«O cür sərt, ciddi adam və zərif çiçək»
Heydər Əliyev Nuriyyə
Hüseynovanın uşaqlıq yaddaşında belə
qalıb...
Əməkdar artist Nuriyyə
xanım Hüseynova həmsöhbətcillikdə elə
«açıq kitab»mış ki, heç bir «titul vərəqi»,
«müsahibəöncəsi» qeydlərə ehtiyac duymadıq.
- Nuriyyə
xanım, hər bir kitabın müqəddiməsi, hər
insan ömrünün «süftə»si olur...
- Bildim. Mən Ordubad rayonunun
Dırnıs kəndində doğulmuşam. 1978-ci ildə məktəbə
getmişəm və səsimin olduğunu da elə o məktəbdə
«kəşf» ediblər. Rayonda keçirilən bütün
musiqi müsabiqələrində iştirak etmiş, həmişə
də böyük uğur qazanmışam. 80-ci illərdə
Bakıda keçirilən «Gənc ifaçıların
muğam-mahnı yarışması»nı isə ömrüm
boyu unutmaram. Tək elə ona görə yox ki, o müsabiqənin
qalibi oldum, ən əsası ona görə ki, bu
yarışma ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə keçirilmişdi.
- Bildiyimə
görə, o müsabiqə musiqi-ifaçılıq aləmimizə
çox isimlər verib.
- Hə, o
yarışma bugünümüzün parlaq
ifaçılarından Könül Xasıyeva, Aybəniz
Haşımova, Aygün Bayramova, rəhmətlik Xeyransa Məmmədova
və başqalarını üzə çıxartdı. Hər bölgə üzrə
qalib olan uşaqlar Bakı şəhərində qalıb,
yataqxana ilə təmin olunub, təhsilini davam etdirdilər.
Amma mən həmin il, valideynlərimin razılığı
olmadığından, Bakıda qala bilmədim. Sonra dövlətin,
respublika həmkarlar təşkilatından gələn
saysız məktubların təsiri ilə mənim valideynlərim
də fikirlərini dəyişdi və dayılarımın
himayəsində qalmaq şərti ilə mən də
Bakıya gəldim. Burada oxuduğum 5 ildə bir çox tədbirlərdə
qalib oldum. Məsələn, 1983-cü ildə Səmərqənddə
keçirilən II Beynəlxalq Musiqi simpoziumunun qalibi oldum,
Moskvada keçirilən «Azərbaycan mədəniyyəti
ongünlüyü”ndə böyük uğur qazandım.
Bakıda keçirilən bütün dövlət və mədəniyyət
tədbirlərində də mən və yuxarıda
sadaladığım həmkarlarım həmişə
iştirak edirdik. Dövlət tərəfindən bizə
böyük qayğı var idi, tez-tez AzTV ekranına
çıxardıq və s.
1987-ci ildə
Bülbül adına Musiqi məktəbini bitirdim, sənədlərimi
Konservatoriyaya verdim. O vaxt
Konservatoriyada muğam şöbəsi yox idi. Dövlətin
göstərişi ilə bizim üçün muğam
şöbəsi açıldı. Şöbəyə ilk
olaraq görkəmli bəstəkar Süleyman Ələsgərov
rəhbərlik edirdi, ilk müəllimimiz isə xalq artisiti
Arif Babayev oldu, sonra İslam Rzayev də gəldi. Mən ora
daxil olan ilk tələbələrdən idim. Belə. Həyatımın
«süftə»si haqda bu qədər.
-
Keçin ikinci «fəsil»ə.
- İkinci
«fəsil»ə keçməzdən əvvəl, bir balaca
«ön söz» söyləyim. Konservatoriyaya daxil olandan sonra - 1987-ci ildən mən
artıq müstəqil bir qız idim. Artistik həyat - yəni,
çox məqamda teatr səhnəsindən o qədər də
fərqlənməyən həyatda dondan-dona girmək qətiyyən
mənə xas olan şeylər deyildi. Elə indi də mən
həyatda necəyəmsə, səhnədə də eləyəm.
Musiqiyə həvəsim həddən çox idi və bu
«sevgilim»dən ayrılmaq mənim üçün
ölümə bərabər bir şey idi. Amma nə edəydim
ki, valideynlərim məni ailə qurmağa vadar, daha
doğrusu, məcbur edirdi və indiki ağlımın diktəsilə
desəm, əcəb edirdilər! Amma o vaxt fikirləşirdim
ki, ay dadı-bidad, ailə quracağım şəxs məni
səhnəyə buraxacaqmı?! Bəli, dəhşətli
bir seçim qarşısında qalmışdım; sənət,
yoxsa ailə?! Təxminən, Hamletin «olum, ya ölüm»ünə
bərabər bir monoloq. Lakin! Yəqin mənim bu nidamdan hiss
etdiniz ki, sonluq yaxşı oldu. Ailə qurduğum insan
razılaşdı ki, təhsilimi davam etdirim, işləyim,
amma səhnə - heç vaxt! Təhsil illərimdə
artıq 2 övlad anası idim. Bu, təsadüf edirdi 80-ci illərin
axırlarına; sovet rejimi dağılır, sənət
adamlarının həyatında durğunluq dövrü
başlayır. Elə bil bu da Allahdan imiş ki, belə bir
dövr yaransın və mən ailə qurum,
uşaqlarımı sərbəst, qaça-qaçsız
böyüdüm. Düzdür, çox əziyyətlərim
oldu, amma mən sarsılmadım. 1992-ci ildə
Konservatoriyanı bitirdim və Asəf Zeynallı adına
Musiqi məktəbində müəllim işləməyə
başladım.
