Gözəl musiqi həmişə arzulanır

 

Azər Dadaşov: «Şairin və şeirin vurğunu olmasam, heç vaxt o sözlərə musiqi yaza bilmərəm»

 

Onu musiqiçidən çox kinematoqrafçı kimi tanıyırlar. Xüsusən son illər çəkilən Azərbaycan filmlərində bəstəkar kimi adı titrlərdə görünür. Bəstəkarlar İttifaqının üzvü olmasına baxmayaraq, daha çox «Azərbaycanfilm» kinostudiyasında görünür.

Yubiley tədbirlərinin birində bu bəstəkara söz veriləndə o, heç nə demədən röyala yaxınlaşdı və hamının maraqla dinlədiyi bir musiqi ifa etdi. Sonra baş əyərək səhnədən endi. Uzun sükutu tamaşaçıların gurultulu alqışları pozdu…

Sadə insan olduğunu isə onunla müsahibəmizdə də hiss etmək çətin olmadı.

Beləliklə, həmsöhbətimiz Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, bir çox Azərbaycan filmlərinə musiqilər bəstələmiş Azər Dadaşovdur.

 

- Siz yaradıcılığınızda kino musiqisinə daha çox yer verən bəstəkar kimi tanınırsınız. Maraqlıdır, bu vaxta qədər neçə filmə musiqi yazmısız?

- Hazırda sonuncu işim olan «Bir addım» filminin musiqilərini bəstələyib qurtarmışam. Fariz Əhmədov və Nərgiz Bağırzadənin rejissoru olduğu bu filmin çəkilişləri artıq başa çatmaq üzrədir. Bu, mənim sayca 20-ci filmimdir. Bunların arasına 3 sənədli və 5 cizgi filmi daxildir. Ötən il gənc rejissorlar - İsmayıl Məmmədov və Fariz Əhmədov məni «Qocalar» filminə dəvət etdilər. Çox xoşbəxtəm ki, bu sahədə lazımam, musiqilərimə ehtiyac var. Məşhur komediya filmi olan «Yuxu»nun, Hüseyn Mehdiyevin «Özgə vaxt», «Məkanın melodiyaları», «Şahid qız», Rüstəm İbrahimbəyovun «Ani dönüş», yazıçı Anarın ssenarisi əsasında mərhum rejissor Gülbəniz Əzimzadənin çəkdiyi «İmtahan» filmlərinin musiqilərini bəstələmişəm.

- Azər müəllim, saydığınız filmlərdən də göründüyü kimi, həm yaşlı və təcrübəli, həm də gənc və nisbətən təcrübəsiz rejissorlarla işləmisiniz. Yeni ekran əsərlərinin özünə yetəri qədər tamaşaçı toplaya bilməməsinin səbəbi nədir: qeyri-peşəkar rejissor işi, yoxsa...

- Gənc rejissorların işində çatmayan tək şey təcrübədir. Filmin asan başa gəlməsi və keyfiyyətli alınması üçün çəkilişə maliyyə vəsaitinin ayrılmasının da əhəmiyyəti böyükdür. Hazırda Amerikada və yaxud Hollivudun özündə hər hansı bir filmin çəkilişinə neçə milyon dollar pul ayrılır. Bizdə isə bu vəsait heç 1 milyon da deyil. Az vəsaitlə də keyfiyyətli iş ortaya qoymaq mümkün deyil. Bəzən olur ki, rejissorlar mənə utana-utana zəng edirlər ki, filmin layihəsində bəstəkar üçün pul ayrılmayıb. Amma istəyirik musiqini siz yazasız. Mən razılaşıram və əksinə, sevinirəm ki, mənim musiqilərimə ehtiyac var. Bugünlərdə gənc rejissorlarla görüşmüşdüm. Düşünürəm ki, istedadlı gəncliyimiz yetişir. Nərgiz Bağırzadə, İsmayıl Məmmədov, Fariz Əhmədov və bir çox başqa gənclərimiz də bu sıradadırlar. Mənim istedadına və bacarığına qiymət verdiyim üç nəfər var ki, onları xüsusi qeyd etmək istərdim. Bunlardan biri Ayaz Salayevdir. Çox qüdrətli rejissordur, az film çəkib, amma inanıram ki, gələcəkdə biz onun çoxsaylı işlərinin şahidi olacağıq. Qiymətləndirdiyim ikinci kino adamı Cəmil Quliyevdir. Taleyimdə böyük rol oynayan şəxslərdən biri də Yusif Şeyxovdur. Bu insanların hər üçü savadlı və istedadlı olmaqla yanaşı, həm də əsl ziyalıdırlar. Düşünürəm ki, gənc rejissorlar bu insanların arxasınca getsələr, çox böyük uğur qazanacaqlar, irəli gedə biləcəklər.

