Rəssamların böyük dostu
Maraqlıdır ki, müxtəlif peşə
adamları ümummilli
liderimiz Heydər Əliyevi özlərinə
daha yaxın hesab edirlər. Bu qahmarlıqda heç də yanılmırlar. Görünür, Heydər
Əliyevin Azərbaycan
Sənaye İnstitutunun
memarlıq fakültəsində
təhsil alması
(1939-1941) və rəssamlıqla
məşğul olması
da bu məsələyə
əsas verir. Sonradan görkəmli siyasi xadim kimi
tanınacaq Heydər Əliyevin gözəlliyi
duymaq və onu dəyərləndirmək
istedadı isə yəqin ki, ona yönəli Tanrı lütfünün
göstəricisi idi.
1969-cu ildən H.Əliyevin
respublikaya rəhbərlik
etməsi ona milli təsviri sənətimizin «sosialist ideoloji çərçivəsi»
əhatəsində topladığı
xoşagəlməz problemlərin
həllinə əsaslı
təsir göstərməyə
imkan verdi, desək, yanılmarıq.
Sovet dönəmində Bakı kimi böyük bir şəhərdə bir dənə də olsun müasir tələblərə cavab
verən sərgi salonunun yoxluğunu qəbul edə bilməyən H.Əliyev
ilk növbədə belə
bir mədəniyyət
mərkəzinin yaradılmasına
qərar verdi. Paytaxtın lap mərkəzində
Hökumət Evinin yaxınlığında əsasən
tanınmış ziyalıların
yaşadıqları çoxmərtəbəli
yeni binanın iki mərtəbəsində
yetmişinci illərin
lap əvvəllərində geniş və işıqlı sərgi salonu açıldı. İndi bura Azərbaycan təbiətinin
nəğməkarı, ulu
öndərin dostu olmuş Səttar Bəhlulzadənin adını
daşıyır. Burada
təşkil olunan maraqlı sərgilərin
açılışında şəxsən iştirak
edən Heydər Əliyev gördüklərinin
qarşılığında əmin oldu ki, respublikamızın çoxsaylı rəssamlarının
artıq öz yaradıcılıqlarını nümayiş etdirməyə
gözəl salonları
var. O, eyni zamanda rəssamların yaradıcılıq
şəraitinin yaxşılaşdırılması
barədə düşünürdü.
Müdrik dövlət
rəhbəri əllinci
illərin sonunda paytaxtın İnşaatçılar
prospektində tikilən
«Rəssamlar evi»ndəki emalatxanaların yaradıcılara azlıq
etməsindən də
yaxşı xəbərdar
idi. Odur ki, işi genişləndirməyə
sərəncam verdi. Bundan sonra 1978-ci ildə Əhmədli yaşayış massivində,
1990-cı ildə isə
4-cü mikrorayonda iki beşmərtəbəli dörd
bloklu emalatxana - bina inşa olunub rəssamların ixtiyarına verildi. İndi bu binalarda
300-ə qədər rəssam
və heykəltəraş
yaradıcılıqla məşğuldur.
Müstəqillik illərində
isə ölkə prezidenti H.Əliyev həmin emalatxanaların pulsuz olaraq rəssamların
mülkiyyətinə verilməsi
üçün sərəncam
imzaladı. Bu, heç
şübhəsiz, ölkə
başçısının yaradıcı insanlara böyük qayğısının
ifadəsi idi. Etiraf edək ki, Heydər Əliyev heç vaxt rəssamları zamanın sərt sınağa çəkməsinə
imkan verməyib. Sosialist iqtisadi sisteminin dağılmasından
sonra onların maddi vəziyyətinin çətinləşməsini həssaslıqla duyan dövlət başçısı
rəssamların müxtəlif
nəsillərinə xüsusi
Prezident təqaüdü
təyin etdi, əsərlərin satın
alınmasına görə
müəyyən olunmuş
qonorarların həcmini
artırdı, yaradıcılıq
ezamiyyətlərinin, xarici
ölkələrdə sərgilərin
sayının çoxalmasına
göstəriş verdi.
Bir sözlə, təsviri sənət sahəsində çalışanlara
yönəli imzalanan hər bir qərar
və sərəncamlar
bütünlükdə Azərbaycan
incəsənətinin yaşamasına,
daha da inkişafına
və beynəlxalq təbliğinə köklənmişdi.
