Heydər Əliyev
və kinomuz
Dövlət Film Fondunda Heydər Əliyevin 86 illiyinə həsr olunmuş tədbir keçirildi
Bu həftə Azərbaycan Dövlət Film Fondunda Heydər Əliyevin 86 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda tədbir keçirildi. Dövlət Film Fondu yeni binaya
köçdükdən sonra
baş tutan ilk tədbirdə, əvvəlcə “Azərbaycan
kinosunun tarixi xalqımızın salnaməsidir”
- deyən Heydər Əliyevin kino haqqındakı çıxışı
səsləndirildi. Tədbirdə Azərbaycanın bir çox görkəmli xalq artistləri, rejissorları və digər incəsənət
xadimləri iştirak
edirdi. İlk olaraq qonaqları salamlayan Dövlət Film Fondunun direktoru
Cəmil Quliyev Heydər Əliyevə həsr olunmuş tədbiri açıq elan edərək, dövlətin Azərbaycan
mədəniyyətinə,
o cümlədən kino sahəsinə göstərdiyi qayğıdan
həvəslə danışdı.
Nəhayət ki, “Azərbaycan kinosunun öz evi oldu.
Bu təqdirəlayiq hadisədir. Bir çox qiymətli fotolarımızı və
kinolentlərimizi qoruyub
saxlamaq üçün
artıq çox yaxşı şəraitimiz
var” - deyən Cəmil müəllim, sözü xalq artisti “Azərbaycanfilm” kinostudiyasının direktoru
Xamis Muradova verdi. Xamis Muradov
Heydər Əliyevlə
bağlı xatirələrindən,
onun Azərbaycan kinosunun inkişafındakı
əvəzolunmaz xidmətlərindən
bəhs etdi: “Bir dəfə tədbirlərin birində
ulu öndərimiz Heydər Əliyev, Gürcüstanın keçmiş
prezidenti Eduard Şevardnadze ilə birgə müzakirədə
biz çəkiliş
aparırdıq. Şevardnadze
Heydər Əliyevə
dedi: - “Cənab Əliyev, sizin kamera bir az
səs salır, deyəsən”. Ümummilli
liderimiz ona “Əvəzində qızıl
kadrlar gedir” - deyə cavab vermişdi. Sonra o, bizə yeni
kamera hədiyyə etdi ki, bu
da Heydər Əliyevin Azərbaycan kinosuna olan marağını,
qayğısını bir
daha sübut etmiş oldu”. Heydər Əliyevin çox diqqətcil olduğunu vurğulayan Xamis müəllim, zalda əyləşən
qonaqlara digər bir epizodu təqdim
etdi. Natiqin bildirdiyinə görə
o, 1973- cü ildə “Aşıq Ələsgər” filmini mənzərə etibarilə
daha əlverişli olan Qaxda çəkibmiş.
Bunu sezən öndərimiz “Mən anlamadım, Aşıq Ələsgər Göyçədə
doğulub, ya Qaxda?” - deyə, ona yumşaq bir eyham vurubmuş.
Sonra kinoşünas, əməkdar incəsənət
xadimi Aydın Kazımzadə çıxış
etdi: “Həyatımızın
elə bir sahəsi yoxdur ki, o sahə ilə bağlı Heydər Əliyevin bir xidməti olmasın. Təbii ki, kino
sahəsi də bura aiddir. Bildiyimiz kimi,
Azərbaycanda Kino Günü nə az-nə çox,
düz 3 dəfə dəyişib. Əvvəllər
biz 27 avqust tarixini SSRİ- nin Kino Günü kimi qeyd edirdik.
1976-cı ildə Cəmil
Əlibəyli, Nazim Sadıqov, Həsən Seyidbəyli ilə birgə qərara gəldik ki, Azərbaycanın öz kino gününü
yaradaq. Niyə də olmasın? Bizimlə həmfikir olan Məmməd Qurbanov Moskvaya zəng etdi, lakin müsbət cavab ala bilmədi.
Bu zaman Məmməd bəy bildirdi ki, narahat
olmayaq, bizim ümid yerimiz var. Bəli, biz öz kino
günümüzü təyin
etmək istəyimizi Heydər Əliyevə bildirdik. Onun köməyi və dəstəyilə istəyimizə
nail olduq. 1916-cı ildə çəkilmiş
“Neft və milyonlar səltənəti”
filminin yaranmasının
60-cı ilində indiki Heydər Əliyev Sarayında Azərbaycan kinosunun 60 illik yubileyini möhtəşəm təntənə
ilə qeyd etdik”.
Aydın müəllim öz çıxışında bir
çox filmlərimizin
ekranlara çıxmasında
Heydər Əliyevin böyük rolu olduğundan danışdı.
“Rüşvətxorluq
motivlərinə yer verildiyinə görə,
“Şəhərin yay
günləri”ni tamaşaya belə qoymaq istəmirdilər. Heydər Əliyev olmasaydı, “Bir cənub şəhərində”
filminin başına nələr gələcəkdi,
Allah bilir. Bir çox filmlərimizi misal gətirmək olar, hansı ki, onların yaranması, meydana çıxarılması
və qorunub saxlanılmasında mərhum
prezidentimizin rolu əvəzsiz və danılmazdır”. Aydın
Kazımzadə Heydər
Əliyevin tarixi filmlərə xüsusi qiymət verməsindən
də danışdı.
Heydər Əliyev təkcə Azərbaycan filmlərinə yox, həm də sovet kinosuna böyük önəm verirdi. Yeganə insan idi ki,
Moskvada onun kinematoqrafiya da daxil olmaqla 19 sahəyə nəzarət
etmək ixtiyarı var idi.
Heydər Əliyev haqqında film çəkən
“Salnamə” studiyası
və “Aztelefilm”in xidmətlərini xüsusi
vurğulayan Aydın Kazımzadə, öz çıxışını ulu öndərimizin fikri ilə tamamladı: “Azərbaycan kinosunun vəziyyəti sabah bugünkündən də yaxşı olmalıdır!”. Aktyor Hacı İsmayılov da Heydər Əliyev haqqında xatirələrini
danışdı. Sonda
Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filmi tamaşaçılara nümayiş
etdirildi.
Könül
Mədəniyyət.- 2009.- 9 may.- S. 6.