- Gənc bəstəkarların işi sizi qane edirmi?

- Xeyr, onların kino işi məni qane eləmir. Niyə? Çünki heç bir rejissor gənc bəstəkarlarla işləmir. Bunun da səbəbi odur ki, onları tanımırlar. Bir qədər əvvəl rejissorlardan biri mənə dedi ki, öz filminə bir nəfər bəstəkar dəvət edib iki musiqi yazdırıb. Amma qədər fikirləşdisə, adını yadına sala bilmədi. Bunların hamısı onu göstərir ki, bəstəkarlarla rejissorlar arasında ünsiyyət yoxdur.

- Bəs onların ünsiyyətdə olması üçün etmək lazımdır?

- Bunun üçün biz bir layihə fikirləşmişik. Planlaşdırmışıq ki, bugünlərdə gənc rejissor bəstəkarlarla görüşək. İstəyirik ki, ünsiyyətdə olaq, bir-birimizin əsərlərinə qulaq asaq. Həm tək ünsiyyətlə keçmir. Bəstəkar filmlərə baxmalıdır, ssenarilərlə tanış olmalıdır, öz əsərlərini göstərməlidir. Həmçinin rejissorlar. Əgər istəyirlərsə çəkdikləri filmlərin musiqiləri yaxşı olsun, o zaman Bəstəkarlar İttifaqına gəlməli, bəstəkarların musiqilərinə qulaq asmalıdırlar. Bizim tez-tez filarmoniyada konsertlərimiz olur. Həmin konsertləri dinləməlidirlər. Ümumiyyətlə, bütün sahələrdə mütəxəssislər bir-biri ilə yaxından əməkdaşlıq etməlidir ki, ümumi işin nəticəsi ürəkaçan olsun.

- Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü kimi, Azərbaycanın beynəlxalq yarışlarda, konkret olaraq isə «Eurovision» musiqi yarışmasında iştirakını necə qiymətləndirirsiniz?

- Əlbəttə ki, hər imkandan istifadə edib müxtəlif istiqamətli beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək lazımdır. Amma gərək elə təmsil edilək ki, utanmayaq. İfaçılarımız zəif çıxış eləməsinlər. Gərək musiqilərimiz , aranjiman da yerində olsun. Yüz dəfə ölçüb-biçəndən sonra belə yarışlarda iştirak məsləhətlidir.

- Bəs builki təmsilçilərin - Aysellə Araşın ifası sizi qane edirmi?

- Mən onların seçim turuna dəvət edilməmişdim. Əslində belə seçimlərdə ilk növbədə ifalara qiymət vermək üçün bəstəkarlar olmalıdır. «Eurovision-2009» yarışmasında oxunacaq mahnıdan bir parça eşitmişəm. Deyərdim ki, effekti var.

- Əvvəllər mahnılar efirə buraxılmamışdan qabaq onun musiqisi və sözləri Bəstəkarlar İttifaqında Bədii Şura adlanan qurum tərəfindən baxışdan keçirilirdi. İndi isə kim nə istəyir, necə istəyir elə də oxuyur. Maraqlıdır, müasir mahnılara və ifaçılara münasibətiniz necədir? Ümumiyyətlə, sizə bayağı sözlərdən ibarət mətn üçün musiqi bəstələməyi təklif etsələr, necə qarşılayarsınız?

- Mən şairin və şeirin vurğunu olmasam, o şeir məni tərpətməsə, heç vaxt o sözlərə musiqi yaza bilmərəm. Mən Məhəmməd Füzulinin, Məhəmmədhüseyn Şəhriyarın, Səməd Vurğunun, Rəsul Rzanın sözlərindən istifadə etmişəm. O ki qaldı dediyiniz başı-ayağı bilinməyən şeirlərə, onlara ancaq özfəaliyyət bəstəkarlar mahnı yaza bilər. Onlar da ki, müəyyən vasitələrlə kanallara yol tapıb özlərini reklam edə bilirlər. Amma belə musiqilərin ömrü çox az olur. Şeirə, musiqiyə qiymət verən xüsusi bir qurumun olması mütləq lazımdır. Əslində bütün telekanalların musiqi redaksiyalarının rəhbərləri Bəstəkarlar İttifaqı ilə mütəmadi olaraq əlaqə saxlamalıdırlar. Üstəlik, onların özlərinin də musiqi savadı olmalıdır.