Mən həyatda
qismətimə yazılmayan heç bir şey ardınca «mənimdir!»
deyə qaçmamışam, yalnız özümlük, mənlik
olan işlərin ardınca getmişəm. Heç vaxt
ağlımı hisslərimə qurban verməmişəm və
bu gün ailəm də yerindədi, uşaqlarım ali məktəblərdə
oxuyurlar, özüm ADMİU-da və Bülbül adına
Musiqi məktəbində işləyirəm, Musiqi Mədəniyyəti
Dövlət Muzeyində yerləşən Qədim Musiqi Alətləri
Dövlət Ansamblının solistiyəm.
- Bəs
«ön söz»də söylədiniz ki, həyat
yoldaşınız deyirmiş «səhnə - heç vaxt!»
- Onda səbir
edin, bunun «açması»nı da söyləyim. Bir gün -
1995-ci ildə Konservatoriyada təsadüfən görkəmli
kaman ustası Munis Şərifov dedi ki, emalatxanada Məcnun Kərimov
qədim alətləri bərpa edib və istəyirik ki, bura
bir solist götürək. Nuriyyə xanım, bəlkə bir
özünüzü sınayasız. Emalatxanaya keçib
ansamblla
Sonra bir
gün N.Gəncəvi adına Ədəbiyyat Muzeyində 2
xalq mahnısı oxudum, AzTV bu konserti efirə verdi və
çox gözəl qarşılandı. Özü də nəinki
musiqiçi-tamaşaçı ictimaiyyəti tərəfindən,
həm də - o ana qədər son dərəcə
«konservatlıq» edən ailə, qohum-əqrəba «ictimaiyyəti»
tərəfindən!
- Həyat
yoldaşınız yaxşı dinləyicidi?
- Yox, deməzdim.
Çox hövsələsiz adamdı. Hələ indiyədək
hansı bir əsərəsə baxıb gözünün
yaşardığını görməmişəm. Amma
klassik musiqini çox sevir.
- Bəs
onun həyat yoldaşı necə, nə vaxtsa, nədənsə
mütəəssirlənib ağladığı olubmu?
- Onun
yoldaşı, demək olar, hər şeydən təsirlənir.
Nədən ki, onun xəmiri nəğmə ilə
yoğrulub, onun ruhu, qəlbi musiqiyə köklənib.
- Bəs bu
sentimental ruhla o vaxt bu maliyyə işçisini - rəqəmlərlə
məşğul olan adamı necə sevdiniz?
- Mən?..
O vaxt mən kim idim ki, sevəm, ya sevməyəm? Sadəcə,
mən valideynlərimin qayda-qadağaları ilə
oturub-dururdum. Mən «sevirəm» sözünü deməkdən
qorxurdum.
-
Övladlarınız necə, qorxmurlar?..
- Mən
uşaqlarımı çox sərbəst böyüdürəm,
heç bir qadağa qoymuram. Amma bir sərt xahişim də
olub: milli, vətənpərvər ruhda böyüyün,
dilinizə, dininizə, kökünüzə hörmət
edin, bilin kimi sevmək olar, baxın, görün sevginiz kimə
layiqdi...
- Evdə
xörəyi yalnız od üstündə bişirirsiz, ya həm
də not üstdə, hansısa mahnı-muğam üstdə?..
- Baxır
yuxudan hansı əhvalla durmağıma. Bəzən
ovqatım «Şur»a köklənir, bəzən «Rast»a, daha
çox da «Segah»a...
- Düşünmürsüz ki, inqilab vaxtı ev-eşikdə boş keçirdiyiniz o 7-8 ildə nələrisə, hansı ifalarısa itirdiniz?
- Demək
olar heç nə itirmədim. Mən iki gül bala
böyütdüm.
-
Eşitmişəm, çiçəkləri güllərdən
daha çox sevirsiniz. Niyə?
- Bu,
uşaqlıq xatirəmlə bağlıdı. 80-ci illərdə
saraydakı konsertdə ulu öndərimiz Heydər Əliyev də
vardı və mən əlimlə ona bir çiçək
verdim. O cür sərt, ciddi bir insan o zərif çiçəyə
elə munis, elə duyğusal baxdı ki, o gündən mən
dünyada çiçəkdən gözəl bir şey
olmadığı qənaətinə gəldim...
