ön sıradadır. Fəaliyyət
göstərdiyi beş il ərzində fondun dəstəyi ilə
genişhəcmli layihələrə imza atılıb, mərhələ-mərhələ
onların hamısı gerçəkləşib. Çoxlu
yeni məktəblər tikilib istifadəyə verilib, köhnələr
təmir olunub. «Uşaq evləri və
internat məktəblərinin inkişafı» Proqramı
çərçivəsində, respublikada 30-dan çox
uşaq müəssisəsi əsaslı şəkildə təmir
edilib, yeni avadanlıqlarla təmin olunub, yardımçı
binalar tikilib, binaların kommunal şəraiti ən yüksək
səviyyədə yaxşılaşdırılıb.
Hər zaman olduğu kimi, gənc nəslin təlim və tərbiyəsinə
ayrıca önəm verilir. Bu məqsədlə bütün
müəssisələrdə kitabxanalar yaradılıb, onlar
uyğun tədris vəsaiti ilə bədii ədəbiyyatla zənginləşdirilib.
Uşaqların texniki biliklərinin artırılması
üçün əksər uşaq evləri və internat məktəblərində
kompyuter otaqları təşkil olunub, sinif otaqları interaktiv
təhsil üçün uyğunlaşdırılıb.
Heydər Əliyev Fondunun
qayğısı ilə əhatə olunan uşaq müəssisələrindən
biri Nizami rayonundakı 1 saylı Uşaq evidir. Burda yaşayıb
tərbiyə alan kimsəsiz uşaqlarla fondun rəhbərliyi
arasında bir doğmalıq var. 1 saylı Uşaq evinin
yaşı əllini ötüb. Ötən illər ərzində
bura ata-ana qayğısından, valideyn himayəsindən məhrum
olan minlərlə uşağa doğma ev, əziz məkan
olub,
çoxuşaqlı bir ailəni xatırladır. Bu ailənin
dəyişməz, pozulmaz qanunları var: hər kəs daxili
nizam-intizama əməl etməli, böyüklər
kiçiklərə örnək olmalıdır.
Qarşılıqlı hörmət, məhəbbət, mərhəmət-
bunlar hər kəsin tapına biləcəyi
duyğulardır. Hazırda bu isti ocaqda 120 nəfər məskunlaşıb.
3 yaşından 20 yaşınadək sakinlərin arasında
ali məktəblərdə oxuyanlar, dövlətə hərbi
xidməti borcunu yerinə yetirənlər də var. Onlar üçün
ev, ailə sevgisi burdan başlayır, heç zaman da
bitib-tükənmir.
2004-cü ildə 1
saylı Uşaq evi məhz Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın təşəbbüsü,
qayğısı ilə yenidən qurulub, tam təmir olunub. Burada çoxlarının həsəd
apara biləcəyi, Avropa standartlarına cavab verən şərait
yaradılıb. Tam təminatlı yataq, məşğələ-dərslərə
hazırlıq, rəssamlıq, tikiş, xalça, bədii
naxış, biçmə-tikmə, toxuma, kompyuter otaqları,
kitabxana, oxu zalı, yeməkxana, idman zalı və
meydançası uşaqların ixtiyarındadır. Uşaq
evinin sakinləri Fonddan ən qiymətli hədiyyəni bu il
alıblar. Yeni ilin ilk ayında Fondun prezidenti Mehriban Əliyeva
kiçik dostlarının görüşünə gələndə
yeni beşmərtəbəli binanın
açılışında iştirak edib. Onun
təşəbbüsü ilə 18 yaşına
çatmış qızların müvəqqəti
yaşaması üçün tikilən bu binada ikinəfərlik,
birotaqlı, lazımi avadanlıq və əşyalarla tam təmin
olunmuş, hər mənzilin ayrıca, yaraşıqlı mətbəxi,
