“Azərbaycan”
yeniləşmir...
Son vaxtlar Azərbaycan
Yazıçılar Birliyinin ədəbi-bədii
orqanlarının zəif nəşr olunması barədə
mətbuatda vaxtaşırı müxtəlif yazılar dərc
olunur. Yazıçılar Birliyinin katibi Rəşad Məcidin
“Ədəbiyyat qəzeti”nin həddindən artıq zəif
çıxması ilə bağlı açıqlamaları
isə bu narazılıqların artıq AYB rəsmiləri tərəfindən
də nəzərə alındığını göstərir.
AYB-nin orqanı olan “Azərbaycan”
jurnalının da vəziyyyəti o qədər ürəkaçan
deyil. Jurnalın bu yaxınlarda mart sayı işıq
üzü görüb (vaxtından az qala bir ay gec). Jurnalın
təkcə elə “Bu sayımızda” başlığı
ilə verilən mündəricatına baxmaq kifayətdir ki,
onun müasir həyatdan və ədəbi prosesdən nə qədər
uzaq olduğunu görəsən. Məsələn,
Ş.Abdullayeva - “Azərbaycan ədəbiyyatında “Şeyx Sənan”
mövzusunda yazılmış ilk əsər”, İ.Mövləli
- “Əsli və Kərəm” dastanı: tarixi reallıqlar təsəvvüf
kontekstində”, F.Xəlilov - “Mirzə Əli
Möcüzün vəfatı tarixi və məzarı
haqqında bəzi qeydlər”, P.Kərimov - “XVII əsrdə
Azərbaycan-özbək ədəbi əlaqələri”, A.Tağıyev
- “Süleymana qalmayan dünya”, T.Salamoğlu - “İsmayıl
Şıxlı və milli-tarixi varlığımız”,
V.Yusifli - “Səməndər quşu”. Ümumən
götürəndə bu yazıların bəziləri
hansısa həqiqəti, faktı açıqlaya bilir. Amma
jurnalın az qala yarısını ədəbiyyat tarixi ilə
bağlı yazılarla doldurmaq nəşrin aktuallıq və
carilik tələbinə ziddir. Elə bil ki, bu jurnalın
müasir prosesə heç bir aidiyyəti yoxdur.
Jurnaldakı bədii
yazıların da səviyyəsi ürəkaçan deyil. Dərginin
təkcə bu sayı yox, əlimə düşən istənilən
sayını vərəqləyəndə həmişə
ürəyimdən bir fikir keçir ki, görəsən,
jurnalın seçim meyarı nədir? Düz üç
saydır ki, burada Z.Yaqubun “Peyğəmbər” poeması dərc
olunur. Həddindən artıq uzun, darıxdırıcı
poemada İslam tarixindən hamıya məlum olan faktlar
sadalanır. Bilmirsən ki, müəllifin tarixi hadisələri,
məlum faktları nəzmə çəkməkdən məqsədi
nədir və jurnal ona belə səxavətlə yer
ayırmaqla ədəbiyyatımıza hansı xidməti
göstərir.
Qan axır, qan!
Min illərdir qanlar axır
Milyonların yarasından!
İlk axan qan
Habil-Qabil arasında
Düşən qandı,
Ürəkləri sızıldadıb,
Könülləri deşən qandı.
İlk qan Qabil tərəfindən tökülüb, o, qardaşı Habili öldürüb. Orta məktəb şagirdinə də məlum bu faktı oxucuya bir daha xatırlatmağın poeziyaya nə dəxli var? Amma təkcə bu üç-dörd misra olsaydı, dərd yarıydı. Poema başdan-başa belə “tarixi kəşflərdən” ibarətdir.
Bundan başqa “Poeziya” rubrikasında Nisəbəyim, Mahcamal, Şövkət Zərrin Horovlu, Xatirə Fərəcli, Tərlanın şeirləri dərc olunub. Şeir adı ilə təqdim olunmuş yorğun, tapdalanmış, min dəfə işlənmiş sözləri, qafiyələri, təşbehləri oxuduqca adamın qulağı döyənək olur. Bəzən isə şairin nə demək istədiyi belə aydın olmur. Məsələn,
Vətən, hər parəsini, Mahcamal, ahəstə sevir,
O fikir cəm ola ölkəm məni tərk eyləməyir.
Sizi bilmirəm, mən nə qədər elədimsə, bu sözlərdən bir məna çıxara bilmədim. Mən qəzəl janrının əleyhinə deyiləm. Amma Mahcamalın jurnalda dərc olunan yazıları qəzəl yox, olsa-olsa oxucuya qəzəl oxumaqdır.
Jurnalın bu sayında dərc olunmuş “poeziya” nümunələrində ümumən qulağa təzə gələn, ürəyə təsir edən, beynə qida verən bir misra da tapmaq olmur. Öz-özünə düşünürsən ki, görəsən, müasir Azərbaycan şeirinin səviyyəsi, doğrudan bu gündədir?
“Debüt” rubrikasında N.Nəbiyevanın dərc etdirdiyi “Tövbə” hekayəsi həvəskar qələm məşqi səviyyəsindən o yana keçmir. Nə “Debüt” rubrikası, nə də müdrik düşüncələrə dalmış müəllifin filosof pozasındakı şəkli belə zəif bir yazının “Azərbaycan” kimi ədəbi orqanda dərcinə bəraət vermir.
Tərcümə nümunələri kimi yazıçı Məmməd Orucun çevirməsində xantı yazıçısı Yeremey Aypindən “Çay yanvar ayında” hekayəsi və tənqidçi Əsəd Cahangirin tərcüməsində rus alimi İrina Nikitinanın “Postmodernist sənət” məqaləsi dərc olunub. İnsafən, hər iki tərcümənin səviyyəsi qənaətbəxşdir. Amma “Azərbaycan” jurnalı dünyanın aktual mövzulu əsərlərini bir kənara qoyub o qədər də tanınmayan bir Sibir yazıçısını dərc etməklə nə demək istəyir? Tərcüməçinin ön sözü bu seçimin səbəbini açır. Sən demə, xantı yazıçısı onun gənclik dostuymuş.
Ə.Cahangirin postmodernizmlə bağlı tərcüməsi mövzuca aktual və razılıq doğuran səviyyədədir. Amma bəzən o, konkret əsərlərin adlarını tərcümədə qüsurla çevirir. Məsələn, “D.Fokkema və U.Ekoya görə, postmodernizmin ilk təzahürlərini hələ Coysun “Finneqansayağı təziyə” (1939) əsərində görmək olar. Coysun əsərinin adının dəqiq tərcüməsi isə “Finneqanın yası”dır.
Jurnalı vərəqləyirəm və düşünürəm ki, bu jurnalın ötən saylarının aylardan bəri köşklərdə yığılıb qalması tamamilə təbiidir. Axı oxucunu maraqlandırmayan, onun tələbatına cavab verməyən bir jurnala manat yarım pul vermək indiki zamanda kimə lazımdır?
Sabutay
Mədəniyyət.- 2009.- 13 may.- S. 8.