- Bu
yaxınlarda paytaxtımızda keçirilən Beynəlxalq
Muğam Müsabiqəsini necə gördünüz? Fikrinizi
yeddi muğamımızı ifa edən yeddi sənətkardan
biri kimi yox, sadə bir vətəndaş kimi bildirmənizi istərdik.
- Bu
müsabiqə təkcə muğam sənətilə məşğul
olan insanların həyatında deyil, ümumən Azərbaycanın
həyatında gözəl bir partlayış əmələ
gətirdi. Bütün xalqımız özündə
böyük məsuliyyət hiss edirdi. Sanki xalqımız,
bütün Şərq «tələbələrilə» birgə
bütün dünyaya imtahan verirdi. Amma deyim ki, bu böyük
sənət üzüyünün qaşı Azərbaycan
muğamıdır. Başqa xalqların muğamlarında bir
qeyri-fundamentallıq, bir pərakəndəlik hiss olunur. Həm
də ona görə ki, Azərbaycan muğamının, Azərbaycan
musiqisinin çox dərin kökü və Üzeyir bəy
kimi, Qara Qarayev, Fikrət Əmirov kimi qol-qanadları var. Deyim
ki, o müsabiqədə yeddi muğamımızdan ən
çətini mənim püşkümə düşdü.
Cəmisi 18-20 dəqiqə oxunan «Şüştər» ilk səslənişdə
qəm-kədər gətirir, amma onun sonunda bir sevinc var,
işıq var. Bir sözlə, «Şüştər»
qapalı, xasiyyəti bəlli olmayan adama bənzəyir. Alim
Qasımov fasilədə mənə yaxınlaşıb, dedi:
«Nuriyyə xanım, nə çətin muğam
götürübsüz?» İş onda idi ki, mən gəlincə
xanəndələr o biri muğamları
götürmüşdülər, «Şüştər»
qalmışdı yiyəsiz. Əlbəttə, bütün
muğamlar mənim üçün əzizdi və mən qəribçiliyə
salınmış o «Şüştər»i can-başla ifa
etdim.
Biz salonda
mikrofonsuz ifa edirdik və bu çox gözəldi; mikrofon
çox vaxt səsin şəhd-şəkərini itirir. Təvazödən
uzaq olmasın, hiss edirdim ki, gözəl ifa edirəm və
özüm də, tamaşaçı da zövq alır. Amma
televiziyada - AzTV-də bu nüanslar alınmamışdı.
Bilmirəm, səs rejissoru kim idi, amma bu səs salondakı səs
deyildi. Niyə bu işdə belə diqqətsizlik edirlər,
bilmirəm. Axı bu, dövlət səviyyəsində
keçirilən bir müsabiqədir. Bu şeylər məni
ruhdan salmır, amma niyə gileylənməyim ki, bütün
xanəndələri AzTV-nin «Səhər» proqramına
çağırdılar, məni yox.
- Bir vaxt səhnə
qadağası qoyulmuş Nuriyyə xanım böyük kino səhnəsinə
necə yol aldı və o aləmdən
narazılığı yoxdur ki?
- Mən
«Cavad xan» filmində Cavad xanın həyat yoldaşını
- Şükufə xanımı oynamışam və ssenari
müəllifi S.Rüstəmxanlının, rejissor
R.Almuradlı, baş rolun ifaçısı
N.Mehdixanlının dediklərinə görə, böyük
uğurla oynamışam.
- Bəs
filminiz niyə ekrana çıxmır?
- Filmin təqdimatına
lap az qalıb - bu ay baş tutmalıdır. Deyim ki, bu film
dövlət sifarişi ilə çəkilib və çox
yaxşı alınıb. Sağ olsunlar - Rövşən
müəllim, Nurəddin Mehdixanlı ki, məni bu filmdə
görüblər. Heç yadımdan çıxmaz
Rövşən müəllimin məni görən anda dediyi
sözlər: «Mən axtardığımı tapdım!»
- Nuriyyə
Hüseynova daha nə gözləyir bu həyatdan, öz aləmini
tam açmaq üçün ona daha nə lazımdı?
- Şərait!
Mənim bir layihəm var; öz tələbələrimlə
hazırlamışım. İstəyirəm bu yaxınlarda
bir konsert düzənləyəm. Çox fərqli bir konsert!
Bu işdə mənə Bülbül adına Musiqi məktəbinin
direktoru Nigar xanım kömək olur. İstərdim ki, sizin
«Mədəniyyət» qəzetinin baş redaktoru Nigar xanım
da informasiya və ruhlandırma sarıdan bu işə rəvac
versin...
Söhbətləşdi:
Kəmalə Cəbrayıl
Mədəniyyət.- 2009.- 9 may.- S. 7.