sanitar qovşağı olan 50 otaq var. Bununla yetkinlik
yaşına çatanda uşaq evindən ayrılmalı olan
qızların ən ağrılı problemi birdəfəlik
həll olunub. Üstəlik, Fondun adından hədiyyə
olunan təzə avtobus da uşaq evinin
qayğılarını azaldıb. «Dövlətimizin, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sayəsində
bizim uşaq evində böyüyüb tərbiyə alan
balalarımız sabahlarından arxayındılar. Burda
uşaqlara təhsil, tərbiyə, sənət verir,
onları əsl vətəndaş, cəmiyyətə
yararlı insanlar kimi böyüdürük»- bunu uşaq
evinin direktoru Nərminə Zöhrabova deyir. Sonra da əlavə
edir: «Mehriban xanım kimi mərhəmətli, incəqəlbli
insanın, gözəl ananın olduğunu bilmək, ona
güvənmək çox xoşdur» - uşaqlar bu fikri tez-tez
təkrarlamağı sevirlər. «Biz burda ata-anasız
olduğumuzu hiss etmirik, Mehriban xanım öz
qayğısı ilə bütün acıları unutdurub. O
bizim ən yaxın rəfiqəmizdir» - bunu isə
yaşıdları Aydana, Nəcibəyə, Səmarəyə,
Xoşbəxtə, Kəmaləyə danışmağa aman
verməyən dilli-dilavər Aynur deyir. Deyir, sonra da bəxtəvər-bəxtəvər
gülümsəyir. Gülümsər çöhrə
qızlarımıza çox yaraşır.
Uşaq ilində ən
gözəl töhfə alanlardan biri də kor uşaqlar
üçün musiqi məktəbinin şagirdləridir. Xalq çalğı alətləri
- tar, kamança, qarmon, nağara, xanəndəlik, fortepiano və
musiqi nəzəriyyəsi şöbələrində təhsil
alan bu uşaqların hamısı Gözdən əlil
uşaqlar üçün internat məktəbində
oxuyurlar. Onlar bura respublikamızın müxtəlif bölgələrindən
gəliblər. Fiziki cəhətdən qüsurları olsa da,
orta məktəb proqramı ilə yanaşı, musiqi təhsili
almağı da arzu edirlər. Aralarında istedadlı
uşaqlar çoxdur. Arzularının gerçəkləşməsində
onlara Heydər Əliyev Fondu yardımçı olub, musiqisevərlərə
yaraşıqlı, təmiz, səliqəli bir məktəb hədiyyə
olunub. Musiqi məktəbinin direktoru Əsab Əliyevin
təmirlə bağlı müraciətinə müsbət
reaksiya verilib, çox qısa müddətdə - cəmi
beş aya köhnə binada köklü təmir işləri
aparılıb, əlavə otaqlar tikilib, avadanlıqlar təzələnib,
yeni musiqi alətləri alınıb, qaz, istilik, su və
işıq sistemləri yenilənib. 12 dərs otağı,
kitabxana, akt salonu uşaqların ixtiyarındadır. Məktəbin direktoru həyatın bir çox
gözəlliklərindən məhrum olan uşaqlara Mehriban
xanım Əliyevanın, Mədəniyyət və Turizm
Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsinin qayğısını ən humanist
addım kimi dəyərləndirərək, yaradılan şəraitə
görə uşaqların təşəkkürünü
«Mədəniyyət» qəzeti vasitəsilə
çatdırdı: «Diqqətə, qayğıya, səmimi
münasibətə, doğmalığa görə minnətdarıq.
Təzə məktəb bizə daha geniş imkanlar
yaradır. Bizim məktəbin istedadlı uşaqları
respublikamızda, Türkiyədə keçirilən beynəlxalq
festival və müsabiqələrdə həmişə fərqlənirlər.
