"Unutmur bu oba, bu mahal onu

 

   İnsanlar yaddaşlarda iləsə qalırlar. Əməlsiz insan əbədilik qazana bilmir. Kimlər yaradıcı xeyirxahdırsa, onlar zamanın sınağından sorğu-sualsız çıxır. Səfər Verdiyev. Bu adı, bu imzanı çoxlarımız bu gün ehtiramla xatırlayırıq. Niyəsini onu tanıyanlar daha yaxşı bilir. Səfər Verdiyev ictimai xadim olub. Uzun illər idarəetmə işində çalışıb. 1955-73-cü illərdə Kəlbəcər Yardımlı rayonlarında rəhbər vəzifələrdə işləyib. Ancaq sıradan bir nəfər, çoxluqdan seçilməyən birisi olmayıb. İş-gücü, əməli, ən başlıcası xeyirxahlığı ilə fərqlənib. Bir mənsub olduğu idarəetmə aparatının digər üzvlərindən istedadıyla - ruhuyla fərqlənib. Duyğulu insan - şeir, sənət xiridarı olub. Ədalət naminə qeyd edək ki, onun şeirləri peşəkar bir qələm sahibi olduğundan xəbər verir.

  

     

   Dağlar

  

   Vurğun sənə qonaq gəlib,

   Sevinsin ellərin, dağlar.

   Qönçələnib çiçək açsın,

   Ətirli güllərin, dağlar.

  

   Çəmənlər xalı toxusun,

   Çiçəklər ənbər qoxusun.

   Kəkliklər nəğmə oxusun,

   Açılsın dillərin, dağlar.

  

   Çobanların tütək çalsın,

   Sürülərin kürnəş salsın.

   Vurğun baxıb ilham alsın,

   Şən keçsin günlərin, dağlar.

  

   Kəlbəcər, 21.VI.1955-ci il  

  

 

   Harasındadır

 

   Gilənar» aşıq mahnısına yazılıb)

  

   Gözüm səni gördü, könlüm vuruldu,

   İsbatı qəlbimin yarasındadır.

   Sevmək eyib deyil bizim zamanda,

   Bəs mənim günahım harasındadı?

  

   Sevməyə bilərmi bülbül çəməni,

   Laləni, nərgizi, həm yasəməni,

   üçün günahkar görürsən məni?

   Günah o gözlərin qarasındadır.

  

   Xəstənəm sevgilim, gəl məni dindir,

   O sınıq könlümü güldür, sevindir.

   İstəsən alovlat, istəsən söndür,

   Qəlbim odla suyun arasındadır.

  

   İstisu, 1955-ci il  

  

 

   Mənim

  

   Bir ovçu ceyrana güllə atır, o qaçmır. İkinci güllə atılanda ceyran yıxılır. Ovçu ceyrana yaxın gedəndə 3 bala ovçunun üstünə gəlir. Bu təsir şeirə köçür:

  

   Nişan aldım şikarıma bərədən,

   Diksindi əlimdə silahım mənim.

   Körpə balaların məsum gözündə,

   Çəkindi üstümə günahım mənim.

   Məhəbbət yeridi silah üstünə,

   Ədalət yeridi günah üstünə.

   Ovçu gedə bilmir bu ah üstünə,

   Bala sorur: hanı pənahım mənim.

  

   Qulağıma gəldi balanın səsi,

   Yaralı ceyranın həzin naləsi,

   Yandırar odlara dedi hər kəsi,

   Dağları əridən bil ahım mənim.

  

   Kəlbəcər, 1955-ci il  

 

 

  Gəlmişəm

 

   (Yaxın bir dostuma)

  

   İtirmişəm gəncliyimi, a dağlar,

   Sizinlə görüşə belə gəlmişəm.

   Həmzəçəmən, Alagöllər, Dəlidağ,

   Dağlar qızı Qanlı gölə gəlmişəm.

  

   Könlüm çox istədi dağ bənövşəsin,

   Kəklik qaqqıltısın, torağay səsin.

   Cincilim kətəsin, qatıq kəsməsin

   Arzulayıb eldən-elə gəlmişəm.

  

   Anamın laylası yadıma düşdü,

   Qəlbim buz bağladı, ruhum üşüdü,

   Bəlkə, görüşmədik, dünya işidir,

   Doyunca baxmağa gülə gəlmişəm.

  

   Qartalları buludlara baş vuran,

   Şimşək çaxıb səmasında qışqıran.

   Köksü bahar, zirvəsində qış duran,

   Murovda baxmağa selə gəlmişəm.

  

   Pir bulağın dumanında azmağa,

   Arzum idi, istəmədim pozmağa.

   Mən şair deyiləm şeir yazmağa,

   Vətən həsrəti ilə dilə gəlmişəm.

  

   Yanşaq kəndi, 1966-cı il   

 

 

   Qaldı

  

   Tək bənövşə deyil, pərişan yurdun,

   Güllərin boynu da bükülü qaldı.

   Lalənin, nərgizin, qərənfilin ,

   Lilpərin boynu bükülü qaldı.

  

   O vüqarlı dağlar fikrə dalıbdı,

   Yazı da, qışı da ağlar qalıbdı.

   Zaman bizi imtahana salıbdı,

   İllərin boynu bükülü qaldı.

  

   Çoban tütəyinin o həzin səsi,

   İlhama səslədi eşidən kəsi.

   Dillərdən düşməzdi aşıq nəğməsi,

   Dillərin boynu bükülü qaldı.

  

  

   Çağırır məni

  

   Vətən adlı bir torpaqda uyuyan,

   Anamın laylası çağırır məni.

   O dağlar aynası Qanlı gölümün,

   Yaşılbaş sonası çağırır məni.

  

   Eli köçmüş, yurdu qalmış obalar,

   Odu sönmüş, ayrı düşən obalar,

   Yaralanmış qanı donmuş obalar,

   Şəhidlər dünyası çağırır məni.

  

   Qara bulud başın almış vətənin,

   El-obası yetim qalmış vətənin.

   Səmasında izi qalmış vətənin,

   Qatarlı durnası çağırır məni.

  

   Ətirli gülləri saralıb solan,

   Murov, Dəli dağdı xəyala dalan.

   Nişanlı qızların yarımçıq qalan

   Əlinin hənası çağırır məni.

  

   1994-cü il  

 

 

   Ötrü

 

   (Qanlı göl yaylağı)

  

   Qartal olub bir nəfəsə uçardım,

   Murovun başına çıxmaqdan ötrü,

   Könül həsrətilə doğma kəndimə

   Gözlərim boyunca baxmaqdan ötrü.

   İstisudan çıxıb, taxtadan keçib,

   Dəryazı götürüb bir vərdə biçib,

   Ceyran bulağından boyunca içib,

   Tərtərlə aşağı axmaqdan ötrü.

  

   Bir baş çəkib obasına-elinə,

   Əlim dəysin qanlı gölün əlinə,

   Yağış olub səpələnim çölünə,

   Şimşək tək səmada çaxmaqdan ötrü.

  

   Dolanıb vətənin hər qarışını,

   Öpüb torpağını, qucub daşını.

   Seyr eləyib Çiçəklinin başını,

   Hicran yuvasını yıxmaqdan ötrü.

  

   Təbiətin yüz şıltağın götürən,

   Qayasında tər bənövşə bitirən,

   Kəlbəcərdi məni ərsə yetirən,

   Hazıram oduna yamaqdan ötrü.

  

 

   Bakı, 1995-ci il

 

  Mədəniyyət.- 2009.- 13 may.- S. 13.