İntellektual məsuliyyət

 

Mədəniyyət insanı daxilə baxmağa, sivilizasiya isə özündən kənara boylanmağa sövq edir

 

Sivilizasiya qarşısında intellektual məsulliyyət - bu fikir zamanın ən dramatik məqamlarında qabarıq şəkildə üzə çıxır. Bəşər «hay-küy və hiddət» içində azmış ideyalarının həqiqi ünvanı haqqında düşünəndə bəlkə də çox sadə, insani fikirlərə gəlib çıxır. Çünki Günəş tikanlı sərhəd məftilləri üzərində parladığı kimi, çör-çöpdən və palçıqdan tikilmiş balaca qaranqış yuvasının üstünə də işıq saçır. Bu əbədi həqiqətdən böyük ideya varmı? Həyat və mədəniyyət qarşısındakı məsuliyyət bu reallığın dərkindən keçir...

 

10 iyun 2008-ci il. «Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi» mövzusunda keçirilən forumda YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva intellektual məsuliyyət haqqında belə deyir: «Düşünürəm ki, müasir dünyanın çağırışları millətlərin qarşılıqlı anlaşmasına həm kömək edir, həm də çətinlik yaradır. Bu gün qarşılaşdığımız qlobal problemlərin mənbəyinin və səbəblərinin təhlili hazırda dünyanın ali siyasi və ictimai fikirlərinin diqqət mərkəzindədir. Şübhə yoxdur ki, alimlərin və ictimai xadimlərin hələ bir neçə nəsli bu problemlərlə məşğul olacaq və bu suallara cavab axtaracaq».

Əbədi suallar və onların arxasınca gələn nəhayətsiz mülahizələr... Mehriban xanım çıxışında bəşər tarixi və bir uşağın göz yaşları ilə bağlı dahi bir mütəfəkkirin dediklərini sanki təsdiqləmək istəyirdi. Hələ neçə nəslin dühaları intellektual məsuliyyət daşımalıdır ki, bu göz yaşları tarixin səhifəsindən silinsin. «Bu mümkündürmü» sualını Mehriban xanım çıxışında belə cavanblandırır: sevgi, mərhəmət. Bu, bəşərin nicat yoludur.

Yeni minilliyə keçmişdən miras qalan bəşəri problemlərin həlli üçün axtarılan çarə yollarında sevgi və mərhəmət ən gözəl məlhəmdir. Mehriban xanım qayğıya ehtiyacı olan insanların problemlərini həll edəndə, nəvazişi bir içim su, bir udum hava kimi gözləyən uşaqları sevindirəndə, bu həyat məlhəminin nə qədər vacib olduğunu, sanki bir daha xatırladırdı. Həyatı kor-koranə sevmək yox, onun gətirdiyi sevinc və kədəri olduğu kimi dəyərləndirmək, mənəvi cavabdehlik hissi ilə yaşamaq elmi çətin olsa da, yeganə və düzgün yoldur. O, bu elmin əlifbasını böyük bir nəslin keçdiyi həyat yolundan, nəfəs aldığı mənəvi-əxlaqi ab-havadan öyrənmişdir.

Onun həyatında o taylı-bu taylı Azərbaycanın tale yazısı vardı. Babası Mir Cəlal Paşayev Təbriz yaxınlığındakı kənddə göz açıb. Tarix boyu paytaxt rolunu oynamış şəhərlər çox olub. Amma Təbriz məktəb idi. Şərqin ruhu, ulduzları, döyüşləri, əlyazmaları yaşayırdı bu məktəbdə.

Şəms Təbrizinin vətəni günəşüzlülərin sevimli məkanı idi. Buradan Şəhriyar «Heydərbabaya salam»ı ilə bütün Azərbaycana səs salmışdı. Mir Cəlal Paşayev Təbriz adlı məktəbin işığını gətirmişdi bu taya. Sonralar böyük ziyalı kimi dostları və tələbələri tərəfindən sevilən bu görkəmli yazıçı insan, kainat, həyat, zaman haqqında düşüncələrini bu mənəvi irsin köməyi ilə açırdı. Mücərrəd zaman, hərb və sülh meydanlarında yaşanan insan faciələri, xalqların sabaha bağladığı ümid və istəklər tarixin səthinə qan və göz yaşları ilə cızılmış əkslər mahiyyətə varan sənətkar üçün vaxtın metaforaları idi. Onu xeyrin dili ilə qələmə almaq lazım gəlirdi. XX yüzilin ziddiyyətləri ürəklərdə yaşayan Azərbaycan ideyasını sarsıda bilməzdi. Bəlkə də Mehriban xanım babasının insan, cəmiyyət, Azərbaycanın yeri və taleyi haqqında söylədiklərini böyük vaxt və zaman çərçivəsindən çıxarmağa çalışırdı: «Qərblə Şərq arasında, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırmışdır. Bəzi dövrlərdə müxtəlif imperiyaların əhatəsində yaşasaq da, dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət kimi qoruyub saxlamışdır».

