Qarabağdan bəhs edən növbəti nəşr
Dünən M.F.Axundov adına Milli Kitabxanada Şuşa şəhərinin
işğalının 17-ci ildönümü
ilə bağlı “Qarabağın tacı Şuşa”
adlı kitab-foto-rəsm əsərlərinin sərgisi və
Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdirdiyi
“Qarabağ - İrsimizin
əbədi yaddaşı” adlı kitabın təqdimat mərasimi
oldu.
Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov sərgidə Şuşa şəhərinin tarixini, mədəniyyətini və incəsənətini ermənilər tərəfindən işğalını əks etdirən 300-ə yaxın kitab və şuşalı rəssam Rövşən Bayramovun çəkdiyi 30 rəsm əsərinin nümayiş olunduğunu bildirdi.
Onun sözlərinə görə, son üç ildə Mədəniyyət və Turizm Nazirliyi Qarabağın tarixi ilə bağlı Azərbaycan, ingilis və rus dillərində 10-a yaxın kitab çap etdirərək xarici ölkələrdə yayıb. “Qarabağ - İrsimizin əbədi yaddaşı” kitabının da xarici ölkələrdəki səfirliklərə və milli kitabxanalara göndərilməsi nəzərdə tutulub.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı B.Səfərov şuşalıların Şuşaya qayıdacaqları günü gözlədiklərini dilə gətirdi: “Biz Ali Baş Komandanın hücum əmrinə hazırıq. Şuşalılar Şuşanı bərpa etməyə qayıdacaqlar”.
AMEA-nın müxbir üzvü, “Azərbərpa” Dövlət Layihə İnstitutunun direktoru Cəfər Qiyasi, hazırda rəhbərlik etdiyi institutda Şuşanın ermənilər tərəfindən dağıdılmış bütün memarlıq abidələrinin ölçüsü və bərpa cizgilərinin olduğunu bildirdi. O, bu sənədlər əsasında Mədəniyyət və Turizm Nazirliyinin “Şuşa memarlıq ensiklopediyası”nın yaradılmasını təklif etdi.
Azərbaycan, rus və ingilis dilində materialların yer aldığı kitab “Azərbaycanda Miqrant və Məcburi köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin icraçı direktoru Dəyanət Musayevin rəhbərlik etdiyi layihə çərçivəsində çapdan çıxıb.
Nəşrdə “Qədim Şuşa şəhərinin əhalisi”, “Qədim Şuşanın tarixi və memarlıq abidələri”, “Şuşa işğaldan sonra”, “Şuşanın görkəmli şəxsiyyətləri haqqında” və s. bölümlərdə Şuşa ilə bağlı materiallar öz əksini tapıb.
Təqdimat mərasimində çıxış edən D.Musayev işğal olunmuş rayonların hər biri ilə bağlı ayrıca kitabların çap olunacağını bildirib. O, nəşrin ərsəyə gəlməsində göstərdiyi köməyə görə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Azərbaycan Qəsəbə Bələdiyyələri Assosiasiyasına təşəkkürünü bildirdi.
Turan
Mədəniyyət.-
2009.- 9 may.- S. 2.