Danulduzundan düşən işıq

 

Gülarə Teymurova: “Hər uşaqda bayram əhval-ruhiyyəsi yaratmaq lazımdır. Mehriban xanımın himayəsi olmasaydı, biz çətin işləri görə bilməzdik”

 

- Gülarə xanım, Uşaq və Gənclərin «Dan ulduzu» Beynəlxalq Yaradıcılıq Festivalının təşkilat komitəsinin sədri olmusunuz. Festivalın tarixi barədə məlumat verərdiniz.

- Uşaq evinin müdiri Zöhrə Hüseynova uşaqları Moskva və Sankt-Peterburqa festivala aparmışdı. Bu beynəlxalq festival idi. Festivaldan qayıdandan sonra Zöhrə xanım təklif etdi ki, «Dan» İctimai Birliyi olaraq Azərbaycanda da belə bir festival keçirək. Sınaq variant kimi yalnız Azərbaycan daxilində valideyn himayəsindən məhrum və əlil uşaqlar üçün uşaq evləri və xüsusi internat məktəbləri arasında festival keçirdik. O zaman, yəni beş il əvvəl vəziyyət bir az fərqli idi. Şəhərdəki uşaq evləri sanki hazır idilər və təklifimizlə daha tez razılaşdılar. Rayonlarda isə buna bir o qədər də diqqət yetirmirdilər. Biz Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Xeyriyyə Fondunun prezidenti Mehriban xanım Əliyevaya festivala himayədarlıq etməsi üçün müraciət etdik. Fəxri sədri Mehriban xanım olmaqla Nərgiz Paşayeva, həmçinin Əbülfəs Qarayev, Misir Mərdanov, Azad Rəhimov və bir neçə nazirdən ibarət Himayədarlar Şurası təşkil olundu. Hər nazirlik festivalın işinə öz payını, töhfəsini verdi. Bundan başqa biz yenə də iş adamlarına, özəl strukturlara da müraciət etdik. Büdcəni hazırladıq və onun hər bir hissəsini, «bölməsini» bir təşkilat, bir nazirlik öz üzərinə götürdü. Böyük bir proqram hazırlanmışdı. Birinci il festivalı müsabiqə prinsipləri ilə keçirdik. Yəni yerlər müəyyənləşdirildi. Peşəkarlardan ibarət münsiflər heyəti var idi - Ayaz Salayev, Vaqif Gərayzadə, Ramiz Mirişli və b. Hər sahə üzrə qaliblər nəzərdə tutulmuşdu: rəqs, vokal, orijinal janr (fokus və ya pantomima), teatr. Məqsəd uşaqların incəsənətin müxtəlif janrlarında fəaliyyətini inkişaf etdirmək idi. Doğrudan da, beş il ərzində uşaqların inkişafı nəzərə çarpdı. Müəllimlərin, uşaq evlərinin rəhbərlərinin də marağı artdı və uşaqlar üçün müxtəlif dərnəklər təşkil etməyə başladılar. Amma elə o zaman deyildi ki, uşaqlara rəqabət hissini aşılamaqdansa, festivalı bir bayram törəni kimi keçirmək daha düzgün olardı. Belə də etdik. Bu festival bir növ təkan oldu. İkinci ildən onu beynəlxalq festival kimi keçirməyə başladıq. Ötən müddətdə on bir ölkədən qonaqlar qəbul etdik. Hər nümayəndə heyəti bu sahədə bacardığı, hazırladığı nömrəni, janrı təqdim etdi. Məsələn, Şəkidəki internat məktəbindən çox maraqlı teatr tamaşaları gətirmişdilər.

Bu festivala uşaqlar böyük həvəslə hazırlaşırdılar. Onların ilk sualı bu olurdu: «Dan ulduzu» festivalı olacaq, yoxsa yox?

Onu qeyd etmək istəyirəm ki, vokal üzrə Bakıda zəif eşidən və zəif görən uşaqlar üçün internat məktəbi çox fəal iştirak etdi. Bu internat məktəbinin nəzdində çox yaxşı vokal təhsili verən məktəb var. Həmin məktəbin Xalid adlı yetirməsi festivalda birinci il iştirak etmişdi. Sonralar o, «Yeni ulduz» müsabiqəsində qalib oldu. Artıq o, müğənni kimi fəaliyyət göstərir.

Festival uşaqlarda bayram əhvalı yaratmaqla yanaşı, onların inkişafına da təkan verdi. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva doğrudan da böyük bir iş gördü.

H.Əliyev Fondunun dəstəyi ilə ilbəil festivalın proqramı zənginləşdi. Üçüncü ildən başlayaraq uşaqları Milli Məclisə də aparırdıq. Onlar deputatlara suallar verir, müzakirələr aparırdılar. Uşaqları muzeylərə, Atəşgaha, Şirvanşahlar sarayına, İçərişəhərə, rəsm qalereyalarına aparırdıq. Açılış konsertlərimiz çox gözəl keçirdi. Qala konsertdə uşaqlara hədiyyələr, diplomlar paylanırdı. Açılış mərasimi üç il Heydər Əliyev Sarayda, axırıncı il isə Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Yaşıl Teatrda keçirildi.

Birinci il istisna olmaqla, sonrakı dörd il bu festival beynəlxalq miqyasda keçirildi. Hər ölkədən iki-üç nümayəndə heyəti gəlirdi. Qazaxıstan, Gürcüstan, Ukrayna, Rusiya, Polşa, Türkiyə, İsrail Hindistandan nümayəndə heyətləri festivallarda iştrak etmişdilər. Bu, həm mədəniyyətlərin görüşü idi. Başqa ölkələrin uşaqları ilə bizim uşaqlar hələ yazışırlar. Onlar bu festivallarda elə möhkəm ünsiyyət yaratmışdılar ki, ayrılmaq istəmirdilər. Bu beynəlxalq münasibətlər baxımından da böyük işdir. Müxtəlif ölkələrdən olan uşaqlar xalqların mədəniyyəti ilə tanış olsa, dostluq etsə, onlar gələcəkdə bir-birinə silah çevirməzlər.

Mehriban xanımın qayğısı sayəsində uşaq evlərinin maddi ehtiyacları lazımi səviyyədə ödənilir. Uşaqlara hər cür şərait yaradılır. Amma hər uşaqda bayram əhval-ruhiyyəsi yaratmaq lazımdır. Mehriban xanımın himayəsi olmasa çətin ki, biz bu işləri görə bilərdik.

Festival zamanı iştirakçı uşaqlar Mehriban xanımın köməkliyi ilə Zağulbadakı Gənclik Turizm Mərkəzində qalırdılar. Burada uşaqlar üçün əsl şənlik, bayram təşkil olunurdu. Təxminən burada üç yüz uşaq yerləşdirilirdi.

- Gülarə xanım, ictimai təşkilat olaraq daha hansı işlərlə məşğulsunuz?

- Nizamnaməmizə əsasən, kimsəsiz, valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud olan uşaq və gənclərin problemləri ilə, onların təhsil və gələcəkdə işlə təmin olunmaları ilə məşğul olur, valideynlərlə də vaxtaşırı iş aparırıq. Uşaq evlərində valideyn klubları, uşaqlar üçün isə müstəqil həyat klubları yaratmışıq. Bu klubda xüsusi məşğələlər keçirilir. Bura hüquqşünaslar, psixoloqlar cəlb olunur.

 

 

Aliyə

 

Mədəniyyət.- 2009.- 13 may.- S. 14.