Onlar ən kiçik qayğıdan, yardımdan, isti, xoş
münasibətdən fərəhlənir, bunun
qarşılığını verməyə
çalışırlar. Bu uşaqları
xoşbəxt etməyə, könüllərini sevindirməyə
dəyər». Əsab müəllim qəzetimizin bütün
respublikamıza yayıldığını, oxunduğunu
bildiyindən aidiyyəti orqanlara, rayonlarda yaşayan kor və
zəif görən uşaqların valideynlərinə
müraciət etdi: «Balalarınızın əlilliyindən
kədərlənib onları elmsiz, biliksiz qoymayın. Bizim
internat məktəbə, ordan da musiqi məktəbimizə
yönləndirin. Gözdən əlillik həyatdan
küskünlüyə gətirməməlidir. Belə uşaqlar
dövlətin xüsusi himayəsində, Heydər Əliyev
Fondunun qayğısı altındadır. Onların hər
birinin orta təhsil, ali təhsil, musiqi təhsili almağa
imkan var. Şikəst övladlarınızın gələcəyini
bizə etibar edə bilərsiniz». Gözdən əlil olan Əsab
müəllim müraciətini çox böyük
yanğıyla söylədi, sonra da əlavə elədi: «Mən
özüm bu internatın məzunuyam. Asəf Zeynallı
adına Musiqi Kollecini, sonra Ü.Hacıbəyov adına Musiqi
Akademiyasını bitirmişəm. Bizim məktəb dünya
işığına həsrət qalanları elmin, incəsənətin
işıqlı yollarına qovuşdurur».
Heydər Əliyev
Fondunun qayğısından ağızdolusu
danışmağa Bakının Xətai raoynundakı 3
saylı Uşaq evinin - hamının «Günəş evi» kimi
tanıdığı uşaq müəssisəsində
çalışanların, burda məskunlaşan
gülüzlü balaların da haqqı var. Fondun kollektivi «Günəş evi» ilə
daimi əlaqə saxlayır, problemlərini öyrənir,
onları zamanındaca aradan qaldırırlar. Son zamanlar Fond tərəfindən
uşaq evinə kompyuterlər, kondisionerlər, kitablar, Oksford
lüğətləri, habelə mikroavtobus hədiyyə
olunub. «Günəş evi»nin keçmiş
sakinlərindən Xəyal Qafarov doğma divarları tərk
edib Lənkərandakı uşaq evində tərbiyə alan
Naibə adlı qızla evlənərkən Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanımın təşəbbüsü
ilə gənclər Daşkəsən şəhərində
ayrıca mənzillə təmin olunublar. Bu ilin mart
ayında Fondun dəstəyi ilə Daşkəsən Rayon
İcra Hakimiyyəti cavanlara gözəl toy da
çaldırıb.
Fondun xeyirxah təşəbbüsü
ilə dövlətin himayəsində olan, yetkinlik
yaşına çatmış, hərbi xidmətini başa
vurmuş gənclər Dövlət Neft Şirkətinin nəzdindəki
təhsil müəssisələrində kurs keçdikdən
sonra şirkətdə işlə təmin olunacaqlar. Bu, yaşına görə
uşaq evlərindən ayrılmalı olanların işlə
təminatını biryolluq həll edəcək. Dövlət
himayəsində olan uşaqların yay tətilini səmərəli
keçirmələri üçün Buzovnada - Xəzərin
sahilində istirahət və sağlamlıq mərkəzinin
tikintisinə hazırlıq gedir. «Günəş evi»nin də
yenidən qurulması nəzərdə tutulur. 3 saylı
Uşaq evinin direktoru Zöhrə Hüseynova bu faktları məmnunluqla
sadalayır: «Bayramlarda, əziz günlərdə humanitar təşkilatlar,
idarə və müəssisə rəhbərləri,
imkanlı adamlar qapımızı tez-tez döyürlər,
sağ olsunlar. Amma ilboyu ortaya çıxan taleyüklü
problemlərin həllini boynuna götürən,
qayğıların, ehtiyacların ödənilməsini təmin
edən, bütün uşaq müəssisələrinin
ümid yeri Heydər Əliyev Fondu, onun prezidenti Mehriban
xanımdır. Fondun beş illiyi münasibətilə
dövlət uşaq müəssisələri adından bu
qayğıkeş kollektivi, şəxsən Fondun prezidenti
Mehriban Əliyevanı təbrik edir, ona
cansağlığı, xeyirxah işlərində uğurlar
arzulayıram. Uşaqları sevindirməkdən böyük
yaxşılıq yoxdur».
F. Qazıyeva
Mədəniyyət.- 2009.- 9 may.- S. 9.