Azərbaycan Şərqlə Qərbin təmas xəttində yerləşir. Höte, Şekspir, Tolstoyun mənəvi axtarışları, etik təlimləri, sufi şairlərin ruhi məqamına, Nizaminin, Nəsiminin, Füzulinin kamil insan ideyasına qarışırdı. Bakı nefti texnoloji dünyanın damarlarında nə qədər əhəmiyyətli yer tuturdusa, bu küləkli şəhərin Qərblə Şərqdən qaynaqlanmış mənəvi dünyasına müasirliyin bir o qədər ab-havası hopmuşdu. Mehriban xanım bu haqda müsahibələrinin birində deyir: «Azərbaycan müasir dünyəvi, müsəlman dövlətidir. Son dərəcə tolerantlığı ilə seçilən bu dövlətdə müxtəlif dinlərin nümayəndələri birlikdə rahat yaşayır, burada din və ya etinik zəmində problemlər yaranmır. Müasir dünyada belə ölkənin nümunəsi çox vacibdir».

Minillərin ənənələrinin işığını qoruyub saxlamaq, onu gələcək nəsillərə layiqincə ötürmək üçün mədəniyyətin mahiyyətinə varmaq lazımdır. Burada yenə zaman faktoru əsas rol oynayır. Müqəddəs kitabımız Qurani-Kərimdə deyilir ki, zaman hər şeyin əvvəli və sonudur. Xalqların, ölkələrin taleyi zamanın naxışları ilə bir-birinə calanır. Sirli xalçaya bənzəyən və gələcəyə ünvanlanan bu işarələri oxumaq üçün mənəvi güc tələb olunur. Bəlkə də ona görə bu zərif və incə qadının iradə və intellektlə səslənən fikirləri Qərbdə və Şərqdə maraqla qarşılanır. Bu fikirləri ömür kitabının səhifələrinə yazılmış qeydlər, mürəkkəb zamanın çağırışlarına verilən cavab kimi dəyərləndirmək olar. Hələ Seçenov adına Moskva Tibb Akademiyasında təhsil aldığı illər Mehriban xanımı şəfqətli olmağı ilə yanaşı, qətiyyətli və çalışqan bir insan kimi tanıyırdılar. Burada, tarixi məhvərindən oynatmaq istəyən bir ideoloji güc mərkəzinin soyuq paytaxtında gənc tələbə ürəyində bir parça Azərbaycan istisi yaşadırdı. Şimal ölkəsinin küləkləri zəfər və qüdrət təlqin edən nəhəng şəhərin binaları fonunda muzeylərə toplanan mədəniyyət inciləri onu dərindən düşündürürdü. Burada bəşəri xilas edəcək bir gözəllik, bir ümid öz sakit həyatını yaşayırdı. Bu, ruhun qəddar və əzablı zaman üzərində azad uçuşu idi. Böyük dühalardan biri deyirdi ki, mədəniyyət insanı daxilə baxmağa, sivilizasiya isə özündən kənara boylanmağa sövq edir. Silaha sarılıb öz ideyasını yeganə, düzgün həqiqət kimi isbat etmək istəyənlər üçün mədəniyyət inciləri interyeri bəzəyən lazımsız əşyadır. Onlara hərb meydanlarının uğultusu muzey sükutundan daha vacibdir. Ancaq Rembrandt da, Soltan Məhəmməd də sükut istəyirdi. Bəlkə bu sükutun içindən Şərqin muğam üstə oxunan həqiqətləri eşidilirdi. Təbabət insan fenomeninə zahiri baxışla, maddi dünyanın dəyişkənliyə uğrayan obrazına praktiki nəzərlə yanaşırsa, incəsənət daha çox ruhi, mənəvi məqamları üzə çuxardır. Muğam ruhun musiqisidir. Tibb elminin incəliklərinə yiyələnən bu gənc tələbə, həm də mənəvi dünyanın sirlərini daha dərindən bilmək istəyirdi. «Muğam nədir» sualının cavabını o sonralar belə açıqlayacaq: «Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən olan muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır».