Rəssamların yeni nəslinin yetişməsi
həmişə ölkə
başçısının diqqət mərkəzində
olan məsələlərdən
idi. Bakıda Rəssamlıq Kolleci və Mədəniyyət
və İncəsənət
Universiteti mövcud olsa da o, uzun
illər idi ki, paytaxtda gənclərə
akademik vərdişləri
aşılayan ali təhsil ocağının
açılmasını arzulayırdı.
Nəhayət, bu istəyini 2000-ci ildə gerçəkləşdirə bildi. Həmin ildən fəaliyyətə
başlayan Azərbaycan
Dövlət Rəssamlıq
Akademiyası ötən
bu müddətdə yetişdirdiyi istedadlı tələbələrlə yaradıcı
nəsillər arasında
mənəvi körpünün
artıq arzulanan səviyyədə möhkəmləndirildiyini
nümayiş etdirməkdədir.
Heydər Əliyev yaradıcı adamların
Azərbaycan incəsənətinə
verdiyi bədii töhfələri dəyərləndirməyi
də önəmli hesab edirdi. Onun
ölkəyə rəhbərlik
etdiyi uzun müddətdə yüzlərlə
fırça və tişə ustası fəxri adların daşıyıcısı olmuş,
onlarla yaradıcı isə Dövlət mükafatına layiq görülmüşdür. Sənətkarların
milli mədəniyyətimizin
inkişafı naminə
göstərdiyi xidmətlər
də Heydər Əliyevin nəzərindən
qaçmamış və
onların xatirəsi layiqincə əbədiləşdirilmişdir.
Bu gün Bakının
və digər yaşayış məntəqələrinin
küçələri Sultan Məhəmməd, Ə.Əzimzadə,
S.Bəhlulzadə, K.Kazımzadə,
T.Şıxəliyev, S.Salamzadə
və b. sənətkarların
adını daşıyır.
Onların yaşadıqları
binaları xatirə lövhələri bəzəyir.
Paytaxtda və Əmircan qəsəbəsində
Ə.Əzimzadə və
Bəhlulzadənin abidlərinin
ucaldılması və
ev-muzeylərinin təşkili
də bu görkəmli sənətkarların
xatirəsinə hörmətin
nümunəsidir.
Ölkə ictimaiyyəti dövlət başçısının
1994-cü ildə dünyaşöhrətli
xalq rəssamı Səttar Bəhlulzadənin
anadan olmasının
85 illiyinə həsr edilmiş təntənəli
yubiley yığıncağındakı
çıxışını yaxşı xatırlayır.
Görkəmli fırça
ustasının yaradıcılıq
yolunu gözəl təhlil edən H.Əliyev sonda demişdi: «Biz Səttar Bəhlulzadənin yubileyini
qeyd edərkən bütün incəsənət
xadimlərinə, rəssamlarımıza
öz hörmət və ehtiramımızı
göstəririk. Mən
bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, XX əsrdə Azərbaycan rəssamlıq
məktəbi, Azərbaycan
rəssamları dünya
miqyasında görkəmli
yer tutmuşlar. Bunu bütün dünya rəssamlarının
işləri ilə tanış olan bir adam kimi,
onlarla müqayisə edərək tam əsaslı
deyə bilərəm.
Biz bununla fəxr edirik. Bütün rəssamlarımızın əsərlərinə
qayğı ilə yanaşmalıyıq və
gözəl əsərlər
yaratmalarına şərait
təmin etməliyik».
Bizcə, təsviri sənət ustalarımızın
beynəlxalq miqyasda tanınmalarına - onların
yaratdıqları gözəl
sənət nümunələri
ilə yanaşı, doğma Azərbaycanımıza
Heydər Əliyev kimi sənətə və sənətkara dəyər verən görkəmli bir şəxsiyyətin rəhbərlik
etməsi zəmin yaradıb. Odur ki, onun vaxtilə
gördüyü bütün
xeyirxah işlər incəsənətimizin inkişafına,
bütünlükdə isə
Azərbaycanımızın tanınmasına və təbliğinə xidmət
etdiyi üçün
o, zaman-zaman xatırlanacaq,
heç vaxt yaddan çıxmayacaqdır.
Onun milli mədəniyyət tariximizə
saldığı izlər
də bu mənada silinməz və əbədidir...
Ziyadxan Əliyev,
əməkdar incəsənət
xadimi
Mədəniyyət.- 2009.- 9 may.- S. 6.