- Sizə hansısa bir telekanalın musiqi şöbəsindən hər hansı bir musiqini efirə verməmişdən öncə müraciət edən olurmu?

- Şəxsən mənə olmayıb. Heç mən bildiyim qədər Bəstəkarlar İttifaqına da belə müraciətlərin olduğunu eşitməmişəm. Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin belə təklifi var ki, radiolar və telekanallar bu qurumla əməkdaşlıq etsinlər. Hesab edirəm ki, yalnız bundan sonra keyfiyyət haqqında danışmaq olar və nəğmələrimiz uğur qazanar.

Bilirsiniz, elə indicə başıma belə bir fikir gəldi ki, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Bəstəkarlar İttifaqının, Yazıçılar Birliyinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə bir növ telekanallara bu sahədə kömək etmək məqsədilə bir qurum yaradılsın. Yaxşı olardı ki, bu qurum həm də məxfi olsun. Artıq getdikcə zövqlər də korlanır. Mən əsasən simfonik janrda işləyirəm. Adamın az qala ağlamağı gəlir ki, simfonik musiqi konsert salonuna gələndə görürsən ki, zalın yarısı boşdur. Amma səsi olmayan birinin konsertində baxırsan ki, zal ağzınacan doludur.

- Gənc ifaçılardan sizə mahnı yazdırmaq üçün müraciət edən olurmu?

- Demək olar ki, mahnı yazmıram. Cəmisi 5-10 mahnım var, onları da uzun illər öncə təsadüfən yazmışam. 30-40 il əvvəl «Qaya» vokal qrupu mənim «Dümağ şəhər»imi, Cavan Zeynallı «4 nəğmə», Züleyxa Mirismayılova «Üç nəğmə» mahnılarımı oxuyub. Amma indi, ümumiyyətlə, mahnı yazdırmaq üçün mənə müraciət etmirlər. Qismət belə gətirib ki, mən ciddi musiqilər yazıram. Çoxları təsdiq edər ki, mahnı demokratik janr olduğundan onu yazmaq nisbətən asandır. Eyni zamanda məsuliyyətlidir, yüksək zövq tələb edir.

- İndiki bəstəkarlardan kimin mahnılarını daha çox bəyənirsiniz?

- Bir neçə nəfər var ki, onların musiqiləri mənim çox xoşuma gəlir. Bunlardan biri Səyavuş Kərimidir. Onun həm aranjimanlarını, həm mahnılarını çox bəyənirəm. İkincisi isə Vaqif Gərayzadədir. Bu insanların heç birinin bəstəkarlıq təhsili yoxdur heç Bəstəkarlıq İttifaqının üzvü deyillər. Bunlardan başqa, Şahin Növrəsli, «Rast» qrupunun rəhbəri Rəşad Haşımov kimi gənclərimiz var ki, onların da mahnılarında yüksək professionallıq hiss olunur. Amma bu uşaqların da bəstəkarlıq təhsili yoxdur.

- Aranjimandan söz düşmüşkən, Azər müəllim, klassik xalq musiqilərimizin aranjimanları necə, sizi qane edirmi?

- Əgər aranjiman xalq mahnısını korlamırsa, zövqsüz hala salmırsa, əksinə, üstünə isə gəlirsə, mahnını bəzəyirsə, daha da zənginləşdirirsə, bunun nəyi pisdir ki? Amma bir şərtlə ki, mahnının əvvəlki variantı da saxlanılsın. Kökə söykənməyən aranjiman tezliklə unudulub gedir. Əgər insan yuxarıda dediyim qaydalara uyğun olaraq aranjiman etməyi bacarırsa, niyə eləməsin. Hər dövrün, zamanın öz tələbi var. Yenilikləri tətbiq etmək lazımdır, bir şərtlə ki, bu, istedadlı insanlar tərəfindən həyata keçirilsin.

 

 

Fəxriyyə ABDULLAYEVA

 

Mədəniyyət.- 2009.- 13 may.- S. 11.