İnsan kainatın bir hissəsidir. Amma bu hissəcikdə bütün kainat əks olunur. Mehriban xanım muğam fəlsəfəsindən söz açanda bu sehrli kainatın bir insan səsində üzə çıxdığına bir daha işarə edir - xalq yaşayır, öz ruhi məqamlarını da zaman-zaman özü ilə yaşadır. Bəlkə də Mehriban xanımın təşəbbüsü ilə Bakıda açılan, Şərqin tarixinə ilk səhifə kimi yazılan Muğam Mərkəzi bu sirli aləmin yaddaş xəzinəsinə çevriləcək. Şərqdən və Qərbdən axışan musiqiçilər, sənətşünaslar ilk dəfə paytaxtımızda keçirilən Muğam Festivalına qatılan insanlar bu mərkəzin möhtəşəmliyi qarşısında heyranlıqlarını bildirirdilər.

Azərbaycanın böyük muğam ustalarının Mərkəzdə qoyulan büstləri əslində xalq yaddaşının, milli-mənəvi sərvətlərin ölməzliyinin təntənəsi idi. Azərbaycan böyük faciələrin içindən çıxsa da, onun qəlbində sevgi və mərhəmət günəşi parlayır və onun işığından dünyanın bütün qütblərində yaşayan insanlara pay düşür.

Hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən Azərbaycan Mədəniyyətinin Dostları Fondu bəlkə də xalqımızın qəlbində yaşayan və min illərlə cilalanan, büllurlaşan ali keyfiyyətləri bəşər övladlarına daha yaxından tanıtmaq istəyi ilə yaradılmışdı. Dünyanın müxtəlif ölkələrində ən yüksək tribunalardan çıxış edəndə də o, böyük Azərbaycan ideyasının ən uca insani dəyərlərdən bəhrələndiyini sübut edirdi.

Elə bu nöqteyi-nəzərdən, humanizmə, ali dəyərlərə sədaqətinə görə Mehriban xanım Əliyeva YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri adına layiq görüldü. Bu yaxınlarda «Exo planet» jurnalına verdiyi müsahibə zamanı müxbir ondan soruşur: «YUNESKO-nun xoşməramlı səfirlərinin sayı 40 nəfərdən çox deyil. İSESKO-nun xoşməramlı səfirləri arasında yeganə qadın sizsiniz. Siz bu fəaliyyətdə nəyi özünüz üçün əsas hesab edirsiniz?» O, cavab verir: «Bu fəaliyyət mənim ölkə daxilində görməyə çalışdığım işlərə çox yaxındır. Eyni zamanda, bu, beynəlxalq arenadır və mən orada öz ölkəmi təmsil edə bilərəm. Bu, müasir Azərbaycanı, onun çox dərin və mədəni köklərə malik olan xalqını göstərmək, bizim incəsənətin, musiqinin, ədəbiyyatın nailiyyətlərini bütün dünyaya çatdırmaq imkanıdır».

2004-cü ildə M.Əliyeva ümummilli lider H.Əliyevin irsini tədqiq edən fond yaratdı. Bu, onun mənəvi haqqı idi. Çünki Mehriban xanım görkəmli dövlət xadiminin ideyalarına, dünyagörüşünə, fəlsəfəsinə yaxından bələd idi. Azərbaycanı abad, firavan görmək istəyən fenomenal qabiliyyəti, sarsılmaz iradəsi ilə bu yolda titanik səylər göstərən H.Əliyevin arzularını gerçəkləşdirmək dayanır bu missiyanın təməlində.

Azərbaycanda az zamanda H.Əliyev Fondu, hətta ən ucqar dağ kəndlərində müasir məktəb binaları tikdi, sosial sahələrdə ən uğurlu nəticələrə nail oldu. Onun internat məktəblərinə, uşaq evlərinə hər gəlişi qayğıya ehtiyacı olan balacaların bayramına çevrildi.

Mehriban xanımın adı indi də «Yüzilliyin mesenatları» sırasında çəkilir və bu sahədəki fəaliyyətinə görə Beynəlxalq Xeyriyyə Fondunun «Yaqut Xaç» ordeninə layiq görülüb.…

İşıq və su kimi Ana, fəal ictimai xadim keyfiyyətlərini özündə birləşdirən Mehriban xanım Əliyeva inanır ki, «insan həyatı - istənilən rəssam təxəyyülündən, keçmiş və gələcək barədə hər hansı fantaziyadan, daha mürəkkəb və çoxşaxəlidir». Sivilizasiya qarşısında intellektual məsuliyyət onun düzgün seçim etməyinə həmişə kömək edir, tutduğu yolun üzərinə daim işıq saçır.

 

 

Qorxmaz Şıxalıoğlu

 

Mədəniyyət.- 2009.- 9 may.- S. 8.