Teatr baharı»na start verilib
Azərpaşa Nemət: «Beynəlxalq
teatr festivalı keçirmək istəyirik»
Xəbər verdiyiymiz kimi, Teatr Xadimləri
İttifaqının «Teatr baharı» adlı tamaşalara
baxış aksiyası aprel ayının 22-dən
başlayıb. İlk dəfə keçirilən bu aksiyanın
iki ay davam etməsi nəzərdə tutulur. Aksiyaya
Şuşa Dövlət Musiqili Dram Teatrı («Ağ
qayıq»), Sumqayıt teatrı («Qarağaclar altında məhəbbət»),
İrəvan Dövlət Dram Teatrı («Xilaskar»), Dövlət
Akademik Milli Dram Teatrı («Xəcalət», «Varlı qadın»),
Şəki Dövlət Dram Teatrı və Bakı Kamera
Teatrı qatılır.
«Teatr baharı» -
teatrlara yardım aksiyasıdır... Bilirik ki, dünyada gedən
iqtisadi böhran istər-istəməz müəyyən
problemlər yaradır. Xüsusən, binası olmayan və ya
təmirdə olan teatrların müvəqqəti də olsa
müəyyən çətinlikləri var. Bu, Teatr Xadimləri
İttifaqının İdarə Heyətinin təşəbbüsüdür.
Teatrların aksiyada ən yaxşı tamaşalarını
göstərə bilmələri üçün şərait
yaradılacaq.
Müsahibimiz Teatr Xadimləri
İttifaqının sədri, rejissor, xalq artisti Azərpaşa
Nemətdir.
- Nəzərə alsaq
ki, teatrların bir çoxu təmirdədir və bəzi
teatrlarımızın binası yoxdur. Sizin
başladığınız “Teatr baharı” aksiyasının
əsas məqsədi məkanı olmayan teatrlara səhnə
verməkdir. Teatrlarda hələ təmir işləri gedir və
bu hələ bir müddət davam edəcək. Bəzi
teatrlarınsa hələ şəraitləri yoxdur. Sizin
aksiyanız hər teatrda yalnız bir tamaşa ilə
yekunlaşacaq, yoxsa problem ortadan qalxana kimi tamaşalar göstəriləcək?..
- Şuşa
teatrının binası yoxdur. Hazırda o başqa bir yerdə
məskunlaşır. Biz təmənnasız olaraq onlara yer
veririk. Adətən, biz bu teatrlardan tamaşalarını
nümayiş etdirmələri üçün icarəpulu
alırıq... Ancaq bu dəfə heç bir teatrdan icarəpulu
alınmır və binası olmayan teatrlara dövlət şərait
yaradır... Eyni zamanda hardasa oynamaqdan ötrü icarəpulu
da ayrılır. Buna baxmayaraq biz icarəpulu almırıq. Bu
şərtlə ki, onlar ən yaxşı
tamaşalarını oynamalıdır. Tamaşaların biletlərini
özləri satırlar. Ordan gələn gəlir
teatrların özlərinə qalır.
İlk olaraq Şuşa
teatrının repertuarında olan E.Abdullayevanın "Ağ
qayıq" tamaşası nümayiş etdirilib. Çox
isti bir açılış oldu. Mən də orada
çıxış etdim, bu aksiyani niyə keçirdiyimizi
açıqladım...
- İttifaq gələcəkdə
hansısa festivalların keçirilməsini nəzərdə
tutur?
- Festivallara neçə
illərdi, yəni rəhmətlik Həsənağa Turabovun
vaxtından başlamışdıq. Sonra da bu festivallar silsiləsini
davam etdirdik. “Boş məkanın dolğunluğu”,
“Yaşıl teatr” və s. kimi festivallar son dövrlərdə
TXİ-nin həyata keçirdiyi ən uğurlu layihələrdəndir.
Əlbəttə ki, indi daha geniş festivala ehtiyac var. Əvvəla, nə üçün? Çünki teatr binaları, yenicə təmirdən çıxıb və onlar yüksək səviyyəli texniki avadanlıqlarla təchiz olunublar. Bu isə öz növbəsində
geniş yaradıcılıq
imkanları verir...
Eyni zamanda, tamaşaçılarda
da yeni binaları
görmək marağı
var...
- Ümumiyyətlə, təmir
prosesi bitdikdən sonra, heç şübhəsiz ki, yaradıcılıq üçün
daha münbit şərait yaranacaq... TXİ Azərbaycan teatrını dünya teatr prosesinə nə dərəcədə
qoşa bilir və bu istiqamətdə
hansı işlər görülür?
- Onu deyə bilərəm
ki, Azərbaycan Teatr Xadimləri İttifaqı iki beynəlxalq qurumun üzvüdür. Bu üzvlüklər dünya
teatr prosesindən xəbərdarlıq, bilik
və onlarla əlaqənin sıxlaşması
deməkdir. Biz Bakıda
beynəlxalq teatr festivalı keçirmək
istəyirik... Bunun üçün beynəlxalq
qurumlarla bir yerdə çalışırıq...
Bu festivalı Teatr Xadimləri İttifaqının keçirməsi
maliyyə baxımından
mümkün deyil.
Mədəniyyət və Turizm
Nazirliyi ilə bu işi müzakirə
edirik. Bu saat dünyada teatr festivalları çoxdur...
Və o festivalların
çoxu deyərdim ki, böhran keçirirlər... Bunların
arasında çox yüksək nüfuz sahibi olan “Avinyon”,
“Edinburq” və s. var. Dünyanın ən yaxşı festivalı Çexov festivalı sayılır. Ora çox güclü vəsait ayrılır... Oranın yaxşı sponsorları da var. Biz o festivalın bir qolunu Azərbaycana
gətirmək istəyirik.
Festivalın bir hissəsinin
Azərbaycanda keçirilməsi
çox böyük bir hadisə olardı. Layihəyə
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin özünün də böyük marağı var...
Teatr Xadimləri
İttifaqı Moskvada olanda Çexov festivalının 2010-cu
ildə Bakıda keçirilməsi barədə
danışıqlar aparıb. Festivalın digər
özəlliyi Çexovun
150 illiyinin beynəlxalq
səviyyədə qeyd
olunması ərəfəsinə
düşməsi ilə
bağlıdır. Və
bu festival İtaliyada,
Fransada, İngiltərədə,
Çexiyada, Almaniyada
keçiriləcək və
eyni zamanda Bakıda da Çexovun yazdığı
əsərlərə tamaşa
ediləcək...
Aişə
Mədəniyyət.- 2009.- 13 may.- S. 6.